Şərif Ağayar:

Şərif Ağayar: "Ciddi ədəbiyyat fədakarların ümidinə qalıb"

Milli Kitab Mükafatının finalçısı, yazar Şərif Ağayarın Milli.Az xəbər portalına müsahibəsi.

- Bir zamanlar sizin imzanıza ədəbi mətbuatda daha tez-tez rast gəlirdik, sizə elə gəlmirmi, son vaxtlar yaradıcılığa daha az vaxt ayırırsınız?

- Vaxtdan danışma! Ən yaralı yerimdi bu saat... Bir loxma çörək dalınca düşmüşük, arada arvaddan-uşaqdan, bu bivec dünyadan oğurlanıb nəsə yazıram da. Sizə deyim bu təkcə məndə yox, bütün yaradıcı dostlarımda belədir. Ciddi ədəbiyyat fədakarların ümidinə qalıb. Bizim işimiz təmənnasız nəğmə oxuyan bülbülə bənzəyir. Şairin bülbüllüyü elə də faciəvi deyil. Ancaq proza ilə məşğul olanların ilham pərisini gözləməsi və ya yaradıcılığı günəş təmənnasızlığı ilə eyniləşdirməsi gözgörəti faciədir. Sizə bir sirr açım, mən ömrüm boyu heç bir yazıma enerjimin onca faizini qoya bilməmişəm. Yaşamaq peşində sərf etdiyim vaxta və enerjiyə hərdən elə heyfim gəlir ki, oturub sıqqasıq ağlamaq istəyirəm.

- Sizcə bu gün Azərbaycan ədəbiyyatının ən vacib problemi nədir?

- Ən vacib problemlərdən biri ədəbiyyatın geniş oxucu auditoriyasının olmamasıdır. Bizi oxumurlar qardaş! Nə qədər çətin olsa da etiraf etməliyik. Əgər, istedadlı bir gənc yazarın kitabı heç 500 nüsxə satılmırsa yalnız fiaskodan danışmaq olar. Reallıq budur, ancaq kimsə istəyirsə onu yalandan həvəsləndirim, bunu da bacararam. Nə qədər ki, Azərbaycan yazıçısı çap elədiyi kitabın heç olmasa maya dəyərini çıxara bilmir, ədəbiyyatın inkişafından danışmaq adamı dolamaqdır. "Sənət sənət üçündür” ideyasına qapılıb papağını günə yandıranlara qısa bir mesaj vermək istəyirəm; bu günün ədəbiyyatı həm sənət, həm kütlə üçündür, heç bir mütləq qənaət tanımır, tanımaq istəmir, onu ələ salıb lağa qoyur, rüsvay edib gündəmdən kənara tolazlayır. Ancaq həvəsdən düşmək olmaz. Bizim borcumuz cəmiyyətin nadanlığı qarşısında tab gətirib estafeti gələcək nəslə ötürməkdir. Kimin əlindən nə gəlirsə əsirgəməməlidir.

- Yazıçı ilə oxucu arasında yaranmış uçurumun doldurulması üçün nə etmək lazımdır və bunu kimlər etməlidir?

- Bu sual ətrafında çox baş sındırmışam, sizə desəm ki, çıxış yolu görmürəm məni qınamayın. Azərbaycan absurd həqiqətlər məkanıdır. Məsələn, dünənə kimi "kişiliyimizə” xeyir-dua verən "toylar kralı” efirdən heca vəzninin nə olduğunu bilmədiyini etiraf edir, dövlət himninin musiqisinin müəllifini tanımır... Onu qınamıram, əksinə, belə bir müdhiş həqiqəti bizə göstərdiyi üçün Səməd Səmədova yağlı bir təşəkkür düşür. Məncə bu, dünyada analoqu olmayan hadisədir.
Bu xalq mənim həyat və yaradıcılığımı Namiq Qaraçuxurlunun şit-şit meyxana və mahnılarına çoxdan dəyişib. İndi gəlin görək biz belə oxucularla aradakı uçurumu götürməklə nəsə qazanacağıqmı?
Azərbaycanda oxuduğun hər bir ciddi kitab səni insanlardan, qohumlardan, dostlardan bir addım da uzaqlaşdırır və özünü hava çatışmazlığında hiss edirsən. Cəmiyyətimizdə kütləvi nadanlıq sindromu hökm sürür. Bunun qarşısında şəxsən mən acizəm, yoruluram. Sabir elə bilirdi, oxusaq hər şey düzələcək. Amma indi üç-dörd diplomu olan, beş-altı dil bilən, Avropanı su yoluna döndərib gününü teatrlarda keçirən elə heyvərələrə rast gəlirsən ki, başını daşa-divara döymək istəyirsən.

