Rövşən Yerfi. Həbsxana bənövşəsi (Pyes)

Rövşən Yerfi. Həbsxana bənövşəsi (Pyes)

Hadisələr qadın cəza evində baş verir.

İştirak edirlər:

Məlahət – 23 yaşında, məhkum qadın

Fuad Raminli – 47 yaşında, cəza evinin rəisi

Cəmilə - 51 yaşında, Məlahətin anası

Naim – 34 yaşında Məlahətin əri

Kəmaləxanım – 35 yaşında, xidməti geyimdə dəstə rəisi

Əminə, Vüsalə, Adilə, Püstə, Səbirə - 20-25 yaşlarında məhkum qadınlar

Nəzarətçi xanım – 40 yaşında, xidməti geyimdə

Məhkum qadın – 30 yaşında

I pərdə, I şəkil

Məhkum qadınlar iki cərgə sıraya düzülüb. Qarşılarında durmuş Nəzarətçi xanım amiranə səslə onlara tapşırıqlarını verir.

Nəzarətçi xanım. Söhbəti yığışdırın! Eşidirsiz? Sırada söhbət etmək olmaz. Yəqin ki, hərə öz işini bilir. Hamı iş başına, istehsalatçılar sexlərə, təsərrüfatçılar təsərrüfata, bekarlar da kitabxanada, televizor otağında başlarını qarışdırsınlar. Daha baraklara yığışmasınlar, ta hava qaralanadək. Gündüz vaxtı icazə verilmir. İmkan verin axşamadək baraklar təmiz, səliqəli qalsın. Bildiniz?

Sırada birinci dayanmış briqadir məhkum elan edir:

-İdarəni təmizləyənlərdən biri xəstədir. Bir nəfər onu əvəz edən lazımdır..

Ani pauza yaranır. Cərgənin kənarında dayanmış Məlahət irəli addım atır.

Məlahət. Mən. Mən xəstəni əvəz edə bilərəm.

Nəzarətçi xanım. Bəs sənin sexdəki işini kim görəcək?

Məlhət. Bu gün istirahət günümdür.

Sıraya pıçhapıç düşür: "sən getdin irəli”, "məqsədinə çatacaqsan”, "fədakar qadın”...

Nəzarətçi xanım. Yığışdırın bazarı, sakit! Yaxşı, bu günlük Məlahət əvəz etsin. Oldu. Dağılışın!

Məhkumlar iki-bir, üç-bir dağılışırlar.

I pərdə, II şəkil

Dörd məhkum barakda, çarpayılar düzülmüş otaqda söhbət edirlər. İkisi çarpayıda oturmuş, ikisi də uzanılı halda.

Vüsalə.Aaz, gördün, özünü necə irəli atdı. Ölür e, idarədə küllənməkdən ötrü...

Adilə.Neynəsin, balam. Kişinin qızı sevir də... Gedir ki, heç olmasa görsün, gözünün qurdunu öldürsün.

Püstə. Ay qız, doğrudan sevir e... Siz lağ edirsiz, amma mən o günü gördüm rəis sexə girəndə, ay Allah bu nə günə düşdü... Rəngi-ruhu qaçdı, əli-ayağı əsdi...

Samirə. Eh, rəis də ki, nə rəis... Boylu-buxunlu olsaydı, yenə dərd yarıydı. Heyif deyildi köhnə rəis.

Vüsalə. Yəqin rəis bu bədbəxt qızının onu sevməsini bilir...

Adilə. Nöş bilmir. Bilməmiş olmaz. Bir şey ki, ona hər şeyi çatdırırlar, aparıb ovcuna qoyurlar, bunu da çatdırıblar. İllah da o dəstə rəisi var e... Kəmaləxanım xanım (əda ilə), bilirsiz də o nədi, bah,bah,bah... istəsə bütün aləmi qarışdırar bir-birinə...

Püstə. Hə, düz deyirsən, içi də paxıldı, özünü gözə soxandı. Elə istəyir ki, hər işdə birinci olsun, daha onu ötən olmasın. Ölür təriflənməkdən ötrü. Allah bilir, indi paxıllıqdan yanıb tökülür ki, ay aman, birdən rəis Məlahətə baş qoşar. Niyə o qala-qala rəis məhkumu sevsin?..

Samirə. Ay qız o həmcinsi ilə sevişənin biridir. Rəis neynir onu? Bütün günü o kişiyə oxşayan dnevalnisi kabinetindən çıxmır. Hələ bir dəfəm-dəfəm də tapşırır ki, qapını döyməmiş içəri girməyin ha...

Vüsalə.Aaz, ayıbdı, elə danışma, sən allah... Gözünlə görmüsən? Yox. Sözdü də danışırlar...

Adilə.Görməzəm də, o elə gözbağlayıcıdır, hardan görüm? Sən bilirəm, yerlindi, ona görə tərəfin tutursan.

Samirə.Vallahi-billahi, deyirəm köhnə rəisdən başqa nahaqdı. Zabitini, nəzarətçisini, məhkumunu – hamısını keçirmışdi cənginə. Kimi də gözü tutdu, aparırdı istirahət otağındakı çarpayısına. Hamını da gözü kölgəli etmişdi qabağında, necə istəyirdi elə də idarə edirdi. Yoxsa bu... zalım oğlu elə bil bağçaya tərbiyəçi gəlib. Üzü üzlər görmüşləri islah edəcək, yox bir...

Vüsalə. Nə olsun, axırı nə oldu sənin tərifli rəisivün? Gəlib kabinetində tumançaq tutdular da...

Samirə.Neynəsin ki, içi qurddular satdılar da, onu baş idarəyə...

Püstə. Mən biləni Məlahətin gərək ki, əri var...

Adilə. Yerə soxum boyunu onun ərinin. Nə ərdi, yəqin, o da mənim ərim sayağı qeyrətsizin biridi də... Nəşəni gizlətdi paltarımda ki sən qadınsan, səni yoxlamazlar. Kişinin oğlu satıb pul qazanacaqdı. Ər olan kəs, qoymaz arvadı cinayətə bulaşsın, cinayətkar sayılsın...

Püstə. Həmişə demişəm, yenə də deyirəm: qadının gərək qədrini bilən yiyəsi olsun. Fərli yiyəsi olmadısa başına çox işlər gələr...

Kənardan "Vağzalı” havasının səsi gəlir.

Vüsalə. Deyəsən yaxınlıqdakı binadan gəlinköçdüdü...

Adilə. Bu "Vağzalı”nı hər eşidəndə kövrəlməyə bilmirəm. Gəlin köçdüyüm gün yadıma düşür.

Samirə. Eh.., adi bir an ərzində şeytanın ağlımı almağı ilə xırda bir mənasız oğurluq etməyim bütün həyatımı puç etdi. Sizin heç olmasa xatırlamağa nəyinizsə var. Mən deyəsən ömrümün axırınadək o günə də həsrət qalacağam...

Püstə. Niyə elə deyirsən, ay qız. Ömrün boyu qız qalmayacaqsan ki... Allah qoysa, gün gələr sizin də həyətinizdə toy çalınar.

