Şəhriyar del Gerani. Kim ölmək istəyir, əlin qaldırsın! (HEKAYƏ 16+)

Şəhriyar del Gerani. Kim ölmək istəyir, əlin qaldırsın! (HEKAYƏ 16+)

(Əsir düşərgəsinin hekayəsi)

***
Sol döşünün altında zil qara xalı vardı. Həmişə barmaqlarını həmin ətli xalın üstündə gəzişdirib – "Baxın, güllə yeridi, hərdən elə göynəyir ki..." - deyərdi.

Atamın ölüm xəbərini eşidəndə ilk ağlıma gələn səhnə bu oldu. Elə bildim güllə elə həmin xalın üstündən dəyib. Amma belə olmamışdı əslində. Atam minaya düşüb parça-parça olmuşdu. Anam deyirdi – "Ey kaş, bircə tikəsi əlimə gəlib çataydı, öpüb gözümün üstə qoyaydım...” O, bu sözləri bağıraraq deyirdi. Bütün olanları xatırlamaq mənimçün çox çətindir.

1942, 17 noyabr. Həmin gün həyətimizdəki cavan ağcaqayını kəsmiş idik. Qış yamanca sərt gəlmişdi. Ağcaqayın yarmaçalarını bölürdüm, balta ayağımı yaraladı. Amma atam... Hə, o, parça-parça olmuşdu məhz həmin gün. Yəqin tikələri də üşüyürmüş…

***

Ailədə 3 uşağıq – 13 yaşlı qardaşım Vitalik, 11 yaşlı bacım Olinka və 16 yaşlı - mən. Adım Artyomdu, Artyom Şitokin. Anam məni Aryoş deyə çağırır. Hə, elə bayaq tükürpədən qadın hikkəsiylə - "Bu dəqiqə get! Get atanı parçalayanları didik-didik elə, Aryoş!” – deyə bağırdı.

Və mən cəbhəyə yola düşdüm. Mən yaşda olanları müharibəyə buraxmırdılar. Əvvəlcə təlim keçməliydik. Mən hərbi komissarlıqda təkidlə bildirdim: Ön cəbhəyə getmək istəyirəm, bilirsiniz, mənim atam necə həlak olub?! Ön cəbhəyə istəyirəm! Deyəsən, bu qisasçıllıq intonasiyam yaşlı kapitanın xoşuna gəldi.

Həmin ilin dekabrında məni "7-ci ölüm düşərgəsi”nə göndərdilər. Şərti adı beləydi. Dəqiq necə olduğunu unutmuşam. Bura bir növ müharibəyə hazırlıq kursu deyərdim. Ön cəbhəyə göndərilən əsgərlərə adamöldürmə məşqləri keçirlər burada. Komandirimiz polkovnik Ozbekov olduqca qəddar adamdı. Olduqca qəddar deyil bəlkə də, mən şişirdirəm. Amma bir az qəddar adamdı. Təhkiyəçi kimi oxucuya yön verməyi sevirəm. İndi düşünürsünüz? – "Görəsən yoldaş polkovnik olduqca qəddar adamdır, yoxsa bir az?” Olsun. Mənə qalsa, qəddar-filan deyil. Sadəcə bu şəraitdə ona biçilmiş rolu ifa edir. Bəlkə də həyatda başqa cürdür tamamən. Yəni son dərəcə əzazil və daha qəddardır məişətdə. Bilmirəm. bir şeyi görürəm. Ki, müharibə həqiqətlərini bizim beynimizə xüsusi amansız hərəkətləriylə yedirdir. Hələ bir müddət burda olacağımdan əminəm. Ölüm düşərgəsinə alman əsirləri gətirirlər. Mənə isə, onlara çörək atmaq, su qoymaq, bir də əsəbləri tarıma çəkilən vaxtlar bir-birləriylə vuruşanda qaravula xəbər vermək tapşırılıb.

***

Hündür hasarla əhatələnmiş bir yerdir burası. Hər tərəf daş, beton, tikanlı məftilli dəmir dirəklər. Düşərgənin tən ortasında aşmış elektrik dirəyi də var. Əsirlər həmin dirəyə kürəklərini söykəyib mürgü döyür, hərdən də sıraya düzülüb dirəyin üstüylə hərbi marş oxuyaraq əsgəri addımlarla o tərəf-bu tərəfə…

43-ün martında bütün əsirlər ön cəbhəyə yola salınan əsgərlərimiz tərəfindən güllələndi. Heç birindən səs çıxmırdı. Güllələr canlarına rahatlıq gətirirdi sanki. Əsgər yoldaşlarım öldürmək məşqlərini uğurla keçdilər. Burda tərəddüd yoxdur, öldürməlisən. Hətta öldürəndən sonra meyitinə, üzr istəyirəm, tüpürmək də olar. Bəzi qəzəbli əsgərlərin sıçdıqlarını da görmüşdüm.

***

Komandir Ozbekov təzə qaydayla hamımızı tanış elədi, eləcə də, mart ayında gələn 58 əsiri. Qayda belədir – "Kim ölmək istəyir, əlin qaldırsın!”

