"sən tərəfdə gün doğur, mən tərəfdə gün batır..." - El romanın şeirləri...

"Unutqan"

Nə qədər ki, ümid var, olma belə unutqan.
Mən səni unutmadım, sən də məni unutma.
Səni unutmuşamsa,ya dünyadan köçmüşəm,
Ya da ki, qədərindən birazca çox içmişəm.
O qədər içmişəm ki, taleyimə gülmüşəm
"Bir dənəm" dediyimi iki dənə görmüşəm.
"Getməz" dediyin adam gedəndə neyləyəsən?
Deyək, ölənlə öldün, gedənlə neyləyəsən?
Gedənlə getmək olmur, gedənlə ölmək olmur,
Gedənlərdən bilirəm, gedəndə dönmək olmur.
Çiynindəki bu yükün ağır kimi gəlməsin,
Sənə danışdıqlarım nağıl kimi gəlməsin.
Səninlə əl-ələyil bir payız yağışında,
Anamın duasında, atamın qarğışında.
Sən ki sıxıb dişini mənsizliyə dözmüsən,
Mənim dalğalarımda mənsiz niyə üzmüsən?
Mənsizliyə dözmüsən, mənə dözməyə nə var?
Bir dəfə dözmüsənsə, yenə dözməyə nə var?
Nə qədər ki, ümid var, olma belə unutqan,
Mən səni unutmadım, sən də məni unutma...


"Bayatınamə"

Göylərdə yaşayan qız, yerdə mən, göydə sənsən.
Sən indi göydəsənsə, deməli, göy də sənsən.

Əzizim, göy də sənsən,
Ən gözəl küy də sənsən.
Mən ölmüşəm, toyunda
Gəlin də, bəy də sənsən.

Gedişinlə özünü öyə-öyə haqlısan 
Göydən yerə daş yağsa, yerdən göyə haqlısan.

Əziziyəm, yaş yağar,
Meydanlara baş yağar.
Üzümü göyə tutsam,
Göydən yerə daş yağar.

Həddi qədər sevmədi, həddini də yar aşdı,
Sənə gülmək yaraşdı, mənə ölmək yaraşdı.

Əziziyəm, yar aşmır,
Sərhərdləri yar aşmır.
Sənə mənsiz yaraşan
Mənə sənsiz yaraşmır.

Dedin səni unudub ta ən başa dönmüşəm,
Sən unudan yol üstə mən əyyaşa dönmüşəm.

Əzizim, yaşa dönsün,
Baharım qışa dönsün.
Dedin başa dönmüşəm,
İnanan daşa dönsün...



"Bu bazar"

*Bu bazar*

Çiçəklər üstünə necə yaraşdı...
Söylə, üşüdürmü bu məzar səni?
Bağışla, işlərim başımdan aşdı,
Gəlib görəmmədim bu bazar səni.

Qoy birnaz danışım mən buna dair...
İşdə keçirmişdi bəlkə sabahı?
Sənin güvəndiyin o güclü şair
Bu bazar hardaydı görəsən axı?

Bəlkə gözləyirdi yağış azalsın?
Ya da çatmalıymış bir işə dünən.
Ya da pul tapmadı sənə gül alsın
Onunçün gəlmədi görüşə dünən?

Ya da ki içkidən qaça bilməyib
Qorxurdu ayağa qalxa bilməsin.
Qorxurdu gözünü aça bilməyib
Gözünün içinə baxa bilməsin.

Bəsdi, deməliyəm mən artıq düzün.
Getdikcə yalana ümid azalır.
Məni tanıyırsan onsuzda özün
Yalan danışanda üzüm qızarır...

Bax, yenə qızardı üzüm, sevgilim,
Həmin xasiyyətim qalıb yadında?
Açığı, deməyə gəlmir heç dilim-
Bu bazar əslində, başqa qadınla...

Nəysə. Danışmayaq heç buna dair..
Guya ki, işlərim yolunda imiş.
Sənin inandığın o güclü şair,
Başqa bir qadının qolunda imiş.

İndi də utancdan üzüm qızara...
Sən öldün, səninlə ölə bilmədim.
Qaldı görüşümüz gələn bazara,
Bağışla, bu bazar gələ bilmədim...


"Səhv sevgi"

Təkcə sənə başqa idim,
Qan deyənə qan deyirdim. 
Can deyənə qan uddurub 
Qaniçənə can deyirdim.

Canım-gözüm, vəfasızam, 
Dodağımda gülüş gəzmə.
Anladım ki, güldürəni
Gül dərənə dəyişməzlər.

Önümüzə divar hörüb 
Saçlarını hörməmişəm.
Səhv sevgiyə əsir qalıb
Saf sevgini görməmişəm.

Sinəsində kin bəsləyən 
Sinədəftər ola bilmir.
Dəftərlərə şeir düzən
Sənə dəftər ola bilmir.

Dəstə-dəstə çiçək yığdım 
Ürəyində köşk olmadı. 
Qovuşsaydıq eşq olmazdı, 
Ayrıldıq da eşq olmadı.

Gedişini xəyal edib
Gülüşündən yan keçirəm. 
Göz yaşımı sel edənin 
Göz-qaşına and içirəm.

Günahkaram, damarımdan 
Qan içənə qansız dedim. 
Can alana canan deyib
Can verənə cansız dedim...



"O qədər uzağıq ki..."

Nəfəs alıb dərindən ötüb keçən ayıma,
ilimə inanmışam.
Göz-qaşını görəndən qaşla göz arasında
ölümə inanmışam.

Gözlərimi zilləyib baxırdım uzaqlara,
sənsə getdin yağışla.
Sən yağışı sevirsən, güvəndiyim dağlara
qar yağarsa bağışla...

Canına od qoyduğun yoxluğunda Tanrını
Gözüylə zikr eylədi.
Tanrı səni yaradıb əlini göyə açdı,
Özünə şükr eylədi.

Gecə-gündüz demədən gözlədim ki, gələsən,
gəlməmisən hələ sən.
Tələyə düşmək arzum, çünki mənə tələsən,
mənəm sənə tələsən.

Ümidimə qar yağa, qardan həyat düzəldim,
dizi keçincə qayıt.
Sol qolumu dişləyib sənə saat düzəldim,
izi keçincə qayıt.

Gülümsəmir birinə sən gedəli gözlərim,
mənimlə üz-göz oldun.
Gülüm, sənin yerinə o qədər ölmüşəm ki,
artıq ölümsüz oldun.

Ay bəri bax, bəri bax..Mən tərəfdə od yanır
Kül olmağa hazıram.
Tanrının iki əllə yaratdığı qadını
Mən tək əllə yazıram.

Üzməyimi bilmirik, niyə bizi dərd boğur,
içimizdə kin yatır?
O qədər uzağıq ki, sən tərəfdə gün doğur,
mən tərəfdə gün batır.