RƏHMAN ƏLİZADƏ – TEATR...

RƏHMAN ƏLİZADƏ – TEATR...

...Teatrda əsas üç mərhələdir,
özünü təsdiq, özünü ifadə və ən çətini
"teatra ibadət” mərhələsidir. Hər yaradıcı
adama qismət olmur özünü teatra həsr eləmək..
Teatrı özünə yox,– özünü teatra həsr edəndə
İ b a d ə t   b a ş l a y ı r!..

(R.Əlizadə)


Rəhman Əlizadə məktəbindən keçmiş, onun dəst-xəttinə, üslubuna bələd yetişdirdiyi aktyorlar var və əsla onlar,– yaxud o aktyor ki, nə vaxtsa Rəhman Əlizadənin quruluş verdiyi tamaşalardan birində oynamışsa.., prossesdə iştirak etmişsə, dramaturgiyasından.., nəsr əsərindən.., şeirlərindən, deyimlərindən xəbərdar olmuşsa,– bu satirik, məzəli, lirik-sentimental ab-havadan udmuşsa, yaxud heç olmasa ömründə bircə dəfə də olsun onunla,- yaradıcı şəxsiyyətlə görüşüb, unsiyyətdə olub həyata baxışı ilə– lap elə havadan-sudan.., məişətdən, insanlıqdan, nadanlıqdan, bu dünyadan–o dünyadan və sair və ilaxir söz açmışsa xülasə, – nə o yaradıcı tanışlığı.., nə o tamaşanı.., nə o görüşü.., nə də o söhbəti-ünsiyyəti   u n u t m a z!..

Ələlxüsus da müxtəlif teatrlarda keçirilən yubiley və tədbirlərdəki duzlu-məzəli səhnəcikləri həm tamaşaçıların həm də iştirakçı aktyorların yaddaşında əvəzsiz iz buraxmış ki.., məqamı gəldikcə əziz-xələf xatirə kimi xatırlanar, kimisinin dodağı qaçar.., kimisinin gözün-könlün doldurar.., kimisinin də gizli-aşkar çəkilən "ahına” çevrilər... Hətta bəlli bir tamaşaçı kütləsi yaranmışdı belə teatral gecələrdə o atmacalı, məzəli səhnəciklərə ürək, göz dolusu gülməkçün Kukla teatrının çıxışını gözləyən...

Heç yadımdan çıxmaz özünün də dəfələrlə ürəklə xatırladığı çıxışımız vardı... Azdramanın səhnəsində,– teatra yeni cəlb etdiyi gənclər baraban və şeypur müşayiətilə "Aktyor andı” içməkçün səhnəyə çıxıb, "Düzlən!” "Farağat!” əmrini alır və,– "Biz bu təntənəli yubiley gecəsində "aktyor andı” içmək qərarına gəlmişik deyə sözə başlayırlar: Həmişə rolumu sütəzbər edib səhnəyə çıxacaq, tamaşaçını yerli-yersiz güldürməkçün bəzi adlı-sanlı, çox vaxtsa adsız-sansız aktyorlartək şit hərəkətlər etməyəcək, müəllif mətnini hərzə-hədyana çevirməyəcəyəm, məşqə gecikməyəcək, qamara getməyəcəyəm, əsil sənət fədailəritək sadə, təvazökar və məsuliyyətli olmağımıza and içirik...”

Bilmirəm bu qeyri-adi anda kim, hansı aktyor nə qədər sadiq qaldı.., amma Rəhman Əlizadə bəxtinə, qismətinə ilahi missiya kimi düşmüş bu sənəti yalnız ona aşiq, yalnız ona sadiq yüksəklərə qaldırdı, ucaltdı, yazdı, qurdu, əsla bu sənət ocağına xəyanət etmədi!..

"İncəsənət sənə xəyanət etməyə hazır olan gözəl və işvəkar bir qadındır ki,
başqasının qoynuna atılmaqçın sənin ən xırda xəyanətinə bənddir.”

