Rey Bredberi. Qaçan yay fəslinin əks-sədası

Rey Bredberi. Qaçan yay fəslinin əks-sədası

Rey Bredberi

QAÇAN  YAY  FƏSLİNİN  ƏKS-SƏDASI

Tərcümə: Aygün Əzimova


Həmin  axşam  Duqlas   valideynləri  və  qardaşı  Tom  ilə  birlikdə  kinodan  qayıdanda, mağazanın  parlaq  şəkildə  işıqlandırılmış  vitrinində  onları-tennis  ayaqqabılarını  gördü.Duqlas  tez   gözlərini  onlardan   çəkdi,ancaq  onun  ayaqları  artıq  qalın  kətan  parçaya  toxunuşu  hiss  etməyə  və havada  tez-tez  sürüşməyə  başladı.Yer fırlandı,vitrinlərin  üzərindəki  kətan  örtülər  şappıldadılar,beləcə,o,sürətlə  qaçaraq  külək  yaratdı...Valideynləri və Tom yavaş-yavaş  addımlayırdılar.Duqlas  isə arxadakı  gecə vitrinindəki tennis ayaqqabılarından gözlərini çəkməyərək ,tez-tez geriyə  çevrilərək  onların yanıyla gedirdi.
      - Film yaxşı idi,-anası  dedi.
      - Aha,-Duqlas mızıldandı.
   Artıq yay üçün isti yağış kimi səkidə xışıldayan yüngül və sakit ayaqqabılar almaq zamanı çoxdan keçmişdi.Artıq iyundur və torpaq yetərincə əzəli gücə sahibdir,ətrafda hər şey hərəkət edir və yetişir.Otlar hər gün çəmənliklərdən bura yayılıb səkiləri örtərək evlərə yaxınlaşır.Elə bil ki,gəmi şəhəri götürərək acizanə şəkildə dənizin dibinə enir və yaşıl ot dənizində heç bir şappıltı səsı və dalğa izi görünmür.Birdən Duqlas küçənin səssiz asfalt və  qırmızı kərpicinə qazılıb basdırılmış şəkildə donub qaldı və yerindən tərpənmək gücündə olmadı.
       -Ata,-o,dedi-bax,orada  pəncərədə tennis ayaqqabıları var...
Atası hətta ona sarı dönmədən soruşdu:
       -De görüm təzə ayaqqabılar sənin nəyinə lazımdır,axı? Məni başa sala bilərsən?
       -Hım...
  Ona görə ki,onlarda özünü elə hiss edirsən,elə bil ki,bu yay ilk dəfə ayaqqabılarını çıxardaraq otların üzəri ilə ayaqyalın qaçırsan.Elə bil ki,qış gecəsində ayaqlarını isti adeyalın altından çıxardaraq ,açıq pəncərədə soyuq havaya verirsən,uzun müddət donandan sonra onlar tamamilə buz lüləsinə oxşayırlar və onları yenidən adeyalın altına salırsan.Tennis ayaqqabılarında özünü elə hiss edirsən ki,sanki bu yay tənbəl-tənbəl axan çayda ilk dəfə ayaqyalın veyillənirsən və şəffaf suda ayaqlarının necə dərinə getdiyini görürsən-elə bil ki,onlar qırılıblar və səndən xeyli qabağa gedirlər,axı suda hər şey başqa cür görünür...
         -Ata,-Duqlas dedi,-bunu izah etmək çox çətindir. 
   Tennis ayaqqabılarını düzəldən insanlar oğlanların nə istədiyini və onlara nə lazım olduğunu haradansa bilirlər.Onlar ayaqqabının altına möcüzəli ot qoyurlar ki,havanın keçməsini asanlaşdırsın,dabanının altına  sərt yay qoyurlar ,üstünü isə  açıq düzlərdə günəş şüalarından yanaraq ağarmış otlarla hörürlər.Ayaqqabının yumşaq içliyinin harasındasa dərinliyində nazik,ancaq çox möhkəm maral əzələsi gizlədirlər.Bu ayaqqabını düzəldən insanlar yəqin ki,  yarpaqları ilə birlikdə ağacları aparan çoxlu küləklər  və  gölə can atan yüzlərlə çay görüblər.Bütün bunlar isə hamısı bir ayaqqabıda cəmləşmişdi və bütün bunlar hamısı- yay idi. 
