Rəhim Əliyev. Özünə qəbir qazdıran kişi (HEKAYƏ)

Rəhim Əliyev. Özünə qəbir qazdıran kişi (HEKAYƏ)

Həmid Piriyevə

Avqustun 19-u alatoranda həyətə çıxdı Bəyağa kişi. Belə vərdiş eləmişdi cavanlıqdan. Gün çıxmamış ayaq üstə olardı. Axır iyirmi ildə hər gün əməl elirdi bu qaydaya. Sübhdən özünü yoxlardı: dizində güc qalıb ya yox. Bəyağa kişinin doxsan yaşının tamam olmağına altmış gündən az qalırdı. Əvvəllər, otuz il qabaq pensiyaya çıxanda belə şeylərə fikir vermirdi. Amma indi gəlib doxsanı haxlayanda  başladı günləri saymağa. Bilirdi ki, day ölməli di də, qiyamətə qalmayacaq ki. Ölümün necə gəlməyi maraqlı iydi özünə də. Çoxlu ölümlər bilirdi, görmüş di. Bəs özü görəsən necə öləcək? Bilirdi ki, ölməmiş insanlar sinədən nəfəs alırlar çətinlik nən. O da özündən şübhələnən kimi əlini qarnı üstə qoyurdu. Görürdü qarnı qalxıb enir, sinəsi isə heç tərpənmir. Arxayın olurdu ki, hələ ölmür.

 Düzü, yorulub, bezmişdi. Ölməkdən qorxmurdu. Əvvəllər belə deyildi, alatoranda həyətə çıxıb dan yerinə baxanda gündüzün gileyləri, inciklikləri yadından  çıxırdı, səhərlər heç ölmək istəmirdi. Hərdən axşamacan fikri bir-iki kərə dəyişirdi: düşünürdü ki, bəs di day. Nə ağzının ləzzəti qalmışdı, nə gözünün işığı, nə qulağının  səsi. Göz nən qulağının zəifləməyi həyatın dadını lap öldür di: səhərlər alatoranın adama güc verən işiğını əməlli görmürdü. Yaşamaq həvəsi gətirən də deyəsən bu işiq iydi. Bir də qulağın karlaşması elə bil o nan adamlar arasında divar yaratdı. Hamı nəsə danışırdı, amma Bəyağa kişi səs eşitsə də deyilənləri kəsdirə bilmirdi. Nə qədər desin hər çatana:  eşitmədim, bir də bərkdən deginən. Utanırdi,  axı sağlam düşüncəsi hələ üstündə iydi və çoxdan başa düşdi ki, bu dünya ciddi bir şey deyil. Özgələrə iş quran, ağıl verən adamlar, dələduz ürək həkimləri, məsələn, beş dəqiqəyə ölürdülər.

***

Cavanlıqdan pensiyaya can hökumət qarajında xozeyin gəzdirdi. Özünün də 26 yaşından maşını vardı: al-satdan özgə heç nəyə marağı yox di.  1956-cı ildə əzik bir Moskviç almışdı, nömrəsi də AZ 13-52 iydi. Yarım saat boş vaxtı olan kimi qarajı açıb maşın nan əlləşirdi. Əvvəllər məhəllə uşaqlarına qoşulub Muxtarov stansiyasına pivə içməyə gedərdi. Amma əzik maşını alandan köpüyü köpük üstə qoymağa başladı. İstirdi əzik Moskviçi şəhərdə şütüyən parıltılı maşınlar kimi bəzənsin. Ehtiyat hissələri tapılmırdı, əldə iki-üç qiymətimə iydi. Özünə mal axtara-axtara bazarı öyrəndi, al-satın bərəkətini bildi.  Amma necə oldusa, alverə tam keçmədi, bu yetim oğlan könlünü maşınlara verdi, əvvəl şoferlik oxudu, sonra maşin sürməyə başladı.