 (R. Əlizadə)

...Bir  tamaşa vardı, "Qız Qalası” adında... Rəhman Əlizadə ruhunun, zəhmətinin bəhrəsindən ərsəyə gəlmiş, Q. Qarayev musiqisinin sədaları altında sözlərin, hisslərin ağ kəlağayılara dönüb uçuşduğu nağıl-tamaşa... Bulaq kimi qaynayan.., coşub-daşan.., ləpələnən ağ kəlağayılar arasında – həqiqi Qalanın yaxınlığında yerləşən Kukla teatrı səhnəsində Qala ucaldılırdı... şahidi olduğum ən təsirli, fərəhli an vardı, balacaların nağıl-tamaşanın sonundakı bayatını bizimlə bərabər pıçıldamaları:
                 
Əzizim Qız Qalası,
Həmişə Qız Qalası,
Qərinələr ötəcək
Qalacaq Qız Qalası..
.

...Bir tamaşa vardı... Rəhman Əlizadənin hiss-həyacanını ötürdüyü, rəngarəng dekorasiyaların kinolent kimi qüsusrsuz sıralanaraq iri kuklaların cana gətirildiyi "Od oğlan”(E. Şayye) adında... İl 1998...

Od oğlan: ...Yuxumda görmüşəm ki, məhəbbət gəmisində uçuruq ənginliklərə...
Şahzadə qız: Od oğlan, bəyəm uçan gəmilər olur?!..
Od oğlan: Əlbəttə olur, insan sevəndə gördüyü yuxuların hamısı çin olur...

Kukla tearının səhnəsi və möhtəşəm an... iri kuklalar,– onları canlandıran aktyorlar sanki səmaya,– səhnədən işıq sexinə məhəbbət gəmisini uçurdurlar... Hamımız ayağa qalxıb hər dəfə alqışlarla süstləyirdik bu ömürlük yaddaşımıza həkk olacaq anı...

...Bir tamaşa vardı... Əlizadə üslubunun, istedadının növbəti fantaziyası "Fantaziya”... V.Mustafazadə "Bayatı-Şiraz” kompozisiyası və Hacıbaba Hüseynov ifası ilə başlanıb vüsət alan,- nə yüngül, nə də ağır dekorasiya işlətmədən,-- heç nədən.., "zibillikdən” bir növ peyda olan əşyalar canlanır, süjeti qururlar... Gənc Vaqif Zibeydəni kəşf edir, aşiq olur, yerə sığdırmayıb göylərə ucaldır... düşünülmüş oyun-eksperimentlərin ən əsası da sözsüz, yalnız iradi təklif olunmuş hərəkətlərin sayrışdığı kədərli, gerçək həyat hekayəsi...

...Bir tamaşa vardı... Rəhman Əlizadə qələminin, yozumunun töhfəsi... Mənsub olduğu nəslin, irsin, nəcabətin xüsusiyyət və məziyyətlərini özündə daşımayan, tay-tuşlarına qoşulmayan,- əqidəsi zəmanəsinin arsız prinsiplərinin çərçivəsində sıxışdırılsa, tapdalansa, zorakılığa məruz qalsa, "maymaq” deyə çağırılsa belə   m i y o l d a m a y a n  qəribə, çox qəribə, vicdanlı, fədakar pişik haqqında...

Hərə özüylə olacaq,
Hərə özüylə qalacaq,
Hərə özüylə öləcək
Qiyamətəcən, qiyamətəcən.

Ayrılmayın gözünüzdən,
Ayrılmayın sözünüzdən,
Ayrılmayın özünüzdən
Qiyamətəcən, qiyamətəcən.


...Bir tamaşa vardı... Rəhman Əlizadə istedadının, peşəkarlığının zirvəsini fəth edən, dünya yaranandan usanmadan hərəsi öz meyarında artan yaxud əksinə arsızlaşan Xeyirlə Şərin daimi mübarizəsindən bəhs edən tamaşa...

Şər yatmayıb,
Yuxusuzluqdan qan çəkibdir gözləri.
Xeyir isə, –
Əzəl gündən azıb duman içində.

(R. Əlizadə)

Səhnədə cəmi iki aktyor.., heç bir işıq qapanması olmadan, sayı on beşdən yuxarı kuklaları bir-birilə əvəz edərək simfonik əsərin(F. Əmirov) bütün ritm çalarlarını R. Əlizadə yozumunda,- bəlağətli, zəngin sözün(N.Gəncəvi) hakim kəsildiyi bəşəri mübarizəni aparmaq, göstərmək üçün, ən səmimi oyunu oynamaq üçün səhnəyə çıxırlar...