   Duqlas hər şeyi atasına izah etməyə çalışdı,ancaq atası –
    -Sənin keçən ilki ayaqqabılarının nəyi pisdir axı?Zirzəmiyə baxsan onları orada tapa bilərsən.-dedi.
  Birdən Duqlasın Koliforniyada yaşayan və ilboyu tennis ayaqqabılarında gəzən oğlanlara yazığı gəldi.Onlar hətta bilmirdilər ki,ayaqlardan qışı tullamaq,qar və yağışla dolu olan ağır dəri ayaqqabıları çıxartmaq,səhərdən axşama kimi ayaqyalın qaçmaq,sonra isə daha asan qaçmaq üçün yayın ilk tennis ayaqqabılarının qaytanını çəkib bağlamaq necə möcüzəlidir.Ancaq ayaqqabılar mütləq təzə olmalı idilər.Məsələ də elə bunda idi. Sentyabrın  birində ovsun yəqin ki,yox olacaq,ancaq indi iyunun axırında ,o,hər yerdə təsir edir.Belə ayaqqabılar hələ də səni ağacların,çayların,evlərin üzəri ilə sürətlə  qaçırtmaq  gücünə sahibdirlər.Əgər istəsən onlar səni hasarların,səkilərin və yıxılmış ağacların üstündən keçirib aparar.
    -Niyə başa düşmək istəmirsən?-Duqlas atasına dedi.-Keçən ilkilər heç cür işə yaramırlar.
      Axı keçən ilki ayaqqabılar ,artıq daxilən ölüdürlər ,onlar ancaq bir yay -onları ilk dəfə geyinəndə yaxşı olurlar.Yayın axırında isə məlum olur ki,onlarla çayların,ağacların,evlərin üstündən atlanıb keçmək olmaz-çünki onlar artıq ölüdürlər.İndi isə yenidən təzə yay başlayıbdır və əlbəttə yeni ayaqqabılar,onun istədiyi hər şeyi yenə də edə biləcəkdir.
     -Pul  yığ,-atası məsləhət gördü,-ay yarımdan sonra...
   -Axı onda yay qurtaracaq!
İşığı söndürdülər.Tom yatdı,Duqlas  isə hələ də  öz ayaqlarına baxırdı,onlar bir az aralıda, çarpayının qurtaracağındakı  ağır ayaqqabılardan azad vəziyyətdə  ay işığının altında ağarırdılar.Qışın qalığı olan bu ağırlıqları,o,indicə ayağından  çıxartmışdır.
     -Yenilərinin nəyə gərək olduğu haqqında fikirləşmək lazımdır.
     Birincisi hamı bilir ki,şəhərin arxasındakı təpələrdə çoxlu dostlar var –onlar inəkləri hürküdürlər,havanın dəyişməsini qabaqcadan xəbər verirlər,səhərdən gecəyə qədər günəşdə yandıqlarına görə dəriləri qabıq verir,onlar isə bu qabıqları kalendar vərəqləri kimi hissə-hissə soyurlar və yenidən günəşdə yanırlar.Əgər onları tutmaq istəsən gərək dələdən və tülküdən bərk qaçasan.Şəhər isə düşmənlərlə doludur.Bu düşmənlər  istiyə qəzəblənirlər,çünki bütün qış münaqişələrini və incikliklərini xatırlayırlar.Dostlarını axtar,düşmənlərini tulla!Pərgu kimi yüngül olan sehrli ayaqqabıların şüarı ,bax bu idi.Dünya sürətlə qaçır?Ona çatmaq istəyirsən?Həmişə hamıdan cəld olmaq istəyirsən?Onda sehrli ayaqqabıları geyin.Tük kimi yüngül ayaqqabıları!
    Duqlas özünün pul daxılını silkələdi-içində nə isə cingildədi.O,demək olar ki,boş idi!
   - Əgər sənə nəsə lazımdırsa,buna özün nail olmalısan.-o,fikirləşdi.-Bu gecə o gizli cığırı tapmağa çalışmalıyam.
     Aşağıda şəhərin işıqları bir-birinin ardınca söndülər.Pəncərədə külək vıyıldadı,elə bil ki,çay axaraq özü ilə hər şeyi apardı...
    Yuxuda o gördü ki,sıx isti otların üstü ilə dovşan qaçır,qaçır,qaçır...
