Rəssam Mehdi Hüseynovun rənglər dünyası

Rəssam Mehdi Hüseynovun rənglər dünyası

Mehdi Hüseynov: Kaş rəssamlığa sevgimi atam Teyyub Hüseynovun özü  yarada idi...


Müsahibim rəssam, pedaqoq Mehdi Teyyub oğlu Hüseynovdur. Söhbətimizə başlamazdan əvvəl onu oxucularımıza təqdim edək:

Mehdi Teyyub oğlu Hüseynov 1972-ci ilin noyabrında Gəncə şəhərində rəssam ailəsində anadan olub. Qeyd edək ki, SSRİ Rəssamlar İttifaqının üzvü olmuş atası Teyyub Mehdi oğlu Hüseynov (1934-2013)  tanınmış rəssam olmuş və Gəncədə rəssamlığın inkişafında, neçə-neçə rəssamlar nəslinin yetişdirilməsində təqdirəlayiq xidmətləri ilə xüsusi yer tutur. 1987-ci ildə 4 saylı şəhər orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Mehdi Hüseynov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olmuşdur. Ali təhsilini 1991-1997-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında alıb. 1994-2000-ci illər ərzində müxtəlif sərgilərin müvəffəqiyyətli iştirakçısı olmuş rəssam, 2001-ci ildə İstanbulun Fatih kollecindən  dəvət alır. 2003-cü ilədək həmin kollecdə rəsm müəllimi işləyib. 2001-ci ildə o, Ankarada keçirilən "Türk Dünyası” Beynəlxalq sərgisində uğurla iştirak etmişdir. 2003-cü ildə İstanbulun Taksim Sanat Qalereyasında rəssamın fərdi sərgisi təşkil olunub. Mehdi Hüseynov 2002-ci ildə İstanbulda ilin rəsm müəllimi də seçilmişdir. Hal-hazırda həm AMEA-nın Gəncə Regional bölməsində, həm də Dövlət Aqrar Universitetdə  çalışır. 

–  Sənət özünü ifadədir, deyirlər. Bir təcrübəli rəssam kimi sizin üçün təsviri sənət nədir, nə deməkdir? 

–  Əvvəla, deməliyəm ki, rəssam olmaq istəməmişəm. Beş yaşımda atam Teyyub Hüseynovun emalatxanasında gördüyüm yaradıcı şərait, eləcə də təxminən həmin yaşlarımda yağlı boya ilə çəkdiyim rəsm məni istər-istəməz bu sənətə bağlamalı idi. Sovet dövründə bütün uşaqlar kosmonavt olmağı arzulayırdılar. Buna baxmayaraq, nədənsə gələcəkdə özümü təyyarə mühəndisi kimi görürdüm, uçmaq istəyirdim. İndi də yuxalarımda uçduğumu tez-tez görürəm. Atam bəzən mənim rəssam olmağımı heç istəmirdi. Onunla sənətdə rəqabət aparanlar çox idi. Əgər biz Gəncədə deyil, Bakıda və ya Moskvada yaşasaydıq, onda atam, deməzdim, mənə rəssamlığı öyrədərdi, amma məndə bu sənətə məhəbbət hissi yaradardı.
– Bəyəm sizdə rəssamlığa olan sevgi hələ formalaşmayıb?
–  (Gülür) Əlbəttə, bu sənəti sevirəm. Lakin istərdim ki, kaş rəssamlığa sevgimi atam Teyyub Hüseynovun özü yarada idi, bilmirəm nəyə görə. Axı əsl sənəti o mənə göstərmişdi. Atam məni çox muzeylərə, qalereyalara aparmışdı. Harmens van Reyn Rebrandtın, Renuarın, Robert Qeninin, Vasilyi Surikovun, Valentin Serovun və başqa böyük rəssamların əl işlərini əyani görmüşəm. Bu, məndə əsl sənətin necəliyi təəssüratını yaratmaqla yanaşı, həm də baza formalaşdırdı. 