Əsirlər açıq havada şaxtanın, qarın, yağışın altında qalırlar. Gün ərzində bir dəfə qurumuş çörək qırıntıları atıram qabaqlarına. Cumurlar çörəyə. Sonra dizlərini yerə atıb beton hövzəyə doldurduğum sudan hortdadırlar. Tualetə də elə düşərgənin künc-bucağına gedirlər. Hərdən dəhşətli gərgin günlər də keçir. Bəlkə də bu, mənə "hərdən” elə gəlir. Əsirin də dəhşətsiz günü olarmı? Bəzən, çörək atmaq, su qoymaq yaddan çıxır. Başqa vacib işlərçün göstəriş alıram.

Düşərgəyə qayıdanda nəcislər xeyli azalmış olur. Bu üzdən əlbəttə, Ozbekovun humanist addımını başa düşmək olar. Yəni bu iztirabdan kim canını qurtarmaq istəsə, yoldaş komandirin – Kim ölmək istəyir? - sualından sonra əlini astaca qaldırsın. Və cəbhəyə gedən əsgərimiz məğrurcasına gəlib ölümə hazır olan çarəsiz əsirin alnına bir mübarək vətən gülləsi çaxsın. Və məsələ bitsin.

***

Əsirlərlə ən çox ünsiyyətdə mən olurdum. Onları görmək mənə xüsusi izaholunmaz həzz verirdi. 16 yaşındaydım o zaman. Anam tapşırıq vermişdi – Get atanı parçalayanları didişdir!

Atam döyüşdə minaya düşüb tikə-tikə olmuşdu. Mən həmin gün odun doğrayanda baltayla ayağımı yaralamışdım, çox incidirdi yaram. Atamsa... yəqin sarışın qıllı, xallı tikələrini şaxta vurub dondurmuşdu o zaman. Bunları demək mənə dözülməz əzab verir, bədənim şiddətli titrəyişlərdən üşüyür, beynim sarsılır. Mən atam haqqında danışıram axı... Yəqin içərinizdə məni başa düşəcək bir nəfər də olsun tapılacaq.

Yeni gələnlərin arasında axşamçağılar – "Yefenberq, oğluuu...m, Yefenberq” – deyib inildəyən biri var. Enli çənəli, yastı burunlu, qırmızımtılsifət birisidi. Mən qapının deşiyindən onların hərəkətlərinə göz qoyuram. O adam eynən atama oxşayır. Hərdən mənə elə gəlir, Yefenberq mən özüməm, o adam da atamdı. Yəqin yazıq atam da belə edər imiş. "Artyom, oğluuu...m, Artyom deyib sızıldayarmış”. Anam yanında olsaydı, "Artyom nədir? Aryoş!” – deyə müdaxilə edərdi mütləq.

Amma düzünü deyim mən eşitməmişəm o harayları. Arabir kövrəlirəm. Axı niyə belə olur? O adamın, elə götürək oğlunu haraylayan o kişinin nə günahı var? O niyə burdadı? Mən niyə onunla it kimi rəftar eləyirəm? Niyə onun qabağına madam arvadı isti şorba gətirib qoymur? Niyə oğlunun saçlarını tumarlayıb qayğı göstərə bilmir o adam? Bəs mənim atam? Niyə adi adamlar kimi ölmədi? Aparıb basdırardıq da. Ən bahalı kostyumunu geyindirər, qəşəng tabuta qoyar, dualar oxuyardıq... Qəhər boğdu məni. Ancaq indi ağlamaq olmaz, qadağandır. Yoldaş Ozbekov görsə, eh, o görsə, "kalaşnikov"un qundağını adamın dalına soxar. Burda insan olmaq qəti qadağandır. Bura müharibədir!

Günlər keçdikcə əsirlər azalır. Yadıma ədəbiyyat müəlliməm Alina Prakofyevna düşür. Deyərdi – "Kim dərsə necə hazırlaşıb, əlini qaldırmağından görmək olur”. Burda da kim ölümə necə hazırlaşırsa, eləcə də əlini qaldırırdı. Hər gün yoldaş Ozbekov qulaqbatıran qəddar səslə - "Kim ölmək istəyir?” – deyə bağırır, hər gün bir neçə əsir əlini qaldırır, hər gün bir neçə əsgərimiz ön cəbhəyə yola düşür, hər gün bir neçə Yefenberq qayğısız qalır...

Elələri olur, əlini tezcə qaldırıb-endirir. Bəlkə də mənə inanmayacaqsınız. Hə, komandir onu həmən görür. Soruşur – "Sən, ey, çaqqal, niyə endirdin əlini, qorxursan, batırmısan altını? O dinmir, susur. Əlini yenidən yavaşca qaldırır. Ozbekov əsgərə "Marş!” komandasını verir. Əsgər barmağını tətiyə qoyur. O, əlini aşağı salmır. Hamı ölüm səhnəsini maraqla izləyir. Qəfildən hay-həşir qopur. İslanmış küçük görkəmli əsir fürsətdən istifadə edib əlini endirir. Əsgərin baramağı tətiyə sıxıldıqda mən qışqırıram – "Dayan, o hələ ölümə hazır deyil, müəllimim Prakofyevna deyərdi ki, kim...” Sözüm ağzımda qalır, güllə açılır, əsir yerə sərilir, Ozbekov yerindəcə ağzımın üstündən bir yumruq ilişdirir, iki əsgər meyitə yaxınlaşıb sürüyüb düşərgənin vəhşi köpəklərinə azuqə aparırlar. Meyit sürütləndikcə qanıyla yerə zolaq salır. Sabah digərləri də bu qırmızı cığırla it bağırsaqlarından keçməyə gedəcəklər... Amma… Axı o ölümə hazır deyildi xanım Prakofyevna...