    Qoca cənab Senderson dünyada mövcud  olan hər növ it və pişik cinslərinin it damında saxlandığı heyvan bəsləmə müəssisəsini xatırladan ayaqqabı dükanına gəldi.Qapının ağzında,o,öz sevimlilərini nəvazişlə tumarladı.Cənab Senderson vitrinə qoyulmuş ayaqqabıların hər bir tayına sığal çəkdi,onlardan biri ona it kimi,digəri isə pişik kimi göründü,o,qayğıkeş əlləriylə onlara toxundu -bəzisinin bağını düzəltdi,bəzisinin içliyini düzəltdi.Sonra,o,dükanın  döşəməsinin yarısını örtən xalçanın düz  ortasında dayandı,ətrafa göz gəzdirdi və məmnunluqla başını tərpətdi.
     Uzaqda  göy gurultusunun səsi get-gedə güclənirdi.
     Bir anda Duqlas Spoldinq qapıda peyda oldu.O,utanaraq aşağıya,öz  dəri  ayaqqabılarına baxdı,onlar elə ağır idilər ki,elə bil ki,asfalta yapışmışdılar,o,qapıda dayandı –göy gurultusunun səsi o saat kəsdi.Duqlas qənaətlə yığdığı pulu ovuclarında tutaraq,gözlərini yerdən ayırmayaraq günorta  işığı hökm sürən  küçədən ağır-ağır dükana daxil oldu.O,ehtiyatla on və iyirmi beş sentlik mis pulları sütun formasında piştaxtanın üzərinə düzdü.Onun bu hərəkəti sanki şahmatçını xatırladırdı,elə bil ki,həyəcanla gözləyirdi ki,görsün növbəti gediş onu yaradıcılığın zirvəsinə qaldıracaq,yoxsa ümidsizliyin dərin uçurumunda batıracaqdır.
    -Hər şey onsuz da aydındır.-Cənab Senderson dedi.Duqlas donub qaldı.
    -Birincisi,mən bilirəm ki,sən nəsə almaq istəyirsən,-cənab Senderson davam etdi.-İkincisi,mən hər gün səni vitrinimin qarşısında görürəm.Sən elə bilirsən ki,mən heç nəyin fərqinə varmıram?Səhv edirsən.Üçüncüsü, sənə, onları bütöv adı ilə adlandırsaq,” tük kimi yüngül ,yağ kimi yumşaq, nanə kimi sərin” tennis ayaqqabıları lazımdır.Dördüncüsü sənin pulun çatmır və sənə kredit lazımdır.
   -Yox!-Duqlas bütün gecəni yuxuda dincəlmədən qaçaraq ağır nəfəs aldığı kimi təngənəfəs qışqırdı.-Mənə kredit lazım deyil,mən daha yaxşı şey fikirləşmişəm.-nəhayət,o,dərindən nəfəs aldı.–İndi mən izah edəcəm,ancaq əvvəlcə, cənab Senderson,zəhmət olmasa mənə bir şeyi söyləyin.Siz özünüz axırıncı dəfə  nə vaxt belə ayaqqabı geyinmisiniz?
    Qoca tutuldu:
    -On il əvvəl,ya da iyirmi il əvvəl,ola bilər hətta otuz il əvvəl...Bu səni nə üçün maraqlandırır?
   -Bilirsinizmi,cənab Senderson,düzünə qalsa,sizin elə özünüzə də, satdığınız tennis ayaqqabılarını geyinib baxmaq lazımdır.Axı siz onları insanlara satırsınız! Heç olmasa bir dəqiqəliyə geyinib baxsanız,özünüz görərsiniz ki,onlar ayaqda necə durur.Əgər uzun müddət bir şeyi sınaqdan keçirməsən,istər–istəməz onun haqqında unudursan.Axı tütün şirkətinin sahibi siqaret çəkir,düzdürmü?  Şirniyyat sexinin sahibi də ,əlbəttə həmişə öz məhsulunun dadına baxır.Mən də fikirləşirəm ki...
    -Sən həqiqətən gördünmü ki,mən də ayaqyalın gəzmirəm,-qoca dedi.