Samirə. Heç eşitmisən türmədə olan qıza "Vağzalı” qismət olsun? Allahın altında məni başa düşən bir insan oğluna rast gəlsəydim, heç dərdim olmazdı.

Vüsalə. Hə, bax, o çətin məsələdir. Həyatda adama dəyər verən, qiymətləndirən kişiyə rast gəlmək qadın üçün ən böyük xoşbəxtlikdir. Heyf ki, indiki zamanda belə kişilər çox azdır, defisitdir.

"Vağzalı”nın səsi dayanır. Nəzarətçi xanım qışqıra-qışqıra səhnəyə daxil olur.

Nəzarətçi xanım. Ay balam toy görməmisiz? Nə doluşubsuz o aynabəndlərə? Dağılışın, hərə öz yerinə. Tez olun... (Onları bu vəziyyətdə görüb acıqlanır) Sizə deyilmədimi, gündüz vaxtı baraka girib çarpayıda oturmaq, uzanmaq olmaz. Yalnız işdən sonra. İşiniz yoxdu, gedin özünüzə məşğuliyyət tapın. Çıxın, çıxın çölə. Ləngimə, cəld ol.

Vüsalə. Gəlin çıxaq, yoxsa gözümüzdən gətirəcək....

Məhkumlar nəzarətçi ilə səhnəni tərk edirlər.

II pərdə

Rəisin otağı. Qapısı açıq otaqda Məlahət mebellərin tozunu silməklə, təmizləməklə məşğuldur. Otağa əvvəlcə onun sayaq bir qadın məhkum həyəcanla daxil olur.

Məhkum qadın. Məlahət, bəsdi daha, biz qurtardıq işimizi, sən qurtarmadın. Gəl gedək, qalanını başqa vaxt edərik. İndi rəis gələcək, lazım deyil bizi burda görsün.

Məlahət.Görsün də.. Nə edirəm ki, mən burda, otağını təmizləyirəm də... Mən də istəyirəm gəlsin, ondan söz soruşacağam. İşimi tamam qurtarmayınca burdan çıxan deyiləm.

Məhkum qadın.Deynən qarnımın ağrısı var. Özün bil, briqadir xanım çağırır, mən getdim.

Məhkum qadın çıxır. Ardınca rəis Fuad Raminli dəstə rəisi Kəmaləxanımla otağa daxil olurlar, Məlahəti görcək təəccüblənirlər, Məlahət isə özünü itirdiyindən tozunu sildiyi kitabların bir-neçəsi əlindən yerə düşür.

Fuad Raminli. Sən niyə buradasan? Axı mən tapşırmışdım ki, mənim otağımı həmişə Süsən təmizləsin.

Kəmaləxanım. Rəis, mənim dəstəmdən olan, haqqında danışdığım məhkum budur.

Məlahət.Sabahınız xeyir, Süsən xəstələnib, ona görə onu bu gün mən əvəz etmişəm.

Kəmaləxanım. Sənin öz işin var axı... Məgər başqa adam tapılmadı?..

Məlahət. Mən o işimi də görəcəyəm.

Kəmaləxanım. Əlini saxla, çıx otaqdan. Mən başqa adam taparam. (Ona tərəf gedib qolundan tutmaq istəyir.)

Fuad Raminli. Dəyməyin. Qoy işini tamamlasın. Elə mən onu çağırıb söhbət etmək istəyirdim, özü öz ayağı ilə gəlib. Siz gedin, sonra gələrsiz görüləcək tədbirləri müzakirə edərik.

Kəmaləxanım.Oldu. (Məlahəti tərs-tərs süzüb otaqdan çıxarkən üzünü kənara çevirib deyir:) Axmaq qadın, elə bilir rəis mənim kimi göyçək xanım ola-ola bunu sevəcək...

Fuad Raminli. Görürəm yaman diribaşsan. Maşallah, hətta rəflərdəki kitabların da tozunu silmisən. Par-par parıldayırlar...

Məlahət. Rəis, bəlkə tapşırasız Süsəni elə mən həmişəlik əvəz edəm. Nə qədər olmasa da qoca arvaddır, otağınızdakı bütün şkaflarısiyirmələri təmizləyib çatdıra bilmir, elə tozlu-tozlu üstündən keçir.

Fuad Raminli. Olmaya tikiş sexindəki işini atıb təsərrüfata keçmək fikrin var? İstəyirsən tapşırım o biri kabinetlərdən birini sənə təhkim etsinlər.

Məlahət. Xeyr, gərək deyil. Mənim yalnız rəğbətim olan adamın otağını təmizləməkdən xoşum gəlir..

Fuad Raminli. (nəvazişlə) Məlahət xanım, bilirsən bu mümkün iş deyil. Mən sənin rəğbətini başa düşürəm, amma bura qadın kaloniyasıdır. Sənin rəğbətini burada başqa cür yozurlar. O yozum isə nə sənə lazım deyil, nə də mənə...

Məlahət. Necə istəyirlər, elə də yozsunlar, mənə heç sərf deyil.

Fuad Raminli. Çoxdan istəyirdim yaxınlarınızla bağlı çağırıb səninlə bir söhbət edəm. De görüm axır vaxtlar görüşünə kimsə gəlir?

Məlahət. Kim gələcək? Anam hərdənbir gəlir. O da yaşlaşıb, bayramdan-bayrama ancaq gəlir. Atam rəhmətə gedib. On-oniki il olar. Qardaşım məndən kiçikdir. Əsgərlikdən qayıdan kimi xaricə getdi. Qalan qohum-əqrəbam, dostlarım da ki, məni çoxdan unudublar...

Fuad Raminli. Bəs həyat yoldaşınız, əriniz?

Məlahət.Onun kağızda adı var, özü yoxdur. Olmasa ondan yaxşıdır. Tutulmamışdan qabaq biz ayrılmışıq. Kim bilir harada yenə kimisə bədbəxt edib...

Fuad Raminli.Yox, belə danışmayın. Həyatdır, hər kəs səhv edə bilər. Sən cəza almısan, buna görə səndən imtina olunmalıdımı? Adamlara səhvlərindən ibrət götürmək üçün imkan, şans vermək lazımdır. Sənin kimi qadınların bura düşməsi qayğısızlıqdan, diqqətsizlikdəndir. Ehtiram, məhəbbət həmişə diqqətdən yaranır. Ona görə də mən burada işlədiyim gündən çalışıram ki, mümkün qədər sizin hər biriniz üzərinizdə o diqqəti, qayğını hiss edəsiniz, gələcəyinizə inamınız artsın. Gördüyün təmizlik yetər, sağ ol. Ailənlə əlağəni itirmə. Get, dediklərimi bir daha öz aləmində götür-qoy et, düşün.

Məlahət dinməyib könülsüz otaqdan çıxır. Dalısınca Kəmaləxanım içəri daxil olur.

Kəmaləxanım. Fuad müəllim, gördünüzmü bu qadındakı çatışmamazlığı? Özünü lap psix kimi aparır.

Fuad Raminli. Hörmətli dəstə rəisi, məhkuma belə yanaşmaq olmaz. Sizə isə heç yaraşmır. Siz axı bir qədər psixoloq olmalısız. Gərək ki, o özünü qəribə aparırsa araşdırıb səbəbini tapmalısız...

