Mehman Qaraxanoğlu. Sirsiz poeziya

Mehman Qaraxanoğlu. Sirsiz poeziya


(Rəbiqə Nazimqızının şeirləri haqda bir-iki söz…)

Poeziya qadın kimi sirlidir…
Axı qadın həm də sirli deyil.

Qadın sirri haqda əski mifi kişilər uydurub. Kişilər məğlubiyyətə düçar olduqlarını hiss etdiklərindən şirin dillərini işə salıb deyiblər:

«Ey qadın, sən çox sirlisən!»

Əslində sirli olan dildir!

Məhz buna görə də ən gözəl qadın yazarların dilində sirr yoxdur!

Ezop qadın ola bilməzdi.

O cümlədən, Nəsimi də…

Sirr dedi-qodu yaradır. O qadın ki sirrə varır, kişi kimi görünür.

Kişi isə bədbəxt bir zaddır!

Qadınlarımız poeziyada «soyunanda» kişilər «gülzari-cəmiyyət»də abırlı görünmək naminə on addım geri çəkilirlər. Fəqət reallıqda elə haman qadına soyunmaq üçün yüz on addım yaxınlaşıb riyakar bir təbəssümlə kömək etməyə «həmişə» hazırdırlar!

Nuridə Atəşi içimizdən çıxıb. Az qala onun kitablarını qadınlarımızdan gizli oxuyuruq! Çünki o, qadın sirri haqda kişi mifini alt-üst edir.

Rəbiqə Nazimqızı də sirsiz poeziya yaradır, fəqət bunu özünəməxsus bir həya və abırla edir. (Şəksiz ki, əgər dildə «həya» və «abır» sözləri olmasaydı, mən onları başqalarıynan əvəz edərdim) O, öz sirrini çox gözəl faş edir – nə çevrəsindəkilərə «yandım» verməkçün rəfiqələrindən birinin qulağına əyilib pıçıldayır, nə də karyera qurmaq naminə zəhlətökən jestlərlə işgüzar qadın effekti yaradır. O, sadəcə, öz-özüylə danışır. Öz-özüylə danışmaq isə dəlilik əlaməti sayılır:

Qızım, paltarını yığ, yığış gedək,
Daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
Bircə yolumuz var, o da gələcək.

Sizin fikrinizcə, Rəbiqə nə vaxtsa öz qızı Aynura ucadan deyə bilərmi ki, qızım, dur, yığış gedək? Bilir ki, dedikləri özünə qalacaq, çünki qulaqlar kar, qəlblər isə kordur, kar qulaqlara, kor qəlblərəsə qızını qonaq etmək «ol»maz!

- Hara gedəcəyik? – Burdan uzağa,
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.

Bu dialoqun mövcudluğuna kimisə inandırmaq absurdluqdan başqa bir şey deyildir! Burada söz özünün başlanğıc qiyafəsində görünür - «ol»mayanda var «ol»maq qiyafəsində. Sözün Allahda təcəllası «yox»da var «ol»maqdı!

Poeziyamızın dünyaya çıxışında başlıca əngəllərdən biri də metafora və təşbehlər üzərində improvizə eləməklə şeirlər yazmaqdır.

Metaforalar qədim cəza alətlərini xatırladır. Məlum olduğu kimi, qədim cəza alətləri insan əzalarına qarşı iblisanəlikdən başqa bir şey deyildir. Metaforalar da hisslər aləmini kəsib doğrayır.
Bu hal hazır musiqi parçalarına sonradan mətn əlavə etməyə bənzəyir. Təbii ki, söz cəzalanır.
Metaforik düşüncə tərzi şərqli üçün sanki genetik kodun daşıyıcısıdır. Ən məşhur çağdaş şərqli yazarlardan biri Xaruki Murakami məhz ənənəvi düşüncə tərzini pozduğundan dünyada qəbul olunur.
Maraqlı haldır ki, Rəbiqənin əksər şeirlərində, o cümlədən «Aynur üçün»də ənənəvi metaforalar labirinti yoxdur, burada hisslər azad və sərbəstdirlər. Bu hissləri aysberqə də bənzətmək olar, onun təltəlşüurdakı hissəsi ağır, görünən hissəsi isə yüngüldür. Sanki qəribə bir qüssə mehi əsir.

Ümumiyyətlə, qəm-kədər poeziyanın əsas xammalı ola bilməz. Bizdə isə bir qədər başqa cür düşünürlər: guya şeirin anası qəmdir! Füzulini qəm-kədər şairi eləməklə onun geniş dünyaya açılan qapılarını özümüz öz əllərimizlə qapamış oluruq. Füzuli, kosmik anlamda gözəllik şairidir, vəssalam…
Mən Rəbiqədə qüssə görürəm, ağır kədər isə görmürəm və görmək də istəmirəm. Qüssə - hərəkətdə olan mehdir, qoy nə qədər əsirsə əssin! O əsərkən sanki ruhların nostalgiyası başlanır və onların hərəkət troyektoriyaları dəyişdiyindən dirilər ruhların, ruhlar isə dirilərin məkanlarına uçurlar. Dahi pianoçu Çingiz Sadıqov çalarkən də belə olur, Alim Qasımov oxuyanda da…

Dodaqlar göyərəndən sonra,
Bədənindəki xalların yerini
Əzbər biləndən sonra,
Yüz kərə hər şeyi fərqli başlayıb,
Eyni cür qurtarandan sonra,
Səninlə kirlənəndən sonra,
Nəyin mənası qalacaq, nəyin?

Rəbiqə bilir ki, kirlənir…

Bu şeirilə sanki o, yer üzünün bütün kirlərinə sui-qəsd hazırlayır, lakin sirri açdığından tutulur.
Bu tutulma, günün, ayın tutulmasından daha faciəvi və ağırdır.

Çünki burada insan tutulub…

Qədim kitablar bəyan edir: kainat böyük partlayışın balasıdır! Böyük partlayışsa gözlə görünən və görünməyən sonsuz zərrələr deməkdir. İnsan da o zərrəciklərin bircəciyidir və küllə can atır. («küll» və ya «kamillik!») Durduğumuz yerdə darıxmağımızın başlıca səbəblərindən biri də elə budur! Rəbiqənin şeirlərini oxuyarkən daha betər darıxıram. Zənnimcə, o, mənə darıxmamaq üçün kömək etməlidir. «Peyğəmbərlərdən sonra gələn şairlər səfi»nin (Nizami) əbədi missiyası elə budur!
Bunun üçünsə Tanrı onun əlinə qələm verib.