Robert Valzer. Xanım Vilke (Hekayə)

Robert Valzer. Xanım Vilke (Hekayə)

İsveçrə (1875-1956)

Münasib ev axtardığım günlərdən birində, şəhər kənarında, yolların qurtardığı yerdə köhnə, qəribə bir evə gəldim, evin xarici görkəmi o qədər ürəkaçan olmasa da, olduqca qəribə idi.
Böyük və işıqlı dəhlizə girib, yavaş-yavaş pilləkanları çıxmağa başladım. Burda qoxu ilə səs həmahəng eleqantlıqla yayılırdı.

Özünəxas eleqantlıq bəzi adamlarda özünəxas bağlılıq yaradır. Xarabalarda da hisslərə toxunan nələrsə olur. Hisslərimiz dağınıq alicənablığın qarşısında riqqətə gəlir. Haçansa aristokratik, gözəl ev olan xarabalıq bizdə təəssüf hissi yaratmaqla bərabər, eyni zamanda hörmət hissi də yaradır. Keçmişin dağınıq halı – siz sehirləmək gücünə maliksiniz!

Qapılardan birinin üstündə xanım Vilkenin adı yazılmışdı.

Ehtiyatla qapının zəngini çaldım. Qapını açan olmadı, deyəsən zəng işləmirdi, onda qapını döydüm və yaxınlaşan addım səslərini eşitdim.

Kimsə inamsızlıqla, yavaş-yavaş qapını araladı. Arıq, hündür bir qadın  yavaşdan soruşdu:

- Buyurun. Nəsə lazımdır?

Səsi olduqca cingiltili və qalın idi.

- Otaq kirələmək istəyirəm, baxmaq olar?

- O, əlbəttə, buyurun.

Xanım məni yarıqaranlıq dəhlizdən keçirdib bir otağa gətirdi. Otaq ilk baxışdan məni heyran etdi. Otaq bir az dar olsa da, hündür idi. Qiyməti də münasib idi, ona görə də çox fikirləşmədən otağı kirələdim.

Bu məni olduqca sevindirdi, axır vaxtlar ruhi vəziyyətim elə idi ki, sakitlik axtarırdım, bu gözdən uzaq və sakit məkan tam istəyimə uyğun yer idi.

- Nə işlə məşğul olursunuz? – xanım soruşdu.

- Yazıçıyam. – dedim.

Xanım heç nə demədən getdi.

Otağa baxa-baxa:

- Mənə belə gəlir ki, burda lap qraf da yaşaya bilər, - deyə burnumun altında mızıldandım.

- Bura çox gözəl yerdi, elə bil rəsm əsəridi, - özüm-özümlə söhbəti davam etdirdim, - şübhəsiz ki, bir üstünlüyü var: bura ətrafdan təcrid olunmuş şəkildədir, içəridə mağara sakitliyi var. Doğrudan, burda özümü rahat, təhlükəsiz hiss edəcəyəm. deyəsən arzum yerinə yetdi. Bura gündüzlər də yarıqaranlıq olur. Əladır! Əzizim, xahiş edirəm utanmayasınız. Tələsmək nəyə lazım? Nə qədər istəsəniz, vaxtınız var. Nə? Divar kağızı bəzi yerlərdə qopub sallanıb? O! Axı bu mənim sevdiyim şeydir, mən hər cür dağınıqlığı, köhnəliyi sevirəm. Dağınıq yerdə qalmaqdan xoşum gəlir, oranı yığışdırmağa icazə vermirəm. Əvvəllər burda baron da yaşaya bilərdi, bu fikir məni əyləndirir. Bəlkə də zabitlər burda şampan şərabı içib. Həyətdə, düz pəncərəmin qabağında qayın ağacı var. Yayda yaşıl yarpaqlar üzümə gülümsəyəcək, nazik budaqlarda isə quşlar oturub cəh-cəh vuracaq. Bu köhnə stol nə qədər gözəldir. Hiss edirəm ki, burda oturub esselər, sketçlər, kiçik hekayələr, bəlkə hətta novellalar yazacağam, sonra onları ciddi, hörmətli jurnal redaksiyalarına göndərib tezliklə çap etməklərini xahiş edəcəyəm.
Yataq da qaydasındadı. Ona baxmaq, davamlılığını yoxlamaq istəmirəm. Əlüzyuyanın üstündə asılqan və güzgü var, o güzgü hər gün necə göründüyümü göstərəcək. Ümid edirəm, görünüşümdən razı qalacağam. Divan köhnədir, amma rahat divana oxşayır. İçərinin havası bir az ağırdır. Pis qoxulu ağır havayla nəfəs almaqdan qəribə həzz alıram. Amma ürəyim istəyən qədər pəncərəni açıb otağı havalandıra bilərəm.

