İlkin Tomar - Çörəyi daşdan çıxan mirzələr

İlkin Tomar - Çörəyi daşdan çıxan mirzələr

Son günlərdə millət vəkili yoldaş Hadı Rəcəblinin "MÜƏLLİM MAAŞLA DOLANA BİLMİRSƏ, İŞDƏN SONRA DAŞ DA HÖRSÜN” fikri mediada ən aktual mövzuya çevrilib. Demək olar ki, hər yerdə bu münasibətdən danışılır. Bu fikrin ən çox müzakirə mövzusu olduğu yer isə özümün də tələbəsi olduğum Azərbaycan Dövlət Pedaqoji Univeritetidir. Gələcək Coğrafiya müəllimi kimi belə qərara gəldim ki, günü bu gündən gərək bənnalığın sirlərini öyrənim. Hər halda gələcəyim atmosferin və ya iqtisadi coğrafiyanın sirlərinin öyrənilməsindənsə bənnalığın sirlərinin öyrənilməsindən daha çox asılıdır. Hər halda yoldaş deputat buna işarə edir. Maraqlıdır, görəsən 20-30 ildən sonra müəllimlərə qarşı münasibət necə olacaq. Yəqin ki, o zaman da "millət vəkillərimiz” küçələri süpürməyi, "kanalizasiya borularını təmizləməyi” təklif edəcəklər bizim mirzələrə. Onsuz da Azərbaycanda müəllimlik etmək istəyən yoxdur, xüsusən də oğlanlar.

Mən fəhləliyə, bənnalığa və ya adlarını az öncə sadaladığım sənətlərə alçadıcı gözlə baxmıram. Amma əsas məsələ budur ki, axı müəllim ikinci iş kimi gedib daş daşıyacaqsa o zaman "Müqəddəs Müəllim” adı nəyə lazımdır?
Təsəvvür edin ki, hansısa deputatın villasını tikməyə fəhlə və bənna lazımdır. Və zəng edir bizim zəhmətkeş müəllimlərimizə. Ardını özünüz düşünün.... Fəlakət...

Yoldaşlar, Müəllim başı ilə işləməlidir, əl-ayağı ilə yox.
Sonda bizim millət vəkillərimizdən artıq dərəcədə xahiş edirəm ki, bundan sonra müəllimlərlə bağlı nəsə demək istəsələr gəlib Azərbaycan Dövlət Pedaqoji Universitetindəki divarda yazılmış şuarı oxusunlar:

"Mən yer üzündə müəllimdən uca ad tanımıram

Heydər Əliyev




İlkin Tomar