Kəmaləxanım. Sizə demişdim axı. Səbəbi sizi sevməyidir, vurulub sizə...

Fuad Raminli. Əgər bir qadın mənə vurulubsa, fərz edək ki, siz mənə vurulmusuz – bu o deməkdirmi ki, siz psixsiniz?

Kəmaləxanım. Əlbəttə yox (nazlanaraq), bilirsiz o məhkumdur...

Fuad Raminli. Yəni sizə olar, məhkuma yox. Məhkum da insandır. Ona görə də nəticədən əvvəl gərək həmişə səbəbi axtarmaq lazımdır. Sizin belə düşüncə tərzinə çox təəssüf edirəm. Olmaz belə. İrad tutmağa nə var, onu hər kəs bacarır. Gedin, siz də iradlarımı yaxşı-yaxşı düşünün. Vacib iş əmələ gəldiyinə görə tədbirlər planı qalsın sonraya...

Kəmaləxanım pərt halda otağı tərk edir.

III pərdə, I şəkil

Görüş otağı. Arakəsmənin bir tərəfində Məlahət, digər tərəfində Naim dayanıb.

Naim. Niyə bu tərəfə keçmirsən?

Məlahət. Sənə nə lazımdır, niyə gəlmisən?

Naim. Gəlmişəm səni görəm.

Məlahət. Çox nahaq yerə... Həbs olunmağımdan indi xəbər tutmusan?

Naim. Neçə vaxtdı işlə bağlı xaricdə idim. Ona görə gələ bilməmişdim.

Məlahət. Demək, ötən iki ildən çox müddəti xaricdə olmusan? Köhnə vərdişindən əl çəkmirsən. Kimə kələk gəlirsən? Hələ də yalan danışmağı tərgitməmisən?

Naim. Məlahət, sənin isə hələ də mənə olan hirsin soyumayıb. Necə vardın, elə də qalmısan...

Məlahət. Çıx get, çıx get yenə o xaricə, sevimlilərinin yanına, gözlə cəzam qurtaranda gələrsən...

Naim. Məlahət, bu qədər hikkəli olma, qulaq as mənə, imkan ver sözümü deyim...

Məlahət. Mən səni nə görmək istəmirəm, nə də eşitmək belə istəmirəm. Xoş getdin. Sağ ol...

(Məlahət acıqlı şəkildə dönüb səhnədən çıxır. Onun getməyindən təəssüflənən Naim qəmgin halda səhnəni əks tərəfdən tərk edir.)

III pərdə, II şəkil

Dörd məhkum qadın həyətdə ağac altında qoyulan oturacaqdaoturub söhbət edirlər.

Vüsalə. Hə, danışın görək eşitdiyiniz xəbərlərdən. Öləndən, qalandan...

Adilə. Ağzını xeyirliyə aç. Ölənimiz yoxdu, heç olmasın da. Allahın yazıq bəndələriyik. Biz elə burada ölü kimi bir şeyik. Məgər bu yaşamaqdır?

Püstə. Ay qız nə olub axı, Allaha şükür. Nəyimiz çatmır. Hökumətin verdiyindən yeyirik, içirik, yatırıq. Bir kişi ilə yatmırıq da, başqa nəyimiz çatmır...

Samirə. Heç bilirsiz, bütün zon sevgi içində üzür. Hamısı sevir bir-birini. O gün təzə gələn birisi üçün saçyoldu idi. Biri deyirdi mən sevirəm onu, o biri deyirdi yox, o mənimdir.

Adilə. Sən niyə hamını qatırsan bu sıraya. Çox olsun sayımızın on-onbeş faizi. On beş faiz hamı deyil ki..

Samirə. Aaz,söz məsəli dedim də. Sən də lap ucuzluğa gedənsən e... Hə, Ayxanımın cibindən yenə sevgi məktubu tapılıb axtarış vaxtı. Budəfə kimə olsa yaxşıdı, zabitə...

Vüsalə. O da dəstə rəisini sevir?

Samirə. Yox, hamı bilir ki, dəstə rəisi "zanit”di. Növbətçi zabit Səmayəyə...

Adilə. Aaa... nə danışırsan? Ay qız o subay deyil, evlidi...

Samirə. Görüntü üçün olan evlilikdəndi. Hə, onu hələ ötən ay gigiyena otağında bir başqa məhkumla sarmaşıq görüblər.

Püstə. Mənim daha sözüm yoxdu...

Samirə. Səbirə də sex rəisi Soltan üçün şeir deyib gəzir...

Vüsalə. Ona halaldı. Adam vurulanda kişiyə vurular da, yoxsa qadın qadına da sevgili olarmı? Baxarsan, şeirləri ilə axırda onu bişirəcək.

Adilə. Bişirəcək yox, başını yeyəcək. Sorağı gedib çatacaq baş idarəyə, Soltanı da mitilləyəcəklər işdən çölə.

Samirə. Bay... Öküzün yekəsi tövlədə qalıbmış, xəbərin böyüyü az qala yadımızdan çıxmışdı...

Vüsalə. Hansını deyirsən, Sonanın xəstəxanaya getməyin dərdindən özünü dəliliyə vurub həyətdəki hovuza girməyinimi deyirsən?

Püstə. Xeyri olmadı, özünü hovuza atmağın. Həkim xanım deyib bilirəm məqsədini, məni "görməsən”, öləsən də səni xəstəxanaya göndərən deyiləm.

Samirə. Yox, ay qız... Bu gün səhər neçə ildən sonra Məlahətin əri görüşə gəlibmiş. Məlahət də acılayıb qovub görüşdən. Görüşmürəm, vəssalam. O biçarə də suyu süzülə-süzülə qayıdıb geri.

Püstə. Əlbəttə, istəməz. İndi rəis qala-qala, onu istəyəcək?..

Adilə. Allah bilir, bədbəxt oğlu eşidib ki, arvadı rəisə aşiq olub, durub ona görə gəlib, yoxsa bu gün hardan yadına düşüb?

Vüsalə. Ay qız, görən doğrudanmı rəis ona əhəmiyyət vermir? Heç inanılası deyil...

Püstə. Əgər məncə gizlin "xod” eləsəydi, rəis onu narazı qoymazdı. Rəisimiz özünü gözütox aparsa da, deyəsən, heç elə də əfəl və ya mələk deyil. Bilir nəyi harada neçə əldə etmək olar. Amma, belə aləmə car çəkəndən sonra Məlahətə baş qoşacağına inanmıram. Onda gərək rəis də onun ağılda olsun...

Uzaqdan Nəzarətçi xanım onları haraylayır.

Nəzarətçi xanım. Ağacın altındakılar, sizinləyəm, axşam yoxlaması başlayır, meydana gəlin.

Vüsalə. Zalımın qızı imkan verməz ki, bir az sərbəst qalaq. Belədən-elə qovur, elədən-belə qovur. Durun gedək, çarə yoxdu...

Yoxlamanı bildirən uzun zəng səsi eşidilir. Onlar yerlərindən qalxıb meydana tərəf gedirlər.

