Rey Bredberi. Xəyalətlərin vaxtı (hekayə)

Rey Bredberi. Xəyalətlərin vaxtı (hekayə)


Rey Bredberi

Xəyalətlərin vaxtı

(hekayə)

Ən yaxşı vaxt idi. Günün qəribə vaxtı. Bu, Xəyalətlərin vaxtı idi.

Timatinin otağının ortasında nə isə fırlandı və qeyri-adi kölgə peyda oldu.Ralfın otağının ortasında isə  ağlagəlməz böyüklükdə  və sirli görünüşə malik ikinci kölgə ayağa qalxdı.Dəhlizin o biri tərəfində , Elisin yatağının düz ortasında o tərəf- bu tərəfə hərəkət edən işıq şüalarından, həmçinin havadan və rəqs edən toz zərrəciklərindən hörülərək  üçüncü  kölgə -kədərli və qəmgin baxışlı naməlum qadın peyda oldu.

 Aşağıda ,qonaq otağında gözlənilməz qonaqları atası qarşıladı.

 Bəs anası? Həmin vaxt anası İfritə Aşpazla bir arada mətbəxdə evdarlıq edirdi.İfritə pilətənin üzərindəki isti havada  yellənə-yellənə,aşpazlıq kitabını vərəqləyərək ədviyyatların üzərinə nə isə oxuyub onları yeməyə əlavə edirdi.Sən ancaq əlinlə toxunaraq hiss edə bilərdin ki,bunlardan hansı həqiqidir.Sənin barmaqların qoca, kök İfritənin bir tərəfini dəlib,o biri tərəfinə keçə bilərdi.Barmaqların ancaq Ev Sahibəsinin yay kimi isti bədəninə toxunduqda dayanardı.

- Əladır! - Timati qışqırdı.

- Onun ətrafında dövrə vurmaq olar! - Ralf səsləndi.

Doğru idi.

Uşaqlar xüsusi olaraq onlar üçün gözəgörünməz şüalar vasitəsilə  otaqlarına gətirilmiş öz xəyalətlərinin-elektron divlərin ətrafında  çoxlu dövrə vurmağa başladılar.

- Onlar həqiqidirlər!

- Tamamilə demək olmaz...

- Hər şeyi yenidən təkrar edin-Elis parlaq şüalar saçan havaya dedi.

- Hə-oğlanlar xahiş etdilər -yenidən danışın!

Timatinin otağına gələn Marlinin xəyaləti  üstündən asılan zəncirləri və qıfılları silkələməyə başladı və rəngi ağarmış istridyəyə oxşayan gözlərini öğlana zilləyərək ölmüş ürəyinə görə ah-vay etdi:

 - Ay başıma gələn müsibət! Həyatda özüm-özümə bağladığım zənciri indi daşımağa məcburam!Mənə dinclik yoxdur,rahatlıq yoxdur.Bu sənə dərs olsun Ebinizer Skruc!

 Bu arada Ralfın yatağında kor Pyunun xəyaləti mürəkkəblə çəkilmiş dairələr olan kiçik kağız parçasını əlində büzüşdürərək qışqırdı: 

- Qara işarət!Mən məhkum edilmişəm!

 Otağın qaranlıq küncündən  hansısa uzaq dənizin sahili boyunca uzanan yol ilə qaranlıqda addımlayan təkayaqlı  adamın addım  səsləri—top-tump,top-tump  eşidiləndə  o az qala özündən getdi.
  Elis mat-məəttəl qalmışdı.

Onun xəyaləti--küləkdə dalğalanan  saçları olan cavan qadın, qarla örtülmüş pəncərəni döyərək  qarşısıalınmaz,son dərəcə güclü insanın adını çəkərək  qışqırdı:

- Xitklif!

Qış gecəsində otağın ortasında havadan asılmış qapı  taybatay açıldı.Çağırışa cavab verərək oradan bir adam qaçdı və döşəmə üzərinə düşəndə  heç bir iz qoymadan əriyən qar fırtınasında itərək, İldırımlı Aşırımda yox oldu.

- Qoloqramlar-Timati pıçıldadı-telekörpü.Lazer şüaları və uydurma maşınlar.

- Sus!- kiçik olsa da yaşına görə çox ağıllı olan Ralf onun sözünü kəsdi.-Bunu bilmək istəmirəm.Mən ancaq baxmaq istəyirəm!Dünyada xəyalətlərdən yaxşı heç nə yoxdur. Kor Pyudan qabaq mənim qonaqlarım firon Tutanxamon və Rikşanın xəyalətləri olmuşdular.Lənət şeytana! Bəlkə elə indi...