Onun atası Şamaxının Dağ Bağırlı kəndindən iydi. Tumları sağlam iydi, ona görə analarının doğduğu 7 oğlan uşağının hamısı ac-suz da olsa, sağ salamat böyümüşdü. Kalfalı alaçıq üstə böyük qardaşları nan dalaşdı, bir eşşək, iki keçi nən payi-piyada Bakıya, Təmənis düzündəki qışlaq yerinə qayıtdı. Köhnə Suraxana nan Ramana arasında olan bu nəsturi kəndi Ruslar Abşeronu tutandan boşaldi, hamısı İrana köçdülər.  Daxmaları, qəbristanları, daş nan dikilmiş su quyuları sahibsiz qalmışdı. Rus çarları nəsturilərin qəddar düşməni iydi. Təmənisə bitişik Ruman kəndində ana tərəfdən uzaq qohumları vardı. Bu 1867-ci il iydi. Ramana və Balaxana xəttində neft sənayesi yaranırdı. Bakıda ən bahalı şey sağlam yük atları iydi. İki il hər yerdə daş qoyan ermənilərə fəhləlik elədi, bir az pul toplayıb at almaq çün Şirvana getdi. Bir atın pulu nan gedib iki at nan qayıtdı. Birini nisyə ala bildi. Əli gətirən kimi Ruman kəndində balaca ev tikdi. Onun da əkdiyi bitmədi, amma dürtdüyü bitdi. Yekə bir Kalfalı həyəti ortaya gəldi Rumanda. Böyük oğlunun adını Məmmədbağır qoydu. O Məmədbağır isə öz böyük oğlunun adını Kalfalı qoydu.

Bəyağa kişinin dədəsi Kalfalı üç dəfə evləndi. Bakı kəndlərindən evlənmək Şirvana görə ucuz iydi. Birinci arvadı Fatiməni Şirvandan gətirdi, dədəsi at alverçisi iydi. Ondan bir oğlu oldu: Məmmədbağır. Bu arvad öləndən sonra yenə öz kəndlərindən evləndi və ikinci oğlunun adını Mirzə Bağır qoydu ki, böyüyüb oxusun şotka və hesab bilən olsun. İkinci  arvad da  xəstələndi və uşaqdan üç il sonra öldü. Bu dəfə Kalfalı kişi Maştağadan evləndi: bu kənddə qız çün xərc istəmirdilər, amma evlənən bəy qızı toyacan görə bilməzdi. Deyirdilər ki, arvad almaq yerdən bir ovuc torpaq götürmək di. Üçüncü arvadın da sağlamlığı yarayan döyüldü, Qəmzə arvad çox arıq, boyu  bir qarış iydi. Amma üç uşaq doğdu: Hökümə, Bəyağa,  Gülyaz. Ucunun də boyu balaca iydi, amma sağlam böyüdülər. Gülyaz doğulan ilin qışında Kalfalı yatağa düşüb bir həftəyə öldü. 

Qəmzə arvad  qohum-qonşunun köməyi nən bir təhər uşaqları qaldırdı.  Ən çox da Məmmədbağır nan Mirzə Bağır yetim qardaş bacılarına ol  tutdular. Kalfalı kişi hər ikisini oxutmuşdu, dörd siniflik Qulam Şkollasını –Rus-tatar məktəbini bitirdilar. Hesabdar idilər neft mədənlərində.  Qəmzə arvad özü də Bəyağanin birinci toyundan sonra öldu. Amma toyun hər işini özü elədi. Bəyağanın isə iyirmi beş yaşında hec evlənmək fikri yox iydi. Davadan sonraki yoxsulluq hələ qalırdı. Amma hər şey öz-özünə alındı. Bəyağa təzə iş yerinə vermək üçün Arayiş almalı iydi. Getdi kənd sovetinə və orda balaca, toppuş bir ağ qız gördü. Katibə iydi, tanıyırdı onu Bəyağa. İranlı Mirfətişin qızı iydi, mektəbi təzəcə bitirmışdı. Adı Atifə iydi. Evə gələndə Bəyağanın dili dinc durmadı, ağ qız haqqında Qəmzə arvada danışdı. Anası gözlənilmədən dedi ona:

–İstirsən alım o qızı sənə...

Bəyağa qəfil sualdan çaşdı və yarı zarafat dedi anasına:

–Ged al, kor nə istər iki göz...– dedi Bəyağa.

