Salam, siz terrorçusunuz?

Salam, siz terrorçusunuz?

Rüfət Əhmədzadə

Salam, siz terrorçusunuz?

Elə bilirdim ki, zaman keçdikcə cəmiyyətimiz daha müasirləşəcək, insanlarımız özündən fərlənənləri qəbul etməkdə daha qabil olacaq. Amma belə deyilmiş. 2015-ci il başlayandan 100-ə yaxın eyni tipli mesaj almışam: "Salam, siz ateistsiniz?".

Gözəl insanlar, burda kimin dindar, kimin ateist olması sizin intim və şəxsi həyatınıza necə təsir edir? Həyatınızı yaşayın... Hə, demək asandır. Amma bunun səbəbləri də var axı!

Təbii olaraq, hər kəs ətrafdakıları öz istədiyi kimi görmək istəyir. Liberal öz çevrəsini, mühafizəkar da öz çevrəsini seçir. Daha sonra çevrələrin genişlənməsi uğrunda mübarizə başlayır. Bu mübarizə "həyatda qalmaq” məsələsinə dönür. Və insanlarda vəhşi instinkt yaranır. "Filankəs vəhabidir”, "Bəhmankəs rafizidir” və s.


Müsəlman dünyasında partiya analoqu olan məzhəblərin "fədai”ləri bir-birinə baxıb düşünür: "Beləsinin başını kəsmək lazımdır”. Guya baş kəsən tək sələfilərdir? Nə qədər şiə görmüşəm ki, bir sələfiyə baxanda bu arzunu dilə gətiriblər. 

Nə qədər sələfi də var ki, başqasının həyatına müdaxilə etmək arzusunu burada çin edə bilmir, ona görə də nicat yolunu Suriya və İraqda arayır.
Liberallar isə cəmiyyəti dəyişməkdə çətinlik çəkirlər. Daha doğrusu, bu çətinliyi özləri yaradırlar. Dinlərə və ailə institutlarına hücum etməklə də bir nəticə hasil olunmadı.

Dövlətin təsir dairəsində olan təhsil sistemi bu xalqa bir istiqamət verə bilmədi. Kim necə bacarır, elə dolanır – və kim harda ilişirsə, ordan da əqidə seçir. Nə gözəl... Demokratiya! Bəs görəsən, bu plyuralizm bizi demokratiyaya aparırmı? Kəsimlər arasında uçurum yaranıb. Məmurlar və sadə insanlar arasında, şiələr və sünnilər, liberallar, solçular və millətçilər arasında....

Müharibədə olan bir dövlətin vətəndaşı hansı məzəhəbə qulluq edirsə, etsin...

Cəbhədə bir geyimdə, bir simada olacaq düşmən üçün. Və bütün proses də, məhz dövlətin və xalqın rifahına hesablanmalıdır. Amma rəqabət bu zirvəsinə çata bilmir.

Müsəlman ölkələrində demokratiya təsəvvür edin. İri oliqarx qrupları yaranır və bu qruplar hakimiyyət strukturlarını ələ keçirmək üçün acgözlük savaşına girirlər. Bir də bu demokratiyanın qəsdinə duran xuntalar, təriqətlər... Və sonra da cavab verin, niyə müsəlmanların adı terrorla hallanır. Əşşi, hamısı Amerikanın oyunlarıdır... Oyuna gedən kimdir?