Sara İbrahim. Dumanlı şəhər (HEKAYƏ)

Sara İbrahim. Dumanlı şəhər (HEKAYƏ)

Səhər  göyün üzü tərtəmiz, buludsuz olsa da, günortaya yaxın hava dəyişdi, səmada parçalanıb dağılmış kimi görünən  qaramtıl, boz buludlar yavaş- yavaş bir yerə toplaşıb sıxlaşaraq, qapqara çətir kimi kəndin üstündən asıldılar.

Evdən çıxmağa hazırlaşan Hüseyn kişi havanın dəyişdiyini görüb, dərsdən gəlib əynini dəyişən Mahirə səsləndi:

- Tez yeməyini ye, Tahirin dalınca get. Hava dəyişir,dumanda, çiskində azıb sürünü itirəcək. Mən xəstəxanaya, ananın yanına gedirəm. Gedim həkimlə danışım, bəlkə də bu gün evə buraxdılar.

Anası bir həftədən çox idi ki, üç yaşlı qardaşı Zahir möhkəm soyuqlayıb sətəlcəm olduğuna görə xəstəxanadaydı. Atası xəstəxanaya gedib-gəldiyindən, bu neçə günü qardaşı Tahirlə növbəylə heyvanlarını kənddən bir xeyli aralı dağdakı örüşə aparırdılar. On yaşlı Mahir özündən iki yaş böyük qardaşı Tahirlə dərslərindən imkan tapan kimi atalarının köməyinə çatırdılar. 

Mahir getdikcə kəndin üstünə çökən dumana ,narın çiskinləyən yağışa baxıb:

- Yemək yesəm gec olar,gedim Tahirə kömək edim,sürünü gətirək,yeməyimizi də bir yerdə yeyərik,- dedi.

Mahir atasının qapının küncünə söykədiyi toppuz başlı çomağını götürüb, iti addımlarla qardaşının sürünü apardığı örüşə tərəf addımladı. Getdikcə qatılaşan duman, evdən on dəqiqə bundan əvvəl çıxmağına baxmayaraq, əynindəki nimdaş, rəngi solmuş gödək pencəyini əməllicə islatmış yağış onu addımlarını bir az da yeyinlətməyə vadar edirdi. Qardaşı yaşda ondan böyük olsa da, bərkə-boşa, çətinliyə onun kimi dözümlü deyildi. Atası ən çətin işlərə həmişə onu yollayırdı. Mahir təbiətən nə qədər ötkəm, çılğın, işdən qorxmayan, diribaş  idisə, qardaşı onun əksinə, sadəlövh, mülayim təbiətliydi. Mahir özündən böyük, başqalarının təsiri altına düşməyə meyilli  olan qardaşını həmişə qorumağa çalışırdı.

"Dumanda sürünü itirəcək,özü də azıb eləyər,tez çatsaydım”. Hələ örüşə xeyli yolu qalırdı. Otlaq sahələri " Haçaqaya” nın yaxınlığındaydı. Kənddə belə duman olanda dağda yəqin, indi göz- gözü görmürdü. Qardaşı  dağları onun kimi tanımırdı. Mahir hər daşına,cığırına bələd olduğu  bu dağlarda istədiyi yerə gözüyumulu gedərdi.
 
Örüşə çatanda bir addım irəlini görmək olmurdu.Daşları,cığırları tutub irəlilədi.Qardaşı həmişə sürünü otardıqları yerdə görünmürdü.Üzünü dayandığı yerdən dumanda görünməz olan qayalığa tərəf tutub qardaşını çağırdı:

- Tahir, hardasan, eşidirsən məni, görə bilmirəm, səsimə səs ver, səni tapa bilim.
   
Qayalarda əks-səda verən səsindən başqa ona cavab verən yoxuydu. Onun təxmininə görə, Tahir burda-qayalığa yaxın bir yerdə olmalıydı. Yağışdan qorunmaq üçün qoyunları bura tərəf gətirməliydi. Amma nə sürü, nə də qardaşı görünürdü. Uzaqdan canavar ulamasına oxşar bir səs eşitdi. Ağlına gələn qorxunc fikirdən üşərgələndi, bədənindən soyuq bir gizilti keçdi. Çomağını əlində möhkəm tutub səs eşitdiyi tərəfə getdi. Burdan o yana yol dərəyə aparırdı. Yağışdan işlanmış otluqda  ayağı bir neçə dəfə sürüşüb yıxılsa da, yenidən qalxıb çomağını yerə dayaq verərək irəlilədi. Dərədən axan çayın kənarına çatıb ətrafa boylandı. Qəhər boğazını yandırırdı. Ağlamamaq üçün dodaqlarını dişləyir, tez- tez burnunu çəkirdi. Yuxarılara nisbətən burda duman seyrək idi; iki metr irəlini görə bilirdi. O,çay yuxarı qaçıb,ümidsiz, titrək səslə qardaşını çağırırdı: ” Taahiir,Taahiir”.  Ətrafdakı səssizlik, duman, sis onun vahiməsini bir az da artırırdı. Ayağı işlaq daşlara ilişib səndirlədi, üzü üstə daşlığa yıxıldı. Çapılmış qaşından axan qan gözünün kənarından çənəsinə doğru axdı. Qardaşını tapa biləcəyinə ümüdini itirmişdi, yerə çöküb hönkürdü. Yanıqlı səsi vahiməli, qorxunc səssizliyi diksindirdi.

