Sənubər İsgəndərlinin 8-ci əri olmaq istərdim - TƏƏSSÜRAT

Sənubər İsgəndərlinin 8-ci əri olmaq istərdim - TƏƏSSÜRAT

Əziz Rzazadə

Bizim aktyorlar hardasa fədakardırlar, yarıboş zal üçün də tamaşanı sonadək oynayırlar. Elə biz, jurnalistlər də onların ruh əkizləriyik. Yazımızı oxuyacaq ən azı bir oxucu varsa, "bu sənətdə hələ qalmağa dəyər”, – deyirik. İndi də ümidim onadır ki, Dövlət Dram Teatrında tamaşaya qoyulan "Varlı xanımın gəlişi” haqqında Modern.az-dakı qeydlərimi ən azı bir nəfər oxuyacaq.

Afişada məhz bu tamaşanı seçməyim təsadüfi deyildi. Fridrix Dürrenmatt Avropa ədəbiyyatında möhür-imzalardan biridir. Sıradakı ikinci isveçrəli yazıçı isə təbii ki, "Ətriyyatçı”sı ilə tanınan Patrik Züskindir.

Çox uzatmayım, "Varlı xanımın gəlişi” baxılası tamaşadır. Düzdür, bəzi məqamların varlığı şəxsən məni bir tamaşaçı kimi qane etmədiyindən oturduğum kürsüdə qurcalanmağa vadar etdi. Necə də olmasın, əhvalat 1955-ci ildə cərəyan edir. Lakin kasıb, səfalətlə boğulub qısırlaşmış Hüllen şəhərinin sakinlərini gördükdə Zaman və Məkan anlayışlarında çaşqınlıq yaşayırsan. Geyim seçimi çox pintidir, ondan da pisi səhnədə istifadə olunan rekvizitlərdir. Başa düşmək olmur Alfred İlli (aktyor Ramiz Novruz) öldürmək istəyən Hüllen sakinləri niyə 19-cu əsrin silahlarından istifadə edir?..

Başqa bir məqam: tamaşanın ilk hissəsində xanım Klara Veşeri (Sənubər İsgəndərli) qarşılamağa çıxmış məiyyət arasındakı keşiş (Kazım Abdullayev) öz geyimi ilə daha çox yəhudi ravvinini, polis isə (Kazım Həsənquliyev) sovet ordusunun zabitini xatırladırdı. Son səhnələrin birində keşişin "Bibliya” ilə bərabər "Zəbur”u da əlinə götürməsi, üstəlik, Alfred İllin ölümqabağı tövbə etdirmə səhnəsində katolik ruhaninin "Peyğəmbərimiz buyurub ki...” replikası mənim kimi deyəsən bütün tamaşaçılara çatmadı...

Yerdə qalana söz yox, yaxşıydı, düşüncə üçün yetərincə qida verirdi. Əlbəttə, nə Fridrix Dürrenmatt "Varlı xanımın gəlişi”ni yazarkən Azərbaycanı nəzərdə tutmuşdu, nə Hüllen şəhəri Azərbaycanın hansısa şəhərinin, tutalım, Bakının tayı-bərabəriydi, amma tamaşada paralellər, oxşarlıqlar aparmaq üçün yetərincə replika, jest vardı. Burqomistr (Nurəddin Mehdixanlı), Müəllim (Hacı İsmayılov), Həkim (Telman Əliyev) sanki gerçəkdən səhnəyə köçmüş obrazlar idi, öhdələrinə düşən rolları peşəkarlıqla ifa edirdilər. Sənubər İsgəndərli də bu tamaşada göstərdiyi səyin qarşılığını sonda sürəkli alqışlarla aldı. Xüsusən ikinci hissədə Hüllen sakinləri nəhayət ki üzərində "Narahatlığa görə üzr istəyirik” lövhəli ictimai ayaqyolunun açılış mərasimini etdikdə zalı acı gülüş və alqış səsləri bürümüşdü.

Klara Veşerin intiqam hissindən doğan şəhərə 1 milyard dollarlıq ianə verməsi, bu ianənin qan bahası sayılacaq Alfred İllin elliklə mühakimə səhnəsinə tamaşa etdikcə nədənsə eks-deputat Gülər Əhmədova yadıma düşürdü. Amma bunu da görməməzliyə vurmaq olmazdı ki, gerçək Alfredd İll – Gülər Əhmədova öz rolunu aktyor Ramiz Novruzovdan daha yaxı oynamışdı və indi də oynayır.

Sözün düzü, təəssürat güclüydü və hətta tamaşa bitdikdən sonra zalı tərk edib çölə çıxanda özümü sanki Azərbaycan boyda Hüllendə hiss etdim. Yanımdan ötən gənc tamaşaçılardan biri isə "Varlı xanım”ın 9-cu əri – bircə replikası belə olmayan aktyor Elçin Əhmədovun oyunundan təsirlənmişdi: "Ay Allah, o necə də qəşəng oğlan idi?!”

Qısası, hərə bu tamaşadan bir cür pay götürmüşdü. Hətta mən də bu tamaşada Klara Veşerin – Sənubər İsgəndərlinin 8-ci əri olmağa razı idim...

P.S.
Nə gizlədim, tamaşa məndə elə bir təəssürat yaratdı ki, elə ertəsi Googl-da "Varlı xanımın gəlişi” ilə bağlı araşdırmaya başladım. Və ilk təəccübüm – əsərin orijinalında (tərcümə Dilsuzundur) Klara Veşer əslində Klara Saxanassyandır, yəni qızlıq soyadı Veşer olan məzlum məşuqə-fahişə erməni milyarderin yeganə varisidir! Tamaşada bu soyad qəti hallanmadı.

Orijinalda olan səkkizinci ər personajı da "Azdrama”nın "Varlı xanım”ında nədənsə yoxdur. Tamaşada olmayan bir neçə başqa personajı da sadalamaq olardı. Bədii mətndəki sonluq da tam fərqlidir. Buna kiminsə məntiqli izah verə biləcəyini düşünmürəm. Amma əsas odur ki, yalnız "Varlı xanımın gəlişi”nə baxdıqdan sonra ona quruluş vermiş rejissor Rövşən Almuradlının niyə işsiz qalmasını anlamaq olar.

Modern.Az