Bir həftə sonra Bəyağa xozeyin Pobedası nan günota yeməyinə gələndə anası onun qabağına yüyürüb dedi oğluna:

–Gözün aydın, Atifənin hərisini aldım sənin çün, oğullu qızdı olasan bala...

 Bəyağa da sevinc içindəydi: o zaman minik maşınları nadir bir şey iydi, onları sürən sürücülər də çox hörmətli adamlar sayılırdı. Bəyağa utana-utana müdirindən kəndə günorta yeməyinə icazə aldı. Düzü, müdir özü də göy Pobedaya minib düşündə qürurlanırdı, elə bil özünü uzaqdan görürdü. Başa düşdü ki, Bəyağa da öz kəndində Pobedanı göstərmək istir dost-düşmənə. İcazə verdi ona kəndə getməyə. Bəyağanın iki sevinci bir-birinə qarışdı, bilmədi tost-tanışa nə desin. Necə desin. Hərdən kasibların da bəxti gətirir.

Toydan sonra Bəyağa gördü ki, təzəgəlin Atifənin sol çənəsinin altında  balaca yumurta boyda yara  yeri var. Necə oldu ki Bəyağa bunu görmədi? Amma toyun səhəri oyananda özünü çox-çox xoşbəxt hiss elədi, elə bildi ki, padşah di. Uşaqlıqda eşitmişdi ki, padşahların arvadları ağ olur, kasiblarınki isə qara.  Çünki Atifənin bədəni ağappaq xəmir kimi iydi, bir dənə tükü yox iydi. Həm də yataqda dedikcə müti iydi və bir az da Bəyağanı heyrətə salırdı. Axı gəlinin ataşi şlyapa qoyurdu, hərdən qalstuk da asırdı. Annadı ki, bəxti gətirib. Atifənin hərisini analığı vermişdi. Onun özünün artıq bir oğlu, bir qızı vardı, ustəlik də hamilə iydi. Ona görə darısqal evdə Atifə al-ayağa dolaşırdı. Bəyağa isə balaca boy, arıq olsa da, göy Pabeda sürürdü, kənd camaatı onun maşının görməyə növbə tuturdular. Gəlinin atası Səlim isə həmkarlarda işlirdi, sözə baxan adam iydi və qızı xozeyin şoferinə verməyə razılıq vermişdi.

Düz dirlər ki, ər-arvadın məhəbbəti evdə yaranır. Bəyağa ağ arvadı nan fəxr elirdi, hər gün işdən gələndə nəsə alıb gətirirdi. Beləcə xoşbəxt illər keçdi. Amma evdə onun bacıları, sağlığında isə anası qanqaraldan bir məsələni həmişə ortaya gətirirdilər. Atifənin uşağı olmurdu. On il belə ötdü. Bir gün Bəyağa evə gələndə  gördü ki, Atifə yoxdur. Çıxıb gedib atası həyətinə. Bəyağanın böyük bacısı da həyətdə iydi və qardaşına dil tökdü ki, şah balası kimi oğlansan, amma övladın yoxdur. Gedib qoy getsin. Sənə doğar qarnı olan arvad lazımdı. Yaxında durub qulaq asan Qəmzə arvad dedi:

–Mənə qısır gəlin gərəy döyü...

