Şahbaz Xuduoğlu:

Şahbaz Xuduoğlu: "Vəziyyətimiz yaxşı deyil..."

Pandemiya tədricən bizi sona sürükləyir. İşçilərə maaş vermək olmur, tərcüməçilərimizin qonorarını ödəyə bilmirik.
 
Yarpaq.az xəbər verir ki, bu sözləri Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu pandemiya şəraitində nəşriyyatda yaranmış vəziyyətdən danışarkən qeyd edib:

"Kitab dükanları işləmir deyə kitab da sata bilmirik. Yalnız xırda sifarişlər hesabına su üzündə qala bilirik. Karantin elan olunandan bu günə qədər iki dəfə 1620 manat dövlətdən yardım almışıq, hansı ki, buna görə də təşəkkür edirəm, əks halda o da olmazdı və demək durum daha pis olardı. 

Dövlət sahibkarların vəziyyətini nəzərə alıb Pandemiyadan zərərçəkmiş sahibkarlara yardım niyyəti ilə dövlət zəmanətli kreditlərin verilməsini elan etdi. Biz də online olmaqla dərhal müraciət etdik. Müraciətimizə operativ cavab gəldi ki, 3 gün müddətinə sənədlər hazırlansın. Sənədləri hazırlayıb müvəkkil banka verdik. Balans hesabatları, illik dövriyyələr, mənfəət və xərclər haqqında məlumatları və hüquqi sənədlərimizi banka verdik. Sonra bank dedi ki, tələb etdiyiniz kredit məbləğinin 40% dəyərində əmlak girov qoymalısız. Adıma olan mənzilin sənədlərini; texniki pasportu, çıxarışı, üstəlik evin halını göstərən fotoşəkilləri də əlavə etdik. Üstündən daha bir gün keçdi, bank bildirdi ki, əmlak qiymətləndirilməlidir. Qiymətləndirmə firması məsləhət gördü. Bəlli oldu ki, qiymətləndirmə üçün ödəniş etməliyəm. İndiki durumda, ən minimal xərclərdən qaçdığımız halda bunu etmədən olmazmı? Kreditin alınması isə sual altında.

Əgər dəstək niyyəti ilə, dövlətin subsidiyası hesabına kredit verilirsə, o zaman girov nəyə gərək? Yaxşı, deyək girov Bankın özünüsığortalama vasitəsidir. O zaman bizi əlavə xərcə niyə salır? Desin ki, sizin müraciət qəbul olundu, kredit veriləcək! O zaman qiymətləndirmə ilə bağlı xərcə düşmək olar". 

Naşir bununla belə, bildirib ki, dövlətin səmimi niyyətini şübhə altına almaq istəmir:
"Sadəcə prosedur elə olmalıdır ki, bu ağır durumda dəstək hiss olunsun. Yardım niyyətli kreditlər adi qaydada verilən kreditlərdən fərqlənsin".