III pərdə, III şəkil

Rəis otağında oturub. Kəmaləxanım daxil olur.

Kəmaləxanım. Fuad müəllim, siz məni qınayırsız, gördünüzmü bu qadının başı xarabdır. Əri görüşünə gəlib, "xanım” da (əda ilə) açıqlanıb, onu görüşdən qovub...

Fuad Raminli. Kimi deyirsiz? Nə üçün, niyə görə?

Kəmaləxanım. Məlahəti deyirəm də...

Fuad Raminli. Gedin, göndərin yanıma, görüm nə məsələdir?

Kəmaləxanım. Oldu, bu dəqiqə, (nazla)başqa sözünüz, göstərişiniz var?

Fuad Raminli. Xanım, olanda deyəcəyəm...

Kəmaləxanım çıxır,

Fuad Raminli. (arxasınca baxaraq) Sonra da adamı qınayırlar. Beləsinə necə baş qoşmayasan?...

Məlahət gəlir.

Məlahət. Gəlmək olar?

Fuad Raminli. Gəl.

Məlahət. Dedilər siz çağırtmısız.

Fuad Raminli. Hə, mən çağırtmışam. Söhbətim bəlkə uzun çəkdi, əyləş.

Məlahət divarboyu düzülmüş stullardan birinə oturur.

Məlahət. Nə qulluğunuz?

Fuad Raminli. Qulluq üçün çağırmamışam. Bu nə söhbətdi, deyirlər yoldaşını görüşdən qovmusan? Səbəbi nədir?

Məlahət. Səbəbi? Səbəbi onu görmək istəmirəm.

Fuad Raminli. Nədən? Niyə görə? Danış mənə. Sən bilirsən ki, görsəm haqlısan, sənə haqq qazandıracağam.

Məlahət. Necə deyim, adam deyil. Üç il bir evdə yaşadıq mən onun ər olmasını görmədim.

Fuad Raminli. Nə mənada?

Məlahət. Elə hər mənada. Həmişə özünü elə aparırdı ki, guya məni sevir. Əslində isə o məni heç vaxt istəməyib. Ürəyində başqası idi. Sanki, mənimlə kirayə yoldaşı idi. Evliliyə razılaşıb ikimiz bir evdə kirayədə yaşayırdıq. İşlərin yarısını mən görürdüm, yarısını da o. Əvvəllər elə bilirdim onun mənə diqqətsizliyi işinin çoxluğundan, qazancının azlığındandı. Ancaq illər keçdikcə heç nəyin dəyişmədiyini, təkrarlandığını hiss etdim. Evə topa-topa pul gətirəndə bir dəfə soruşmadı, qısqanmadı ki, sən bu pulları hardan və necə qazanırsan. Onda mən qət etdim ki, biz ayrılmalıyıq. Düzünə qalsa, məni tutulmağa o vadar etdi...

Fuad Raminli. Necə vadar etdi?

Məlahət. Sizcə mən hökmümdə yazılan dələduza oxşayıram?

Fuad Raminli. Dələduzun yəni qaşı, gözü fərqli olur?

Məlahət. Dələduz var, anadan gəlmə, xüsusi qabiliyyətli... Sizi necə inandırım ki, mən dələduz olmamışam, dələduzlar qaldı qıraqda, bu adı mənə qoydular. Mən adicə vasitəçi olmuşam. Mən kiməm, nə səlahiyyətim var ki, iş düzəldəm. Pulu alanlar çöldədi, mən isə həbsxanada cəza çəkirəm. Adıma yazılan iddiadan cüzi bir hissəsi mənlikdi, qalanlarını mən yeməmişəm. Məni bu dələduz oyunlarına girməyə vadar edən sizin ər hesab etdiyiniz insandır.

Fuad Raminli. Onu dedin. Bəs bu necə oldu? Sizə deyirmiş ki, gedin evə pul gətirin.

Məlahət. Xeyr. Mən onu görməmək üçün bəzən evə gəlmək də istəmirdim. Heç soruşurdumu hardan gəlib, hara gedirsən? Xərclədiyini haradan almısan? Açıq aşkar görünürdü ki, maaşla bu qədər qazanmaq olmaz. O, ancaq öz musiqisi ilə yaşayırdı, hə, musiqişünas idi. Tamamilə sənətinin xəstəsi idi. Kənardan xoşbəxt görünsəm də, özümü yalqız, kimsəsiz hiss edirdim. Təsəvvür edirsiz, nə qədər əzablı idi belə yaşamaq...

Fuad Raminli. Ananız sizinlə heç maraqlanmırdımı?

Məlahət. Anam hələ yaşım tamam olan kimi məni ərə verib rahatlanmışdı. Özü deməsə də, sonra eşitdim qoca bir dula ərə gedib. Bilirdim ki, kefindən getməyib, istəmədim onu təzədən qayğılarımla yükləyəm, narahat edəm, evdəki soyuqluğu gizlədim anamdan. Dərdimi özüm çəkməliydim. Onun üçün də başımı qatmaqdan ötrü həmişə əylənmək, vaxtımı xoş keçirtmək istəyirdim. Buna görə isə çoxlu pul lazım idi. Çoxlu pulu da, təkbaşına qazana bilməzdim. Bu məqsədlə çoxlu pul qazananlara vasitəçi olmağa başladım. Daha doğrusu oyuna qoşuldum. Anlayırdım ki, nə vaxtsa oyun dağılanda acı çəkən o vəzifə adamları yox, vasitəçilər olur. Geri qayıtmaq çətin idi. Fikirləşirdim ki, harda qırılır qırılsın. Qırıldı da... Bilirsiz, siz burda işləməyə başlayan gündən keşmiş rəisdən fərqli olaraq insana isti münasibət göstərməyiniz, narahatlığınız, qayğınız, xoş rəftarınız sizi mənim gözümdə xeyli ucaltdı. Həmin rəis manyak idi. Onunku ancaq məhkumları söymək, təhqir etmək, gözünün odunu almaq üçün döydürmək, hansında da bir balaca boşluq hiss edən kimi fürsət axtarıb çarpayısına çəkmək idi. Vəzifəsindən istifadə edib yetənə yetirdi, yetməyənə daş atırdı. Zəhləm gedirdi ondan..

Fuad Raminli. Bəlkə, sizə kompliment deməyib, ona görə zəhləniz gedir.

Məlahət. O kobud, suyusıyığın biri idi. Özüm ona baş qoşmadım. Mənim sizin kimi diqqətcil, qürurlu kişilərdən xoşum gəlir.

Fuad Raminli. Sənin uşağın var?

Məlahət. Olmadı...

Fuad Raminli. Neçə il bir yerdə yaşadınız dedin?

Məlahət. Üç il.

Fuad Raminli. Üç il böyük müddət deyil. Cəzanın yarısını çəkmisən. Cavansan. Sən hələ bundan sonra həyatının gözəl çağlarını yaşayacaqsan...

Məlahət. İnanırsız, neçə illərdir mənim həyatım barədə maraqlanan, belə qayğıkeşliklə danışan adam görməmişdim. Nə qədər insanpərvərsiniz. Buna görə də sizi gördüyüm gündən hamıya dedim ki, mən bu kişiyə aşiq oldum, sevdim onu...