Bu sözlər pərt olmuş Bəyağanı sakitlətdi. Onu gülmək tutdu, çünki eşitdikləri heç gerçəgə oxşamırdı. Axır günləri yada saldı: heç bir söz-söhbət yadına gəlmədi. Həm də anasına ağ olmadı, çünki ürəyində sayırdi həmişə ki, Atifəni anası ona bağışlayıb, belə arvadı olacağı heç yuxusuna da girmirdi əvvəllər. Ortada da ciddi narazılıq yox iydi. Düşündü ki,  bu gün sabah qayıdar  Atifə. Amma yuxusu ərşə çəkildi və ancaq səhərə yaxın yuxuya getdi. Bir-iki həftə sora başladı yolların qırağında maşına əl eləyən qadınlar nan maraqlanmağa. Hərdən olar nan yırğa eləyən vaxtları da olurdu. Amma hər təsadüfi yırğadan sonra bir az məyus olurdu,  Atifə yadına düşürdü, onun mərmər bədəninin iyi gəlirdi burnuna. Yarım il sonra tam qərara gəldi ki, gedib Atifə nən barışsın. Amma Həmin həftə eşitdi ki, Atıfə təzə ərə gedib, özü də  qonşu qəsəbədə Bəyağanın uşaqlıqdan tanıdığı bir adama. Qərara gəldi ki, o da Atifənin acığına bir iki həftəyə evlənsin. Düşündü ki, yəqin əvvəldən aralarında nəsə olub. Amma ürəyində Atifəyə evlənən dul kişiyə deyindi: ay namərd, məni tanıyırsan axı, gərək elə mənim arvadımı alaydın üç uşağın üstünə?
İki ay sonra Çexoslavakiyada qiyam olan yayda  Sabunçudan  on yeddi yaşında bir qız qaçırıb gətirdi evə. Balaca boy, çəlimsiz, pişik kimi parlaq çönür özləri olan bir qız iydi, onuncu sinfi təzə qurtarmışdı. Yetim idi anadan Atifə kimi, böyük bacısı nan yaşayırdı. Bəyağa onu qaçırdandan sonra heç dalınca gələn olmadı. Amma Şəfiqə Bəyağadan xəlvət böyük bacısına demiş di: xozeyin şoferi istir məni, gedəcəyəm aparsa. Elə Pabedaya birinci dəfə minəndə Bəyağaya da demişdi ki:

– İstirsən apar məni... Atam anam yoxdu...Bacım nan qalıram, əri murdar bir adamdı...

Bəyağa bu təklifdən pərt olmuşdu. Onun hələ aydın qərarı yox iydi ki, evlənsin. Amma qərara gəldi ki, bu mərd qızın təmiz sözlərindən sonra onu aparmasa, heç kişilikdən deyil. Maşında bir necə dəfə görüşdülər. Şəfiqənin məmələri daş kimi iydi, dodaqları da qalın və şirin di. Cümə günlərinin birində Şəfiqəni evə gətirdi. Balaca bir düyünçəsi vardı. Amma gecə Bəyağa məyus oldi. Şəfiqə uşaq olsa da, bədəni göbəydən aşağı kişi kimi tüklü iydi.  Amma Şəfiqə o qədər mərdanə, düzünəqulu iydi ki, bu barədə ona heç nə deyə bilmədi Bəyağa, hiss elədi ki, utanır təzə gəlindən. Həm də bilirdi: özündən iyirmi yaş kiçik olan bu qız acıq eləyib gedə bilər. Onda Bəyağa kənd içində lap abırdan düşərdi. Amma hər gecə əlini şəfiqənin belinə qoyanda Atifə gəlirdi gözünün qabağına, onun ağ, şirmayı bədəni padşahlara layiq iydi. Amma Bəyağa bu qadının nə ona necə qismət olamağın, nə də necə onun həyatından getməyini izah eləyə bilmirdi. Üstəlik Şəfiqənin mərdliyi də onu sıxırdı: qız nə kəbin, nə də nigah haqda bir kəlmə danışmırdı. Bəyağa isə bir-iki dəfə demişdi ki, 18 yaşın olandan sonra  gedərik zaqsa kəbin yazdırrıq.
Şəfiqə gələndən yeddi ay sonra Bəyağaya həyatının ən böyük zərbəsi dəydi: qonşuda yaşayan böyük bacısı pıçıltı nan dedi:

–Deyirlər Atifənin oğlu olub Balasəlimdən...

–Kim dedi, –Bəyağa xəbərə inana bilmirdi, çünki evdə on ilə yaxın Atifənin qısırlığa haqqında  pıç-pıç getmişdi.

–Məni gərən arvadlar hamısı deyir məmə....

Bəyağa anladı və day susdu. Hamısı onun bacısının üzünə vururdu ki, sənin qardaşın di qısır, uşağı olmayan. Gəlini boşadız , gedib doğub törədi... Evə girəndə Şəfiqə də xəbəri bilirdi, onu boynunu qocaqlayıb dedi:

–Vecüvə alma, bizim də uşaqlarımız olacaq, allah bizə verəcək...