- Ədəbiyyatın inkişaf etməsində "ədəbi cərəyanlar”ın fərqliliyi nə dərəcədə rol oynaya bilər; ümumiyyətlə, belə cərəyanların "keçiricilik qabiliyyəti” və cəmiyyətin bu cərəyanlara qarşı "müqavimət qabiliyyəti” necədir?

- Biz modernizmdən sonrakı xaosabənzər epoxada yaşayırıq. Bu xaos "özünü axmaq yerinə qoyub” indiyədək ədəbiyyata bəlli olan bütün qaydaları inikas edə bilir. Bəhs etdiyim prosesə işlərin asanlaşması kimi baxmaq yanlışlıq olardı. Əksinə, vəziyyət daha da mürəkkəbdir. Biz simvolikadan istifadə edə bilərik, ancaq simvolist ola bilmərik. Bu gün futurizmdən, ekzistensializmdən bəhrələniriksə, o demək deyil ki, futurist və ya ekzistensialistik. Bu günün ədəbiyyatı ən yekəbaş dəyərləri belə şübhə altına alır, ona yeni, istehzalı münasibət tələb edir. Heç nə kamil deyil, hər şey şərtidir və oyuna bənzəyir. Bütün mürəkkəb situasiyalar inandırıcı realist xətt boyu sadə və bəzən qəsdən primitiv dillə təqdim olunur ki, bu da çağdaş əsərin kütləviliyini təmin edir. Çağdaş əsərlə kütləvi oxucu arasında problem olmamalıdır.
Yeri gəlmişkən bir maraqlı məsələyə də toxunmaq istərdim. Bu gün dünyada özünü doğruldan ədəbi dəyərləri olduğu kimi Azərbaycana tətbiq etmək mümkünsüzdür. Çox zaman Azərbaycanı yaxşı bilən yazarların dünyadan, dünyanı yaxşı bilənlərin isə Azərbaycandan xəbəri olmur deyə dünya təcrübəsindən bəhrələnmələr əndrəbadi nəticələrə gətirib çıxarır və biz uğurlarımızdan deyil məğlubiyyətlərimizdən örnək götürmək məcburiyyətində qalırıq. Məsələn, Bulqakovu oxuyanda "Qətl günü” kimi əsər yazmamağı öyrənirik. Bu da pis təcrübə deyil, kasıbın olanından... Əsas məsələ, Azərbaycana nəyi necə gətirməkdir. Biz Avropanın kostyumunu geyinib, telefonunu işlədib, maşınını mindiyimizdə mahiyyətimiz köklü şəkildə dəyişmədiyi kimi, sənətdə də yeni dəyərləri qəbul edərkən özümüzdən çıxmamalıyıq. Haraya atılıb düşsək də, ədəbiyyatımız çox da bəyənmədiyimiz 60-cılar üzərində qurulacaq. Onların inkarı və yenidən dəyərləndirilməsi yolu ilə... İnkar isə üzərinə "kres” qoymaq deyil, yaxşını mənimsəyib pisdən imtina yolu ilə reallaşır. Bu, inkişafın qaçılmaz qaydasıdır. Biz etiraf etməliyik ki, Kafkadan daha çox İsa Hüseynova bənzəyirik. Ancaq qarşısıalınmaz arzu ilə Kafkaya bənzəmək istəyiriksə, bununçün əldən-ayaqdan gediriksə, bu, artıq ədəbiyyatdan kənar məsələdir. Xammalımız var, o bizimdir, içimizin, ruhumuzun, düşüncəmizin məhsuludur, sadəcə bu xammalı çağdaş dəyərlərə uyğun istehsal etməliyik. Dəyərləri isə, maaləsəf ki, Avropa diktə edir. Qoy onu da deyim; 30-50-cı illərin sosrealizmi, konyuktura ədəbiyyatı indi necə bayağı görünürsə, nə vaxtsa sırf Avropanın diktəsinə hesablanan əsərlər də elə təsir bağışlayacaq. Baxın, o dövrün ədəbiyyatından salamat çıxan nədir – real qəhrəmanlar və yumor... Dedim axı, biz məğlubiyyətlərdən də örnək götürməliyik.

