Səlim Babullaoğlu: «Zaman gələcək bu dövrə baxanda Azərbaycan ədəbiyyatı çox işıqlı görünəcək»

Səlim Babullaoğlu: «Zaman gələcək bu dövrə baxanda Azərbaycan ədəbiyyatı çox işıqlı görünəcək»

«Öz dövrümün problemini oğlum üçün saxlamağa mənəvi haqqım yoxdur»

Şair-tərcüməçi Səlim Babullaoğlunun "Gündəlik Bakı" qəzetinə müsahibəsi


Səlim Babullaoğlu; ədəbiyyatla maraqlanan çox az adam ola bilər ki, bu imzanı tanımasın. Geniş mütaliə dairəsi və ciddi yaradıcılığı onu tanıyan hər kəsin diqqətini çəkir. Özünəməxsus üslubu və ifadə tərzi olan bu şairin şeirlərinin ritmi də özünün içindən gələn hansısa bir nota köklənib. O, süni vətənpərvərliyi şeirlərində olduğu kimi həyatda da tənqid edir. Onun fikrincə hər bir kəsin vətənpərvərliyi onun əməli ilə ölçülməlidir. O, Vətənini çox sevsə də, bu sevgini plakatla ifadə etməyin tərəfdarı deyil. Hesab edir ki, hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirsə, bu artıq vətənpərvərlikdir.
Beləliklə, «Sözün qonağı» layihəsinin növbəti müsahibi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Səlim Babullaoğludur. Onu mən təqdim edirəm - Ülvin MƏHƏMMƏD.

- Layihəmizdə xoş gördük sizi.
- Çox sağ olun, dəvətinizə görə təşəkkür edirəm.

- Yaradıcılığınızda nə yeniliklər var?
- Ötən il ərzində 2 böyük silsilə ana dilimizdə, bir silsilə isə rusca şeirlər yazdım. Şeir yazmaq şairin birinci işidir. Paralel olaraq məqalələr yazıram və bunlar dövrü mətbuatda çap olunur. Amma tərcüməçi kimi fevral ayının əvvəlində «525 kitab » seriyasından görkəmli rus şairi Boris Pasternakın «Misranın sahibi hisslər olanda» adında şeirlər kitabı çıxacaq. Bu kitabda əsas tərcümələr mənimdi. Lakin 4 şeir Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tərəfindən tərcümə olunub. Bundan başqa Polşada 4 böyük polyak şairinin kitabı nəşr olundu. Bu kitabın da tərcüməçilərindən biri və kitabın Azərbaycan versiyasının redaktoru mənəm. Fevralın sonlarına doğru daha bir kitabımın təqdimatı gözlənilir. Son beş-altı il ərzində müxtəlif ölkələrin yazıçıları ilə ara-sıra görüşlərim olub. Həmin görüşlərdəki söhbətləri bir kitabda cəm edərək Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çap edirik.

- Havaların soyuq keçməsi ilə əlaqədar bəzi yazarların yaradıcılığı donub. Yəni belə başa düşdük ki, soyuqların sizə təsiri olmur?
- Yox, mən hər gün işləyirəm. İstəyir isti, istəyin soyuq olsun, bu bizim işimizdir. Ədəbiyyat yalnız həvəs,ovqat məsələsi deyil . Əgər kimsə oturub ilhamın gəlməsini gözləyirsə, mən gözləmirəm və hər gün yazıram,oxuyuram, tərcümə edirəm.

- Yazıçı üçün ən böyük mükafat hansıdır: xalq yazıçısı və ya şairi olmaq, yoxsa xalqın sevgisini qazanmaq?
- Bunların heç biri deyil. Əlbəttə ki, hər bir şair, yazıçı istəyir ki, onun sözlərini birinci növbədə yazıldığı dilin daşıyıcıları oxusun. Ədəbi titulları və mükafatları da yazıçı sevir və bu da yəqin normaldır. Amma nə qədər pafoslu səslənsə də, məncə yazıçı üçün vacib olan doğru-dürüst yazmaq və yaşamaqdır.

«Özünü modernist, postmodernist adlandıran adamları bir qədər başa düşmürəm»

- Siz yaradıcı şəxs kimi gözəllikdə eybəcərlik, yoxsa eybəcərlikdə gözəllik axtarırsınız?
- Bunların heç birinin qəsdən şişirdilməsi düz deyil, həyatda çoxlu şeylər iç-içədir, yalnız reallığın tərəfdarıyam. İsa peyğəmbər bir gün gedərkən yolda ölmüş və iylənmiş bir it leşi görür. Yanındakıların hamısı burnunu tutur, İsa peyğəmbər isə deyir ki, niyə burnunuzu tutursuz, siz onun muncuq kimi dişlərinin gözəlliyinə baxın. Yəni, kimin üçünsə bu gözəllikdir, kimin üçünsə tamam başqa bir şey.