Bəyağanın gözləri yaşardi, Şəfiqənin belə kişiyanalığına görə yaşardi, amma səbəbini özü də bilmədi. Deyəsən utandı Şəfiqədən, onun mərdliyindən. Süfrəyə oturub yeməyini yemədi, fikrə getdi. Onda Şəfiqə araq şüşəsini onun qabağına qoydu. Əri imkan olanda içməyi sevirdi. Bəyağa arağı açıb qalın stəkanu doldurdu, götürdü əlinə:
–Sən həm də mənim qərdeşimsən, – dedi və başına çəkdi.

***

İllər keçdi, amma Şəfiqə uşağa qalmadı. Nə malicəyə getdi, nə də ortaya gətirdi məsələni, çünki qırıq-qırıq Atifənin başına gələnləri eşitmiş di. Onu da bilirdi ki, uşağı iki yaşa çatmamış Atifə acıq eləyib atası evinə qayıtmışdi. Onlar nan bir kənddə yaşayırdı.

Vaxt beləcə uçub getdi. Bəyağa hər səhər tezdən durub uzağı yeddinin yarısında xozeyin maşınında işə gedirdi. Bir saat yarım hər səhər tələsənləri, əl eləyənləri mindirir, gündəlik ruzisini qazanırdı. Altı gün belə olurdu. Hava qaralanda gəlib çıxırdı evə, çünki işdən sonra da beş-üç manat qazanırdı. Bazar günləri isə saat ona can yatır, sonra maşını qarajdan çıxarıb qurdalanır və iş yoldaşı Baxışəli gilə gedirdi. Amma özü evə heç vaxt qonaq çağırmırdi. Gələn qonaqları da qarajda qarşılayıb ordan da yola salırdı. Xozeyin şeferləri piç-pıç nan olsa da, müdirlərinin ev, arvad-uşaq işlərindən danışırdılar. Axır nəticələri belə olurdu ki, firavanlıq xozeyin ailələrini pozur. Gərək pullu kişi arvadını göz açmağa qoymasın...

Əlli yaşından sonra bir gün xozeyinin bağına getdi. Kişi xeyli pul xərcləyib həyəti şəhər parki kimi bəzəyib təzədən tikmişdi. Qara daş nan tikilmiş hasarları söküb ağ daş nan tikmişdi. Bütin həyətdə hər yerə səkilər çəkmişdi, girdə çarhovuz tikdirmişdi, səkilərin qırağına gül kolları əkilmişdi. Əvvəl Bəyağa fikirləşdi ki, xozeyin nahaq yerə bu qədər pulu çölə atıb. Qara daş ya ağ daş, hasar hasardi da. Amma bağdan gedəndə kefi kökəlmişdi: elə bil alayı bir ölkədə qonaq olmuşdu. Səliqə  nən gözəllik adamın keyfini açarmış. Bu təzə iydi onuncun. Başa düşdü ki, 58 yaşlı xozeyin nə üçün fürsət olan kimi bağa qaçırdı...

Bəyağanın evdə ehtiyat pulu çox iydi. Bilmirdi nəyə xərcləsin. Ağlına təzə fikir gələndə axırda qərara gəlirdi ki, nəyimə lazımdı, axı, oğul-uşaq yox, varis yox. Qoy necə var qalsın. Amma xozeyinin bağı ürəyinə yatandan sonra həyətə əl gəzdirmək qərarına gəldi. Evə sarı gedəndə Qurgenin qapısında maşını saxlayıb o nan danışdı bazar gününə.

 Beləcə Bəyağa kişinin həyatında tik-qur dövrü başladı. Bazar günləri day heç yerə getmir di, ustaları gözlür di.   Qara daşnan tikilmiş hasarı sökdürüb ağ daş nan tikdi. O saat göründü ki, qarajı alçaq və yöndəmsiz di. Qarajı böyütdü, iki daş qaldırdı, içinin malasını təzələdi, yamanın qara daşlarını söküb səliqə nən tikdirdi. Ermənilərin qarajında gördüyü kimi qabaq divara iri güzgü asdı, bütün alətlərini divarlardan asdı, işləmək üçün səliqəli piştaxta düzəltdi. Sonra evdən küçə qapısına və qaraja yerdən hündür səki çəkdirdi. Sonra yuxarı əldəki köhnə tövləni sökdürüb təzə hamam tikdirdi, sonra evi də söküb iki daş qaldırdı, sonra səkilərin qırağında gül əkdirməyə başladı....Sonra evin qabağında alçaq balıq hovuzu tikdirdi.

