"Şixuandi ölmək istəmir" - Nicat Həşimzadə

Gecənin hüznünə qapılan Şixuandi ölüm sükutunu dinləyir. Qəflətən diksinir. Nə qapı döyülür, nə külək pəncərəni açır. Nə də bir insan səsləyir onu. Bilir ki, qapı döyülməyəcək. Bir kimsə səsləməyəcək onu. Amma diksinir. Çünki varlığına hakim kəsilmiş, ruhunu işğal etmiş tənhalıq içəridən, vücudunun hansısa gizli guşəsindən qışqırır, üsyan edir. " Mən tənhayam. Yaxşı insanam, xeyirxaham, mərhəmətliyəm, amma tənhayam”

Onun Üçün cəhənnəm başqaları yox, özüdür. Şixuandi içki düşkünüdür. Ailəsini də yol qəzasında itirib. Günahkar özüdür, bu səbəbə görə də hadisədən 10 il keçməsinə baxmayaraq özünü bağışlaya bilmir. Cənnətin varlığına inanır. Bir dəfə də olsa şübhə etməyib, Əgər kimsə ona cənnətin olmadığını desəydi vicdan əzabı çəkmədən onu öldürə bilərdi. Cənnət onun ailəsi ilə görüşə biləcəyi yeganə məkandır. Qəzada 3 nəfər öldü. İki qız və qadın. Şixuandı bu qəzanın da Tanrı cəzası olduğuna inanır. Şərab düşkünü olduğu üçün Tanrı onu cəzalandırmışdı. Bəs azyaşlı qızların günahı nəydi? Şixuandı çox darıxır, hətta ən çox nifrət etdiyi qohumlarını da görmək istəyir. Tənhalıq yoxsulluqdan, aclıqdan daha dəhşətlidir. Arvadı Ai-ting ərinin içki və qumar borclarını ödəmək üçün fahişəlik etməyə məcbur olmuşdu. Uşaqlara da çarəsiz qadın baxırdı. Şixuandi yalnız onların ölümündən sonra ailə faciəsini başa düşdü. Ai-ting böyük qızını danlayanda qız hirslənmiş, anasına fahişə demişdi. Qız dediyi sözün mənasını bilmirdi. Qonşular anası haqqında danışanda bu sözü demişdilər. Uşaqların geyimindən yoxsulluq yağırdı. Onlar məktəbə getməyə utanırdılar. Yoldaşları onlara baxıb gülür, məsxərəyə qoyurdular. O, arvadını, uşaqlarını döymür, evdə dominantlıq etmir, bununla da xeyirxah ər olduğunu düşünürdü. Şixuandi məsuliyyətsizliyinin fərqinə varmırdı. Ai-ting iki dəfə başqa kişilərdən hamilə qalmış, uşaqları aldırmışdı. Şixuandi tənbəlliyindən işləmək istəmir, gözünü Ai-tingin qazancına dikir, bu səbəbə görə  həqiqəti bilsə də susurdu. Yetər ki, gündəlik şərab ehtiyatı olsun.

Şixuandinin ölmək fikri yoxdur, intihar etməyəcək. Ailə quracaq cəsarəti də yoxdur. Həyatında qeyri- adi dəyişiklik yaşanmayacaq . O dilənəcək, pul toplayacaq, yenə də içəçək. Və hər gecə gecənin hüzünlü melodisinə qapılıb ölüm sükutunu dinləyəcək .