Servantesin qəbri tapıldı

Servantesin qəbri tapıldı

Məşhur "Don Kixot” müəllifinin qəbrinin bir neçə illik axtarışı bəhrə verməkdədir: ispan arxeoloqlar yazıçının təxmini dəfn yerini tapa biliblər. 

Axar.az xəbər verir ki, təxminən 400 ildir ki, Servantesin qəbri itmiş hesab olunurdu. Ehtimal edilirdi ki, o, 1616-cı ildə Madriddə Müqəddəs Üçlük Ordeni monastrında dəfn olunub. Bu müddət ərzində monastrın binası bir neçə dəfə təmir edilib, fransiskan rahiblər (XIII əsrdə təsis olunmuş fransiskan katolik təriqəti rahibi – red.) isə məbədin ərazisində yüzlərlə yoxsul ispaniyalını dəfn edib. Məlumdur ki, Servantes də elə ömrünün sonunu səfalət içərisində keçirib. 

Qorunub saxlanılmış arxiv məlumatları sayəsində məlum olub ki, yazıçını 1616-ci ilin bir şənbə səhəri kilsədə dəfn ediblər. Həm də Servantes ölümündən əvvəl rahibliyi qəbul etdiyindən ordenin bütün qaydalarına riayət olunmaqla dəfn olunub. Məhz elə bu fakt yazıçının təxmini dəfn yerini ehtimal etməyə əsas verib. Belə ki, geomaqnit radarın köməyi ilə "M.S.” inisiallı bir qəbir tapılıb. İndi bircə qalır meyitin identifikasiyası. 

Bu günlərdə qəbir açılacaq və məhkəmə tibbi ekspertləri yazıçının həyatının məlum faktları ilə meyiti müqayisə edəcəklər. Məlumdur ki, Servantes 1571-ci ildə Lepanto yaxınlığındakı döyüşdə üç güllə yarası alıb: ikisi döş qəfəsindən, biri isə bazu önündən (dirsəklə pəncə arasındakı hissə - red.). Sonuncu yara o qədər ciddi idi ki, yazıçının sol əli iflic olmuşdu. Tədqiqatçıların fikrincə, bütün bunlar sümüklərdə iz qoymalıdır. Alimlər həmçinin kəllə sümüyünə əsasən Servantesin "üzünü” bərpa etməyi planlaşdırırlar. 

Edebiyyat.biz