Ona elə gəldi ki, ağladığını atası eşidir. Ağlayanda atası ona” sən kişisən axı ,kişi ağlamaz” deyərdi. Gözünün yaşını əlinin arxasıyla silib, yerindən qalxdı. Çayın dayaz yerini tapıb, sürüşkən daşların üstüylə birtəhər çayın o biri sahilinə keçdi. Tahir sürünü çayın  o biri  tərəfinə keçirib, sonra yağışa düşdüyündən, ordakı qayalıqlarda  daldalana bilərdi. Bu fikrin ağlına bayaqdan gəlmədiyinə təəccübləndi. Yamacı qalxıb təxmin etdiyi yerə çatdı. Onlar heyvanlarını bəzən bura da gətirirdilər.

Qəfil göy gutultusundan səksənib, qeyri-ixtiyari yerində ləngərlədi. Bayaqdan xırda,narın yağan yağış getdikcə güclənib leysana çevrilirdi. Paltarları islanıb bədəninə yapışmışdı, saçlarından, kipriklərindən su damcılayırdı.

Qardaşı sürüylə bir yerdə sanki qeybə çəkilmişdi.

Dumanda görünməz olan yastı qayanın tuşuna çatanda əvvəl hənirti,sonra uzaqdan zəif,güclə  eşidilən quzu mələrtisi eşitdi. Səs gələn tərəfə yönəldi,bir qədər irəlidə  baş-başa verib bir yerə toplanmış sürünü gördü.Yaxınlıqdakı qayanın altına sığınıb  soyuqdan büzüşmüş,qorxudan,həyəcandan gözləri alacalanmış Tahir  onu görəndə kövrəlib qabağına qaçdı, bir-birlərinə sarıldılar.

Mahir qardaşına aldığı hədiyyəni arvadına göstərib:

- Bu Tahirin xoşuna gələcək,bilirəm,saat həvəskarıdır,neçə saatı var,amma xoşuna gələn olanda yenə də alır,hərənin bir şeyə həvəsi var,onunku da saatadır,- dedi.

Bu gün Tahirin otuz yaşı tamam olurdu.Qardaşıyla ikisi də ali təhsil aldıqdan sonra kəndlərinə qayıtmamışdılar, ev-eşik sahibi olub şəhərdə qalmışdılar. Ata- anaları kənddə kiçik qardaşlarıyla yaşayırdı.

Tahir şəhərin ən yaxşı yerlərindən birində özünə ikimərtəbəli ,dəm-dəstgahlı ev tikdirmişdi. Dövlət  idarələrinin birində məsul işdə çalışırdı. Gün- güzəranı, dolanışığı Mahirdən çox yaxşı olan Tahir, əvvəllər ən azı həftədə bir dəfə qardaşıyla görüşüb get-gəl etsə də, illər keçdikcə bu görüşlər seyrəkləşib, araları soyumağa başlamışdı.

Mahir bunu qardaşının işlərinin çox olması, vaxtının azlığıyla əlaqədar olduğunu düşünüb ondan incimirdi, vaxt tapan kimi özü onunla görüşməyə can atırdı.

Qardaşı süfrəni həyətdə-talvarın altındakı kölgəlikdə açmışdı.Qonaqlığa gələnlərin hamısı iş yoldaşları,dostlarıydı. Tahir bir- bir qonaqlara xoşgəldin edib, hərəsi üçün ayrılıqda badə qaldırır, dostlarının şəninə təriflər yağdırırdı.

- Bu gün bura yığılanlar mənim qəlbimə,ruhuma ən yaxın hesab elədiyim dostlarım,qardaşlarımdır.Mən şəhərə tək gəldim.İndi görün bu şad günümdə süfrəmin başında  nə qədər qardaşlarım, dostlarlm  əyləşib,.Bu günkü məclisimi şərafətli edən xoş günümün,dar günümün dostları-qardaşlarımdır.

Tahir sırayla hər qonağının şəninə tost deyib badə qaldırır, birinə” mənim ən sadiq qardaşımdır” , o birinə "dar günümün dostudur” deyib,hərəsini bir dillə dindirir,göylərə qaldırırdı. 
Tahirin güzəranı yaxşılaşıb, vəzifəsi böyüdükcə, ”qardaşların”, içki məclislərinin də sayı çoxalırdı.

Bir dəfə kənddən Mahirgilə qonaq gələn əmisioğlu kənddə keçirdikləri günlərdən, uşaqlıqlarından danışıb sonra ona: ”Əmioğlu, Tahirdən ötrü burnumun ucu göynəyir, gör neçə ildi görüşmürük, gəlmişkən onunla  da görüşərdim”, deyəndə Mahir:

- Tahir Marsda-zadda yaşamır ki, aramızda on dəqiqəlik məsafə var, sizi elə indi görüşdürərəm,- deyib  dərhal maşını işə saldı.