Bir gün eşitdi ki, böyük qardaşı Mirzə rəhmətə gedib. Pıçıltının ona dedilər ki,  o biri qardaşı Məmmədbağırın oğlunun evində ölüb. Səbəbini isə bilirdi: arvadi hikkəli bir rus qızı iydi, çox  içdiyinə görə Mirzəni evə buraxmır di. Onun isə əlləri əsirdi. Içkidən asılı vəziyyətə düşmüş di. Cavanlıqda Mirzə  çox varlı xozeyin  iydi, muzdlu sürücüsü var di. Onun qardaşı evində ölməyi Bəyağanı içinə cən yandırdı. Bütün kəndin həsrət çəkdiyi varlı-hallı bir kişinin yad evdə ölməyi ağlatdı onu. Amma Qalina hikkəli iydi. Ancaq Mirzənin Şurabadda yaşayan və on il türmədə yatmış böyük oğlu Tələt gələndən sonra  meyiti apardılar kişinin öz həyətinə. Qalina Tələtdən it kimi qorxurdu öz oğlu olsa da.

Kənddə bu əhvalat hamının yadından çıxdı, bircə Bəyağanın yox. Böyük qardaşının ölümündən dörd ay sonra bazar günü ağ Qaz-24-nü qəbristana sürdü. Orda başbilən Manaf iydi. O nan xoş-beş eləyəndən sonra Manafa dedi:

–Manaf  bax, orda, –əlini uzadıb qəbristanın giriş qapısının sağ əlini göstərdi, – bax orda qəbir qazmaq lazımdı....

–Ay Bəyağa, mənim gözüm üstə...Rəhmətə gedən qadındı ya kişi...

–Kişidi...

–Kimlərdən di, ay Bəyağa?

–Heç kimdən, mən özüm çün qazdırıb qoyuram...

Manaf şaqqanaq çəkib güldi, çünki indiyəcən bu qəbiristanda ölməmiş adam çün qəbir qazmaq görünməmiş di. Manaf özü də zarafatçı iydi. Amma iki üç həftə Bəyağa səhərlər qəbristana gəlib-gədəndən sonra Manaf da zarafat təriqi nən razılaşdı və qəbri qazdı. Kənddə hamı lağ eləyib güldükcə, Bəyağa qəbrin içini tikdirdi. Üstü üçün beton qapaq düzəltdirdi, hətta qəbri dəmir barmaqlıq nan dövrəmə tikdirib qapı da qoydu. Onun day həyətdə heç bir işi qalmamışdı, hər bazar qəbristana gəlib öz qəbri ətrafındaki  gülləri sulayır, alaqları yolurdu.

Beləcə qəbristan Bəyağanın doğma yerinə çevrildi. Amma ölmək bilmirdi kişi. Onun özü çün qazdırdığı qəbir də çoxdan hamının yadından çıxmış di. Elə Bəyağa kişi özü də unutdu arada boş qəbri. Amma balaca xəstələnən kimi təzədən qəbristana ayaq açırdı. Son illər evdən az çıxırdı və köhnə şakər nən öz ağ Qaz-24-nü işə salıb qəbirsana gedirdi, pis gördüyünə görə maşını dər-divara sürtməyi də olurdu. Doxsan yaşının tamam olmağına iki aydan bir az artıq vaxt qalırdı. Dostları və tay-tuşlar hamısı ölüb getmiş dilər haqq dünyasına. Amma avqustun boğanaq günlərində allahdan rücxət istədi ki, qoy doxsan yaşı tamam olsun, sonra əzrayıl haçan gəlir, gəlsin. 

Amma avqustun axırıncı həftəsi   havası çatmadı, lap boğulmağa başladı. Bacısı nəvəsi  onu öz sarı cipinə mindirib  şəhərə, onun öz həkiminin işlədiyi xəstəxanaya apardı. Kəndin içindən keçəndə Bəyağa kişi dedu bacısı nəvəsinə:

–Qalıb, beş dəqiqəlik qəbristana sür...

