Şeir ağrıkəsicidi...

Şeir ağrıkəsicidi...

Rəbiqə Nazimqızı: "Təəssüf edirəm ki, müsahibədə mənim təbəssümümü görməyəcəklər"

"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin mükafatçısı Rəbiqə Nazimqızı ilə müsahibə.

- Rəbiqə, uzun illərdi jurnalistikada çalışsan da, məhz ədəbiyyatda təsdiqini tapacağını düşünürdünmü?
- Uşaqlıqda şair olmaq istəyirdim. Ədəbiyyata marağım həmişə olub. Amma məktəb illərim siyasi proseslərin gərgin vaxtına təsadüf etrdiyindən seçim qarşısında qaldım - tarixi, yoxsa ədəbiyyatı seçməli? Atam ixtisasca filoloqdu, seçimimə təsir etməməyə çalışırdı. Anam isə istəyirdi iqtisadçı olum. Nə isə, test sisteminin özəllikləri bəllidir, məlum oldu ki, "filfak"a düşmüşəm - tale mənim yerimə seçim elədi. Artıq 4-5-ci siniflərdən şeir yazmaga başlamışdım, sonrası da deyəsən, alındı...
- Amma şeirlərini təxminən 1 il olar ki, ortaya çıxarırsan. Tərdəddüdün uzun sürmədimi?
- Elə bilirsən indi tərəddüd yoxdu? Var, özü də elə çoxdu ki... Şeir yazsam da, onları çıxarmağa utanırdım. Bəlkə də, qorxurdum ki, gülərlər. İş elə gətirdi ki, möhkəm darıxdığım gecələrin birində ədəbiyyat forumlarından birinə baş çəkdim, ilk dəfə orada hiss elədim ki, məndə nəsə alınır. Reaksiyalar vardı. Sonra necəsə, yenə də qorxa-qorxa "Bizimki" ədəbi jurnalına müraciət etdim. Şərhlərdən gördüm ki, alınır... Sonra sənin, Rasim Qaracanın reaksiyaları, "Almaforum", "Alatoran", "Kultaz". Hətta "Ulduz" jurnalınadək gedib çıxdım. Bir də gördüm ki, artıq məndən danışırlar... Açığı, sonuncunu o qədər də istəmirdim. Amma "Nəsimi" ədəbi mükafatından sonra danışacaqdılar da...
- Maraqlıdır... Artıq yolun başlanğıcında iradənin əksinəmi getməyə başlamısan?
- Yox. Sadəcə, dünyada iki zəhləm gedən hiss var: borc və məsuliyyət hissi. Xoşbəxtlikdən, ya bədbəxtlikdən, bilmirəm, bu hislər mənə eyni dərəcədə doğmadılar. Tənqidçilər haqqımda yaxşı yazanda narahat oluram ki, sabah onların hansısa yazısıyla bağlı iradlarımı söyləsəm, yaxşı çıxmaya bilər. Üstəlik, intriqaları sevmirəm. Hə, bir də güclü qorxu hissi var - atıq şeirlərimə ciddi yanaşmağa başlamışam. Hətta yazmaqdan qorxuram da... Təəssüf edirəm ki, müsahibədə mənim təbəssümümü görməyəcəklər.
- Əsas odur ki, ürəyini görsünlər... Bir sual: adam susayanda su içir, acanda çörək yeyir, tək qalanda darıxır və s. Bəs şeir yazmaq hansı ehtiyacdan doğur?