Fuad Raminli. Mənim məhkumlara diqqətim, qayğım borcumdur.

Məlahət. Elə deyil. Sizin kimi vəzifə borcu olan başqa işçilər də var. Bəs niyə onlar da diqqətcil, qayğıkeş deyil? Məhkuma ikinci növ adam kimi baxırlar. Fikrləşmirlər ki, bir gün özləri də, yaxınları da məhkum ola bilərlər. Bax, bu səbəbdən sizi sevməkdə haqlıyam... Başa düşürəm, bəlkə də mən düzgün etmirəm, ancaq bu məndən asılı deyil, ürəyim günahkardı...

Fuad Raminli. Qulaq as, sən ürəyini düz yola qaytar, yoldaşın sənə laqeyd olubsa, sənin də o sayaq ona soyuqluq etməyini düzgün saymaq olmaz. Hələ ki, yenə onun ailəsi hesab olunursan, rəsmi boşanmamısan. İnsandı, ola bilər, nə etdiyini dərk etməyib. Görüşün, güzəştə gedin, ümid verin, bir də yoxlayın...

Məlahət. Bu adam mənə narahatlıqdan, dərddən başqa bir şey verməyib. Neçə aylardı sizi ürəyimə salandan elə xoşbəxt idim. Həbs olunmağımdan sonra yox olmuşdu. Zalım oğlu necə peyda oldu, haradan gəlib çıxdı, bütün rahatlığımı aldı. İstəmirəm onu görmək...

Fuad Raminli. Onu mən çağırtmışdım. Xəbər göndərib qınamışdım ki, iki ildən çoxdur niyə gəlib ailənlə maraqlanmırsız?

Məlahət. Siz?!

Fuad Raminli. Bəli. Səni də qınayıram, yaxşı-yaxşı fikirləş. Həyat beş günlük deyil. Onu elə yaşamaq lazımdır ki, sonra peşman olmayasan. Aydındı? Gedə bilərsən...

Məlahət susqun və mütəəssir halda durub otaqdan çıxır. Səhnə dəyişir, o, dəhlizdə Əminə ilə qarşılaşır.

Əminə. Dayan. Nə olub, belə fikirlisən? Bilirəm haradan gəldiyini... Yoxsa xətrinə dəyib?..

Məlahət. Yox, elə bir şey olmayıb...

Əminə. Onda sənin xətrin istəyən sözü deməyib, yəqin buna görə qanın qaralıb. Amma, nahaq yerə. (Yaxınlaşıb nəfəs-nəfəsə dayanaraq Məlahətin əllərini nəvazişlə əllərinə alır.) Boşla bu mənasız niyyətini, özünü üzməyini. Dəyməz... Mən kişilərə vurulan qadınları heç cür anlaya bilmirəm. Bu kişilər sizə saysız-hesabsız dərdlərdən başqa nə verirlər? İşləri düzələnəcəndi, sonra qadını əzablara düçar edib atırlar. Hamilə qalırsan, uşaq doğursan, minbir çətinliklərlə böyüdürsən. Axırı nə olur? Naşükür kişilərdən naşükür də övladlar törənir. Böyütdüyün uşaq yaşlaşanda sənə baxmaq istəmir. Səninsə ömrün qurtarmaq bilməyən daimi qayğılarla puç olub gedir... Qəmlənmə. (Onu özünə bərk-bərk sıxaraq dodaqlarından öpür.) Gəl belə edək. Bacı olaq, rəfiqə olaq, bir-birimizi sevib yaşayaq. Nə özümüzə, nə özgəyə zərərsiz-xətərsiz. Nəyə gərəkdir kişi? Kişisiz də yaşamaq mümkündür. Hə, nə deyirsən, mənimlə razısan?..

Məlahət Əminəni özündən aralayıb heyrətlə ona baxır.

Əminə. Düzünü deyim, sevirəm səni. Sənin yerişin, qamətin məni dəli edir...

Məlahət. Deyəsən sən heç çöldə də dinc oturan qadın olmamısan. Get özünə ayrısını tap. Mən sən deyənlərdən deyiləm... (hirslə səhnədən gedir)

Əminə. (Məlahətin arxasınca) Sən ağılsızsan...

IV pərdə

Yenə görüş otağı. Bu dəfə Məlahətin anası Cəmilə üzü pəncərəyə oturub qızını gözləyir. Məlahət səssiz addımlarla anası oturan tərəfə daxil olub kürəyini arxadan qucaqlayır.

Məlahət. Ana, qurban olum ayaqlarına gələn yerdə, sən olmasan mən ölərəm, (kövrəlir,gözlərindən yaş axır) səndən başqa kimim var mənim...

Cəmilə. Mənim ağılsız balam, bəsdi, ağlama, sil gözünün yaşını. Tək niyə olursan...

Məlahət. Bilirəm kimləri deyəcəksən. Onlar hamısı xoş günün adamlarıdır. Çətin gündə birini də tapmazsan. Mənə arxa duran bir sənsən. Nə yaxşı gəldin. Dedim daha gəlməzsən, o dəfəki sözümdən incimisən...

Cəmilə. İncidim, incimədim, neynim balamsan. Allah qoysa, sənin də balan olanda bilərsən ana olmaq nədir...

Məlahət. Hə, danış görüm, gör neçə aydır görüşmürük, nəvar, nə yox. Dost tanış necədir, söhbət eylə.

Cəmilə. Kimi necə görmüşdünsə elə də qalıb. Bir dəyişiklik yoxdur. Sənin vəziyyətin necədir? Qabaqdan soyuqlar gəlir, o bağlamanı görürsən hamısı paltardı. Gətirdim əynin isti olsun.

Məlahət. Ay ana, bu yekəlikdə bağlamanı necə gətirmisən? Yaşlanmısan, niyə özünə bu qədər əziyyət vermisən?

Cəmilə. Ananı incitmək istəməyən qız türməyə düşməzdi...

Məlahət. Nə edim, qismətim beləymiş. Sən narahat olma, bax, rəisimiz hər birimizə qış gəlməmişdən isti paltar payladıb. Geyimimiz, yeməyimiz hamısı qaydasındadır. Çox insan adamdır.

Cəmilə. Yaman tərifləyirsən. Heç gözüm su içmir bu təriflərdən...

Məlahət. Ana, mən həqiqəti deyirəm.

Cəmilə. Elə mən də həqiqəti bilmək istəyirəm. Qulağıma bəzi sözlər çatıb. Doğrudurmu sən onun üçün ağlını itirmisən? Düzünü de, aranızda bir yaxınlıq var?

Məlahət. Ana, sən nə danışırsan? O, yaxşı insandır. Onu görmək üçün əldən gedən özüməm, o günahkar deyil. Çox sözlər məni istəməyən adamların qoşmasıdır, paxıllıqdandır. Ana, düzün deyim, mənim ondan xoşum gəlir...

Cəmilə. Qızım, birdən o vicdansız sənin cavanlığından istifadə edər. Ona nə var, o paqonlu, sən məhkum. Bu gün burda rəisdi, sabah başqa yerdə. Nə olacaq, sənə olcaq. Adın ləkələnəcək, illər boyu dalınca zurna çalınacaq. Ərin eşitsə elə həmin gün məhkəməyə ərizə verib boşanacaq.