- "Bu gün ciddi ədəbiyyat yaranmır” fikrinə münasibətiniz necədir? Ciddi ədəbiyyat deyiləndə nə nəzərdə tutulur?

- Bu cür diletant qənaətlər üzərində müzakirə açmaq istəməzdim. Bizdə ciddi ədəbiyyatın özünü realizə etmək problemləri var. "Ciddi ədəbiyyat yaranmır” fikrini tariximizin ən rüsvayçı dövrlərinə belə şamil etmək olmaz. Ədəbiyyat həmişə var, bu davamlı, qarşısıalınmaz prosesdir. Baharın gəlməyi kimi... Ancaq bu ədəbiyyat nə gündədir, bizim ona münasibətimiz necədir, başqa söhbətin mövzusudur. "Ciddi ədəbiyyat yaranmır” deyənlərdən soruşun, görün sonuncu dəfə kimi oxuyublar. İnanın mənə, xəyal qırıqlığına uğrayacaqsınız.

- Bəlkə konkret misallarla fikrinizi əsaslandırasınız...

- Gəlin, elə misallarımızı diletantlara cavab şəklində quraq – zəhmət olmasa Salamın, Murad Köhnəqalanın, Xanəmirin, Sevinc Pərvanənin, Aqşinin, Zahir Əzəmətin, Günel Mövludun şeirlərini oxuyun, Əsəd Cahangirin, Nərmin Kamalın esselərini əlinizdən və ya monitorunuzdan yerə qoymayın. Təbii ki, mən yalnız ilk yadıma düşənləri dedim.
Daha sonra, Milli Kitab Mükafatı layihəsini, "Ən yeni ədəbiyyat” seriyasından çıxan kitabları oxuyun. Əgər istəmirsinizsə gedin, bozbaşınızı yeyib meyxananıza qulaq asın, daha durub ədəbiyyat üzərinə mollalıq eləməyin.

- Yeni kitablarda tövsiyə olunan nələr var; bu kitabların özəlliyi nədən ibarətdir?