- Şeir yazmaq? Bu izah olunmaz bir şeydi. Həmişə deyirdim ki, şeir ağrıkəsicidi... Amma həmişəmi? Məncə, bu adamın özüylə söhbətidi, uzun gecələrdə üzünü pəncərəyə tutub Tanrıyla söhbət edirsən ha, bax elə. İndi düşünürəm ki, şeir bəlkə, təklikdə özünlə səmimiyyət anıdı. Ümumiyyətlə, bilirsən nə var, şeir nədi, qoy bu barədə yazmayanlar düşünsünlər. Ən səmimi cavab budu ki, şeir sözlərin aça bilmədiyim sirridi. Məncə, bunu sonadək açmaq düzgün də deyil. Onda şeirin də ləzzəti qaçar. Düz demirəm? Bir şeyi deyim? Şeirlə, ritmlə bağlı ən yaxşı təhlili mənə tanımadığım bir oxucum verib. Onun şərhlərini oxuyanda o qədər sevindim ki. Demək istədiyimin hamısını yüzdə yüz tutmuşdu.
- Hirslənmə, düz deyirsən. Amma bir məsələ bu məqamda məni düşündürməyə başlayır. Məncə, sən ədəbiyyatı simvolistlər kimi hədsiz zamansızlaşdırırsan. Bu gün ədəbiyyatda baş verənlərin "fövqündə durub", amma ədəbiyyat adına hansısa "fövqəl" zaman uydurub, ora sığınmağa ehtiyac varmı?
- Məncə, ədəbiyyatın zamanı olmur. Yaxşı mətn heç vaxt köhnəlmir. Səncə, mən simvolistəm? Mən konyuktura yazmıram ki... Gülmə ha cavabıma. İndi deyəcəksən bu qız nə yaman özündənrazıdı... Bir də ki mən hisrlənmirəm, sadəcə, hədsiz aludəçiliklə danışıram... -)) Zahir, müsahibə alınmır, yoxsa hər şey normaldı? Yaman həyəcanlıyam e...
- Hər şey qaydasındadır. Narahat olma. Elə hesab et ki, müsahibə deyil, sadəcə "saç yoldusuna" çıxmışıq. Sadəcə istədyim budu ki, bu söhbəti oxuyacaq adam sənin haqqında, daxili aləmin, ədəbi baxışların haqqında yetərincə məlumat əldə etsin.
- O zaman problem yoxdu.
- Bura bax, bir cığal sual verim sənə, müsabiqədə tutduğun yerdən razısan?
- Razıyam, ya yox, vallah, özüm də bilmirəm. Amma deyim də, belə olacağını gözləyirdim. Neynim, rəqibim güclüydü. Amma özümü ondan zəif də hesab etmirəm. Cavidanın çox sevdiyim mətnləri var, bunu hər yerdə deyirəm. Amma hesab edirəm ki, bizi müqayisə etmək olmaz, tamam fərqli mövzularda yazırıq, dünyagörüşlərimiz fərqlidi, təbiətcə də fərqliyik. Hərdən belə təəssürat yaranır ki, Cavidanda feminizmə meyl var, bir az bu məni diksindirir. Əlbəttə, qısqanclıq var və mən bunu gizləməyəcək qədər səmimiyəm... Özü də bunu özünə də demişəm. Zarafat bir yana, biz çox yaxın rəfiqəyik, bəlkə, başqası birinci olsaydı, yerimdən narazı olardım. Amma Cavidan bu yerə layiqdi. Özü də bizi cəmi iki xal ayırır. Elə çox deyil ki...
- Yaxşı, zarafat bir yana, Sən feminist deyilsən?
- Deyiləm, təbii. Bu, şeirlərimdəm hiss olunmalıydı axı. Feminist və maskulist şeirləri sevmirəm. Ədəbiyyat, nə qədər şablon səslənsə də, bütün izmlərdən öndədir. Amma yanlış anlaşılmasın deyə, bir arayış verim - mənim "Feminist şeirlər" adlı kiçik bir silsiləm var. Belə deyək də, bədii mətn kimi necədi, deyə bilmərəm, amma oxuyan kimi hiss edirsən ki, adın dəxli yoxdu - bu sadəcə, sübutdu - məndə feminst şeir alınmır, çünki feminizm mənə yaddı. Amma hərdən feminist olmaq istəyirəm...