Məlahət. Boşansın da... Mən onu sevmirəm.

Cəmilə. Ay mənim axmaq qızım, eşitdim yanına gəlib görüşməmisən, uzaqdan yola salmısan. Gərək görüşünə gələydin. Sən çalış yaxşı ol, qoy pislik ona qalsın. Bir də elə şey etmə. Qaldı ki, rəisinə, mən indi onunla da görüşüb söhbət edərəm.

Məlahət. Ana, qurban olum sənə, ona güldən ağır söz demə. (Yalvarışla anasını qucaqlayır,) Yenə deyirəm, onun heç bir günahı yoxdur. Söz-söhbətin yayılmasına ilk növbədə mənəm günahkar. Özün də görəcəksən,o, yaxşı insandır. Mən onu sevirəm...

Cəmilə. Zavallı balam, mənasız sevgi ilə özünü üzürsən. Yaxşı, narahat olma, (onu öpüb özündən aralayır) get daha, sağ ol, yenə gələcəyəm...

Ana bala sağollaşıb ayrılırlar. Səhnə fırlanır, rəisin otağı görünür. O, öz yerində oturub telefonla göstərişlər verir.

Fuad Raminli. Eşidirsiz, axşam yoxlamasınadək tapşırdığım işlər yerinə yetirilsin. Məhkumların hamısını qeydə alıb, münasibətini öyrənin. Ümumiləşdirib mənə məruzə edin.

Cəmilə içəri daxil olur.

Cəmilə. Gəlmək olar?

Rəis onu görcək dəstəyi qoyub ayağa qalxır, qarşısına gəlir.

Fuad Raminli. Buyurun, gəlin. (Sonra əyləşməyə yer göstərir.) Əyləşin

Cəmilə. Mən Məlahətin anasıyam.

Fuad Raminli. Çox şadam.

Cəmilə. Sizdən bir təvəqqəm var. Baxmayın ki, qızımın 23 yaşı var, o hələ çox cavandır. Ağlı uşaq ağlı kimidir. Xahiş edirəm, yalvarıram, ona fikir verməyin, onu yoldan çıxarmayın. Onu yoldan çıxarsanız, bilin ki, xeyir tapmayacaqsınız. Mən qızımı rüsvay etməyinizi, sizə heç cür bağışlamaram...

Fuad Raminli. Xanım, siz nə danışırsız? Danışığınızın fərqindəsizmi? Eyib deyilmi mənim barəmdə belə şeylər düşünürsüz? Mənim evim, ailəm var. Məlahət mənim qızım yaşındadır. Elə bir şey olsa məni burda heç işləməyə qoyarlarmı? Amma mən o qızı da başa düşürəm. Atasız böyüyüb, qardaşı evi atıb gedib, yox kimidir. Yoldaşı özünə uyğun olmayan başqa bir dünyanın adamıdır. Uşağı da yox. Onun xəyalları hamısı tənhalıqdan gəlir. Ona kömək etmək, həyan olmaq lazımdır. Yoldaşı ilə barışdırmaq lazımdır. Siz isə görüşünə aylarla gəlmirsiz. Bəzən isə altı aydan bir gəlirsiz. Heç bir insan nə cinayət törətməkdən, nə də həbs edilməkdən sığortalanmayıb. Həyatdır, olur. Xüsusilə, həbs edilən qadın olarsa, onu unutmaq, taleyin ümidinə buraxmaq hansı insafdandır? Söhbət təkcə sizdən getmir. Siz analar həmişə olmasa da, bayram-bayrama gəlirsiz. Qalan doğmalar, qohumlar isə qadın həbsə düşən kimi yadlaşırlar, üzlərini döndərirlər... Əgər bir qadın həyatında səhv edibsə, yıxılıbsa, onu ayağa qaldırmaq, kömək olmaq qeyrətsizlikmidir..? Elə bilirsiz Məlahətin belə vəziyyətə düşməsində sizin günahınız azdır?

Cəmilə. Cənab rəis, tək qadınam, ancaq dolanıran, tez-tez gəlməyə imkanım yoxdur, dolanışığı çatdıra bilmirəm...

Fuad Raminli. Bəhanədir, onun burada heç nəyə ehtiyacı yoxdur, yaşayışı tam təmin edilir, təkcə mənəvi dayaq olası doğmaların ünsiyyətindən savayı. Yəqin elə o imkansızlığa görə qızı on səkkiz yaşına çatan kimi başınızdan etmək üçün sevmədiyi birinə ərə vermisiniz. Sonra da illərlə itirib axtarmamısız ki, görüm yoldaşı ilə necə yaşayır? Yola gedir, ya getmir, nədir onları bir-birindən soyudan? Maraqlanmadınız ki, nəticədə qızınız yaramaz insanlara qoşulub dələduz adı aldı. Tək qadın deyilsiz, bildiyimə görə ərə gedibsiz. İndi də gəlmisiz qızınızı məndən qorumağa....

Cəmilə. Cənab rəis, səhvlərimi anlatdığınız üçün sizə minnətdaram... İnsan həyatı boyu etdiyi səhvləri öyrənə-öyrənə yaşayır. Göz gördüyündən qorxar. Sizə yaxın rəfiqəmin başına gələnləri söyləyəcəyəm. O da cavanlığında törətdiyi kiçik bir əmələ görə cəza almışdı. Bir-neçə il ailəli olsa da uşağı olmamışdı. Həbs olunandan sonra yoldaşı onu boşadı. Cəzası yüngül olduğundan onu içəridə çox saxlamayıb, cəzasının qalanını çöldə - kalon məntəqədə nəzarət altında məcburi işə çıxartdılar. Burada ona xidmətə təzə başlayan cavan bir zabit nəzarət edirdi. Bir müddət sonra, günlərin bir günü bu zabit kefinin xoş vaxtında qadını onunla yatağa girməyə vadar edir. Zabitin yaşca dörd il kiçikliyinə baxmayaraq ondan xoşu gəldiyi üçün qadın etiraz etmir. Bu gizlin əlaqə bir-neçə dəfə baş verir. Qadının cəza vaxtı bitir, ayrılırlar. Altı ay sonra qadının qızı olur...

Fuad Raminli. Bəs zabitin qızının olmasından xəbəri olmur?

Cəmilə. Xeyr. Çünki, onların arasında əsil sevgi yaşanmamışdı, bilsə də heç nə dəyişməyəcəkdi. Bilməyinin bir xeyri, əhəmiyyəti olmayacaqdı. Zabit həyatının, karyerasının korlanmaması üçün uşağı boynuna götürməyəcəkdi. Qadının isə bu uşaq ilki olduğu üçün onu tək böyütməyə razı idi.

Fuad Raminli. Ötən illərdə buna oxşar hadisə baş vermişdi, sonda zabit aliment ödəməyə məcbur olmuşdu. Maraqlıdır, sonra nə oldu?

