Sənan Səfərov. Onu da günəş dimdiklədi... (ŞEİRLƏR)

Sənan Səfərov. Onu da günəş dimdiklədi... (ŞEİRLƏR)

***

getdikcə sənə çevrilirəm sevgili,
bu yalnızlığın dadına baxan bir
tısbağa melonxoliyası
üzünü turşudub ömrün qınına çəkilir.

ayaqlarından yorulan küncün
dabanına tüpürüb qaçmaq da olmur.
fotoların fonunda gizlənən melodiyalara
qulağının qucağını açsan da
çatmaq olmur...

***

qaranlığın içində işaran itin səsi,
elədi gecəni nigaran,nigaran itin səsi.
gedənlərin heç biri gəlmədi, gəlmədi
yol çevrilib söz oldu, dinmədi, dinmədi.

quyuya düşən gözün içindən sular axdı,
qol dönüb ağac oldu, qucağı boş buraxdı.
zamanın yalın izi ilişdi yaddaşlara,
öldü bir-bir adamlar yazıldı yad daşlara.


***

vəhşi darıxmaq gəlir
qoparır ürəyimi,
qaldırıb çırpır yerə,
ağrıdır kürəyimi.

sözlər hərf-hərf qopur,
düşür dilimin ucundan.
qara kölgələr keçir
uzanan göz yolundan.

seyrəkləşir saçlarım,
arasına dən düşür,
dərinləşir qırışlar,
ruhum bədəndən düşür.

***

ən gözəli sevgidir,
məsələn,
atanın qızına, qızın atasına
olan sevgisi...

tutub bu sevginin əlindən qaçasan,
üzü allaha doğru,
üşüməzsən, bilərsən ki,
çiynindədir günəş istisi...

ən gözəli sevgidir,
məsələn,
küçədəki ac pişiyi, ac iti yedirtmək,
sevgisi...

ən gözəli sevgidir,
məsələn,
kainatın hər zərrəsini sevmək,
toxumunu, yarpağını, torpağını,
bütün insan dənəsini sevmək...

ən gözəli sevgidir,
məsələn, tanrını sevmək.
daha çox sevəndə daha çox olur insan,
daha çox ölür insan ,demək...
ən gözəli sevgidir...


***

buludlar göy üzündəki qardı,
onu da günəş dimdiklədi,
külək apardı.
dənizə çevrildi səmanın üzü,
batdı dərinliklərdə yerin gözü.
boğuldu dünya öz içində
tanrı paltar tikdi bəşərə
bax bu biçimdə...

***

axşam saatlarında eşidilir azan səsi, 
tələsir avtobuslar içi dolu adamla,
köçür quşlar şəhərdən asta-asta, aramla.
parıldayır evlərin ümidli pəncərəsi,
allahı yada salır çəkilən azan səsi.

bir daş qopub sinədən, yuvarlanır səs boyu
göz yaşı buxarlanır udqunan nəfəs boyu.
bu şəhərin içində, bu kütlənin içində,
bir nəfərin içində qapısı adam gözləyir.
duaların xeyri olmur, heç bir kimsə də
gəlmir.

çəkilir sübh azanı, allah qalxır yuxarı
bir nəfər asta-asta düşür üzü aşağı

***

yuxusu gəldi dünyanın,
ağaclar əsnədi budaq-budaq.
gecə düşdü torpaq üstünə,
yorğan oldu yarpaq-yarpaq.

al-əlvan rəngə boyandı,
dünyanın payız yuxusu.
səpələndi hər yerə
duman, yağış qoxusu...

tısbağalar uçmaq istədi,
çəkildi quşlar qınına,
dünyanı yuxulu-yuxulu
payız aldı yanına.