Ruzbeh Məmməd. Heç olmasa bir payızlıq xatırla (ŞEİRLƏR)

Ruzbeh Məmməd. Heç olmasa bir payızlıq xatırla (ŞEİRLƏR)

dua ayələri

I

üç dəfə allaha dua etdim:
azan səsinə görə,
rəsulallaha görə,
bir də ən axrıncı adamı bağışladığına görə...

II

üç dəfə allaha dua etdim:
dedim ki, ilahi göyərçin qanadlarına,
payızdan qopan yarpaqlara,
balaca qızcığazın göz yaşlarına bağışla bu yer kürəsini

III

üç dəfə allaha dua etdim:
dedim ki, ilahi, heç vaxt gözlərimizi uzaqlara
heç vaxt əllərimizi uşaqlara
heç vaxt nəfsimizi insanlara möhtac eləmə

sonra ağladım...

IV

bir gün minarədən gələn azan səsinə 
qoşuldum, 
əllərimi qaldırıb dedim; məni yoxdan yaratmısan,
məni yoxdan yox elə...

V

anamın mübarək əllərinə görə
sənə həmişə diz çökəcəm, rəbbim
anamın əllərindən gözəl hədiyyə ola bilməzdi mənə

VI

gecədən keçmişdi mən ayılıb pənrədən baxanda
qaranlıq gecəyə, ağappaq göyə baxıb utandım
mən heç nə yarada bilmərəm, rəbbim
hər şeyin gözəli sənə məxsusdu ( sənə bağlılığın surəsi…)

VII

bir qoca kişi  
gözlərinə eynəyi keçirib ağlayırdı
deyirdi ki, məni bundan da balaca uşaq eləmədın öldür, ilahi...

eynəkdən görünən həyat

Pəncərə önündə dayandı qarı
Baxdı eynəyindən, bulud göylərə
Boylandı içəri, süzdü otağı
Gördü ağrıları dağılıb yerə...

Yeridi dizindən kəsildi taqət
Nəsə düz deyilmiş həyatın işi
Dodağı altında deyindi qarı
Allah öldürəydi kaş bu itmişi

Qarğışlar dalbadal otağa yağdı
Tozlu divarlarda şəkil ağladı
Bükdüyü boğcanın üstünü aşdı
Lənət gəlsin eh, yağış da damıb...

Nəsə ürəyindən keçdi min kədər
Yadına düşdükcə xatirə bir-bir
Mən indi dünyada yoxam bəlkə də
Mən axı ölmüşəm məni kim bilir...

Yox, bu ömür deyil, bu ki, gün deyil
Bu ki, ölməməkçün yaşamaqdı ki...
Bir qadın taleyini yığıb bir yerə
Bir  şəkil keçmişə daşımaqdı ki...

Üzündə bir qədər kədər göründü
Qarğışlar, nanələr yerlə bir oldu
O gecə bətnindən onu tərk edən
Baxdı neçə- neçə uşaq doğuldu...

Hamı tərk etdi, qadın əllərin
Birdən doğulanlar çəkildi yoxa..
Bütün gözəlliklər endi üzündən
İlahi, mən nə vaxt görəcəm yoxam

Pəncərə önündə dayandı qarı
Baxdı eynəyindən, bulud göylərə
Gördü ki, boş otaq, bir də şəkildir
Gördü ağrıları dağılıb yerə...

noyabr axşamında sevgi etüdləri
bilirəm getməli deyildik, bilirəm
bir-birimizdə bunca xatirələrimiz varkən...
bilirəm susmalı deyildik, bilirəm
danışılası o qədər söz varkən...
bilirəm, getməli deyildik, bilirəm
bir-birimizə çatacaq qollarımız varkən...

hopduğun yerlərinə sadiq qalmadın
onsuz da qadınlar belə gedir
onsuz da bilirdim, yetim qoyacaqdın qollarımı
mən anamdan bilirəm, o da ağrıyanda dözülməz qadın olur
mən anamdan bilirəm qadınları

niyə belə oldu axı, qoyardın çatardım sənə, sonra bütünlüklə gedərdin
niyə belə oldu axı, nə tez getdin
heç qoymadın ötürüm səni
qayıdım ayaq izlərindən ünvanıma
niyə belə getdin axı
niyə qoymadın son dəfəsində deyim ki, 
sənsiz qoyduğun bədənimin yerlərində bir it ulayacaq...
niyə qoymadın qucaqlayım səni
deyim ki, məni səndən sonra hamı tərk edəcək...

burda payız, noyabr burda sinmir otaqlar
əzab verir olmamağın, hücum çəkir üstümə
ürəyimdən də keçmir nəyisə əzizləmək...
burda şəkil də tərk edir görürsən ki, adamı...
nə pis imiş, nə pis imiş gələn günü gözləmək...

sənə yazmaq istəyirəm, uzaqlardan, uzaqlardan
ki, hardasan, necə keçir məndən sonra vaxt-zaman
qollarının harasıyla darıxırsan, 
axşam kölgə düşəndə
səni yenə incidirmi, dırnağına saçların ilişəndə...

quşlar gələr qonar sizin evinizin üstünə
saçlarına yağış dəyər dodağına göz yaşı...

ey, könlümün darıxanı, ey könlümün gözəli
pəncərəni açıq tutma, ürəyinə şərf dola
ey könlümün yaraşığı, ey könlümün sonası
payız, qışa ümid yoxdu bir də gördün qiripsən
payız qışa ümid etmə, qadınlardan betərdi
darıxdırdı, üşütdüsə, sonrasını bilirsən...

***

Axşam olur, günəş batır şəhərdə
At oynadır küçədəki qaranlıq
Pəncərədən şəkil düşür otağa
Darıxıram evdə iki adamlıq...

Qonşu arvad səs eləyir ərinə
Diksinirəm, ayılıram bu səsə
İndi məni qorxudur elə hər şey;
İndi məni üzür, qızım, hər nəsə...

Qarşıdan da payız gəlir üstəlik
Doğum günüm, ölüm günüm yaxındı.
Sən gedəli əlim yatmır heç nəyə
Heç kim ilə edəmmirəm yaxınlıq...

Onda sən də, balacaydın, uşaqdın
İndi necə böyüdümü əllərin
İndi necə böyüdümü əlcəyin

Yəqin indi məktub yaza bilirsən
Yəqin indi cümlələrin oxunur
Allahhaqqı dediyin o sözlər heç;
Demədiyin sözlər mənə toxunur

Heç olmasa bu payızda xatırla,
Heç olmasa bir payızlıq xatırla
Hər şey, hər şey qoyduğundan betərdi
Sən gedəli, ölüm kimi həyatdı
Sən gedəli,
Sən gedəli darıxmalı həyatdı...