– Rəssamlıqda natürmort, mənzərə, portret, mifoloji və s. janrlar vardır. Hansı janrlar ruhunuza daha yaxındır? Ümumiyyətlə, rəssamlıqda janr, üslub seçimi baxımından yaşın rolu varmı?

– Rəssamlıqda yaş amili yoxdur. İstər janr, istərsə də üslub seçimi olsun, bu ancaq kiminsə təsiri ola bilər. Məsələn, əvvəllər atamın nüfuzu üzərimdə çox idi. O daha çox klassik üslubu, dəqiq desəm, Rembrandtın klassizm yolunu təqdir edirdi və nümunə timsalında bu XVII əsr holland rəssamını sənətdə əvəzedilməz görürdü, onu mənə təlqin etməyə çalışırdı. Lakin zaman keçdikcə tələbə yoldaşlarımla münasibət, XX əsr rəssamlarının fərqli üslubu, modernist incəsənət, əsasən sürrealizm, bu cərəyanın fonunda Juan Miro, Pablo Ruiz Pikasso, "sürrealizm mənəm" deyən Salvador Dali, italyan film rejissoru Federiko Fellini mənə silinməz təsirlər aşıladılar. Tələbə olarkən Bakıda ümumi mənzildə kirayədə qaldığım evin sahibləri yəhudi əsilliydi. Evin xanımı təxminən 50 yaşlarında olan yəhudi əsilli qadın mənimlə çox maraqlanırdı və istəyirdi ki, gələcəkdə böyük rəssam kimi yetişim. O görəndə ki mən hind, Meksikan filmlərinə tamaşa edirəm, buna qəti etirazını bildirdi və dedi ki, sən fransız, italyan filmlərinə baxmalısan, dünya sənət tarixini dərindən mənimsəməlisən. O məni fransız, italyan filmlərinə aparardı və gördüklərini çox məntiqli, tamamilə özünəməxsus formada anlatmağa çalışardı. 14 yaşımda ikən artıq bu qadının xeyirxah təsiri məni sanki təzədən yaratmışdı. Bununla da atamın təsiri üzərimdə azaldı. Deməliyəm ki, əslində, təməlimi klassizmlə yoğurmaqla atam düzgün seçim etmişdi. Hər şey təməldən asılıdır. Eləcə də çoxmillətli bir mühitdə böyümüşəm. Yəqin razılaşarsınız, dünyagörüşünün zənginliyi, fikrin mədəniyyətlərə açıqlığı üçün bu ən vacib amildir.

–  Əlbəttə. Elə sual yerinə düşəcək, rəssam çoxmu gəzib-görməlidir? 

–  Bəli, istənilən mənada rəssam gəzməyi təxirə salmalıdır. Ən əsası isə incəsənətin qaynaşdığı yerlərə getməyə can atmalıdır. Belə tələbələrim çoxdur: boyası var, fırçası var, molberti var, amma dünyagörüşü yoxdur. Özünü tapa bilməyib hələ. Özünü tapa bilməmə odur ki, sən nədən başlayıb, nədə qurtaracağını özün üçün aydınlaşdırmamısan, üslubunu tam formalaşdırmamısan, işləmə stilini və təsvir metodlarını müəyyən etməmisən. Qeyri-müəyyənlik sənət üçün hardasa xarakterik olsa da, amma onun qarşısı alınmasa, düzgün məcraya salınmasa, labüd xaos qaçılmazdır. 

– Gəlin bir qədər konkret danışaq. Rəssam olmaq üçün nə etmək lazımdır?

