Rusiya Teatr Xadimləri İttifaqından azərbaycanlı nazirə məktub -

Rusiya Teatr Xadimləri İttifaqından azərbaycanlı nazirə məktub - "YUĞ" məsələsi

"YUĞ” teatrının köçürülməsi ətrafında beynəlxalq reaksiyalar da səngimək bilmir. Xatırladaq ki, Turkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Gürcüstan və Rusiyadakı teatr xadimləri məsələ ilə bağlı etirazlarını bildiriblər. 

Edebiyyat.biz-in verdiyi xəbərə görə, Rusiya Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Aleksandr Kalyagin də "YUĞ"-un taleyindən narahatlığını ifadə edib. O, YUĞ teatrının taleyi ilə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət imzalayıb. 

Məktubda deyilir: "Azərbaycan teatrı olan "YUĞ”-un bağlanması və onun öz binasından köçürülməsi ilə bağlı həyəcanlı xəbərlər mənə də gəlib çatdı. Bu teatrın aktyorları Rusiya Teatr Xadimləri İttifaqının nəhəng mədəniyyət və maarif layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbində iştirak ediblər. Onlar mənə teatrlarının fəaliyyəti, "YUĞ”-un müasir Azərbaycan teatr gəncliyi arasında populyarlığı barədə danışıblar.
Mən qəti əminəm ki, istənilən teatrın bağlanması və ya onun profilinin dəyişdirilməsi ölkə mədəniyyətinə, gələcək nəsillərin potensialına böyük zərbədir. Bizim Teatr Xadimləri İttifaqı Rusiya teatrlar şəbəkəsinin inkişafını daim diqqətlə izləyir. Böyük qürur hissi ilə qeyd edə bilərik ki, bütün iqtisadi çətinliklərə rəğmən, ölkəmizdə bir teatr belə bağlanmayıb. Arzu edirik ki, Bakıdakı mehriban qonşularımız üçün də eyni şərait qoruyub saxlanılsın. 

Hörmətli cənab nazir, xahiş edirəm "YUĞ”-la bağlı belə mürəkkəb şəraiti və bu istedadlı kollektivin mövcud binasını saxlamaq imkanlarını şəxsən araşdırasınız.

Sizin məsələ ilə şəxsən maraqlanacağınıza və onun həllində iştirak edəcəyinizə ümid edirəm”. 


Edebiyyat.biz