   O düyməyə basdı.Lazer işığı  yenidən  öz  xalçasını toxumağa  başladı.Uzaqdakı  yol  ilə addımlayan  taxta  ayaqların  taqqıltısı ilə  bərabər kor  Pyu  da  yoxa  çıxdı.Bataqlıqlar  üzərindəki  dumanlıqlardan,narın  yağış  altındakı  ildırım  işığında  gözləri  parıldayan  bir  it  peyda  oldu  və  hürməyə  başladı.

- Sevimli  it,-Ralf  dedi-sevimli  Baskervillər!

Qonaq  otağında  Hamletin  atasının  ruhu  dərd  çəkirdi.:-Ah,dinlə,dinlə,dinlə!Əgər  sən  nə  vaxtsa  atanı  sevsən...

 - Bir  fincan  şerri (şerri-şirin  ispan  arağı), -  bu  və  ya  digər  yeməyi  necə  yaxşı  bişirmək  lazım olduğunu  həmişə məsləhət  görən , kompyuterin  yaddaşındakı  qadın-  Mətbəx  Himayəçisi xatırlatdı.-İki... 
 - Təşəkkür  edirəm,- ev  sahibəsi  onun  sözünü  kəsdi  və  düyməni  basdı.
 Cərəyanın  gücünə  tabe  olaraq  Mətbəx  Xəyaləti  yoxa  çıxdı.

-Nahar  hazırdı!-anası  dəhlizə  boylanaraq qışqırdı.

- Siz,- gah Timati,gah  da  Skruc  deyirdi  -  heç  də siz  deyilsiniz, xardal   damcısısınız,qızardılmamış  kartofsunuz...

Bunu  eşidəndən  sonra  qoca  Marlinin bütün  sümükləri ümidsiz  qışqırıqla  qırılıb  töküldülər  və  yox  oldular.

-Yenə də  saat  səkkizdə  gəl!- Ralf  dedi.

 İt  işıqdan  toxunmuş  xalçanın  dərinliyinə  getdi.

 - Heyf!-Xitklif  və  onun  sevgilisi  otağın  divarının  bu üzündən  o biri  üzünə  keçib  gedəndə  Elis  ağladı.

 Qonaq  otağı...  Elsinorda artıq  səhər  açılmışdır...Hamletin  atası  getmişdir.Bu  evin  atası  isə  yatağından  durub  və  gerçək  analarının  çağırışına  qaçan gerçək  uşaqları  kimi  və  gerçək  yemək  kimi, çox  həqiqi  və  realcasına nahar  etməyə  getdi.

Xəyalətlərin  vaxtı  qurtarmışdır. Lazer  görüşmələrinin  alaqaranlığı  yoxa  çıxmışdır.

Ancaq  hələ qarşıda  axşam  var idi.Dərslərini  qurtardıqda  isə  onları  yeni-yeni  xəyalətlər  gözləyirdilər.Divarlarda  keçmişin,bu  günün  və  gələcəyin müqəddəs  ruhları  gizlənirdilər.Yolgöstərən  Xəyalət pilləkənin  yuxarı pilləsində  dayanıb özünün   xəyalət  fənərini  yandırıb-söndürərək  işarə  verdi. Onların evi  indi  əsl  "Qarabasmalar  Evi” oldu.

- Mən  Platon  və Aristoteli  nahara   dəvət  etməyə  cəsarət  etdim-atası  dedi.
- Onlar  həddən  çox  danışırlar-Ralf  donquldandı. 

Ancaq  bu  iki  qoca  qəfildən  səssizcə  onların  yanında  peyda  oldular.

- "Dövlət”də işlər  necədir? - Timati soruşdu.

- İşlər  necədir?..

Platon  ona  hər  şeyi  tez,yaxşı  və  doğru-düzgün şəkildə  danışdı.

Heyrətlənmiş Ralf  stulda  qamətini  dikəldərək  bir  neçə  dəfə  gözlərini  qırpdı  və  dedi:

- Əgər  belədirsə,yox  olma,yenidən  danış.

Platon da  hər  şeyi  yenidən  danışdı.

Kor Pyu qədər və bataqlıqlar  arasındakı Baskervil  itlərinin  ulaşması  qədər  bu  da  çox  gözəl  və  maraqlı  idi.

Tərcümə: Aygün Süleymanqızı

Kult.Az