Siz də “lənətə gələnlər”dənsiniz!

Siz də “lənətə gələnlər”dənsiniz!

Rüfət Səid (Əhmədzadə)

Siz də "lənətə gələnlər”dənsiniz!

"Kitablar və insanlar” silsiləsindən 3-cü yazı

Silsilədə üçüncü yazımı yerli müəllifin əsərinə həsr edirəm. Və düşünürəm ki, bundan sonra belə olacaq –  hər  üç yazımdan biri yerli əsəri əhatə edəcək. Hansısa əsəri səmimi tənqid və təhlil etməyimi arzu edənlər sadəcə [email protected] ünvanına yaza bilərlər. Qonaqlıq və cibxərci tələb olunmur.

Rövşən Yerfinin "Lənətə gələnlər” povesti ilə aprel ayında tanış oldum. Müəllifin digər əsərlərini də oxumuşdum. Məsələn, "Üzdəniraq ada”da həm zindan həyatını, həm də cəmiyyətin bir çox tərəflərini görmək olar. Kiçik cəmiyyətdə – cəzaçəkmə müəssisəsində daha çox bəşərilik daşıyan acı həqiqətlər adamın üzünə amansız şəkildə çırpılır. Bunu müəllif öz əsərində ustalıqla verə bilib.

"Lənətə gələnlər” isə həbsxana həyatından bəhs etmir. Tez-tez rastlaşdığımız, eşitdiyimiz şeylərdir. Təəssüfləndiyimiz, amma heç cür həllini tapa bilmədiyimiz şeylər. Bəs onda oxumağa nə gərək var?

Bəli, yazıçılar yeni materiklər, qitələr, ölkələr kəşf etmir ki! Yaxşı yazıçı və ya ssenari müəllifi insana elə göz önündə olan şeyləri yenidən kəşf etməyi, bir daha baxmağı və yaxşı düşünməyi aşılayan şəxsdir. 

Povestin qəhrəmanı əsgərlikdən yaxa qurtarıb gəncliyini Rusiyada keçirən Paşadır, yoxsa oğlunun intizarıyla saralıb-solan Çəməngül ana?

Bəlkə, Paşanın həyat yoldaşı Olya? Bəlkə Olyanın məşuqu Yafəs? Bəlkə, bu povestdə hamı qəhrəmandır... Həm müsbət, həm də mənfi.
Kamyunun "Taun” romanını oxuyanda belə düşünmüşdüm: Müəllif niyə belə edir? Niyə hər obrazını qəhrəman kimi canlandırır... Axı biz indi kimə pərəstiş edək?

Çəməngül ana müharibənin qızğın çağında, insanların heç nəyə (xəyanətə, səriştəsiz rəhbərliyə, strategiyasız ordu "quruculuğuna” və haqsızlığa) qurban getdiyi vaxtda oğlunu Rusiyaya göndərir. Çətin olsa da, həsrətə dözməyə çalışır.  İllər keçir. Onun oğlu Paşa Rusiyada bir xanımla tanış olub evlənir. Amma bu tanışlıq və evlilik onun həyatını dəyişmir.  Rusiyada həmyerlilərimizin nələr çəkdiyi və eləcə də, başqalarına nələr çəkdirdiyini hamınız yaxşı bilirsiniz. Geniş yazmağa ehtiyac yoxdur.

O, içkiyə və qadınlara aludə biri kimi, evləndiyi rus qızına əzab verir. Hətta qayınanası ilə yatağa girəcək qədər, əclaflıq edir... Buna rəğmən, Olya öz ailəsini qorumağa çalışır. Bir gün Paşa şələ-şüləsini yığıb doğma Azərbaycana qayıtmağa qərar verir – təbii ki, anasının yalvarışları nəticəsində. Olya elə düşünür ki, ailəsini qoruya bilər, Paşa da dəyişər. Uşaqlarla birgə ona qoşulur.

Yad ölkə, yad adətlər... Onu elə də sıxan və ya küsdürən yoxdur – ərindən savayı. Paşa gətirdiyi pulları arağa xərcləyir. Ona-buna qonaqlıq verir, getdikcə onunla fəxr edən qohumları axırda "alkoqolik” damğası vurub uzaqlaşırlar. Daha qonşular da onun "yeyib-içmək” dəvətini bir bəhanə ilə rədd etməyə çalışır, evdəkilərə "deyin, evdə yoxam” kimi tapşırıqlar verirlər.

Ölkədə işsizlik problemi hökm sürür. Korrupsiya, məmur özbaşınalığı, "iş yerləri” adıyla başlanılan tikintilər heç də iş ehtiyacını qarşılaya bilməz. Hamı fəhlə işləyəsi deyil ki. Hamı sement daşımalıdır? Mümkün deyil... Paşa elə iş axtarmaqdan da yorulur, öz günlərini araqla  keçirir. İçki içən adamın həyat yoldaşı hansı millətdən olursa olsun, bir gün ondan uzaqlaşacaq.

Və nəhayət, Olya ərinə xəyanət edir – əsgərlikdən gələndən yeni iş və həyat qurmaqda çətinlik çəkən Yafəs adlı gənclə. İş elə gətirir ki, ərindən bezən Olya Paşanı öldürür, Yafəsin köməyi ilə həyətdəki ağacın altında basdırır,  özü də qaçır. Cinayətin üstü uzun müddət açılmır.
Çəməngül ana canını o ağacın altında tapşırır.  

Olya Rusiyada ölür, Yafəs də sonradan evləndiyi xanıma "AİDS” keçirəndən sonra intihar edir. Bəli! Paşanın gəzdiyi qadınlardan biri onu, yoldaşını, Yafəsi və hətta Yafəsin ailəsini bu dəhşətli xəstəliyə düçar edir. Amma içki düşkünü Paşanın bundan bixəbərliyi... Burda müəllif vəziyyəti yaxşı işləməyib. Paşanın xəstəliyini az da olsa hiss etdirməkdə çətinlik çəkib. Bəzən təkrarlara yol verilir.

Qəhrəmanlar hamısı əzab çəkir, amma ortada nəticə yoxdur. Onların vicdan əzabı daha yaxından hiss etdirilmir, eləcə uzaqdan "politoloq münasibəti” kimi təsvir olunur. Əsər haqqında tam danışmağa ehtiyac yoxdur, özü də yığcamdır və oxucu hər şeyə öz gözüylə "şahid” ola bilər.

Hə... Necə də olsa, son illərdə Azərbaycan ədəbiyyatında yazılan əsərlər içində yaxşılardan biri sayıla bilər. Siz hamınız "Lənətə gələnlər”dənsiniz. Nə qədər ki, sağlam cəmiyyət qura bilməmisiniz... Qəbul etməsəniz də.

Nə qədər ki, əxlaq böhranı sizin ölkənizdən sovuşmayıb, bu lənət daim sizi izləyir.