Şizofreniya  şeiri

Şizofreniya şeiri

Cavanşir

Məğlub  olduğumuz  
    müharibədən
sonrakı
haram  həyatımız
atəşkəs...
Onu  mənə, sənə  vallah  səhv  verib,
Bu  yurdun  bəxtini  allah  səhv  verib
Deyəsən  bu  xalqa  zülüm  kef  verir
Zülümsüz  qalanda  bilmir  nə  etsin
Bu  millət  zülümsüz  qalmağa  qorxur...
    kim, nə  olduğumuz  haqda
    kədərli  nağıl...
    bu  dünyaya
    gəlişimizin
    olmayan  səbəbi...
cürüyən  həqiqət...
mənasızlaşmış  ləyaqət...
"adnırazavı”  adamlar...
    yava  toylar...
gorbagor  yaslar...
ifrazatlarıyla  dolananlar...
milli  ayaqyolu...
insanlığa
dəyişdirilmiş  
çörək  pulu...
    azadlıq, müstəqillik  boşboğazlığı...
    rüşvətin,
yalanın
adam etdiyi
adamlar...
mənə  
yaşamağa  lazım  olan  şeyləri
allahın,
ətrafın,
    adamların  üzünə  çırpıb
    getməkdən  başqa  
    ağlıma  heçnə  gəlmir...

Qapanmış  gözlərim, dilim  aparmır,
Qurumuş  sümüyüm, dərim  aparmır.
Məni  o  dünyaya  ölüm  aparmır
Gedirəm  o dünya  mənə  xoş  gəlir.
        
    Mövcudluğumun  
    insana
             yaşamağa
    aidiyyatı  itir...

Əzabmış, cəzaymış  yaşadığım  gün
Məni  yaradanın  ölümü  çatmır.
Baxıram  başıma  heçnə  gəlməyir
Uğurun, qadanın  ölümü  çatmır.

    Az  SSR-i
    AZ  Respublikası
Səfəvi  İran  şahı  Xətainin  heykəli...
Şirvanşahlar  sarayı...
müstəqillik, əsarət  anlaşılmazlığı...
asqırmaq,
öskürmək,
u.., azadlığı
gözəlçələr...
sponsor...
tamadaləq
salamatlıq
baş  gicəlləndirən  əmin  amanlıq...
Bu  adamların  
dəlik  deşiklərini  bağlasalar
yalan, yava  danışmağa
başqa  yerlərindən  
dəlik deşik  açılacaq...
    iqtidarların  
onlara  icazə  verdiyi  həddə
doğru  danışanlar...
yuxulu  məmləkət...
zavalsız  qarət...
xarab  mövcudluq...
ədəbsiz  əbəbiyyət..,
    nəqarət
Göylər, mavi  səma, əyildi  yerə,
Ulduzlar  tökülüb  dəyirdi  yerə,
Tanrı  ayağını  döyürdü  yerə
Yatanlar  yuxudan  oyanmayırdı...
    müharibələr,
    üsyanlar
    insanın
öz  xəstə, heyvərə  mövcudluğundan  
təmizlənmək  cəhdidir...
söyüş  yerimə,
lağ  ünvanıma
çevrilmiş  yer  üzündə  
qalıb  yaşayıram...
    daha
saxtakarlığa  vadar  etməyə,
sındırıb  əyməyə
adam  qalmayıb...
bu  torpağın
    yalan
saxtakarlıq  oyunçuları
haqqın, ədalətin  ağ  bayraqlarıyla
ayaqqablarını  silirdi...
uçub  uzaqlara  gedirdim
o  uzaqlarda  mən  azad, rahat  idim...
o  uzaqları  allah, insan  yaratmışdı...
o  uzaqları  xəyalların  yaratmışdı...
indi  qanadlarım  qırılıb...
Allahın, adamların
ayaqları  altında
sərilib  qalmışam...
Allah, adamlar
vücudumu
tapdalayıb  keçir...

Günümü  ölümdən  pis  görüb  gedib
Ölüm  geri  dönüb  məni  aparmır...