Qapını onların üzünə açan Tahir qardaşıyla gələn əmisioğlunu görəndə tutulsa da,sonra onunla görüşüb içəri dəvət etdi.

Ertəsi gün qardaşı Mahirə zəng edib salamsız - kəlamsız, boğuq səslə: 

- Bu nə xasiyyətdir səndə!Məndən  soruşmamış,xəbər eləməmiş kim gəldi yanına salıb,evə gətirirsən.Mənə deyib ,sonra gəlmək lazımıydı!Bundan sonra belə şeyləri nəzərində saxla!

Qardaşınln sözü Mahirə tərs şapalaq kimi dəysə də,ona cavab qaytarmadı.Bir neçə dəqiqə susub,sonra handan- hana:

- Yaxşı, sən necə istəyirsən elə olacaq , - deyə bildi.
 
Neçə vaxtdı ki, səhhətində yaranan nasazlığa görə xəstəxanada müalicə alan Tahirin vəziyyəti birdən-birə pisləşməyə başladı.Həkimlər onun qaraciyərində ciddi fəsad olduğunu deyib təcili əməliyyat olunmsa,vəziyyətinin ağırlaşacağını gizlətmirdilər.Ona təcili ciyər köçürülməliydi. 

Mahir  bir aydan çox idi ki,işiylə əlaqədar xaricdə olduğundan,qardaşının xəstələndiyini ona deməmişdilər.O,xəstəxanaya  çatanda,palatada qardaşının arvadı onu görüb ürəkləndi: 

- Həmişə süfrəmizin başında oturtduğumuz, dost dediyimiz adamlar indi yoxa çıxıblar.Qorxurlar ki,birdən onlardan da donor olmağı xahiş edərik.İndiyə qədər qohumlardan bir neçə nəfər yoxlanıb,amma heç kimin ciyəri uyğun  gəlmədi,-  yaşlı gözlərini ümidlə Mahirə dikdi.

Mahir qardaşının xəstəlikdən saralmış bənizinə,çuxura düşmüş gözlərinə baxıb kövrəldi:

- Mənim ciyərim sənə uyğun gələcək,bilirəm,sən mənim ciyərimin,ürəyimin parasısan, məndən başqa kimin ciyəri sənə düşə bilər?Elə indi həkimlə danışacağam,qoy məndən analiz götürsünlər.
 
 O necə demişdisə, elə də oldu.Analizlərin cavabı müsbət çıxdı. Mahir qardaşıyla yanaşı cərrah bıçağının altına uzandı, ciyərinin yarısını qardaşına bağışladı.
    
 Əməliyyat olunduqları gündən aylar  keçmişdi, hər ikisi yaxşılaşmışdılar, Tahir  sağlamlığına gözlənildiyindən tez qovuşdu. Onu görənlər cəmi bir neçə ay bundan əvvəl ümidsiz xəstə olduğuna inana bilmirdilər. Həkimlər Tahirə bundan sonra içki içməyi qəti qadağan etmişdilər, əks halda o yenidən sağlamlığını itirə bilərdi.

Maşını həyət darvazasının yaxınlığındakı ağacın kölgəsində saxlayıb qapıya yaxınlaşdı. Əvvəl zəngi basmaq istəsə də, açıq olduğunu görüb ehtiyatla qapını araladı. Qardaşının həyətdən səsi gəlirdi,yenə çal-çağırıydı. Süfrə açılmış,məclis qurulmuşdu:

- Bu gün bura mənə ən yaxın,doğma olan,ruhuma yaxın insanları çağırmışam. Mənə qardaş deyənlər, özümə qardaş hesab etdiyim insanlardır sağımda, solumda əyləşənlər. Bu gün mənim ikinci ad günümdür. Mən həyata yenidən gəldim, bir də doğuldum. Məni yenidən həyata qaytaran, yaşamağıma səbəb olan,  başıma yığdığım bu gözəl insanlardır. Qardaş dediyim, həyatımı da etibar edə bildiyim əziz dostlarıma, qardaşlarıma yanımda olduqları üçün, məni özlərinə qardaş seçdikləri üçün təşəkkür edirəm!

Qapını yavaşca örtüb geri döndü. Bir az aralıda saxladığı maşınına tərəf getdi. Maşına necə mindiyini,onu necə işə saldığını bilmədi. Gözünün qarşısına sanki tor çəkilmişdi. Maşını yolun kənarına çəkib saxladı. Başını sükanın üstünə çarpazlayıb qoyduğu qollarının üstünə əydi. Boğazında düyünlənib qalmış qəhər onu boğurdu.

”Kişi ağlamaz!” Atası belə demişdi.” Yox, ata, kişi ağlayar, insanlığı, ürəyi olan kişi ağlayar! Qardaşını itirən qardaş ağlayar, ata! 

Hönkürdü. Bir vaxt  yağışlı gündə, dumanlı dağda qardaşını itirəndə  belə ağlamışdı. Qardaşını yenə  itirmişdi. Bu dəfə bu nəhəng, izdihamlı şəhərin dumanında.