Şərif Ağayar:

Şərif Ağayar: "Məncə şeir ölmür, sadəcə rüsvay olur"

"AYO üzvü olduğum vaxtlardakı kimi ümidsiz və kədərliyəm”

Onunla söhbətimiz çox maraqlı alındı. Həmişəki kimi müxtəlif mövzularda orijinal fikirlər səsləndirdi. Qarabağ problemindən tutmuş, bədii əsərin dili, şeirin çağdaş ədəbiyyatda tutduğu yer, AYB-yə qayıtmasının səbəbləri, AYO-çularla münasibətləri və.s. mövzulara toxundu. O, indiyədək gördüyüm ən maraqlı müsahibdir deyə bilərəm. Beləliklə, müsahibimiz Milli Kitab Mükafatının finalçısı, tanınmış yazar Şərif Ağayardır.


- Şərif bəy, sizcə Qarabağdan bəhs edən əsərlərlə dünyaya çıxmaq olarmı?
- Baxır necə yazırsan. Əsərin qloballığı və ya lokallığı məzmunundan yox, müəllifin dünyagörüşündən asılıdır.

- Çağdaş yazarlar tez-tez dilimizin kasadlığından gileylənir. Bu problemin həll yolunu xarici dillərdən söz gətirməkdə görənlər də var. Siz bu barədə nə düşünürsünüz?
- Bu çox ciddi problemdir. Şəxsən mən dəfələrlə yazı prosesində söz kasadlığını hiss edirəm. Əsasən də, müasir texniki avadanlıqlarla bağlı sözlərdə. Məsələn, adi velosipedin hissələrinin doğma dilimizdə qarşılığı yoxdur. Ancaq bu dilin zəifliyi kimi başa düşülməməlidir. Zəif dil olmur. İnkişaf edən və etməyən dil olur. Bizdə ədəbiyyat cəmiyyətin vacib sahələrindən biri sayılmadığı üçün dilimiz normal inkişaf tempini itirib. Biz inkişaf etmiş Avropanın, hətta Rusiyanın, Türkiyənin arxasınca çənəmizi sürükləyir, pəltək adamlar kimi kəkələyirik. Dilin zənginləşməsi və inkişafı işində ədəbiyyatı heç nə əvəz edə bilməz.Yaxşı alınmış bir nəsr əsərində işlənən yeni sözlərin əksəriyyəti oxucu, dolayısı ilə vətəndaş tərəfindən qəbul olunur, onun yadında qalır.

- AYB-yə getməyiniz birmənalı qarşılanmadı. Atdığınız addımdan peşman deyilsiniz ki?
- Müdrik bir kişidən soruşurlar ki, evlənək, yoxsa subay qalaq. O, fikirləşmədən cavab verir: "Nə edirsiz edin, axırda peşman olacaqsınız”. Mən bu gözəlim məmləkətdə ürəkdən seviniləsi hansı hadisənin şahidi oldum ki! AYO üzvü olduğum vaxtlardakı kimi ümidsiz və kədərliyəm. Ondan əvvəl də belə idi. Dəyişən bircə odur ki, heç kəsə və heç nəyə güvənməmək, heç kəsə və heç nəyə inanmamaq, üstəlik baş verənlərin həm də absurd və gülməli olduğunu görmək kimi böyük xəzinə kəşf etmişəm. Bax bu xəzinəni tapmaqda həyat təcrübəsi ilə yanaşı, kitablar da yaxından kömək etdi mənə. Xüsusən müasir nəsr əsərləri...

- Kimləri oxuyursunuz?
- Eyni vaxtda çoxlu kitab oxuyuram. Dünya nəsrini tədris proqramlarına uyğun ardıcıl şəkildə yenidən və əhatəli öyrənməklə yanaşı, əlimə nə düşürsə oxuyuram. Ona görə siyahımız uzun alınacaq...