- Yaxşı, onda sualı başqa şəkildə qoyaq: səncə qadın və kişi münasibətlərində kim dominant olmalıdır?
- Sualı elə-belə verdin?
- Xatırladım ki, dediyin hər kəlmə dərc olunacaq.
- Maraqlı sualdı. Məncə, kişi. Amma güvənə biləcəyim kişi. Ona görə də bizə güclü cinsə inanmaq və etibar etmək qalır. Amma bəzən heç də hər şey nəzəriyyədəki kimi olmur. Burası da var.
- Məhz qadınların belə düşünməsi adamı diksindirir və yadıma "Bibliya"nı salır. Orada deyilir, Tanrı əvvəl kişini yaratdı, adını insan qoydu, sonra qadını yaratdı....
- Dayan, güclü cinsə hörmət əlaməti olaraq mübahisə etmək istəmirəm və deyirəm ki, ad şərti məsələdi. Amma məsələnin başqa tərəfi də var. Türklərdə kişi elə insan deməkdi - həm qadına, həm kişiyə aid edilir. Cavab qane etdi?
- Narahat olma, mən sadəcə sual verirəm. Gələk məişətə. Günün ədəbiyyatı ətrafında baş verənlərdən nə qədər məlumatlısan? Səncə nələr olur?
- Zahir, məni qana salma. Mən başımı aşağı salıb işimi görürəm. Hərdən yaxşı mətnlər tapıb oxuyuram. Qalanları məni az maraqlandırır. Belə deyək də, öz mühitimdə xoşbəxtəm...
- Düz edirsən: az aşım, ağrımaz başım. Sən tam nənələrimizin yoluyla gedirsən. Xalq səni ayaqüstə alqışlayır. Deməli, ədəbiyyatın zamanı olmur, eləmi?
- Olmur. Milyon faiz, olmur...
- Belə çıxır ki, ədəbiyyatın saatı xarabdır.
- Ədəbiyyat bütün saatların fövqündədir. Bir də saatla bağlı məsələ hələ tam dəqiqləşməyib. Alimlər deyiblər ki yaxın zamanlarda sutka 25 saatdan ibarət olacaq. Hamımız saatlarımıza yenidən baxası olacağıq deyəsən. Yeni saat mexanizmi yaranacaq. Ədəbiyyat isə, baxıb gülümsəyəcək... Ya da belə deyək, ədəbiyatın heç vaxt boş vaxtı olmur oturub zamanı saysın.
- Hmm... Səndən yaxşı fantastik yazar çıxardı... Yaxşı, fəlsəfə meşəsində azmamaq üçün, məsələni konkretləşdirək, şeir kitabını çıxarmaq üzərində düşünürsənmi?
- Saat məsələsini ciddi dedim. Kitabla baglı sualı çıx, yazma, olar?
- Niyə?
- Nə bilim. Amma yazma. Yoxsa küsəcəm. Olmaz?
- Axı xəbərdarlıq eləmişdim ki, nə desən, dərc olunacaq.
- Yaxşı. Belə bir məsələ gündəlikdədir. Amma əvvəlcədən heç nə demək istəmirəm, inşallah, kitab çıxan kimi ilk bilənlərdən biri də sən olacaqsan...
- Aha. Kitabını maraqla gözləyirik. Həm də düşünürəm ki, nə qədər sən küsməmisən, müsahibəni bitirmək lazımdır. Demək istədiyin bir şey qaldımı?
- Küsmək söhbətini də yazacaqsan?...
- ...
- Demək istəyirəm ki, bu il mənim üçün ugurlu oldu. Bilirsən, mən əlamətlərə inanan adamam. Gərək bunu da bilirsən ki, bu gün hər şeyin bu qədər yaxşı olmasını da Koelyoya borcluyam. Yeri gəlmişkən, kitabı oxumamı sən tövsiyyə etmişdin.

Söhbətləşdi: Zahir Əzəmət