- Bizdə olan məlumatlara görə, son zamanlar AYB-də tərcümə olunan kitabların çoxunu siz tərcümə edirsiniz. Tərcüməçilik yaradıcılıq sayılırmı?
- Yox, elə deyil. Azərbaycan Yazıçılar Birliyində tərcümə olunan əsərlərin çoxunu mən etmirəm. Sadəcə olaraq, artıq 5 ildir ki, dünya ədəbiyyatı jurnalına əlavə kimi "dəb” kitab seriyası təsis etmişik. Seriyadan olan kitabların bir qisminin tərcüməçisi mənəm, bir qisminin tərcüməçisi isə başqa adamdır. Paralel olaraq «525» kitab seriyasından da kitablar tərcümə edirik. Yəni bu seriyada olan kitablardan bir qisminin tərcüməçisi mənəm. Mən elə şairləri, yazıçıları tərcümə edirəm ki, əvvəla onlar bu vaxta kimi tərcümə olunmayıb, ikincisi onlar çox vacib müəlliflərdir, üçüncü isə mən şair olaraq bu işi də görürəmsə, ola bilsin bu bir qədər diqqət çəkib.

- Əcnəbi yazarları tərcümə edirsiniz, bəs, sizi əcnəbi dillərə tərcümə edirlər?
- Bəli olur. 4-5 il ərzində Türkiyədə, Polşada, Gürcüstanda, Ukraynada, İranda kitablarım çıxıb, təxminən 10-a yaxın dilə əsərlərim tərcümə olunub.

- Modernizm, postmodernizm anlamlarına münasibətinizi istərdik...
- Yazıçı, ədəbiyyatçı özünü hər hansı bir «izm»ə aid edib və onun çərçivələri daxilində özünü sıxmamalıdır. Modernizm də, postmodernizm də, başqa «izm»lər də - bu cərəyanlar təxminən müxtəlif silahlar, alətlər kimi bir şeydir. Ola bilər ki, siz modernist əsər oxuyarsız və orada postmodernizmin elementlərini görərsiz. Özünü modernist, postmodernist adlandıran adamları bir qədər başa düşmürəm. Mən sadəcə ədəbiyyatçıyam.

- Bir neçə ay bundan öncə Həmid Herisçi iddia edirdi ki, «postmodernizmi Azərbaycana mən gətirmişəm və mən də aparacam». Bu fikirlərlə razısınızmı?
- Həmid Herisçi istedadlı şair, yazıçıdır. Sadəcə, onun növbəti plakat avanturası ona oxşayır ki, mən hansısa qatarı özümə bağlayıb çəkib aparacam. Bu mümkün deyil. Onun fikirlərinin birinci tərəfi ilə bəlkə də razılaşmaq olar, Azərbaycanda postmodernist mətnlərin yaradıcılarından biri, bəlkə də birincisi Həmid Herisçidir. Amma «onu aparacam» demək, sanki Azərbaycan dilini harasa aparmaq anlamına gəlir. Xeyir, heç kim heç nəyi harasa apara bilməz. Postmodernist qafaya malik adamın özünün deməsi ki, «mən postmodernizmi harasa aparacam», bu artıq postmodernizmdən çıxmaq deməkdir.

«Zaman gələcək bu dövrə baxanda Azərbaycan ədəbiyyatı çox işıqlı görünəcək»

- Müasir ədəbi mühitdə sizi qane etməyən cəhətlər hansılardır?
- Şükür Allaha ki, 20 ildir müstəqilik. Bu illər ərzində bizim ədəbiyyatçıların XX əsrdə Azərbaycan ədəbiyyatçılarına heç də xas olmayan azadlıqları var. Yəni biz öz dilimizin və dövlətimizin sahibiyik. Əlbəttə ki, bu ədəbiyyatçı üçün geniş imkanlar deməkdir. Biz artıq dünya ədəbiyyatı, bədii mətnləri ilə heç bir təpki olmadan dialoqa girə bilirik. İkincisi, yazdıqlarımızla bağlı bizə heç kim diqtə etmir. Hesab edirəm ki, səmimiyyət bəzən deməklə yox, deməməklə özünü daha çox ifadə edir. Ona görə də bəzi şeyləri olduğu kimi ədəbiyyat vasitəsilə çoxaltmağın tərəfdarı deyiləm. Amma eyni zamanda romantikanın, yalançı vətənpərvərliyin arxasında gizlənib iyrənclikləri, neqativləri gizlətməyin də tərəfları deyiləm.