Cəmilə. Sonra başqa ərə getdi, bir oğlu da oldu. Uşaqlar yuxarı siniflərdə oxuyanda əri rəhmətə getdi. Vəziyyəyi ağırlaşdı. Bu səbəbdən qızını erkən ərə verdi, oğlu baş götürüb xaricə getdi, özü də tək qalmamaq üçün bir yaşlı dul kişiyə təzədən ərə getdi.

Fuad Raminli. İndi danışdıqlarının məğzi nədir?

Cəmilə. Məğzi odu ki, indi qızı həbs olunub. İstəmir ki, qızı da onun yaşadığı həyatı təkrarlasın. Bildinmi, ay "Fuadik...”

Fuad Raminli. (özünü itirir) Dayan, dayan, xatırladım səni (həyəcanla), sən Cəmiləsən...

Cəmilə. Bəli, danışdığlarım da öz başıma gələnlərdi....

Fuad Raminli. Zabit mənəm..?

(Cəmilə dinməyib başı ilə təsdiqləyir.)

Fuad Raminli. (son dərəcə heyrətlə) Dediyindən belə çıxır ki, Məlahət mənim qızımdı..? Yox, ola bilməz. (kimsənin eşitməməsi üçün qapıya tərəf boylanır) Heç vaxt inanmaram...

Cəmilə. Əlbəttə, nə vaxtsa məhkum olmuş qadından məhkum qızının varlığı sənə heç cürə sərf etməz. Həqiqəti mütləq danmalısan, başqa yolun varmı? Etiraf üçün hardadır səndə o böyük cəsarət... İstəyirsən inan,istəmirsən inanma, mənim üçün fərqi yoxdur. Qorxaq, qorxudan sarını da udma... Bu sirr elə burda da qalacaq, kimsə bilməyəcək, narahat olma. İstədim gec də olsa biləsən... Mən qızı yoldaşı ilə çalışıb barışdıracağam, sən də kömək et. Yaxşımı? Getdim. Hələlik...

(Həyəcandan qurtula bilməyən rəis qımıldanmadan susur. Cəmilə yerindən qalxıb gedir.)

Fuad Raminli. (üzüntüdən əlləri ilə üzünü örtüb öz-özünə düşünür) İndi mən nə edim? Cəmilə düz deyir, mən onu sevməmişdim, aramızda adi əyləncə olmuşdu. Məlahət bilsə həyata, insanlara baxışları dəyişməzmi? Əgər etiraf etsəm, bu sirr hamıya yayılsa cavanlıq səhvimə görə kimsə məni başa düşəcəkmi, bağışlayacaqmı? Mənə bu ziyanlı həqiqət gərəkdirmi..?

V pərdə, I şəkil

Yaşayış sahəsinin həyətində sakit bir guşədə Vüsalə və Püstə qarşı-qarşıya oturub nərd oynayırlar.

Püstə. Sən niyə belə zəif oynayırsan? Heç zər atmağı da bacarmırsan. Yoxsa xətrinə dəyən olub, gözümə xoş görünmürsən. Bəlkə nasazlamısan?

Vüsalə. Yox, salamatlıqdır, heç kim də xətrimə dəyməyib. Ürəyim sıxılır bir az. Deyirəm lənətə gələydi o gün, necə ki gəldi qoşuldum dələduzlara, axırım da bu... Yaman darıxmışam uşaqlarım üçün, gətirən də yoxdur görüşəm. Deyirlər e, burnumun ucu göynəyir, lap eləyəm...

Püstə. Bacı, qismətdən qaçmaq olmaz. Səni bura dələduzlar saldı, bəs mən? Mən ki özüm öz ayağımla gəldim, Bezdim döyülüb söyülməkdən, alçalmaqdan. Yatan yerdə vicdansızın işini bitirdim, vəssalam... Darıxma, pis günün ömrü az olar. Vaxt gələcək böyüyəcəklər, ailələri olanda səni heç xatırlamayacaqlar. Əzabkeş həmişə ana yazıq olur. Eh, səninlə oynamaq ləzzət eyləmir, uduzursan.

Vüsalə. Neynim, uduzmaq mənim qismətimdi. Nədə bəxtim oldu ki, zərdə də bəxtim olsun....

Adilə və Samirə onların yanına gəlrlər.

Adilə. (Nəzarətçı xanımı yamsılayaraq) Kim sizə icazə verib qumar oynayasız, hay? Tez eləyin, yığışdırın. (Gülüşürlər)

Vüsalə. Yaxşı, bildik sancını. Gəl otur yerimdə sən oyna, mənim həvəsim yoxdur.

Yerlərini dəyişdirirlər.

Vüsalə. Sən bilərsən (Samirədən soruşur) səhər klubun qarşısındakı qələbəliyin səbəbi nə idi? Yenə saçlaşan vardı?

Samirə. Yox, ay qız. Kəpənəyin dostları idi, başına yığışmışdılar, halına ağlaşırdılar...

Adilə. Nə olmuşdu axı Kəpənəyə?

Samirə. Hələ heç nə. Cəzası qurtarmağına az qalıb, dərd edir ki, çölə çıxıb harada qalacağam, kim mənə iş verəcək? Bəxtəvərin qızı dörd dəfədir tutulur, on iki ildir türmədədir. Ata-ana ölüb, bacı-qardaş onu atıb, saxlayası adamı yox, qalası yeri yox..

Vüsalə. Ay Allah, sən saxla adamı o gündən... Mən yalvarıram ki, azadlığa bir gün tez çıxım, o da yalvarır ki, azadlığa çıxmasın...

Püstə. Problem deyil. Çıxar, dübarə kiçik bir cinayət eylər, uzağı bir həftəyə yenə qayıdar öz yerinə. Olar beşinci "xodka”.

(Məlahət onlardan xəbərsiz səhnəyə daxil olur, dinməzcə kənarda söhbətə qulaq asır.)

Samirə. Hə, sən lağ eylə... Lağ edəcəyiniz günlər qabaqdadı. Bir də gördün tezliklə bir "stilyaqa” balqabağın birisini bura rəis göndəriblər. Onda baxaram halınıza...

Vüsalə. Öz rəisimizə nə gəlib gül kimi rəisimiz var, bəstəboy olanda nə olar. Ölürsən görüntüdən, vid-fasondan ötrü. Bizə "stilyaqa” balqabaq-filan gərək deyil.

Samirə. Eh, fil qulağında yatmısız, xəbəriniz yoxdu? Rəis ərizə yazıb iş yerini dəyişir. (Hamısı təəccüblənir.)

Adilə. Doğrudan? Niyə? Kimdən eşitdin?

Samirə. Kəmaləxanım nəzarətçi rəfiqəsinə yana-yana ah-vahla danışanda eşitdim. Yazığa Məlahət imkan verir ki, işləsin.? Dünyaya car çəkib ki, sevirəm onu. O biçarə də yəqin adının ləkələnməməsi üçün onun əlindən baş götürüb gedir.

Məlahət. Yox, düz demirsiz, elə deyil, ola bilməz... (eşitdiklərindən təsirlənib hönkürür, gözləri yaşlı yeyin addımlarla səhnəni tərk edir.)

