Serial üçün hər telekanala 500 min manat

Serial üçün hər telekanala 500 min manat

Milli Televizya və Radio Şurası (MTRŞ) milli teleserialların çəkilməsi ilə bağlı telekanalların hər birinə 500 min manat vəsait ayıracaq.

Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, aprelin 6-da MTRŞ-nın iclası keçiriləcək. İclasda televiziya kanallarına yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələyə baxılacaq: “Mayın 1-dən Azərbaycanda əcnəbi serialların yayımı birmənalı olaraq dayandırılacaq. Burada başqa problem ola bilməz. Bəzi televiziya kanalları söhbət yayır ki, bu müddət uzadılsın. Amma belə şey olmayacaq”.

Şura sədri bəzi telekanalların yeni serialların dublyajına başlamasını onların hüququ adlandırıb: “Telekanalların hər biri hüquq çərçivəsində fəaliyyət göstərir. Bu gün onlara bu hüquq verilib. Amma mayın 1-dən həmin hüquq onlara verilməyəcək. Görüm, ondan sonra həmin kanallar o serialları efirə verə biləcəkmi? Çox yaxşı olardı ki, telekanallar əhalini nəzərə alsın, yəni serialı başlayıb sonra yarımçıq kəsməsin. Çalışsın ki, mayın 1-nə kimi serialları tam göstərsin. Biz hələ ötən ildən televiziya rəhbərlərinə bununla bağlı bildirmişik ki, mayın 1-dək bu məsələ tam həll olunsun. Onlar bunu etmək istəmirsə, fikirləşirsə ki, bu müddət uzanacaq, yanılır”.

APA