“Sənətkarın taleyi” ində sənətkarlıq məsələləri

“Sənətkarın taleyi” ində sənətkarlıq məsələləri

 Aynurə  Mustafayeva
"Sənətkarın taleyi” ində sənətkarlıq məsələləri
                 
Elçinin Azərbaycanda professional teatrın yaradıcısı böyük və fədakar aktyor H.Ərəblinskiyə həsr olunmuş "Sənətkarın taleyi”  dramı rejissor İranə Tağızadənin quruluşunda  artıq bir ildir, Akademik Milli Dram Teatrının repertuarında yer alır. Əsərin səhnə həyatı uğurlu alınmış, tamaşaçı auditoriyasını qazana bilən bir tamaşaya çevrilmişdir. Bədii material böyük aktyorun sənət sevgisin, ağrılı səhnə yolunu və faciəli  ölümünü çatdırmaq   kimi  məqsədlərlə yüklənmiş,  rejissor da bu məqsədlərdən yayınmamış, onu 
İlk öncə onu qeyd edək ki, tamaşa son dövrlər tamaşaçının ən ciddi səhnələrdən, ən dramatik və tragik əsərlərdən belə görüb-eşitməyə adətkardə olduğu vulqar tərzdən və ucuz hırıltı yaratmaq cəhdlərindən uzaqdır. Açıq-aydın görünürdü ki, rejissor da, onun truppası da bütövlükdə əsərin mahiyyətinə köklənə, və bu mahiyyətin səhnədə canlandırılması üçün yaxşı bir ansamblda birləşə bilmişlər. 
Tamaşanın uğrunu təşkil edən ən başlıca amil rejissorun düzgün aktyor seçimi  idi.  Aktyorlar nəinki ifaçılıq qabiliyyətləri ilə, həm də zahiri görünüşləri ilə səhnədə effekt yaradır, obrazı tamamlayırdılar.  Xüsusilə Ərəblinski obrazının  F. Atakişiyevin tapşırılması düşünürük ki, doğru seçim idi. Aktyor istər ifası, itərsə də zahiri ilə tamaşaçı təsəvvüründə bir Ərəblinski yarada bilirdi. Onun çılğın, qaynar, işgüzar bir cizgilərlə yaratdığı obraz  tamaşaçını  sehrləyir, Ərəblinski sənətinin və şəxsiyyətinin zirvəsinə aparırdı. F.Atakişiyevin ifasının qətiyyətli ədaları və tonu ilə Ərəblinskini böyük güc və iradə sahibi kimi təqdim edir.    Aktyorun ifası tamaşaçı düşüncəsini bu obrazda  düyünləyir,  onun hislərini hərəkətə gətirir. Onun hər səhnəyə gəlişini tamaşaçı intizarla gözləyir. 
Natəvan Hacıyevanın ifasında xəstəhal, bədbəxt Maya obrazı kifayət qədər uğurludur. Onun zahirindəki zəriflik və zəiflikdən tutmuş libaslarına qədər obrazın canlandırılmasında seçilmiş dəqiq, doğru detallardır. Bu zəriflik və zəflik Ərəblinski vüqarı və əzəməti ilə qarşı qarşıya durduqda isə  səhnənin təsiri və həyəcanı daha da artır. 
Sona-xain bir ölümə gedilən yolda baş verənləri çox məharətlə canlandıran aktyor ansamblının oyunu son nöqtədə aktyor H.Rəhimovun ifasında zəifləyir.  Aktyorun ifasında istəmədən öz qan qohumunun qatili olmaq dəhşətini yaşayan və bundan böyük bir sarsıntı keçirən insanın iztirablarını müşahidə edə bilmirik. Bununla da tamaşanın tragik sonluğu bir qədər dayazlaşır. Ancaq tamaşanın rejissor traktovkasında qazandığı sonluq-xain bir xəncərlə qətlə yetirilmiş Ərəblinskinin dirçələrək ağ  dumanlar içində qərqi   finalı möhtəşəm edir.  
Ancaq tamaşada bəzi pyesin özündən gəlmə dinamik və dramatik görünməyən məqamlar vardı ki, bu da  tamaşanın ümumi keyfiyyətini aşağı salırdı. Süjetin daha çox Ərəblinskinin həyatından lövhələr şəklində qurulub, süjet boyu ardıcıl bir motivin görünməməsi tamaşaçı diqqətini və marağını pərakəndə vəziyyətə salır. Əsərin süjeti təxminən bu xətt üzərində qurulub: Ərəblinski şəxsiyyətinə maraq və diqqət, böyük sənətkarın sənət yolunun möhtəşəmliyi və çətinliyi, bu yolun tragik sonluğu.  Əsərdə bu məqamları bir-birilə birləşdirən  ardıcıl motiv yoxdur, onları ümimi bir xətdə birləşdirən və bağlayan  Ərəblinskinin şəxsiyyəti və fəaliyyətidir. Hadisələr müəyyən bir  bədii problemin yox, bir bədii portretin ətarfında düzülür. Əsərdə bütün  səhnələr bu bədii portretin yaranmasına və tamamlanmasına xidmət edir.  Bəzən bu portret həddən artıq müstəqim mənada deyilmiş sözlər vasitəsilə yaradılır.  Ərəblinski sənətinin şəninə deyilən bu sözlər   Ərəblinski sənətini göylərə yüksəltsə də, əsərə bir şüarçılıq gətirərək  tamaşnın ümumi bədii səviyyəsini endirir.
    Qraf və qubernatorun   tarixi-siyasi məzmunla yüklənən söhbəti isə süjetin əsas motivinə qoşula bilmir, əsərdəki hərəkəti ləngidir. Rusiya imperiyasının siyasi mövqeyinin ifadəçisi olan bu obrazlar  tamaşaçı üçün maraqlı personaja çevrilmirlər, onların dilindən artıq hamıya məlum olan məşhur tarixi həqiqətləri bir daha dinləmək məcburiyyətində qalan   tamaşaçı  usanır, bu səhnənin tez bitməsini arzulayır.      
   Ərəblinski Maya xətti, yaxud Ərəblinski Qrafinya xətti əsərdə Ərəblinski  şəxsiyyətinə işıq salmaq baxımından əhəmiyyətli olub, əsərin əsas motivinə çevrilə bilmir. Bu xətlərin əsərdə bir-biri ilə kəsişməyən, qısa bir yol keçməsi tamaşaçını Ərəblinski həyatından ayrı-ayrı lövhələrin seyrçisi edir, tamaşaya müəllifin xəbərdarlığına rəğmən, onun həyati faktlarala nə dərəcədə səslənib-səslənməməsindən asılı olmayaraq bioqrafik bir  ton vermiş olur. Ərəblinskini  izləyən ölüm təhlükəsinin əvvəlki hadisələrdə yer almaması,  yalnız finalda qəfil  peyda olması bu səhnəni dramatik bir xəttin sonluğu kimi yox, Ərəblinski həyatının sonluğu kimi təqdim edir.
Bütün bunlara rəğmən pyes tamaşanın uğru üçün bədii material vermişdir.    Tamaşa isə  Ərəblinskinin bədii portereini bütün əzəməti və möhtəşəmliyi ilə yarada, zalı isə yalnız etika xatirinə səslənən deyil, səmimi, içdən gələn bir alqış sədaları ilə doldura bilir.