- Milli Kitab Mükafatı da, "Ən yeni ədəbiyyat” da maraqlı kitablar nəşr etdilər. Gəlin arzulayaq ki, bu layihələr özünü doğrultsun, heç olmasa kitablara xərclənən vəsait çıxsın. Əks halda, ədəbiyyatı Nigar Köçərli və Şahbaz Xuduoğlu kimi xeyirxah insanların insafına tapşırmalı olacağıq. Ədəbiyyatımız başını hərləyə bilməyən cavana bənzəyir. Mənim belə bir qardaşım var, anam həmişə gizli-gizli ağlayır onun aqibəti üçün. Ancaq məsələ budur ki, qardaşımın bu çətinliklərə düçar olmasına səbəb onun təmizliyi, qoçaqlığı, kimsənin qarşısında əyilməməyidir.
İstedadsızlıq, qeyri-orijinallıq, bozluqdan seçilməmək bizim cəmiyyətimiz üçün böyük sərvətdir.
Sualınızın ikinci hissəsinə gəlincə, öncə Nərmin Kamalın "Umberto Eko və postmodenizm fəlsəfi” kitabından danışmaq istərdim. Kitabı çoxdan oxumuşam, ancaq mətbuatda nəsə söyləmək imkanım olmayıb. Məncə Nərmin Kamal bu kitabı ilə Azərbaycanın mədəniyyət tarixinə düşəcək. Bu kitab çağdaş ədəbiyyatımızın məhək daşıdır. Əsəd Cahangirin bir sıra məqalələri istisna olunmaqla tamamilə yeni hadisədir. Umberto Ekonun məşhur "Gülün adı” romanının sonunda monastr kitabxanası yanır. Bu, rəmzi mənada dünyadakı bütün kitabların yanması və yeni epoxanın başlanmasına işarədir. Nərmin Azərbaycanın "monastr kitabxanası”nı "yandırmaq” iddiasındadır. Sizə deyim, əgər müəllif bu kitab üzərində yenidən işləyib daha da zənginləşdirsə gələcəkdə ədəbiyyatımızı özünəqədərki və özündənsonrakı zaman kateqoriyalarına bölə bilər. Bunlar tərif üçün deyil... Şübhəsi olanın kitabla baş-başa qalmasını məsləhət görürəm. Şəxsən mənim üçün bu günün ədəbiyyatı Nərminin "monastr kitabxanası”na düşən və düşməyən kitablardan ibarətdir.
"Ən yeni ədəbiyyat” seriyasından hələlik Aqşinin və Sevinc Pərvanənin kitablarını oxumuşam.
Aqşinin "Göləqarğısancan”ı müstəsna istedad və gözəl bədii dillə qələmə alınıb. Onun dilini, obrazlı ifadə tərzini, poetik gücünü kimsə ilə müqayisə etməkdə çətinlik çəkirəm. Ancaq "Göləqarğısancan”ı romandan daha çox nəhəng bir şeir, şairanə dillə yazılmış uzun bir köşə kimi oxudum. Prozanın, o cümlədən çağdaş nəsrin bir sıra tələbləri var ki, müəllif onlara əməl etməyib, zərgər mağazasının vitrinlərinə külçə qızıl tökməklə kifayətlənib. Nəsrdə struktursuzluq özü də bir struktur içərisində olmalıdır. Bir var yol işarələrini bilə-bilə qaydanı pozasan, bir var bilməyə-bilməyə...
Sevincin "Şəhər”ində maraqlı struktur var, oxunaqlıdır, ancaq əsər çox tələsik, adi redaktə xətaları ilə çap olunub. Necə deyərlər dəmə qoyulmayıb, bişməyib.
Sevinc Azərbaycan ədəbiyyatında qadın hisslərini olduğu kimi qələmə alan ilk yazarlardandır. Onda dahiyanə səmimilik var. Sevinci oxuyanda görürsən ki, səmimiyyət üçün həm də böyük cəsarət lazım imiş. Sovet dövründə "səmimi” sözü o qədər yerli-yersiz işlənib ki, adam iyrənir bu sözdən. Belə sözlərin əsl mənasını geri qaytarmaq da bizim boynumuza düşür.
Maraqlı yazarlar sırasına şübhəsiz ki, İlqar Fəhmini və Jaləni də əlavə edərdim. İlqarın struktur ustalığı bir çox gənclər üçün nümunə ola bilər. Jalə zərif müşahidələri ilə diqqətəlayiqdir. Lap gənclərdən Cavid Zeynallını, Mövlud Mövludu, Ayxanı, Aliki, Qisməti, Elvini maraqla oxuyuram.

- Milli Kitab Mükafatı layihəsində onluğa düşən əsərlərdən biri kimi sizin də "Kərpickəsən kişinin dastanı” povestiniz kitabı şəklində çap olundu. Bu barədə nə deyə bilərsiniz?

