Seyran Səxavətin  və Ramiz Rövşənin atmacalarına   REAKSİYA

Seyran Səxavətin və Ramiz Rövşənin atmacalarına REAKSİYA

"Bu səviyyəyə düşdüklərinə təəssüf edirəm"

"Tənqid edənlərin sırasında yox, başqasının haqqını yeyənlər arasında "bicbala" axtarın"

"Seyran Səxavət də əvvəllər Anarı tənqid edib, o vaxt özü də o sözdən idi?"


İyunun 17-də baş tutmuş Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII Qurultayında Anarın namizədliyi barədə münasibət bildirərkən, yazıçı Seyran Səxavət və şair Ramiz Rövşənin öz çıxışlarında yol verdiyi vulqar ifadələr  ədəbi camiədə birmənalı qarşılanmadı.

Seyran Səxavət yazıçı Anarı tənqid edən insanları "ədəbiyyatda bicbalalar” adlandırıb,  Ramiz Rövşən isə belə deyib: "Anara da söz deyənlərin özləri nə yuvanın quşu olduğunu göstərirlər”. Kult.Az qocaman yazıçıların belə vulqar ifadələrlə çıxış etməsinə yazarların münasibətini öyrənməyə çalışdı.

Yazıçı-şair Rasim Qaraca hesab edir ki, bu yazarların hər ikisi ədəbiyyatımızın ciddi simalarıdır. "Qurultayda ziyalı sözü deməliydilər. Bu cür dedi-qodu səviyyəsinə enmələrinə təəssüf edirəm”.

Yazıçı Cəlil Cavanşir məsələyə təəssüflə yanaşdı: "Hər iki qələm adamını kifayət qədər azad və demokratik adam hesab edirdim.

Amma belə çıxır ki, fikrimdə yanılmışam. Qocalar köləliyə alışıblar və Anara yaltaqlanmaqla, gəncliyi söyməklə dövlətdən nə isə qoparmağa çalışırlar. Mən şəxsən hesab edirəm ki, "ədəbiyyatdakı bicbalalar" ifadəsi gənclərə yox, onun bunun qoltuğunda ədəbiyyata gəlib, vəzifə tutub yalaqlıq edənlərə daha çox yaraşır. Eyni zamanda Ramiz Rövşən də özünün əsil mahiyyətini göstərdi. Bizim azad adam hesab etdiyimiz, eqoist xislətli məmurlardan fərqlənmirmiş. Ədalətsiz qocalara sadəcə yazığım gəlir”.

Azad Yazarlar Ocağının (AYO) sədri Namiq Hüseynli bildirdi ki, ümumilikdə AYB-nin son qurultayı avtoritar xarakter daşıdı: "Bilirsiniz, AYB-nin XII qurultayı göstərdi ki, AYB-də gerontokratiya, yəni qocaların hakimiyyəti çox güclüdür və bu hakimiyyət hələ uzun müddət sarsılmadan davam edəcək. Orda səhnədə ancaq əsə-əsə yeriyən, danışığını idarə edə bilməyən, müxtəlif xəstəliklərdən əziyyət çəkən, səsi batmış, gözü tutulmuş, beli bükülmüş, dəfələrlə infarkt keçirmiş, şəkərdən, prostatdan əziyyət çəkən adamlar oturmuşdu. Başının tükü ağarmamış bircə adam da tapılmadı ki, çıxıb tribunada iki kəlmə danışsın, göstərməlik də olsa gənclər siyasətindən razılıq etsin. AYB-də gənclərə güvənmirlər. Hər-hansı gəncin o vəzifələrə təyin etmək sadəcə risklidir, çünki gəncləri idarə etmək daha çətindir. Belə halda Seyran Səxavətin, Ramiz Rövşənin gəncləri təhqir etməyi o qədər normaldır ki. Buna qarşı bircə söz də demək olmaz. Onların yaddaşlarında gənc, təqaüd arxasınca AYB-nin qapısı önündə boynunu bükən adamlardır. Təəssüf edirəm ki, belə gənclər ölkədəki bütün gəncliyi nüfuzdan salırlar, sanki bütün gənclər meşşan, tənbəl, içkidən və bir qarın kababdan ötrü hər şeyini verməyə hazır olan, 200 manat üçün hər cür satqınlığa gedən adamlardır. Bir daha deyirəm, günah Seyranda ya da Ramizdə deyil, günah öz ayağının üzərində dayanmağı öyrənməmiş həmin o gənclərdədir ki, gənclik haqda belə mənfi rəy yaradıblar”.

