Salam Sarvan məni necə qorxutdu?

Salam Sarvan məni necə qorxutdu?

Ayxan Ayvaz

Mir Şahinin Salam Sarvanla müsahibəsi var. Orda Mir Şahin soruşur:

– Hamının sevdiyi şair Salamdı. Bəs Salamın sevdiyi şair kimdi?

 Şairin cavabı:

– Salamın da sevdiyi şair Salamdı. 

Salam Sarvan, məncə, yaşayan klassikimizdi. Ramiz Rövşəndən sonra poeziyamızın taxtına o çıxdı. Hərdən şeirlərini durduq yerdə pıçıldayıram. Daha doğrusu, qəfildən misraları yağış kimi beynimə döyəcləyir:
 
 Yox e, sürdüyümüz ömür-gün deyil,
 baxma ki, bir azca uzun çəkdi bu…
 Bir qoca, kor baxtın əlindən tutub
 yolun o üzünə keçirtməkdi bu.
 
 Yaxud da:
 
 Sənli xatirələr dağılıb evə –
 bağışla, otağım tör-töküntüdü.
 
Salam bənzərsiz şairdi. Ona oxşamaq istəyən nə çox şair oldu. Amma heç biri Salam ola bilmədi. Ümumiyyətlə, hesab edirəm ki, imitasiya etmək yaradıcılıq deyil. Bir Salam var, ikincisinə gərək yoxdu. Şair orijinal olmalıdır – onun dediyini tutuquşu kimi təkrarlamaq yersiz olar. 

 Salam təkrarsızdı… Füzulinin nəfəsini modern müstəvidə bizə təqdim edən şairdi.

 Mən Salam Sarvanın şeirlərini əzbərə bilən nə qədər adam tanıyıram. O, "doqquzluq"dan vuran Salamdı. Bəzən heç gözləmədiyim anda misrası tərs şillə kimi üzümdə açılır:
 
 Elə üşüyürəm, O da yoxdu ki,
 gəlib ƏLLƏRİNİ sərə üstümə.
 
 Salamı yas yerində tanımışdım. Qəribədi, elə deyilmi? Onun şeirlərində yas yerlərinin ağır havası var. Bir də şillə kimi dəyən ironiyası. Onda Salamın uzun saçı vardı, hərdən əli ilə alnına düşən saçını geri eləyib susurdu. Yas yerində Salam Sarvanla çoxluca susmuşduq. 

 Elə bu dəm bir əhvalat danışım, kefiniz açılsın. Poetik günlərin birində şairlər yeyib-içirlərmiş. Kafedən çıxanda görüblər ki, Salam dimdik dayanıb, əli də çənəsində. Hamı çaşıb qalıb. Şərif Ağayar dostlara deyib: "Elə bil Füzulinin heykəlidir”.

O yas yerindəki duruşunu görəndə də mənə elə gəldi ki, Salam Füzulinin heykəlidir. Bir az moderndir bu heykəl amma. Salamı o gün diqqətlə izləmişdim. Hətta siqaret çəkməyindən belə şairlik yağırdı. Düzü, onu söhbətə çəkməyə çəkinmişdim. Mənə elə gəlmişdi ki, Salam dünya ilə münasibətini bir anlıq dondurmuşdu. Başqa bir dünyadan yapışmış və qulağını ordan gələn səslərə söykəmişdi. 

 Salam Sarvan qeyri-adi adamdı… Sürprizlərlə doludur…
 
 Salamla içdiyimiz günü xatırlayıram... Daha doğrusu, dostlarla içəndən sonra Salamla təkbətək qalmağımızı unuda bilmirəm. Möhkəm içmişdik. Qəfil Salam abi nə desə yaxşıdır?
 – Otur maşına səni evə aparacam.

 Udqundum.

 Ardınca ürküdücü sual:

 – Ölümə hazırsan?

 Beynimdə onun misraları fırlandı:
 
 Gedən ömrə əl eləyir
 saat öz kəfkiriynən.
 
 ***
 
 Öləsən...
 Gözünü qapaya bir qız əlləri –
 bu, sənin ilk qadın sığalın ola!
 
 ***
 
 Torpaq yeyir bizi bişdik-bişmədik,
 gedirik bir taxta qaşıq içində.
 
 ***
 
 Ana, məni basdırarsan
 boyumu soxduğun yerə.
 
 ***
 
 Gələ bilməyəcəm sənnən görüşə, 
 bu gün vaxtım yoxdu, bu gün ölürəm.
 
 ***
 
 Ölmək istəyirəm, bir azda sənə
 qapanmış gözlərnən baxmağım gəlir.
 
 *** 

 Boğazımı arıtladım:

- Salam abi, vallah, taksiylə gedərəm, əziyyət çəkmə –  mızıldandım bekara.

Başını yellədi. Çar-naçar razılaşdım.

O anları dostum Mövlud Mövluda danışanda zarafatla deyirdim ki, tay Salamla içməyə gedəndə gərək sevdiklərimlə vidalaşım. Necə ləzzətlə gülmüşdü... 
 Hə, Salam xatasız-balasız məni evə qədər ötürdü. Bəlkə də yol boş idi, bəlkə Salamı içmək ayıldırdı, bilmirəm. Sağ-salamat evə girib gülümsündüm. Deyəsən, həmən gün maşınların hamısı Salam Sarvanı sükan arxasında görüb gizlənmişdilər.

Bir də ona sevindim. Ki Salam Sarvanın ədəbiyyatdakı yerini tapmışdım...

Salamın şeirləri də bu cürdü, məncə. Qorxu da var, təhlükə də, rahatlıq da... Salam şeirin üstünə də eynən belə gedir. Və gedəcəyi yeri gözübağlı olsa da tapır. Onun şeirlərinin mənzərəsini çəkirəm sizə. Diqqət: kəndirbaz əmin addımlarla yeriyir. Onun tamaşasına heç kim durmayıb. Kəndirbaz təkdi...

Salam həmişə diridir. Yazmasa da şairdir. Tənhadır. Bəzən publikayla bilərəkdən girdiyi savaşda onun özü, daha doğrusu şeirləri qalib gəlib.

Həmişə kənarda dayanan və qəfil zərblə açılan şeirlər...

Salam haqqında söz demək çətindi. Nə desəm də, sözlərim əl-ələ tutub onun şeirlərinin həndəvərində fırlanacaq.

Qoy elə yazımın pərdəsini də Salamın özü dartıb aşağı salsın:
 
"Yerin ortası da təklərə küncdü…"

//Artkaspi.az