–  Mən sualınız xüsusunda təsviri incəsənətlə maraqlananlara həmişə iki yol təklif edirəm. Birincisi, gərək bu sənətin vurğunu olasan; ikincisi də budur ki, pulun olmalıdır. Rəssamlıq bahalı sənətdir. Ona başlamaq üçün ən azından materiallara çox böyük pullar lazımdır. Vurğunluq da danılmaz faktordur. Elə götürək məşhur holland rəssamı Vinsent van Qoqu.  Bir ara satıcı işləmişdi, sonralar da din xadimi olmuşdu. Lakin bütün həyatını bir andaca dəyişən  qərar verdi, hər şeyi atdı və əzablara rəğmən, qardaşı Teoya son nəfəsində "Qəm daim davam edəcək” – deməsinə rəğmən, dünyaca məşhur rəssam oldu.
– Mehdi müəllim, siz bu sahədə pedaqoji işlə məşğulsunuz. Bu haqda məlumat verərdiniz.

– Pedaqoji fəaliyyətimə 2001-ci ildən İstanbulda başlamışam. 2003-cü ilədək həm İstanbul kollecində, həm də İstanbul Fatih kollecində rəssamlıqdan dərslər vermişəm. 2002-ci ildə İstanbul Milli Eğitim Müdirliyi tərəfindən rəsm müəllimləri arasında birinci yerə layiq görülmüşəm. 2004-cü ildə AMEA-nın Gəncə Regional bölməsinin müdiri kimya elmləri doktoru, professor hörmətli Fuad müəllim Əliyevin dəvəti ilə Regional bölməyə kiçik elmi işçi kimi işə düzəldim. Bir müddət Gəncə Texnologiya Universitetində baş müəllim işləmişəm. İndi isə Dövlət Aqrar Universitetinin memarlıq və dizayn kafedrasında baş müəllim işləyirəm.  

– Tələbə müəllimin güzgüsüdür. Tələbələriniz bir pedaqoq kimi sizdən razıdırlar?

–  Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, illər keçməsinə baxmayaraq, öyrəncilərim məni hətta Türkiyədən arayırlar, hörmətimi saxlayırlar. Bütün biliyimi, enerjimi tələbələrimlə bölüşürəm, öyrətmənliyi müqəddəs borc bilirəm. Sənət zəngin qəlbi sevir. Müəllimliyin özü də rəssamlıq təki incəsənətin bir növüdür. Könülsüz istənilən bir işin ucundan yapışsan, nə olur olsun, o yüksək səviyyədə özünü doğrultmayacaq. Texnologiyanın inkişafı bu gün müəllim-tələbə münasibətlərinə tamamilə yeni ab-hava gətirib. İndi tələbələrimlə günün istənilən saatında sosial şəbəkənin köməyi ilə əlaqədə oluram. İnternet fikirlərimizi, təcrübələrimizi tələbələrimizlə bölüşməkdə, onlara məsləhətlər vermək işində çox böyük rol oynayır.

–  Rəssam sərgilərdə özünü ictimaiyyətə təqdim etmək imkanı əldə edir. Lap belə deyək, rəssamın da meydanı sərgidir. Hansı sərgiləriniz təşkil olunub?

–  2000-ci ilədək müxtəlif respublika səviyyəli sərgilərdə iştirak etmişəm. 2001-ci ildə Ankarada  keçirilən "Türk Dünyası” Beynəlxalq sərgisində uğurlu iştirakımdan sonra, İstanbul Fatih kollecinə dəvət aldım. Fərdi sərgim 40-a yaxın rəsm əsərlərimlə 2003-cü ildə İstanbulun Taksim Sanat Qalereyasında  təşkil olunub. Həmin sərgidə əsərlərimi bəyənən Nyu-York Aqora Qalereyasının direktoru Angele de Bello 2003-cü ildə məni ora dəvət etdi. Özüm gedə bilməsəm də, həmin qalereyada beş rəsm əsərim nümayiş olundu. Hesab edirəm ki, bu elə də az müvəffəqiyyət deyil. 

– Sonda gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

–  Gələcək Allahın əlindədir. Hələ bir şey deyə bilmərəm. Hər şey mühitdən, şəraitdən asılıdır.     



Söhbətləşdi: Elmar Vüqarlı
Gəncə
Kult.az