Sənan Səfərov. Biz uşaq olanda adamlar ölmürdü (ŞEİRLƏR)

Sənan Səfərov. Biz uşaq olanda adamlar ölmürdü (ŞEİRLƏR)


***
deyə bilmədiyin sözlərin tozu
üstünə bulaşıb.
bu səliqəsiz susqunluğun içindən
göyərir tikan.
paltarını yuyub təmizləyəndə
bir ölü məktub cibinə batır,
olur yaran.

vücudunda gəzişən giziltilərdən,
yığıb özünə düzəltdiyin ağrı 
bir müddət sonra keyiyir.
bir də görürsən ki,
allahla nahar süfrəsindəsən
için içini yeyir.

hər şey üstünə gələndə,hər şey üst-üstə
gələndə
ömür adlı divardan özünü atırsan yuxarı,
amma yerin cazibə qüvvəsidir 
səni getməyə qoymayan səmaya sarı..
üzünə qonur toz,sönür söz..



***
sözlərin ən gözəli danışmamaqdır,
ən gözəl qışqırmaq boğazdan asılmaqdır.
yalançı xəbərlərin hamısı televizorda var,
ən gözəl günlər yatmaqla keçir,
şahiddir divan, divar.
ən çox öləndə, ən çox da yaşamaq istəyirik,
hərdən dərdimizi danışıb kiməsə,
hamıdan uzaqlaşmaq istəyirik..



***
biz uşaq olanda adamlar ölmürdü,
allah da babamız idi.
dünyanın ən güclü adamı isə
atamız idi.
göz yaşlarımız dumduru
çirklənməmişdi,
gülüşlər yanağımızda çiçəklənmişdi.
biz uşaq olanda yox idi uzaqlar,
körpü idi,isti idi ,bütün divarlar.
günəşə gülümsəyib ardınca qaçardıq
hər sabah qollarımızı səmaya açardıq.
biz uşaq olanda çox böyük idik,
dünyanın daşıdığı sevgi yükü idik.

***
sən həzin bir musiqisən,
çökmüsən,
şərab şüşəsinin dibindəsən.
sənə toxunmaq üçün 
özümdən getməliyəm,
yol olmalıyam.
səni qucaqlamaq üçün,
hər tərəfimdən qol olmalıyam.
içməliyəm ağacların səma sevgisini,
içməliyəm,
ilbizlərin sürünən dua səsini.
sən həzin bir musiqisən,
xəyalsan,xülyasan,
sən həzin bir musiqisən,
şeirli melanxoliyasan.


***

dəniz sahili pıçıldayır balıqqulaqlarına,
süküt bir anlıq,
qumsallıq...
yumurtadan çıxan bala tısbağalar
tələsir suların göy rənginə,
qarışmaq istəyi var hər birində
həyatın ahənginə.
şığıyır vəhşi quşlar 
bu astaca tələsənlərin üstünə,
qalxır tısbağalar göyün ölüm üzünə.
dəniz sahili qışqırır balıqqulaqlarına...


***
dəli küləklər döyür,
pəncərə şüşəsini.
vəhşi təklik çeynəyir,
bir adam tikəsini.
səpələnib darıxmaq,
otaqdan otaqlara.
getmək olmur heç yerə,
ilişib ayaqlara.
dəhliz uzanıb gedir,
bu bədənin içindən.
bir səs soraq da gəlmir,
divar qapının çölündən.
işıqlar öləziyir,
rəngi-ruhu saralır.
adam uzanıb ölür,
gecənin qanı qaralır.