Səlim Babullaoğlu:

Səlim Babullaoğlu: "Uzun illərdi ki, Nobel mükafatı şairə verilmirdi"

"Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu ilə oktyabrın 6-da Nobel mükafatına layiq görülən isvemli şair Tranströmer haqqında qısa müsahibə.

-Sizcə Tomas Tranströmerin mükafat alması gözlənilən idi?

- Biz hələ də dünya ədəbi mühitinin onu daim hiss edən tərkib hissəsi ola bilməmişik. Səbəbləri çoxdur. Odur ki bizdə bu prosesləri proqnozlaşdıran bukmeker kontorları da yoxdu. Tranströmerin adını eşitməyə gəlincə mən onun adına ilk dəfə Brodskinin bir ithaf şeirində eşitmişəm. Düzü, maraqlanmamışdım sonra. Ötən ilə qədər. Amma ötən il elə indiki kimi ona Nobel mükafatı veriləcəyi barədə fikirlər vardı. O vaxt bəzi şeyləri oxudum, hətta balaca çevirilər də elədim. Beş altı adamın adı xüsusən hallanırdı, mən üçü haqqında düşünürdüm: Tranströmer, Adonis və Zaqayevski. Amma elə olmadı.

- Bəs, bu il?

- Bu il düşünürdüm ki, Adonis alacaq. Xüsusən bu ərəb inqilabları fonunda mənə inandırıcı görünürdü. Yenə səhv elədim. Amma uzun illərdi ki, mükafat şairə verilmirdi. Bu məni sevindirdi. Mükafatın əsaslandırılması da maraqlıdı: dünyaya yeni baxış bəxş edən aydın, konsentrə olunmuş, cəmlənmiş obrazlara görə. Bunu yalnız şairlər edə bilir ədəbiyyatda.

-Siz Trantrömeri rusca oxumusuz?

- Bəli. Ruslar onu çeviriblər. İsveç şairləri antologiyasında yer alıb onun şeirləri. Jurnallarda çap olunub. Səhv eləmirəmsə ayrıca kitab halında da olmalıdır.

Kultaz.com

Həmçinin bax:

Tomas Tranströmer. Həbsxana (Səlim babullaoğlunun tərcüməsində)

Nobel mükafatını şair aldı