- Niyə Azərbaycan yazarları Biləcəridən o yana çıxa bilmirlər?
- Ümumiyyətlə, təkcə bizdə yox, bütün dünya ölkələrində çox az-az yazarlar öz ölkələrinin hüdudlarından kənara çıxırlar və çıxmaqda maraqlıdırlar. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının xaricdə təbliğini konseptual şəkildə qurmaq lazımdır. Bunun üçün dövlət, yaxud hər hansı qeyri-hökumət strukturu konkret proqramlara pul ayırmalıdır və bu işlər həyata keçirilməlidir. Yəni ümumi bir mexanizm işə düşməlidir. Lakin bu məsələlər həyata keçirilmir deyə, bundan pəjmürdə olmağa dəyməz. Hər bir ədəbiyyat ilk öncə yazıldığı dilin faktrıdır. Son 20 ildə yazılmış milli ədəbiyyatımız XX əsrdə yazılmış bütün ədəbiyyatımızla müqayisədə daha böyük azadlıqla, bəzən isə ustalıqla yazılıb. Çox vaxt bunu etiraf etmirlər. Çünki nəsillər arasında irili-xırdalı ziddiyətlər olur. Amma əminəm ki, zaman gələcək bu dövrə baxanda Azərbaycan ədəbiyyatı çox işıqlı görünəcək.

- Yaşlı yazarlarda gənclərə qarşı qəribə aqressiya müşahidə olunur. Belə bir hal sizə qarşı olubmu?
- Açıq şəkildə olmayıb. Ona görə ki, mən lazım gələndə adamların cavabını verirəm. Açıq şəkildə olsaydı, həmin adamlar açıq şəkildə susdurulardı. Amma qapalı şəkildə olub.

- Bəs, siz necə, özünüzdən gənc yazarlara münasibətiniz necədir?
- Bu sualın cavabını məndən daha gənclər deyə bilər. Amma düşünürəm ki, mən kifayət qədər açıq adamam və hələki gənclərlə elə bir problemim olmayıb. Olub ki, bəzi şəxslərin yazılarını oxumuşam və zəif olduğunu görmüşəm. Amma mən bunu həmin şəxsə sərt şəkildə deyil, yumşaq şəkildə demişəm. Əksinə, diqqət etsəniz görərsiniz ki, son illər çap olunan bir çox gənclərin kitabının redaktoru mənəm.

- Gənc yazarlar içində istedadlılar çoxdur?
- Kifayət qədərdir. İstedadsız ədəbiyyat istedadlı ədəbiyyat üçün fon yaradır. Biri olmasa, digərini ayırmaq olmaz. Müəyyən kriteriyalara cavab verməyən mətnləri istedadsız adlandırmazdım, sadəcə olaraq onlar ədəbiyyat deyil. Yaxşı ədəbiyyat həmişə az olub. Hesab edirəm ki, Azərbaycanda yaxşı ədəbiyyat var. Amma er-gec bu ədəbiyyatın içində bir müəllif daha böyük zəhmətinə, bacarığına görə dünya çapında müəyyən bir təsdini tapacaq.

«Telekanallarımızda zövqümüzü korlayan zövqsüz, səviyyəsiz verilişlər yayımlayırlar»

- Şeirlərinizin birində yazırsınız:
Söylə yenə xəritədə
öz ölkəni görürsən.
Sən də Sərhəd kişi tək
Bundan qürrələnirsən…
Ümumiyyətlə, Vətənimizlə qürrələnirsiniz?
- Elə şeylər var ki, onlar təbiidir. İnsan doğulduğu yeri sevməlidir. Necə ola bilər ki, sən addım atdığın torpağı sevməyəsən? İnsan böyüdükcə yalnız sonda anlayır ki, dünya da Vətəndir. Əlbəttə, mən Vətənimi sevirəm. Amma bu sevgini plakatla ifadə etməyin tərəfdarı deyiləm. Hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirsə, bu artıq vətənpərvərlikdir.

- Bəs, küçədə dilənçiləri, bir tikə çörək tapa bilməyən kasıbları görəndə necə?
- Biz neft ölkəsiyik, Azərbaycanda dilənçilər, işsizlər olmamalıdır. Amma bu adam da gedib «Qızıl meydan»da dilənmir axı, Azərbaycanda dilənir. Bu möhtaclığın içində də bir vətən anlayışı var. Hərçənd bu fakt utandırıcı faktdır. Ümumiyyətlə, Vətən anlayışının ədəbiyyatda istismarı məni heç qane etmir və elə avvəl də etməyib.