- Gərək səhərlər tez durasınız. Günortaya qədər uzanmağınıza icazə verməyəcəyəm. – xanım Vilke mənə dedi. O mənimlə nadirən danışırdı.

Mənsə bütün günümü çarpayıda keçirdirdim.

İşlərim pis gedirdi. Darıxırdım, özüm özümü tanımırdım. Əvvəl aydın olan fikirlərim indi dumana bürünmüşdü. Haçansa hər şeydən razı, məmnun, şən, xoşbəxt idim, indi o vaxtlar haqda xatirələr qalmışdı, ürəyim kədər içində çırpınırdı. Çox pis vəziyyətdir. Heç yerdə ümid işartısı görünmür!

Buna baxmayaraq, tez duracağıma dair xanım Vilkeyə söz verdim. Doğrudan da tez durub çox işləməyə başladım.

Tez-tez evin yaxınlığındakı cökə və küknar ağaclarının arasında gəzişirdim, elə bil ağaclar məni ümidsizliyə qapılmaqdan qoruyurdu. Budaqlar inanılmaz dərəcədə isti səslə mənə pıçıldayırdı: "Qətiyyən ümidini üzmə, dünyanın ədalətsiz, həyatın qəddar olduğu fikrinə qapılma. Tez-tez gəl, meşə sənə qarşı mehribandı. Onunla dostluq elə, tezliklə sağalacaqsan, aydın fikirlər sənə qayıdacaq.”

Cəmiyyət içinə heç vaxt çıxmırdım. Belə deyək, işığı yaradan işıq elementlərinin cəm olduğu yerdən qaçırdım. Orda işim yox idi, axı uğur məndən yan ötmüşdü. Adamlar arasında uğur qazana bilməyən adamın, adamlar arasında nə işi var?

Yazıq xanım Vilke, tezliklə sən öldün.

Kim tənha və kasıb olubsa, tənhaları və kasıbları yaxşı başa düşür. Əgər biz kiminsə ağrısını, utancını, bədbəxtliyini, gücsüzlüyünü, ölümünü aradan qaldıra bilmiriksə, onda heç olmasa başa düşməyə başa düşməyə çalışmalıyıq.

Bir dəfə xanım Vilke əlini mənə uzadıb pıçıldadı:

- Əlimə baxın. Buz kimi soyuqdur.

Onun qoca, arıq əlini əlimə aldım. Doğrudan da, buz kimi soyuq idi.

Xanım Vilke ruh kimi evdə dolanırdı. Onun yanına heç kim gəlmirdi. O, günlərlə soyuq otaqda oturub qalırdı.

Tənhalıq dəhşətli şeydi, amansız ölümün xəbərçisidi. Kim ki tənha olub, o məni başa düşər.

Tezliklə xanım Vilkenin yeməyə heç nəyi olmadığını başa düşdüm. Ev sahibəsi hər gün, günorta və axşam bu tənha qadın üçün bir qab ət suyu gətirirdi, amma tezliklə bu yemək də kəsildi və xanım Vilke gün-gündən solmağa başladı. Bir gün yerindən dura bilmədi, onu şəhər hospitalına apardılar, üç gündən sonra orda öldü.

Onun ölümündən bir neçə gün sonra, onun boş qalmış otağına girdim. Axşam günəşi otağı parlaq çəhrayı rəngə boyamışdı. Çarpayının üstünə qadının əşyalarını yığmışdılar. Ətəkləri, şlyapası, günəş çətiri, yağış çətiri yan-yana düzülmüşdü, yerdə isə çəkmələri qoyulmuşdu. Bu mənzərə mənə pis təsir etdi, ürəyim sıxıldı, elə bil ölən mən idim, mənə yüksək görünən dəyərlər birdən-birə cılızlaşdı, həyat gözümdə balacalaşdı. Ölümün aniliyini tam aydınlığıyla hiss etdim. Uzun müddət dayanıb sahibsiz qalan əşyalara və otağı dolduran günəş şüalarına baxdım. Yerimdən tərpənmirdi, nəsə eləmək iqtidarında deyildim. Amma bir qədər bu vəziyyətdə dayanandan sonra, yüngüllük və rahatlıq hiss etdim. Həyat təzədən məni ağuşuna alıb gözlərimin içinə baxdı. Həyat yenə də ən gözəl dəqiqələrdə olduğu kimi, canlı və gözəl idi. Yavaş-yavaş evdən keçəyə çıxdım.

Tərcümə: Həmid P.