Rüfət Əhmədzadə - Münafiqin duası

Rüfət Əhmədzadə - Münafiqin duası


Allahım, nə deyim ki,
məni düz anlayasan?
Hər şeyi bilən Allah,
bəlkə bağışlayasan...
Bağışlayasan məni...
ürəyimdəki eşqi
həmişə səhv anladım,
ya da ki, çox payladım.
 
Məsələn, çox ağladım
saf sevdiyim zamanlar.
Ağıllı görünürdüm,
danışanda yalanlar.
Gözüm dəmir də deşdi,
gəzdi yad evləri də.
Özümsə yetim kimi
səkilərdə duruxdum.
İndən belə ha dilən,
gedənlər ki qayıtmaz...
Deşik-deşik ürəklə
bir daxma da qızınmaz!
 
Ay Allah, eşidirsən?
Sənə sözüm var axı...
Görən, niyə bezginəm?
hələ dözüm var axı!
Sirrini sən bilərsən....
"sev" dediyin adamlar
qarşımda nifrət üçün
növbəyə düzlənibdi.
Bəlkə də hirslənərsən...
"savaş" dediklərinlə
elə sevgi yaşadım,
tövbədən də keçibdi.
 
Allahım, nə deyim ki,
məni düz anlayasan?
Hər şeyi görən Allah,
bəlkə bağışlayasan...
Əsdiyim kabinetlər
Evin çörək təndiri.
Getdiyim yol deyil ki,
Boğazımın kəndiri.
Ögeyləşirəm, Allah,
özümə, vicdanıma.
Vicdan axı nədir ki,
baxanda boş qarnıma.
Duyulmur ər istisi
Mənə həsrət qucaqdan.
Uçub ata sevgisi
mənə qismət uşaqdan.
 
Allahım nə deyim ki,
məni düz anlayasan?
Bəlkə xahiş edim ki,
yerimə ağlayasan?
Bəlkə bağışlayasan...
Bəlkə lap unudasan...
Bəlkə gözün yumasan...
Asan yaşayım, Allah?
 
 
19 fevral, 2015-ci il.