- «Polkovnikə heç kim yazmır», o yaman darıxır»,  şeirinizdəndir. Bəs, siz niyə yazıb onun həsrətinə son qoymursunuz, yoxsa qohumunuzdur?
- Yox, «Polkovnikə heç kim yazmır» konseptual şeirdir. Həmin şeirdə dünya ədəbiyyatından təxminən 22 əsərə istinad olunur. Mənim 3-4 axtarış sistemimdə elektron poçtum var, üstəgəl «facebook». Hər gün təxminən 50-60 məktub gəlir və o qədər də gedir. Yəni, mən də yazıram, mənə də yazırlar. Birdə ki, mən demirəm ki, «Polkovnik heç kimə yazmır», deyirəm ki, «Polkovnikə heç kim yazmır», yəni həm Markesi sitat edirəm, həm də o andakı ovqatı verirəm (gülür).

- Yazırsınız ki:
…efirdə nə ikona,
nə Quran yazısı var.
Reklam olunur kola,
mavilər, narıncılar…
Telekanallarımızdakı verilişlərin səviyyəsi sizi qane edirmi?
- Kanallarımızda zövqümü qane edəcək verilişlər var. Lakin belə verilişlərin sayı çox azdır. Daha çox İctimai Televiziyada yayımlanan verilişləri gərəkli və lazımlı hesab edirəm. Azərbaycan Dövlət Televiziyasında da belə verilişlərin sayı digərləri ilə müqayisdə çoxdur. Hər kanalda maraqlı veriliş tapmaq olar. Amma bütövlükdə götürəndə hər gün zövqümüzü korlayan zövqsüz, səviyyəsiz, axmaq, avara verilişlər yayımlayırlar və bunlar ziyanlıdır. Reytinqə deyil, zövqə işləmək lazımdır.

- Şoubaz azərbaycanlılardan fərqli olaraq düşünən azərbaycanlılar hesab edirlər ki, mövcud telekanallar öz səviyyəsiz və primitik verilişləri ilə artıq çoxdan öz «fatihə»lərini oxuyublar. Sizcə, telekanallarımızı ölmüş hesab etmək olar?
- Ola bilər ruhi mənada «fatihə»lərini oxuyublar. Amma onlar «fatihə»lərini oxusalar da, onlar xalqa «fatihə» verməklə məşğuldurlar. Təbii ki, onların əlində imkanları da var. İnsanlar, qavrayışlar, əsəb sistemləri müxtəlifdir. Bu məsələdə ehtiyatlı olmaq lazımdır. Və yaxşı olar ki, bu sahədə peşəkarlar çalışsın.

«Rüşvəti azərbaycanlının bəlası hesab edirəm»

- Siyasi proseslərlə maraqlanırsınız?
- Desəm ki, maraqlanmıram, doğru olmaz.

- Mübariz olmaq üçün İbrahimov olmaq vacibdirmi?
- Bilirsiz, bu məsələlərə bir qədər başqa cür baxıram. Allah Mübariz İbrahimova rəhmət eləsin. Bəzi şəxslər Allah tərəfindən seçilmiş olurlar. Mübariz də belələrindəndir. Mübarizənin müxtəlif yolları var. Rüşvəti azərbaycanlının bəlası hesab edirəm və hər şey də oradan başlayır. Azərbaycanlı düzgün təhsil alsa və təhsil sistemində əyintilər olmasa, azərbaycanlının vəziyyəti lap yaxşı olar. Normal adam olmaq lazımdır. Normal adam olmaq, elə mübariz olmaq deməkdir. Ruhu şad olsun, Mübariz İbrahimov böyük örnəkdi, ama mübariz olmaq üçün yalnız İbrahimov olmaq lazım deyil.

- Qarabağ münaqişəsinin həlli barədə fikirlərinizi bilməz istərdik.
- Demişəm, bir də deyirəm, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün olmayacaq və sülh danışıqlarına inanmıram. Hərçənd bu demək deyil ki, sülh danışıqları dayanmalıdı, yox, düşmənə, beynəlxalq aləmə belə əsas vermək olmaz. Amma hərbdə itirilən torpaqlar hərb yolu ilə də alınmalıdır. Mənim insan kimi öz dövrümün problemini oğlum üçün saxlamağa mənəvi haqqım yoxdur. Bilirsiz, bu ermənilik- millət deyil, peşədir. Bunlar elə «peşəkar»dırlar ki, onlarla yalnız zor dili ilə danışmaq lazımdır. Bunu deməyə bəzən ehtiyat edirlər, hamı bilir ki, Ermənistanın arxasında Rusiya dayanır. Ürəyimizi, bal edib Rusiyanın ağzına qoysaq da, Rusiya siyasi elitası bu problemin həllində maraqlı deyil. Ona görə də hərbi əməliyyatlar qaçılmazdı.

- Son olaraq oxuculara sözünüz?
- «Oxucu» sözü o qədər dəqiq ifadə olunur ki, oxusunlar da. Nə qədər çox oxusaq  bir o qədər yaxşıdır.

Ülvin Məhəmməd
"Gündəlik Bakı"