Yazıçı-publisist Kənan Hacı da sərt danışdı: "Yaxşı şair, yaxşı yazıçı olmaq olar. Amma hər şair, hər yazıçı şəxsiyyət ola bilmir. Adlarını çəkdiyiniz adamlar fəxri ad sarıdan umsuq düşmüş adamlardır. Fürsətdən yararlanıb kimlərəsə yaltaqlanaraq hakimiyyətdən fəxri ad almağa hesablanmış çıxışlar elədilər. Əgər ad almaq, orden almaq istəyirsinizsə, gəncləri ayaqlayıb keçməyin. Görünür ki, bu adamları ədəbiyyat yox, başqa məsələlər düşündürür”.

Şair Faiq Balabəyli bildirdi ki, Azərbaycan ədəbiyyatında "bicbala”lar var, amma onları istedadı olmadığı halda özünü gözə soxanlar, qabağa çəkilənlər arasında axtarmaq lazımdır: "AYB-də bütün dövrlərdə istedadları olmadan önə çıxarılanlar olub. Və onların sayı yetərincədir. Tənqid edənlərin sırasında yox, başqasının haqqını yeyənlər arasında "bicbala” axtarmağa ehtiyac var”.

Yazıçı Rüfət Səid (Əhmədzadə) o fikirdədir ki, AYB-nin qurultayında atmacalar və ədavət tipli açıqlamalar birbaşa olaraq bu təşkilatın özünə qəsdi oldu: "Bu təşkilata olan son ümidləri də öldürmək üçün əllərindən gələni edirlər. Mən intriqalara qarışmıram, amma tənqidlərə belə vulqar reaksiyalar vermək nə qocalığa, nə nə də ədibliyə yaraşmır. Təhqir söz kasadlığından doğulur. Söz ehtiyatları bitib, keçiblər küçə bənzətmələrinə. Sonra gənclərdən necə ədəbli ədəbiyyat tələb edəcəklər? Ramiz Rövşənə çox hörmətim vardı, indi də var. Amma bu hörmət şeirlərindən kənara çıxmayacaq. Yəni, onu gördüyümdə daha qabağına qaçıb görüşməyə çalışmayacam. Seyran Səxavətə gəlincə isə, özü də vaxtilə Anarı tənqid edib, belə çıxır ki, özü də vaxtilə dediyi o sözdən olub? Nəsə qəribə gəldi”.

Yazıçı Rövşən Yerfi "bicbala” ifadəsini Seyran Səxavətdən gözlədiyini dedi, amma qısaca qeyd etdi ki, Ramiz Rövşəndən belə çıxış gözləmirdi və bu, onda dərin təəssüf doğurub.

Yazıçı Cavid Zeynallı həm Seyran Səxavətin, həm də Ramiz Rövşənin çıxışını təəssüflə dinlədiyini bildirdi: "Onlardan qəhrəmanlıq gözləyən yoxdur, heç olmasa bu ifadələri dilinə gətirməzdilər. Adamdan soruşarlar ki, hansı yuvanın quşudurlar? Yaxud gəncliyə münasibətdə "ədəbiyyatın bic övladları" ifadəsi nə deməkdir, ağsaqqal yazıçıya bu yaraşarmı? İstənilən halda, tənqid və polemikada təhqirə keçilirsə, bu heç cür normal sayıla bilməz".