    -Ancaq tennis ayaqqabılarında da gəzmirsiniz,ser!  Onları necə tərifləmək lazım olduğunu bilmədən siz onları necə  sata bilirsiniz?Axı necə tərifləyəsiniz də,əgər onlar haqqında ümumi görüşə malik deyilsinizsə?
     Duqlas elə hərarətlə danışırdı ki,Senderson hətta öz fikrindən geri çəkildi və tərəddüdlə  çənəsini qaşıdı.
     -Hə,bəlkə də...
   -Cənab Senderson,-Duqlas dedi-siz mənə bir şeyi  satın, mən də əvəzində sizə çox vacib olan nə isə stacam.
   -Dostum,məgər bu razılaşma üçün mən mütləq bir cüt tennis ayaqqabısı geyinməliyəm?
   -Bu çox yaxşı olardı,ser!
    Qoca ah çəkdi.Bir dəqiqədən sonra,o,artıq stulda oturmuşdu və güclə nəfəs alaraq arıq,uzun ayaqlarına geyindiyi tennis ayaqqabılarının qaytanını bağlayırdı.Ayaqqabılar onun pencəyinin qolunun tünd köbəsi ilə yan-yana yersiz və uyğunsuz görünürdülər.Nəhayət,o,ayağa qalxdı.
   -Hə,siz özünüzü necə hiss edirsiniz?-oğlan soruşdu.
   -Özümü necə hiss edirəm?Əla.-O,istədi ki,yenidən stula otursun.
   -Yox,yox!-Duqlas yalvarıcı tərzdə əlini uzatdı.-İndi zəhmət olmasa bir az dabanlarınızla pəncələrinizin üstündə növbə ilə  hərəkət edin, bir qədər hoppanın,tullanın ki,mən sizə hər şeyi danışıb qurtarım.Deməli belə;mən sizə pul verirəm,siz mənə ayaqqabıları verirsiniz.Mən sizə bir qədər də dollar borclu qalıram.Ancaq mən bu ayaqqabıları geyinən kimi,cənab Senderson,mən onları geyinən kimi,bilirsiniz nə baş verəcək?
    -Nə? 
    Duqlas əl çalırmış kimi əlini əlinə vurdu!--Mən sizin alıcıların bazarlıqlarını evlərinə çatdıracam,sizin üçün hər şeyi daşıyıb gətirəcəm,sizə qəhvə gətirəcəm,zibili atacam, poçta,teleqrafa,kitabxanaya qaçacam! Mən o tərəfə- bu tərəfə  bir dəqiqə ərzində on dəfə uçacam.İndi siz özünüz hiss edəcəksiniz ki,bunlar necə ayaqqabıdırlar,ser,özünüz hiss edəcəksiniiz ki,onlar məni necə sürətlə gəzdirirlər!Axı onlar elastiki yayın üzərindədirlər-hiss edirsinizmi?Onlar özləri qaçırlar!Ayaqlara dolanırlar, sonra isə heç bir dinclik vermirlər, bir yerdə durmaq onların qətiyyən xoşuna gəlmir. Sizin özünüzün etmək istəmədiyiniz hər şeyi,mən sizin əvəzinizə edəcəyəm,özü də bilirsinizmi necə tez!Siz sərin dükanınızda sakitcə oturursunuz,mən isə sizin əvəzinizə bütün şəhəri gəzib-dolaşıram.Əslində isə bunu mən etməyəcəm,bunların hamısını ayaqqabılar edəcəklər.Götürəcəklər və küçə ilə dəlicəsinə çox sürətlə qaçaraq bir-iki- iş başına,bir-iki –geriyə! Bax beləcə!
   Bu nitq Sendersonun qulaqlarını batırdı.Sözlərin axını onu  özü ilə götürüb  apardı,o,ayaqlarını ayaqqabının içində daha da rahatladı,barmaqlarını tərpətdi,pəncələri üstündə fırlandı,ayaqlarını hündürə qaldırdı. Açıq qapıdan külək əsməyə başladı.Cənab Senderson yavaşca tərpənərək ayaqlarını sərin küləyə tərəf tutdu. Ayaqqabılar  şumlanmış qaratorpaqlarda bitən məxməri  cəngəllik otlarında,yaxud da sudan şişmiş gildə batırmış kimi səssizcə yumşaq xalçanın üzərinə batdılar.Qoca ciddi görkəmlə sanki acımış xəmirdən,elastiki yumşaq torpaqdan itələnirmiş kimi dabanları ilə itələyərək bir qədər  pəncələri üstə qalxdı.Al-əlvan rəngli işıqlar qəfil sönərkən necə nəzərə çarpırsa, onun da bütün hissləri üzündə eləcə əks olunmuşdur.Ağzı azacıq aralı idi.O,hələ bir qədər də pəncələri üstündə  asta-asta yırğalandı və nəhayət dayandı;oğlan da susdu.Dərin,mənalı sakitlikdə onlar durdular və bir-birlərinin gözlərinin içinə baxdılar.
