Rus ədəbiyyatında “Quran” mövzusu

Rus ədəbiyyatında “Quran” mövzusu

Cəlil Cavanşir yazır...

Söhbətlərimiz zamanı dostum Xanəmir Telmanoğluna təsəvvüf və islamla bağlı müxtəlif suallar verirəm. Xüsusilə İslamın dünya mədəniyyətinə, dünya ədəbiyyatına təsiri ilə bağlı xeyli müzakirələrimiz olub. Xanəmirin aşağıdakı fikirləri uzun müddət məni düşünməyə, islam düşüncəsi haqqında baş sındırmağa məcbur edib:
 
"Bu gün imperializmə, hegemonluğa, şərə, təkəlçi siyasi düzənə qarşı savaşan, dirənən bir güc varsa, o da islamdır. Bütün dinlər zatən sadaladığım bu şəri, hegemonluğu, zoru, imperializmi dəstəklədi, bizzat özünə çevrildi, onlarla eyni cəbhədə durdu. İslam isə bunu etmədi, edə bilmədi”.
 
Ancaq İslamın bir din olaraq imperializmə, hegemonluğa  xidmət etməsini biryolluq inkar etmək mümkün deyil. Çünki tarixdə onlarla müharibələr, qardaş qırğınları, işğallar var ki, İslam bayrağı altında həyata keçirilib. Zaman-zaman "Qurani Kərim”in ayələrinin batini əsrarını çox vaxt yanlış düşüncələrə, məkrli niyyətlərə alət ediblər. Amma islamın bu günə qədər dünyada sürətlə yayılması onu göstərir ki, insanlıq hələ də on dörd əsr əvvəl meydana çıxmış bu dinin dürüstlüyünə inanır. Supergüclərin müsəlman dövlətlərinə qarşı işğalçı və aşağılayıcı siyasətinin kökündə islamın bir din aşağılamaq istəyi də dayanır. Əslində dünyada dinlərin, mədəniyyətlərin və düşüncələrin savaşı gedir. Şərq öz müdrikliyi ilə şərə qalib gələcəyini düşünə-düşünə geriləyir. Nəticə isə göz qabağındadır. İslamfoblar bu dini terror və cəhalət, gerilik nümunəsi kimi təqdim etməyi bacarır. Bir inanc sistemi olaraq, din olaraq islamı qəbul etməmək olar. Amma bu dinin daşıyıcılarını vəhşi, barbar, terrorist damğası ilə aşağılamaq yolverilməzdir. İslamın bəşər tarixinə, mədəniyyətinə bəxş etdiyi töhfələrə biganə qalmaq mümkündürmü?
 
Dünya mədəniyyətində və ədəbiyyatında islamın yeri və rolu danılmazdır. Qərbdə və xristian dünyasında populyar olan, mötəbər sayılan minlərlə müəllif var ki, islam sayğı və ehtiramla yanaşıb, bu dinin mütərəqqi ideyalarının bir növ təbliğçisinə çevrilib. Təəssüf ki, "Eynşteyn müəlman olub” formatında miflər yaradan düşüncə, böyük bəşəri ideyalardan, islama həqiqi qiymətini verən dahilərdən xəbərsiz qalıb. Qeyd etdiyim kimi, islamı araşdıran, "Qurani-Kərim”dən yararlanan ciddi müəlliflərin islama münasibəti normal, bəzən isə heyranlıq dərəcəsində olub. Məncə Şərqin və islamın ən böyük heyranlarından biri, islama isti münasibəti ilə tanınan dahi alman ədibi İohan Volfqan Qötedir.
 
Onun "Mahomet's Gesang”(Məhəmmədin nəğmələri) şeiri ilə başlayan isti münasibəti "Şərq-Qərb divanı”nda heyranlıq dərəcəsinə çatır. Qötenin ahıl yaşlarında islam heyranlığı o dərəcədədir ki, "Qurani-Kərim”i  "Kitablar kitabı” adlandırır. 1995-ci ildə Şeyx Əbdülqədir əl-Mürabitin başçılıq etdiyi müsəlman alimləri Vaymarda  tədqiqat aparıb. Tədqiqatlardan sonra əl-Mürabit Qötenin müsəlman olması ilə bağlı fətva verib. Düşünürəm ki, önəmli olan Qötenin müsəlman olması deyil, onun islama göstərdiyi münasibətdir. Fanatik ifratçılığın, islam alimlərinin lazımsız tədqiqatlarının islama başucalığı gətirmədiyi qənaətindəyəm.
 
Əl-Mürabit kimi üləmaların məntiqi ilə yanaşsaq Rus ədəbiyyatının nəhəngləri hesab olunan Tolstoyun və Puşkinin müsəlman olması ilə bağlı da fətva verilməlidir. Çünki digər xristian xalqları ilə müqayisədə  rus ədəbiyyatında islam və "Qurani-Kərim” motivləri digər xalqlardan daha güclü və dərindir.
 
