Seymur Su - Bir dəfəylə heç nə olmur,dost

Seymur Su - Bir dəfəylə heç nə olmur,dost

çıxaq biraz, nəfəs alaq

qaçaq bir söhbətlik də olsa
ölüm titrətməsindən..
çıxaq döş qəfəsimizdən,
sinəmizdən, ayrılıqların ürəkgetməsindən..

 


ilk addımlar ataq
öyrənək, bilək ki:
həyat bizi həyatsızlar evinə atdı.
ölüm bizi ölümsüzlər evinə atmaz.
deməli belə çıxır:
ölüm – sədaqətli
həyat – nankor idi..
illərlə küçüklər hürdü üstümüzə.
bir dəfə biz ham deyək, hürküdək o kor iti..

 


bir dəfə hamının qınadığı o qonşu qızı
nədən belə tanıdığımızı düşünək.
səbəbi vardır əlbət,
öz-özünə pozulmaz qızlar.
yəqin ki, bilirsən,
mərdi qovub namərd edər bu vicdansızlar

 


bir dəfə gölləri daşsız qoyaq
görək səssiz qalmağı bacararmı?
inanmıram
bir dəli şeytan
götür daşı, vur deyəcək..
inanmıram, lap vurmasam belə
içərisindən bir qurbağa da olsa
suyun üzündən boylanıb "qur” deyəcək
bir mənim içimdəmi bu susqunluq?

 


bir dəfə biz dayanaq o tinin başında
sataşaq dilənçinin yalançılığına
nifrət bıçağını saplayaq
kasıb kafedəki

əyyaşın evə dönüş peşmançılığına
deyəsən arvadından çox qorxur
amma fikir ver
ağzından spirtdən çox həyəcan dadı gəlir
evə girəcək
içkinin təsiri öləcək
ev soruşacaq: "hardadı maaş?», «hardadı gəlir?!”

 


bir dəfə maşınları saxlayaq
tələsib-tələsmədiyini soruşaq
bilirsən, çox maraqlanır
özünə aid olmayan işlərlə bu uşaq..
desin yox, taksiyəm
ürəyində düşünsün ki,
gecə vaxtı mənə hardan ürcah oldu oğru
mən də sayım bütün pullarımı,
atım qarşısına
sür maşını ölümə doğru…

 


bir dəfə
qorxunu olmasa da
küçədəki zibillikdə eşələnən o qara pişiyi qovaq
heç xoşum gəlmir ondan
xüsusən sərxoş vaxtlarda
bir sual verəcəm
— görəsən həyat belə ağırdımı
bütün paytaxtlarda?



Seymur Su