    İsti günəşli küçədən dükanın yanındakı səki ilə tək-tük adam keçirdi.
    Qoca ilə oğlan isə hələ də üz-üzə dayanmışdılar,oğlanın üzü gülürdü,qoca isə deyəsən bir neçə gözlənilməz təklif fikirləşmişdi.
   -Qulaq as,-nəhayət,o,dilləndi-Təxminən beş ildən sonra burada,mənim dükanımda  çəkmə satmaq  istəyərsənmi?
   -Sağ ol,cənab Senderson,düzü mən özüm də hələ bilmirəm ki,böyüyəndə nə edəcəm?
   -Nə istəyirsənsə,oğlum,onu da edəcəksən.-qoca dedi.-Sən öz istədiyinə çatacaqsan və heç kim sənə mane olmayacaq.
     O,içində ayaqqabı olan, təxminən on min qutunun  düzüldüyü divara tərəf  yüngül addımlarla yaxınlaşdı və Duqlas üçün ayaqqabı götürərək piştaxtaya qayıtdı.Sonra isə,o,kağız vərəqə nə isə yazdı .Duqlas isə bu vaxt ayaqqabıları geyinərək iplərini bağladı və ayağa qalxaraq gözlədi.
     Qoca yazmağı qurtardı və vərəqi ona uzatdı.
    -Bu gün üçün sənə on dənə tapşırıq verirəm.Bunların hamısını edəndən sonra isə biz səninlə hesablaşıb üzülüşürük,sən isə öz xeyrini götürürsən.
    -Sağ ol,cənab Senderson!-Duqlas dükandan bayıra sıçradı.
    -Dayan!-qoca qışqırdı.
Duqlas dayandı və ona sarı çevrildi.
   -Hə,ayaqqabılar necədir?-qoca maraqla soruşdu.Duqlas öz ayaqlarına baxdı-onlar artıq uzaqlarda-çayların sahilində,buğda zəmiləri arasında,onu şəhərdən qovan küləyin üzərində idilər.Sonra başını çevirdi və qocaya baxdı;onun gözləri bərq vururdu,dodaqları  tərpənsə də  onlardan heç bir səs çıxmırdı.
    - Antiloplar?-Qoca, baxışlarını oğlanın sifətindən ayırıb ayaqqabılarına yönəltdi.-Ceyranlar?
    Duqlas fikirləşdi,tərəddüd içində susdu və tələsik başı ilə razılıq bildirdi.Və-gözdən itdi.Nə isə pıçıldadı,qəfil çevrildi və yox oldu.
   Qapı taybatay açıq qalmışdı,kandarda isə heç kim yox idi.Tennis ayaqqabılarının sürətli xışıltısı tropikin güclü istisində yox olmuşdu.
    Cənab Senderson günəşin təsirindən gözləri qamaşaraq qapıda dayandı və xəyallara daldı.Lap çoxdan,hələ uşaqlıq arzuları ilə yaşayan vaxtdan ,o,bu səsləri yadında saxlamışdır.Üfüqdə hərdənbir füsunkar  varlıqlar görünürdülər,ağacların altında və kolların arasında süzərək daha da uzağa qaçır və güclə eşidiləcək əks-səda qoyurdular...
    -Antiloplar,-Senderson təkrar etdi,-ceyranlar...
   O,əyildi və Duqlasın tulladığı, çoxdan unudulmuş yağışlar və əriyib getmiş qarın təsirindən ağırlaşmış qış ayaqqabılarını döşəmədən qaldırdı.
   Sonra günəşin gözqaqamaşdırıcı şüalarının düşdüyü yerdən  uzaq bir kölgəliyə çəkildi və tələsmədən,yumşaq və yüngül addımlarla geriyə,sivilizasiyaya qayıtdı.