 –ƏLBƏTTƏ, gələcək böyük teatr "tamaşaçılarının” zövqünün formalaşdığı məkanda bu bir missiyadır... məsuliyyətli və şərəfli missiyadır!..

...Bismillahir-rəhmanir-rəhim”lə başlayan və bitən missiya...

...Bir tamaşa vardı... "Dünyanın axırı” adında... gündəlik həyatımızda fərqinə varılmadan təkrarlanan, məişətləşən bu ifadə Rəhman Əlizadə dünyasında qələmi ilə başqa tövr, hamıya qismət olmayan "könül gözü” tək açılır, aydınlığa qovuşur...
Biz diri ikən ruhumuzun, cismimizin qayğısına qalmadıqca, onun yerini, yurdunu bu dünyada Allah buyurantək sahmana salmadıqca, Ona doğru yönəlmədikcə, ömrümüzü-günümüzü axırıncı günmüş kimi yaşamadıqca,– əslində öz dünyamızın axırının haçan.., necə.., bəlkə də artıq yetişdiyinin fərqinə varmadıqca  qaranlıqdayıq!.. Sabah da, axşam da   q a r a n l ı q d a y ı q!...

Gözlərimi yumdum,-
Süzülsün qaranlıqdan
Nurlu misralarım
Yalqızlığıma.
Gözlərimi açdım;
Gördüm mürgüləyir
Qaranlıqda mənim kimi
Adamlar.
Çığırdım, fəryad etdim:
-Çıx ey günəş!
Işıqlandır bu aləmi-bağırdım!
Qəbristanlıqda diksinib qalxdı
Məzarlardan
Əcdadımın sümükləri.
Şaqqıldayıb, ağladılar,
Çürümüş həsrətlərini
Bayraq kimi sancdılar
Qaranlığın günbəzinə,
Öyüd verdilər mənə:
-Sev bala! Sevginən!
Alışıb kül olginən!
Qoy nurla dolsun qaranlıq
Aləmlə bizim qəbrimiz!..

(R. Əlizadə)

...Tamaşalar vardı, içərisində "oyun” aldığım, almadığım – "Dəli Domrul”, "Ələkbər əmi gülüş planetində”(R.Əlizadə), "Qızıl xoruz”(A.S.Puşkin), "Kuraj ana”(B.Brext), "Eramızdan milyon il əvvəl”(R.Əlizadə), "Tıq-tıq xanım”(R. Əlizadə), "Ləpələrin nağılı”(X.Əlibəyli), "Tülkünün uçuşu”(A.Şaiq), "İlbizin nəğməsi”(F.Q.Lorka), "Məkrlilərin vəkilləri”(R.Əlizadə), "Su pərisi”(F.Mustafa), "İblis”(H.Cavid), "Yay gecəsində yuxu”(V.Şekspir), "Dünya gözəli”(A.Şaiq), "Sindbadın xoşbəxtlik adasına səyahəti”(R.Əlizadə)... və sairə, və ilaxır...

Qəm yemə nə qədər ki, bu dünya durub
Hələ də bəzilərinin ürəkləri "teatr” deyilən xəstəlik ilə vurur,
Teatr olub, vardır, əbədilik olacaq...
Teatr məcnunlarının qəlbini isidəcək
Bu əbədi, müqəddəs daima yanan ocaq...
(R. Əlizadə)


...Bahar gəlib Əlizadə.., ən çox sevdiyin, həmişə ürəklə gəlişini gözlədiyin, şəninə şeirlər, nəğmələr qoşduğun ətirli Bahar gəlib...

...Mən bu Bahara qədər də var olacaqmışam Əlizadə.., yoxluğundan bu Bahara 782 gün sayacaqmışam.., ƏLİZADƏ...

...Mərdəkan yolunu tutub "son mənzilim.., yuvam...” deyə arzuladığım, rahatlıq tapdığım məkanda,– torpaqdan baş qaldıran nərgizlər əvvəlcə gözlərimə, sonra da ruhuma ilıq ümid.., güman.., təsəlli kimi hələ süzüləcəkmiş.., ƏLİZADƏ...

...Bahar bayramın mübarək, ƏLİZADƏ!..

Cəmilə Allahverdiyeva
16 mart 2015