- Onda gənc yazarlardan danışın...
- Əli Əlioğlunun şeirlərini çox bəyənmişəm. Onun zahirən cılız bədənində böyük, çox böyük poetik həqiqətlər gizlənib.
Məni şeirlə heyrətləndirmək çətindir. Ancaq Əlinin atasına yazdığı iki-üç misralıq şeiri yerimdən oynatdı məni. Maraqlıdır ki, bu şeirdə heç bir obraz, belə deyək, "poetik ifadə tərzi” yoxdur. Bu, həyatın poeziyasıdır. Məncə ədəbiyyatı sözlərdə, sətirlərdə deyil, situasiyada axtarmaq daha düzgündür. Çağdaş ədəbi dəyərlər də mən deyəni təsdiq edir. Yaradıcı insan kamilliyə doğru bütün bədii ifadə vasitələrinin elə doğrudan da "bədii ifadə vasitələri" olduğunu, məqsəd olmadığını dərk edir. Onda poeziyanı daha çox həyatın özündə axtarmağa çalışır. Həyatın poeziyası həqiqətə daha yaxındır. Qəribədir ki, Əli çox gənc yaşında dediklərimi anlayıb. Bu, bizim ədəbi mühit üçün əməlli-başlı hadisədir.
Daha sonra lap sonrakı nəsildən Qismət, Ayxan, Mövlud, Sahilə, Cavid, Elvin, Elmin Həsənli kimi maraqlı gənclərin adını çəkərdim. Cavanlar çox zövqlüdürlər indi. Etiraf edim ki, mən o yaşda olanda onlar qədər bilmirdim. Doğrudur, yaşadığım həyat çox fərqlidir bu uşaqlardan. Ancaq kimin harda, necə yaşamasının mətləbə dəxli yoxdur. Oxucu haqlı olaraq nəticələrə baxır.

- AYB-yə qayıtsanız da AYO-çularla münasibətiniz əvvəlki kimi qaldı. Bunun səbəbi nədir?
- Deməzdim. Bizdə fərqli düşünən adama hörmət bəsləməyi bacaran adamların sayı o qədər də çox deyil. Mən insanların siyasi düşüncələrini, mövqeyini paylaşmaya bilərəm, ancaq onu istedadlı sayıramsa özümə dost hesab edirəm. Doğrudur, bəzən çiçək uzatdıqlarım mənə buynuz göstərir, ancaq fərqinə varmadan istedadlı insanları sevməkdə, yazdıqlarını qiymətləndirməkdə davam edirəm. Məsələn, dostum Rafiq Tağı ilə dinə, cəmiyyətin bir çox dəyərlərinə münasibətimiz diametral şəkildə ziddiyyətlidir. Ancaq bizim kölgəliklərində kef eləməyi bacardığımız bir şəhristan var. Bu. ədəbiyyatdır! Həyatla dolu, bir körpənin bir damcı göz yaşını dünyanın nazü-nemətindən uca tutan ədəbiyyat. Bizi söz birləşdirir, qardaşdan artıq doğmalaşdırır. Mənim Rafiq Tağıya və Rafiq Tağılara münasibətim dəyişməyib və dəyişməyəcək.
Ədəbiyyat adamları ilə münasibətimi qrup maraqlarına görə yox, yaradıcı qabiliyyətinə görə qururam. Boğazımdan dara çəksələr də Yazıçılar Birliyinin əziz-xələfi Qəşəm Nəcəfzadəni Yazıçılar Birliyindən çıxarılmış Rafiq Tağı kimi sevə bilmərəm. Ancaq bu AYB-yə Rafiq Tağıdan fərqli münasibət bəsləməyimi istisna etmir. Məncə bəzi məlum insanlara nə Rafiq müəllim kimi radikal münasibət bəsləmək düzgündür, nə də Qəşəm kimi onların başına dolanmaq.
İnsanları yaradıcı qabiliyyətinə və estetik mahiyyətinə görə dəyərləndirəndə ədəbi mühitdə qeyri-adi mənzərə alına bilər. Məsələn, bu bölgüdə Rasim Qaraca heç cür qəbul etmədiyi Rəsul Rza, İsa İsmayılzadə və Ələkbər Salahzadə, hətta güləcəksiniz, Fikrət Qoca ilə eyni bürcün altına düşür. Seymur Baycan hekayələrindəki yüngül ironiya ilə Elçin Hüseynbəylinin qan qohumudur. Əsəd Cahangir düşüncə etibarı ilə Həmid Herisçi və Nərmin Kamalla kirvədir. Aqşin gah Ramiz Rövşənin "polya”sında oynayır, gah şair Həmidin... Bir sözlə, aləm dəyir biri-birinə.
Ancaq qrup maraqları tamam fərqlidr. Təəssüf ki, Azərbaycanda ədəbi mühit iki rəngdən ibarətdir: ağ və qara. Özündən asılı olmadan ya maddi mənada hər şeyə sahib olan AYB-çisən, ya da heç nəyi olmayan AYO-çu. Ancaq dostlar, mənəvi qələbələrin altında maddi təminat dayanmayanda böyük məğlubiyyət doğurur. Necə deyərlər, qələbəni haqq etdiyin yerdə əlindən zorla alınmasının şahidi olursan və göz önündə baş verən bu dəhşətli faciəyə bir Allah bəndəsi qılını qıbırdatmır.
Əslində isə cəmiyyət çoxrənglidir. Mən arzu edirəm ki, tezliklə AYB və AYO-nu seçmədən də insanlara nəyisə izah etmək mümkün olsun.