***

1943-cü il, 21 aprel. Düşərgə boşalıb. Hər gün oğlunu haraylayan, atamı xatırladan o kişidən savayı kimsə qalmamış. Bir həftə öncə 4 nəfər idilər. Birdən-birə Ozbekovun sualına üçü də əlini qaldırdı. Elə bil bu günlər ərzində ölümü heca-heca əzbərləyirmişlər. Həmin üç nəfərdən birinin dizdən aşağı ayaqları minaya düşmüşdü, dizdən aşağısı yox idi. Bir dəfə çörək atanda gördüm, küçük kimi zingildəyə-zingildəyə hava boşluğuna cırmaq atır. Soruşdum, - "Niyə belə edirsən?” Dedi, - "Ayağımın altı qaşınır”.

Hər üçü eyni gündə güllələndi. Bu dəfə meyitlərin daşınmasına mən də kömək etdim. Çox ağır idilər. Bu ağırlıq öz çəkiləri deyildi bəlkə də. Yəni, arıqlamış, içləri-içlərindən keçəcək qədər slotkalaşmışdılar. Bəs niyə bu qədər ağır idilər? Bilmirəm. Ya bəlkə bütün bu günlər ərzində bu adamlar mənim gözümdə o qədər böyümüşdülər ki, elə bilirdim dartıb apardığım təkcə əsir meyitləri deyil, onların ailəsidi, arvadı, uşağı, bacısıdı, qardaşıdı həm də.

Təkcə atam qalmışdı. Hə, düz oxudunuz, atam. O adam mənim atamdı. Buna əminəm. Nolsun o kişi yazıq anamla yatmayıb?! Siz elə bilirsiniz atalar təkcə sizin atanız kimi olur? Bu vaxta qədər dözübsə, əlini qaldırıb ölümə təslim olmayıbsa, deməli, əzmkar adamdı. Yalnız mənim atam bu qədər iradəli ola bilərdi!

Birdən vahiməli ulartı eşitdim. Tez həyətə qaçdım. İldırım vurmuşdu adamı. Çaqqal kimi ulayırdı. Deyəsən "Yefenberq” deyirdi. Ozbekov cəld özünü yetirdi. Mən bir neçə addım kənarda dayanmışdım. Ozbekov qəzəblə ona yaxınlaşdı. Yağış şiddətlə yağırdı. Buluddan su calandığının şahidi olmusunuz yəqin. Yox, buna yağış demək olmaz, Ağ yağış deyirlər adına - əməllicə su calanırdı göydən. Yefenberqin atasının çənəsini dirsək kimi donqardıb ağzını açmışdı. Ozbekov onun yaxasından iki əllə yapışıb qışqırdı – "Alçaq, arvadının yatağında kişi tutmusan?! Niyə bağırırsan?! Ölmək istəmirsən hələ? Ozbekov onu tut ağacı kimi silkələyirdi. Yefenberqin atasının canından nələrsə tökülürdü yəqin. Mən nələr töküldüyünü gömürdüm. O, mənim üzümə baxıb qərib-qərib gülümsədi. Hə, gülümsəmək idi bu. Ozbekov onu silkələyirdi. Əsirin buşlatının qolları kövrək budaq kimi ətrafında yellənirdi. Onun buşlatının içində qolları yox idi. Qolları tut kimi tökülmüşdü nə vaxtsa. Və komandir bunu gördü. Və dayandı... Və əllərini yaxasından buraxdı.

Əsir oturduğu elektrik dirəyinin üstündəcə səndələdi, müvazinətini itirib yıxıldı. Təkcə gözləri danışırdı. Mən onun gözlərinin dilini gördüm. Hətta gözləri bir dəm topuq vurdu. Bir neçə kəliməlik nəfəs də saxlayıbmış. "Yefenberq, oğlum, məni bağışla, səni öldürəni tapa bilmədim” - deyib çəlimsizləşmiş bədənini torpağın üstünə tökdü. O, yerə calandı, yerlə bir oldu, yağış kimi. Mən kənarda dayanmışdım. Buşlatının sağ qolu dirəyin üstünə sərili qalmışdı adamın, bəlkə də elə atamın. Ozbekov bunu gördü. Həmin gün ön cəbhəyə əsgər getmədi. İlk və son dəfə Ozbekovun kövrəldiyini gördüm həmin gün. Sonra üzünü mənə tutub qəfil müharibələşdi.

- Nə gözünü döyürsən, davay, itlərə!