Şərif Ağayar:

Şərif Ağayar: "Bir var iş görənlər, bir də var qəmiş qoyanlar..."

"Kərpickəsən kişinin dastanı” hekayəsi ilə Milli Kitab mükafatının uzun siyahısına (20-lik) düşən yazıçı Şərif Ağayarla müsahibə.

- Adınız Milli Kitab Mükafatının uzun siyahısına düşdü. Bir ədəbiyyat adamı kimi 20-liyi necə qiymətləndirirsiniz?
- Kifayət qədər normal siyahıdır. Ümumiyyətlə, dünyadakı bütün müsabiqələrdə şərtilik var. Mütləq həqiqət, hamını qane edəcək bir işi görmək qeyri-mümkündür. Demək olar ki, ortada olan mətnlərin bir çoxu ilə tanışam. Aralarında tanımadığım müəlliflər də var. Çalışacam ki, onların da əsərlərini oxuyum.

- Həm 20-liyin elan olunduğu tədbirdə belə bir fikir səsləndirildi, həm də ara-sıra mətbuatda gedən yazılarda qeyd olunur ki, bu müsabiqə Azərbaycan ədəbiyyatının heç də yaxşı vəziyyətdə olmadığının göstəricisidir. Hətta bəziləri "iflic olmuş ədəbiyyatımız” kimi ifadələr səsləndirirlər. Buna münasibətiniz...
- Biri var iş görən adamlar, biri də var kənarda dayanıb qəmiş qoyanlar. İşi görmək, ortaya əsər, fakt qoymaq daha çətindir. Hərə öz aləmində bir siyahı tutur ki, belə olmalıdır, yaxud da deyilir: "Ədəbiyyat iflic olub”. Ümumiyyətlə, hesab edirəm ki, çağdaş ədəbiyyatla bağlı bu cür fikir söyləmək naşılıq əlamətidir. Düzdür, ədəbiyyatımızın çox ciddi problemləri var. Onlardan danışanda konkret faktlar, istiqamətlər göstərmək çox çətindir. Məsələn, mən də qarşılığında deyərəm ki, ədəbiyyatımız çox yaxşı vəziyyətdədir və s. Bunların hamısı topdansatış düşüncədir, bu cür düçünənlərin naşılığının, ədəbiyyatdan xəbərsizliyinin, mütaliə etməməsinin göstəricisidir. Azərbaycan ədəbiyyatı inkişaf yolundadır, olduqca istedadlı, güclü gənclər var. Onlar üçün şəraitin nə vəziyyətdə olması isə başqa söhbətdir. Bizdən yaşlı nəslin nümayəndəsi olan Əkrəm Əyrislinin bir fikrini deyim. O, mətbuatda bu fikri çox işlədib: "Mən Azərbaycanda heç vaxt bu qədər güclü gəncliyin olduğunu görməmişəm, müşahidə etməmişəm”. Azərbaycan ədəbiyyatında bu gün çox güclü potensial var. Belə olan halda iflicdən söhbət gedə bilməz. Bunu deyən adamın ola bilsin mütaliəsi azdı, yaxud da nəyəsə acığı tutub, əsəri haradasa keçməyib və s. Belə bir hal müşahidə olunur ki, kimin əsəri keçirsə, pozitiv danışır, kiminki bəyənilmirsə, başlayır tənqidə.

- 20-liyə düşənlərin bəziləri, məsələn, Taleh Şahsuvarlı hesab edir ki, yaşlı nəslin bu müsabiqədə iştirakı yersizdir. Siz necə düşünürsüz?
- Mən 20-liyə daxil olmuş bir yazar olaraq rəqblərimin heç birinə deyə bilmərəm ki, burada niyə iştirak edirsən? Bunu düzgün də saymıram. Ancaq kənarda olanların, məsələn, Aqil Abbasın deməyini düzgün hesab edirəm və onu haqlı sayıram. Doğrudan da, mən Mövlud Süleymanlının nəvələri yaşında olan uşaqlarla yarışmaya girib, nə sübut etmək istədiyini hələ də başa düşə bilməmişəm. O, nəyi sübut etmək istəyir? Əgər o, sübut etmək istəyirsə ki, Şərif Ağayardan yaxşı yazır, bu, o cür olmasa belə, mən etika xatirinə öz yerimi ona verə bilərəm. Söhbət bundan gedir. Biz onun yazdıqlarını kifayət qədər oxumuşuq, tanıyırıq. Allah canını sağ eləsin, kifayət qədər ədəbiyyatımız üçün iş görmüş adamdır. Əgər o, əsərini Nobel mükafatına təqdim etsəydi, anlamaq olardı. Mövlud müəllim Azərbaycanda ən böyük ad olan "xalq yazıçısı” adını alıb. Daha nə istəyir? Yalnız o deyil, elə Seyran Səxavətin də nəyi sübut etmək istədiyini anlamıram. Bəlkə Seyran müəllim sübut etmək istəyir ki, onda nəsə başqa bir nəfəs açılıb? Mən buna da inanmıram, açığı gözləmirəm belə bir iş edə bilsin. Yəni, nədirlərsə, odurlar. Müsabiqənin məqsədi hansısa qabiliyyətliləri ortaya çıxarmaqdırsa, bu adamlar işə mane olurlar. Onlar gələcəkdə Münsiflər Heyətini də pis vəziyyətdə qoyacaqlar. Tutaq ki, əsər xoşlarına gəlməyəcək, amma xalq yazıçısının adı qarşılarını kəsəcək. Adamları dilemma qarşısında qoyurlar. Məncə, onlar müsabiqəyə əsər verməsəydilər, daha yaxşı olardı. Yaş həddi, ədəbiyyatda statusları bir-birinə yaxın olan adamların savaşması daha maraqlı olardı. Bu mənada Taleh Şahsuvarlı ilə razıyam. O mənada razı deyiləm ki, müsabiqədə iştirak edən adamın öz rəqibinə "sən geri dur, mükafatı mən alım” deməsi qeyri-ciddi səslənir.

- Münsiflər Heyətində təmsil olunan insanlarla bağlı da müxtəlif rəylər var. Siz necə, Münsiflər Heyətindən razısınızmı?
- Ümumən razıyam. İnanıram ki, obyektiv qiymət verib ən yaxşı əsəri dəyərləndirəcəklər. Razı olmasaydım, yəqin ki, heç əsərimi təqdim də etməzdim.

- "10-luq”da özünüzü görürsünüzmü?
- "10-luq”a düşməyi arzulayıram. Yenə də deyirəm, inanıram ki, həm Ekspertlər Şurası, həm də Münsiflər Heyəti obyektiv qərarlar verəcəklər. Ümumiyyətlə, kimin mükafat alıb hansı yerə çıxmasından asılı olmayaraq, demək istəyirəm ki, ciddi şirkətləri ədəbiyyat layihəsinə cəlb etmək istiqamətində görülən işləri, bu mükafatın təsis olunmasını çox böyük iş hesab edirəm. Hətta bunu ədəbiyyat tarixinə düşəcək bir hadisə də saymaq olar. Çünki indiyə qədər bu cür məşhur şirkətləri biz heç vaxt ədəbiyyatın ətafında görməmişik. Ona görə də Milli Kitab Müafatını ədəbiyyatımızın inkişafı, istedadlıların üzə çıxması istiqamətində böyük addım sayıram. Nigar Köçərli başda olmaqla, bu layihəyə əməyi keçən hər kəsə təşəkkür edirəm. Doğrudan da, bu layihənin həyata keçməsinə çox sevinirəm.

Aynur
Milli.Az