İslama və islamın müqəddəs kitabına heyranlığı və Şərqin mənalar aləminə bələdliyi Tolstoyda, Nikolay Qoqolda, Bunində, Bolmontda, Lermantovda, Velmir Xlebnikovda və başqa rus yazarlarında görmək mümkündür. Bu bələdlik və heyranlıq  rus-xristian təfəkkürünün daşıyıcısı olan müəlliflərin yeni poetik-ədəbi axtarışlarına böyük təkan verib.
 
İslami motivlər rus ədəbiyyatında Puşkinin ədəbi mühitində formalaşan və onun ənənələrini davam etdirən bir çox müəlliflərin yaradıcılığında xüsusi yer tutur. Bestujev-Marlinski, Benediktov, Vyazemski, Polejayev, Veltman, İlliçevski və başqaları yaradıcılıqlarında şərqi və islamı valehliklə mədh edib.
 
Ümumiyyətlə rus ədəbiyyatında şərq-islam motivləri, "Qurani-Kərim”in rus ədəbiyyatına təsiri ciddi elmi tədqiqat mövzusudur. Bu baxımdan tanınmış ədəbiyyatşünas professor Asif Hacılının 2009-cu ildə nəşr olunmuş "Qurani-Kərim” rus ədəbiyyatında” adlı kitabını çox qiymətli mənbə hesab etmək olar. Kitabın elmi redaktoru professor Kamal Abdulla kitaba yazdığı ön sözdə bu sahənin nə qədər aktual və lazımlı olduğunu vurğulayır: "Əlbəttə ki islama digər dinlərin zəka, elm, sənət nümayəndələrinin ehtiramını, islamı dəyərlər ətrafında mənəvi-fəlsəfi axtarışlarını bilmək və xatırlamaq zəruridir . Bu baxımdan, tarixən müsəlmanlarla mənəvi, coğrafi təmasda olmuş rusiyalı görkəmli alim və sənətkarların, yazıçı və şairlərin islama diqqət və sayqısı böyük maraq kəsb edir”.
 
Asif Hacılının "Qurani-Kərim rus ədəbiyyatında” kitabı "Bakı Slavyan Universitetində mühazirələr” silsiləsindən çap olunub. Kitabda rus ədəbiyyatının qədim dövründən, günümüzəcən islama sərgilədiyi münasibətə işıq tutulur. ”Qurani-Kərim”in rus dilinə tərcüməsinin tarixi  geniş şəkildə təhlil olunur. Eyni zamanda islamın müqəddəs kitabının qərb dillərinə tərcüməsinin tarixinə nəzər salınır, "Qurani-Kərim”in 1141-1543 illərdə qərb dillərinə ilk tərcümələri və katolik kilsəsinin buna mənfi münasibəti, Avropa mütəfəkkirlərin islama qarşı sərgilədikləri davranış, zaman keçdikcə "Qurani-Kərim”in qərb mədəniyyətinə və ədəbiyyatına dərindən nüfuz etməsi prosesi kültüroloji müstəvidə təhlil edilir.
 
"And olsun cütə və təkəAnd olsun qılınca və haqq döyüşə,And olsun dan ulduzuna,And olsun axşam namazına.”(A.Puşkin),  "Hey şirin Quranı oxumuşam mən, gizli mağarada, didərginlikdə” (A.Puşkin), "Ya Məhəmməd! müjdəPalma ağacı kimi yetişəcək. Bunu eşidib, sənin xalqınQoy yeni güclə möhkəmlənsin!” (A.Q. Rotçev), "...Hər şeyi bilənə gizlin aşkardır..” (Manassein),  "...lütfən mənə xeyirxah müsəlman kimi baxın” (L.Tolstoy), "Allahdan başqa Allah yox! Sirdən güclü güc yoxdur!(İ.Bunin) – rus ədəbiyyatının məşhur simalarının qələmə aldıqları bu fikirlər onların ciddi şəkildə "Qurani-Kərim”dən təsirləndiklərini, islam təfəkkürünə bələd olduqlarını göstərir.
 
Rusiya bu gün də Şərqə, xüsusilə islam Şərqinə ciddi şəkildə maraq göstərir. Eyni zamanda Rusiya ərazisində müsəlmanların sayının artması, islam dininə aid kitabların çap olunmasının genişlənməsi onu göstərir ki, Rusiya özü bu məsələdə maraqlıdır. Düşünürəm ki, nəinki rus ədəbiyyatında, ümumiyyətlə dünya ədəbiyyatında islam, şərq, "Qurani-Kərim” motivlərini araşdırmaqda böyük fayda var. Artıq bu sirr deyil ki, İslami düşüncə və "Qurani-Kərim” faktoru dünya ədəbiyyatına ciddi şəkildə təsir  edib.
 
Professor Asif Hacılının "Qurani-Kərim” rus ədəbiyyatında” kitabı rus ədəbiyyatını dərindən anlamaq, rus fikrinə, təfəkkürünə dərindən bələd olmaq üçün qiymətli vəsaitdir.  Eyni zamanda gənc tədqiqatçılar və ədəbiyyatşünaslar üçün əvəzsiz mənbədir.

// kulis.az