- "Əli və Nino” mağazalar şəbəkəsinə təşəkkürdən başqa heç nə. Lütfən, şəhərimizin mağazalarından birinə 2 manat 80 qəpik ödəməklə mənim küçücük kitabımı alın və oxuyun, sözü də özünüz deyin.

- Dəfələrlə ədəbiyyata dövlət qayğısı göstərilməsindən danışmısınız.  Sizcə bu hansı formada olmalıdır?

- Bütün sənət sahələrinin, eləcə də ədəbiyyatın müstəqil olması vacibdir. Sənət və sənətkar azad olduğu qədər gözəldir. Ancaq bizim kimi kiçik ölkələrdə, kitabdan xoflanan cəmiyyətlərdə bu, hələlik mümkün deyil. Mümkünsüzü mümkün etmək iddiasında olan və bunun üçün səy göstərən insanlar qarşısında sayğı ilə baş əyirəm. Eyni zamanda daha rasionalcasına düşünürəm: nə etməli? Öz ayaqları üstündə dayana bilməyən ədəbiyyatı yıxılmağa necə qoymamalı? Xarici qrant, missioner maliyyə, kiminsə sifarişi, müvəqqəti siyasi qəzet sığınacağı, yoxsa dövlət qayğısı? Bəlkə iş adamlarının sponsorluğu?! Azərbaycanda əksər sponsorların necə və hansı şərtlərlə işlədiyi barədə çox sevdiyim Rəqsanə xanım kişi kimi açıqlama verdiyindən bu məsələnin üzərində dayanmayıb dərhal seçimi edirəm: dövlət! O dövlət ki, saydıqlarımın arasında ən çox bizim olandır. Ondan ötrü can vermişik, qan tökmüşük, çəkmə yox qaloş geyinib atamızın maaşından vergi tutmasına razı olmuşuq.
Bəs dövlətlə hansı şərtlər altında işləməli? Təbii ki, göstərdiyi kömək müqabilində heç bir sifariş verməmək şərti ilə. Bunun üçün bütün demokratik cəmiyyətlərdə olduğu kimi bir yox, bir neçə yazıçı təşkilatı fəaliyyət göstərməli, vəsait düzgün seçim yolu ilə ən uğurlu layihələrə sərf olunmalı. Xatırladım ki, kinematoqrafiya sahəsində bu təcrübə var və uğurlu nəticələr verir. Məsələn, gənc rejissor Asif Rüstəmov yaşlı rejissor Ramiz Fətəliyevi söymək əvəzinə onunla birlikdə film çəkir. Ramiz Fətəliyev də tarixə gömülmək qorxusunun şiddətindən Asif Rüstəmova nifrət etmir, qabağına kötük yomalamır və ətrafına istedadsızları toplamaqla "məndən sonra nə olur olsun” deyib sənətin ağzını dalana dirəmir. Təcrübə ilə enerji və yenilik ehtirası birləşib səmərəli nəticə verir. Buna sevinənlərdən biri də dövlət olur və Milli Kino Günü Heydər Əliyev Sarayında gənc dostumuzun qısametrajlı filmi nümayiş edilir. Daha sonra bu film İtaliyada, Kanadada, Fransada, Kubada, daha nə bilim harda nüfuzlu mükafatlar qazanır.

- Azərbaycan Yazıçılar Birliyi haqqında mətbuatda vaxtaşırı tənqidi, bəzən də qərəzli fikirlər səsləndirilir, bu təşkilatın faydasız bir quruma çevrildiyi iddia olunur. Sizin fikriniz necədir?

- 2008-ci ilin payızından qərara aldım ki, ömrümü Azərbaycan Yazıçılar Birliyi ilə mübarizəyə həsr etməyim. Kimin kim olduğunu gələcək nəsillərə izah etmək kimi sadəlövh bir arzum da yoxdur. O ki qaldı verdiyiniz suala, məsləhət görərdim ki, nəticələrə baxasınız. Bütün gizli mətləblər haqqında ən yaxşı nəticələr danışır.

Əvəz Qurbanlı
Milli.Az