Saqqallı ledi heyvanxanada... - TƏRCÜMƏ

Saqqallı ledi heyvanxanada... - TƏRCÜMƏ

Amerika şairi Allen Ginsbergin iki şeirini Həmid Piriyevin tərcüməsində oxuculara təqdim edirik:

"Günəşlə doğuluruq və gecəyə düşürük biz”


Soyulmuş portağala oxşayan qürub çevrəsi səmanı bəzəyir,
çılpaq qamışlar bitir bataqlıqlardan – 
Nyu-Cersi, atam maşın sürür
Şosse ilə Nyuark hava limanına – Empayr Steyt gümbəzi...
Itiuclu binalar, Manhetten ucalır
U. S. Uilyamsın gözlərində ucaldığı kimi, elektrik naqillərinin üstündə -
Altıtəkərli yük maşınları yanımızdan keçir,
Nyu-Yorkun yaxınlığındakı keçidlə - mən burdayam,
sonsuz ağ səmadakı balaca günəşin altında,
təzə binaların karkaslarına baxıram,
və oyanıram əlimdə karandaş...
11 dekabr 1974

"29 fevral 1958”

Keçən gecə yuxuda T. S. Eliotu
gördüm o məni arzular krallığına çağırırdı
İngiltərənin üstündə çarpayılar divanlar duman
onun evində çay Çelsidə göy qurşağı
Pəncərələrdə pərdələr, tüstü çıxır
bacadan yuxarı, sakit və isti evdə isə
inanılmaz dərəcədə şirin fındıqburun
Eliot məni sevirdi, mənə ev vermişdi
mənə divanda uzanıb yatmağı təklif elədi
incə idi və diqqətlə qulaq asırdı
Mayakovski haqqında fikrimi soruşdu
mən ona Korsonu Krili Keruakanı oxudum
Berrouzu Olsonu Xankeni məsləhət gördüm
saqqallı ledi heyvanxanada
müdrik puma Mexiko Sitidə
xordan altı uşaq Zanzibarda
kədərli səslə oxuyurdular müxtəlif dillərdə
nəbzvari ritmlə
Ma Reyni və Reyçel Lindsey.
Kral adasında
biz gecə xeyli söhbət etdik
sonra o məni yatızdırdı
qırmızı ev tumanında uzanmışdım
kaminin yanındakı divanda
yumşaq yun ədyalla
çəkib qurtarmadığı qəlyanı mənə verdi
və kədərli halda yatağa getdi
ah Ginzberq, o qədər şadam ki,
Sizin kimi möhtəşəm gəncə rast gəldiyimə görə deyərək
sonra mən ayıldım öz yerimə utanaraq
O bu qədər mehriban və yaxşıdırmı? Mən bu qədər böyüyəmmi?
nə üçün birdən-birə səmavi mannı istəyirəm?
əsil peyğəmbər olmaq üçün nəyi düz eləmədim?
T.S. Eliota elədiyim yaxşılıqlar yuxuma girir
axı mən tarixin bir hissəsi olmaq istəyirəm
və onun ağlının bir hissəsinə sahiblənmək –
ekssentrik uşağın ambisiyalı arzusu.
Tanrım, kaş qəddar arzularım həyata keçməsin.
keçən gecə yuxuda gördüm Allen Ginsberqi.
T.S. Eliot mənim yerimə utanmazdı.

KULT.AZ