Səbuhi Şahmursoy - Alqoritm

Səbuhi Şahmursoy - Alqoritm

Bu gün görüşmədik



Ölüm kürsüsündə

Bir axmaq məhbusun son sözlərindən

Asılıb qalaraq ümidsizləşən...

Həyat bürküsündən

Kəndirə tapınıb bürküsüzləşən...

Mənfur elementin son bələdçisi,

Xoşbəxt anlarının bədbəxt çəkisi...

İlk hıçqırtısında əlvidaların

Nədən sevişmədik?

Bu gün görüşmədik. Bəlkə də yarın...

Tufan qarşısında

Yüklədim dərdimi qanadlarında

Qara xallarına parabüzənin...

Zəlzələ anında

Etdim ağrıları cod paltarıyla

Dərinə sürünən yükü Gürzənin...

Yağışda yuyundum, bir az boşaldım,

Bəxtimə silinib sənə baş aldım.

Billur damlasında son intizarın

Nədən sevişmədik?

Bu gün görüşmədik. Bəlkə də yarın...

Aldadır bu yollar

Bəzənib-düzənib bizi gözləyir,

"Getmə" söyləyənə "Qal" dedirtməyir...

Bezərkən suallar

Cavablar yuxulu yalanlar deyir,

Qürur libasını azanlar geyir...

Sonun başlanğıca qovuşduğunda,

Ölüm səndən məni soruşduğunda,

Mənə qonşu ikən sənin məzarın

Nədən sevişmədik?

Bu gün görüşmədik. Bəlkə də yarın...



Alqoritm



Hər gün bir ömür yaşayır insan,

Hər gün nəsə başlayır,

Nəsə davam edir,

Nəsə bitir.

Hər səhər eyni ruh doğulur,

Hər gecə qocalıb ölür.

Bir həşərat da layiqincə yaşayır

qırx beş saniyəlik ömrünü,

Bir qarğa da üç yüz ildir ki,

eyni leşi yeyir.

Mən də hər səhər öpürəm

yuxulu gözlərindən,

Hər axşam səninlə dalaşıb yatıram.

Doğulanda saf və sevgi dolu olur insan,

Öləndə nifrət və qəzəbinin son həddini

bu dünyaya bağışlayıb gedir.

Öləndən sonra necə olacağını

heç kəs dəqiq bilmədiyi kimi,

Yatandan sonra da bizim nə etdiyimizi

heç kəs anlamaz.

Məni nifrətlə qucaqla!

Qəzəblə öp!

Hələ səhərə çox var...

Sabah biz başqa adamlar kimi doğulacağıq,

Bir az fərqli,

Daha kamil və qüssəli.



Barışıq



Bir qaranlıq otaq...bir də yanar şam...

Görünməz saatın çıqqıltısında

hökm edir sükutun lal uğultusu...

Məntiqim hayqırır;-Tənha qalmışam,

Bir addım irəli ümid yox daha!

Hisslərim bərq vurur;-Burda həyat var,

Insan heç həyatda qalarmı tənha?

Izdiham içində tək qalanları,

dünyada kimsəsiz fırlananları,

ümidsiz, inamsız dolananları,

bədbinlik odunda qalananları,

Unutma, söyləyir, xatırla, barı!...

Bir qaranlıq otaq, bir də yanar şam...

Burda qaranlıq var, burda işıq var,

rəngləri paylaşan bir yaraşıq var.

Fərqi yox, səhərdir, yaxud da axşam,

əsas mövcudluqda bir barışıq var.

Burda qaranlıq var...

Burda işıq var...

Bir qaranlıq otaq, bir də yanar şam...

Bir udum havanın qüdrətidir ki,

yanır şam dələrək qaranlıqları...

Həyata verdiyi o and nədir ki?

O, yanır qoruyub əhdi-ilqarı,

yanır, varlığının budur qərarı...

Hisslərim süstləşir xəyalım boyu

açaraq önümdə ənginlikləri.

Sevir bu zəfəri,

sevinir möhkəm.

Məntiqim dərk edir;-Azad bir quşam,

Qəfəssiz qəlbimə olubdur həmdəm

Bir qaranlıq otaq...

Bir de yanar şam...