Seymur Su -

Seymur Su - "3" adlı romandan kiçik bir hissə


- Necəsiz?

- Hər şeyi soruşun, amma bir bundan başqa.

- Alınmayan nələrsə var?

- Alınan nəsə olubmu ki?

- Hal-hazırda nə düşünürsən?

- Nə ölməyi, nə də yaşamağı. Bir bilsəm.

- Bu qədər sözlərinizin içindən ölüm istəməməyiniz öləziyən lampa işartısı kimi, mənim xeyrimə oldu. Bu bir az müsbətə doğru yönəltdi fikrimi. Sizcə, yaşınızın bu gənc çağında sizin indidən ölüm adını çəkməyiniz erkən olmadımı? Sizin həyatınız qarşıdadı.

- Mənim həyatım keçmişdən ibarətdi. Bu günüm də yoxdu, sabahım da. Mənim ömrüm arxada qaldı. Normal adam idim. Heç kimdən seçilmirdim. Əsəblərim də sakit idi. Heç kimi seçmirdim. Hamıyla eyni münasibət. Arada pərdə saxlamağı bacarırdım. Seçmişdim deyə sevirdim. Dəlicəsinə. İzdihamda itdi. Batdı. Gəmilərdə üzdü. Batdı. Qəlbimi borc aldı. Batdı. Getdi. Qayıtmağından əlimi üzdüm. Dəyişdi. O da, mən də. Mənimlə dəyişməsə də, mənsiz dəyişdi. Gecə onun gözləriylə yatdım. Səhər onun yazdığı məktubdakı əlvida sözləriylə ayıldım. Bundan sonra nə heç səhər yuxudan durmaq istəmirəm. Sanki məni yuxuda olanda kimlərsə məni möhkəmcə təpikləyib. Qabırğalarımda güclü ağrılar var. Ürəyimdə mina bombaları yerləşdirib elə bil. Nəfəsim acıyır. Acqarına siqaret çəkirəm, bir stəkan çay və işə tələsirəm. Arada səhvən maykanın qolunu başıma keçirirəm. Halım da olmur, ərinirəm onu təzədən çıxarıb geyinməyə. "Onsuz da köynəyin altında onu kim görəcək ki?” deyib köynəyi düymələyirəm. Nə saçıma baxıram aynada, nə geyimimi axşamdan ütüləyib yerinə qoyuram, nə işdəkilərin mənim üstümdən gələn tər, siqaret, iztirab, ölüm qoxusuna ikrahla baxmasını vecimə alıram. Vecimə alıram da, laqeyd yanaşıram. Neyləyim e, dəyişdirə bilmirəm. Tənbələm həm də onlara görə yaşaqmaq istəmirəm. Onlara görə xüsusi ətirmi almalıyam ki, nə var, nə var kübarcasına mənə yaxınlaşıb "aa, nə gözəl ətirdi, bunu hardan almısan?” sözlərini qulağıma tıqqıldatsınlar? Cəhənnəm olsunlar.

- Bunu siz özünüzə görə etməlisiz əslində. Gözəl qoxu sizdən gələcək, onlardan deyil ki. Əslində bu dediyiniz daraq, ətir, yeni kostyum, ayaqqabı bir növ sizin depozitlərinizdir. Yəni başqaları içərisində üstünlüyə çevrilə biləcək keyfiyyətlər.

 - Mən elə düşünürəm ki, mən nələrisə dəyişəsi olsam, bunu onlar üçün etdiyimi fikirləşəcəklər. Bu da mənə lazım deyil. Mən kiməmsə, nəyəmsə, necəyəmsə - eləcə də qalım.

- Bu ciddi problemdi. Məncə də bunun birbaşa düşüncələrinizlə əlaqəsi var. Düşüncələriniz istirahət etməlidir bir az. Cinsi həyatınız necə, o barədə probleminiz var? Cinsi əlaqələrdə özünüzü necə hiss edirsifniz?

- Açığı bayaq utanırdım danışmağa bu barədə. Keçən seansda demişdiz ki, psixoloqun cinsiyyəti olmur amma nə qədər istəsəm də danışa bilməyəcəm.

 - Oldu. Danışmayın. Amma bir buna cavab verin ki, probleminiz var yoxsa yox?

- Partnyor olmadıqdan sonra bunun cavabını necə uydura bilərəm? Sadəcə bunu bilirəm ki, bəzi gənclərdən fərqli olaraq, mən açıq-saçıqlığa meylli adam deyiləm. Fahişələrdən iyrənirəm. Onlara ağızdan çeynənib atılmış saqqız kimi baxıram. Bu qədər. Bu barədə başqa deyəcəyim yoxdu.

- Hmm. Başqa mövzudan sual verim. İnternetə daxil olursunuzmu heç? Sosial şəbəkələr - facebook, twitter, instagram filan? Heç olmasa orda necədi işlər? Yeni dostlar qazanmısız?

- Mən ancaq google-da işimə uyğun yeni məlumatlardan faydalanıram, bir də youtube-da bəzi dərsliklərə baxıram arada. Siz dediyiniz saytlara daxil olmuram. Bir ara facebookda hesabım var idi, ama onu da sonradan sildim. İnsanlar salam yazır, cavab yazan kimi necəsən deyir, ona da cavab yazırsan, bir də görürsən tapp – nəsə işi düşüb. Hamısını blok elədim, status yazıb, online-da heç kimin aktiv olmadığını, ismarıc qutumun boş olduğunu görüb rahatlaşırdım. Sonradan sildim. Zatən lazım deyil. Ünsiyyət saxlamıram. Ortada sosial sözü varsa, qardaş mən asosialam.


ardı olacaq