Seymur Su - Salamsız adam.

Seymur Su - Salamsız adam.

Evdə idi. insanların "öldürüldüyü" yerlərin hansısa birində bir it hürdü. o isə 4 divarın məngənəsi arasında illər boyu öz üzünə eşitdiyi söyüşlərin pis yerinə söyürdü. qapısı illərlə heç kimə açılmadı. heç bir qapını açmadı deyə, blokda liftin qapısını döyürdü bəlkə kimsə çıxıb ona salam verdi?

Çölə çıxdı. Yanından kimlər keçdi. O gecələr nə içdi, nə qoxu gəlirdi ağzından? Bilmirdi. Utandığından var gücüylə tüpürdü. Nə faydası? Gizlətməyi bacarmadı ağzındakı spirti. Boz buludlar qaşqabağını sallayıb üzünü o yana çevirdi. Bəlkə yağış yağıb ona salam verdi?
Çöldə idi. Təəccüb təri gəldi alnının qırışlarına. Baxdı ki, qaçaqaçda qalıb hamı. Bir tərəfdə ayrılanlar, görüşənlər, Bir tərəfdə tez-tələsik qəbir qazır goreşənlər. Skamyada oturdu. Telefona zəng gəldi Salam deyil, alo dedi səhv düşənlər. Bəlkə kimsə bir gün yığıb ona salam verdi?

Öldü bir gün. Nə evi var artıq Nə çölü. Min yaşayan ölüdən daha yaşanılası yerə getdi ölən bir ölü. Onun tam yanında bitdi bənövşə gülü. Sadəcə o boynunu yerə yıxıb ona salam verdi. Bəlkə biri zarafatla, biri qorxaq, ehtiyatla, bir çoxları salavatla mərmər daşa baxıb ona salam verdi? Bilmirəm