Uşaq çaşdı, amma sürməli oldu qəbristana, çünki kişinin ağlı başında iydi, elə bu sarı cipi də Bəyağa almışdı Qalib üçün. Bacıoğlunun çaşqınlığın görəndə yarı zarafat dedi ona:
–Qorxma, doxsan yaşım tamam olmasa, ölən deyiləm....

–Allah eləməsin, –dedi Qalib və düz qəbristanın qapısına sürdü. 

 –Kömək elə düşək,– dedi Bəyağa və Qalibin qolina girib öz qəbrinin yanına getdi.

İndi qəbristanın baş biləni Seyid Mahir adında bir molla iydi. Seyid Mahir özünü Bəyağa kişiyə yetirdi. Bəyağanın ondan acığı gəlirdi, bir ağ Niva alıb salırdı qəbristanın içinə, kölgəyə. Bəyağa kişi isə sayırdı ki, qəbristan ölülərin ərazisi di, orda maşın saxlamaq olmaz.

Seyid Mahir düşən kimi dil tökdü, Bəyağa kişini dua elədi. Bəyağa isə dua eşitmək hayında deyildi. Pencəyinin qoltuq cibindən pul kisəsini cıxarıb Molla Mahirə iki dənə şax yüzlük uzatdı. Dedi çətinlik nən:

–Qapağı hansı fəhlə götürsə, birini ona verərsən. Heç nəyə toxunmazsız.. Biri də namazımı qılanın olacaq...

Seyid Mahir yenə dil tökdü, Bəyağanı dua elədi. Amma kişi artıq onun dediklərini eşitmək istəmirdi. Şəhərə xəstəxanaya çatanda Bəyağa kişi boğulurdu, Qalibə elə belə də dedi. Həkimlər qaçaraq gəlib ona iynə vurdular. Tanırdılar onu. Palata ayırdılar. Üçüncü gecə Bəyağanin təzyiqi düşməyə başladı. Həkim Şəfiqəyə dedi:

–Aparın öz evinə, qoy öz evini görsün...

Bəyağanı xərəkdə evə gətirdilər. Axşama yaxın di. Dan yeri ağaranda dedi Şəfiqəyə:

–Qapını açın hava gəlsin... –Sonra ayaqlarını tərpədib gözü bağlı sağ qollunu qabağa uzatdi: Şəfiqə onun qarşıısında iydi, annır di ki, kişinin axırı di. Bəyağanın nəfəsi gah dayanır, gah da gəlirdi.

–Atifə, Atıfə, əlimi tut, buraxma, buraxma əlimi...

Şəfiqə qızardı xəcalətdən, arxaya baxdı ki, görsün Atifə adını eşidən oldu, ya yox. Heç kəc yox iydi...

Sonra Bəyağa yüngülçə xırıldadı. Şəfiqə annadı, tutduğu əli dodağına vurdu, kişinin tüklənmiş, bir dəri, bir sümük qalmış   üzünü öpdü, çod saqqalı üzünü daladı və  özündən asılı olmadan əti ürpəşdi. Çəfiqə səs salmadan ağladı doyunca.  O təzədən yetim və sahibsiz qaldı.

Hava çox isti iydi. Bəyağa kişini saat 12-də öz qazdırdığı qəbirdə basdırdılar. Qəbrin qapağını iki fəhlə götürdü. Seyid Mahir cənazə namazı qıldı və dəfndən sonra  yasin oxudu.
Havanın isti olmağına baxmayaraq adam çox iydi. Kənddən köçmüş köhnə qonşular da gəlmişdi. Bircə böyük qardaşı Mirzənin tərəfindən heç kim yox iydi. Baş sağlığını bacı uşaqları və o biri qardaşı nəvələri qəbul elədi. 

Qırx gün tamam olmamış Şəfiqə də yuxudan oyanmadı. Meyit iki gün qalıb iylənmişdi. Bəyağanın qəbri yanında birini də qazdılar.   

Sentyabr, 2019. 
Gürgan