Samirə. Vaxsey, bu burda imiş, səsini çıxartmayıb, bayaqdan biz danışanları dinləyirmiş...

Püstə. İndi qaçaraq gedəcək düz rəisin otağına.

Vüsalə. Qızlar, deyirəm görəsən, niyə bizə qadın rəis göndərmirlər? Əksərən rəisimiz kişi olur?

Adilə. Qadın olsa nə dəyişəcək ki? Kişini "baz” ediriksə, qadını da edəcəyik "lezbiyan”. Lezbiyandansa elə baz hörmətlidir.... (Gülüşürlər)

Bu anda səhnədə Nəzarətçi xanım görünür.

Nəzarətçi xanım. Kim sizə icazə verib qumar oynayasız, hay? Tez eləyin, yığışdırın.

Adilə. (o biri yoldaşlarına pıçıltı ilə) Gördüz, mən sizə demədim...

Püstə. Bu dəqiqə yığışdırarıq, darıxma, yığışdırarıq...

Nəzarətçi xanım. Yığışdırın, hamınız kluba gedin. Kəmaləxanım xanım tapşırıb ki, keçirələcək tədbirdə hamının iştirakı vacibdir.

Nəzarətçi xanım məhkumları qarşısına qatıb aparır.

V pərdə, II şəkil

Məlahət rəisin otağına gedən dəhlizdə Kəmaləxanımla rastlaşır.

Kəmaləxanım. Yenə hara gedirsən? Nə istəyirsən bu kişidən? Kabinetini döndərmisən su başına. Düzünü bilmək istəyirsən, o, səni yox, məni sevir... İmkan verəcəksən işləsin? Yazıq ərizəsini yazıb sənin əlindən baş götürüb gedəcək burdan...

Məlahət kədərlənsə də acığından ona məhəl qoymadan yoluna davam edir.

Kəmaləxanım. (arxasınca) Həyasız...

Rəisin otağı. Məlahət həyəcanla otağa daxil olur. Kitab rəfinin qarşısında fikirli dayanmış Fuad Raminliyə yaxınlaşır.

Məlahət. Hamı danışır, eşitdiyim doğrumu?

Fuad Raminli. Nə eşitmisən?

Məlahət. Deyirlər işinizi dəyişmək üçün ərizə yazmısız. Doğrumu? (Fuad Raminli dinmir.) Demək bizdən gedirsiz, mənə görə burdan qaçırsız. Eləmi? Güman ki, sizə olan sevgimin sorağı yuxarılara çatıb. Ola bilsin ki, ailənizə də çatdırıblar. Siz haqlısınız. Bir məhkum qadından ötrü dəyərmi ki, xidmətdə nüfuzunu itirəsən, evdə ailənlə soyuqlaşasan. Bütün bunların hamısının günahkarı mənəm. Mən... (kövrəlir, gözləri yaşarır)

Fuad Raminli. Məlahət, qızım (həyəcanlanır), özünü ələ al, bir hövsələn olsun, indi izah edərəm...

Məlahət. Mən günahkaram, mən... (qarşısında diz üstə çökür) Bağışla məni... Mən daha bu otağa gəlməyəcəyəm, heç yerdə adınızı heç vaxt dilimə gətirməyəcəyəm. Hamıya sizi sevmədiyimi deyəcəyəm. Deyəcəyəm ki, yalan idi, boş bir söz, zarafat idi... Ancaq bir xahişim var. Siz başqa yerə getməyin. Qalın burda. Xahiş edirəm. Heç olmasa mən cəzamı çəkib qurtarana qədər. Qalın, nə olar, yalvarıram sizə... (ağlayır)

Fuad Raminli. (yaxınlaşıb, nəvazişlə qolundan tutub ayağa qaldırır) Dur ayağa, belə etmə. Elə deyil, mənim işimi dəyişməyi nazirlikdən göstəriş veriblər. Bizim işimiz belədir, daimi deyil. Tez-tez yerimiz dəyişilir, hara vacibdi, ora göndərirlər.

Məlahət. Siz getsəniz mən tək qalacağam, bu kalonda, dünyada tək, tənha... Siz getməyin, getsəniz yerinizə bir başqasını göndərəcəklər, o da nə ağılda olacaq, Allah bilir. Gələn heç vaxt sizin yerinizi verməyəcək, məhkumlara sizin kimi diqqətli, qayğıkeş yanaşmayacaq, sizin səviyyənizdə olmayacaq. Deyin ki, hələ burda görüləsi işlər çoxdu, getməyin...

Fuad Raminli. Sakitləş, belə olmaz. Sən narahat olma. Sən tək qalmayacaqsan. Elə bu gün ananla yoldaşın birlikdə görüşünə gələcəklər. Onların da sənə ehtiyacları var. Sən gəl xəyalla yox, həyata ayıq gözlə bax. Barış yoldaşınla. Unut, yaddan çıxar bu xəyallarını... Mənim qızımın 18 yaşı var. Bir az erkən evlənsəydim, bəlkə də səninlə yaşıd olardı. Fərqi yoxdur, elə sən də mənim qızımsan... (həyəcanından səsi titrəyir) Sənin ömrün hələ irəlidədir, gələcəyin var. Yaxınlarda məhkəməyə ərizə yazarsan cəzanı yüngülləşdirər, evinə qayıdarsan, ana olarsan, uşaq böyüdərsən... Hə, o zaman mənim haqlı olduğuma inanacaqsan...

Bu anda rəisin telefonuna zəng gəlir. Dəstəyi götürən Fuad Raminli ciddi görkəm alır, əli ilə işarə edir ki, "yuxarıdan” zəng vurublar.

Fuad Raminli. Bəli... Aydındı... Oldu... Elə indi gəlirəm. (Dəstəyi yerinə qoyur.) Görürsən ki, çağırırlar, tələb edirlər. Gərək gedəm. Sən də get, görüşə hazırlaş. Həyatın acılarına, sınaqlarına dözümlü ol. Sən xoşbəxt olmağa layiqsən...

Məlahət göz yaşını silə-silə çarəsiz halda qapıya tərəf gedir. Bir-neçə addımdan sonra rəisə tərəf dönür.

Məlahət. (kövrək səslə) Xeyr, mən sizi heç zaman unutmayacağam. Mənə həyatı sevdirən bir insan kimi siz mənim daim xatirimdə qalacaq, qəlbimdə olacaqsız... Daim qəlbimdə... Heyif ki, gedirsiz, qaçırsız...(Boynunu bükərək, üzgün səhnədən çıxır)

Fuad Raminli. (arxasınca) Eh.., zavallım, boynu bükük həbsxana bənövşəsi... Nə etməli, hara getsəm də olanlardan, gerçəklərdən qaçmaq mümkünmü? Həyat.., həyat... Səni anlamaq çətindir... Dünyada günahsız insan olmadığı kimi görəsən, əməllərindəki həqiqətlərdən qaçan, vicdanının mühakiməsindən gizlənə bilən adam varmı..?

Onun da gözləri dolur. Yerinə əyləşib telefonun aramsız zənginə əhəmiyyət vermədən qəmgin baxışlarla fikrə dalır. Səslənən lirik musiqinin fonunda pərdə enir.

Son

01.2013