- Gəlin söhbəti dəyişək... Həm bir qarabağlı, həm bir yazıçı kimi Qarabağ probleminin həllini necə görürsünüz?
- İnanırsınız, Qarabağ probleminin həlli yolunu görmürəm. Eyni zamanda, hər kəsin mənim kimi düşünməsini də istəmirəm. Məsələ çox sadədir: dünyada elə problemlər var ki, həlli mümkün deyil. Di gəl ki, insanlar eqoistliyindən bununla barışmaq istəmirlər. Bir problemlə iyirmi il yaşamaq mümkündürsə, deməli, əlli il də, yüz il də yaşamaq olar.


- Favoritlərdən biri kimi göstərilsəniz də Milli Kitab Mükafatçıları arasında yer almadınız...
- Almadım almadım da, neyləyim! Vətən sağ olsun!

- Ədəbi tənqidçilər əsərlərinizdə postmodern elementlərin olduğunu qeyd edirlər... Özünüzü postmodernist yazıçı hesab edirsinizmi?
- Mən postmodernizmi ciddi şəkildə öyrənməklə məşğulam. Eyni zamanda çalışıram ki, yazdıqlarım müasir tələblərə cavab versin.

- Sizcə, Azərbaycanda rus postmodernist yazıçıları səviyyəsində yazıçı varmı?
- Yox. Çünki Azərbaycan da, Rusiya səviyyəsində deyil.

- Necə oldu bu sənətə gəldiniz?
- Cibimdə təxminən bir dollar pul Bakıya gəldim. Maraqlı aşıq şeirləri yazırdım. Xeyli mükafat-filan da almışam. Arzum jurnalist olmaq idi. Qəzetlərdə işlədim, yazdım-pozdum, oxudum, bir də yazdım. Hamı kimi...

- Heç vaxt eşitmədiyiniz sual: Bir də dünyaya gəlsəydiniz yazıçı olardınızmı?
- Hər halda mantyor olmazdım.

- Sizcə bir yazıçının ədəbi qənaətlərinin dəyişməsi nəyin göstəricisidir?
- İnkişafın.

- Orxan Pamukun fikrincə, şeir ölüb. Siz necə düşünürsünüz?
- Şeir ölməyib, sadəcə ədəbiyyatdakı aparıcı missiyasını itirib. Təkcə Orxan Pamuk yox, çoxları bu fikirdədir. Məsələn, Pelevin məşhur hekayələrinin birində poetik ifadələrlə virus proqramlarına ad qoyur və bu ifadələrin indi yalnız belə işlərə yaradığını söyləyir. Məncə şeir ölmür, sadəcə rüsvay olur. Ölümdən daha betər... Bu yaxınlarda Lorkanın şeirlərini oxudum, mənə boşboğazlıq kimi göründü... Xahiş edirəm qohumlarının xətrinə dəyməsin. Və professor Qorxmaz Quliyevin onu Don Kixotla eyniləşdirməyi məni çaşdırdı. Var olsun vətən!

- Aldığımız məlumata görə, nəsr kitabınız çapa hazırlanır...
- Doğrudur. Sentyabracan nəsr kitabım işıq üzü görəcək, çox yəqin ki. Sağlıq olsun.

- Kitabın adı nədir?
- Söyləsəm, müsahibəni çap eləməyəcəklər.

Söhbətləşdi: Nərmin Hüseynzadə
"Alma"