Somerset Moem: Baş tutmayan qaçış

Somerset Moem: Baş tutmayan qaçış

Somerset Moem   

(hekayə)   

Əlini sıxdığım şkiper (ticarət gəmisi kapitanı – A.Y.) mənə uğur diləyəndən sonra alt göyərtəyə endim. Burada qaynaşan malaylı, çinli və dayaklı sərnişinləri yararaq, mən trapa yanaşdım. Göyərtədən aşağı boylanarkən, baqajımın artıq qayığa qoyulduğunun şahidi oldum. Bambuk həsirindən toxunmuş, iri və kvadrat biçimli yelkənə malik bu kor-kobud gəmicik bir-biriylə əl-qol ölçərək söhbətləşən yerli sakinlərlə dolu idi. Trapla oraya endim və oradakılar mənə yer verdilər. Sahilə qədər məsafə üç mil olardı. Xeyli güclü briz (sahil küləyi – A.Y.) əsməkdəydi. Qayıq sahilə yan alanda nəzərlərim suyun lap kənarında bitən bir xeyli kokos palmasına sataşdı. Onların arasından isə mənim üz tutduğum kəndin qəhvəyi rəngli damları görünürdü. İngiliscə bilən bir çinli aralıdakı bəyaz daxmanı nişan verərək, mahal valisinin orada yaşadığını söylədi. Bunu deyərkən o, mənim məhz orada qalacağımdan və cibimdə həmin valiyə yazılmış tövsiyə məktubu olduğundan, təbii ki, xəbərsiz idi.

Sahilə çıxandan sonra özümü hədsiz yalqız hiss elədim. Çamadanlarımı gətirib, günəşdə bərq vuran qumluğa qoydular. Qədəm basdığım Borneo adasının şimal qismindəki bu kənd həqiqətən də varlığını Tanrının belə unutduğu bir məkan sayıla bilərdi. İndiyədək üzünü görmədiyim yad insana özümü necə təqdim edəcəyimi, evində yerləşib, onun çörəyinə və viskisinə şərik olacağımı, məni gedəcəyim limana aparacaq növbəti gəmi gələnə qədər burada necə qalacağımı qara-qara düşünməkdəydim.

Ancaq bütün bu təlaşlarım əbəs imiş. Daxmaya yanaşıb, məktubu ev sahibinə verməyi xahiş edəndə otuz beş yaşlarında, yanaqlarından qan daman, gülərüzlü bir kişi çıxdı qapıya və məni görünməmiş səmimiyyətlə qarşıladı. Əlimi sıxan kimi nökər oğlanlardan birinə buyurdu ki, bizə içməyə bir şey gətirsin, digərinə isə əşyalarımı yerbəyer eləməyi tapşırdı. Narahatlıq barədə üzrxahlıq eləməmə heç imkan da vermədi. 

- İlahi pərvərdigara, sizi burada görməyimə necə şad olduğumu heç təsəvvürünüzə də gətirməzsiniz yəqin! Sanmayın ki, sizi evimdə ağırlamaqla mən yüksək qonaqpərvərlik-filan sərgiləyirəm. Məsələ əsla bunda deyildir. Ürəyiniz istədiyi qədər burada qala bilərsiniz. İstəsəniz, vallah, lap bir il qalın!

Məni gülmək tutdu. Həmin gün o, bütün iş-gücünü bir kənara qoydu və mənə dedi ki, onsuz da elə vacib işi-zadı yoxdur. Sonra o, öz dərin kreslosuna yayxandı. Xeyli söhbətləşdik, arada içki içib, təkrar söhbətə qapıldıq. Gündüz bürküsü yatandan sonra çıxıb, cunqlidə uzun-uzadı dolaşdıq. Geridönəndə əyin-başımız curumbul tərin içində idi. Vanna qəbul edib, paltarlarımızı dəyişəndən sonra şam yeməyi yedik. Dəhşətli dərəcədə yorğun idim və mənə elə gəldi ki, ev sahibi bütün gecəni çənə döyməyə hazırlaşır. Odur ki, məcbur qalıb, yatmaq istəyimi dilə gətirməli oldum. O, tez razılaşdı və dedi: 

- Lap yaxşı. Gedib, bir otağınıza göz gəzdirim görüm, hər şey qaydadadır, ya yox.

Mənə ayrılan otaq iri idi. Hər iki divardakı pəncərələr terrasa çıxırdı. Mebel az idi. Otağın böyük qismini tutan iri çarpayının üzərində mığmığa toru (miçətkən – A.Y.) vardı.

- Yatağın sərt olması problem doğurmaz ki? 

- Əsla. Ən azından, gecə o üz, bu üzə çevrilmərəm. Fikrə dalan ev sahibi yataqdan gözünü çəkmirdi. 

- Son kərə bu çarpayıda bir holland yatmışdı. Onun məzəli hekayətini dinləmək istərdinizmi? 

Yuxum gözlərimdə tökülsə də, mən bu adamın qonağı olduğumdan razılaşmalıydım. Həm də özüm bəzən yumorist yazar kimi çıxış elədiyim üçün yaxşı bilirdim ki, bildiyim məzəli əhvalatı başqasıyla paylaşmamaq və ya paylaşacaq birisini tapmamaq necə dözülməz şeydir. 

- Deməli, belə. Həmin holland elə sizin bu gün gəldiyiniz gəmi ilə gəlmişdi, həmin vaxt gəmi adanın başına sonuncu dəfə dolanmaqdaydı. Ofisimə girib, burada otelin harada yerləşdiyini xəbər aldı. Dedim ki, buralarda otel-filan yoxdur. Əgər qalacaq yeri yoxdursa, o halda ona yatacaq yer verə bilərəm. Bu təklifi eşitcək, o, razılıq verdi. Dedim ki, getsin, əşyalarını buraya gətirsin. 

O, kirdən işıldayan qara və xırda əşya torbasını göstərib, dedi: "Bütün olanım elə budur". Həmin torba çox nimdaş idi, ancaq bunun məndən ötrü heç bir fərqi yox idi. Odur ki, qonağa evimə yollanmağı təklif edərək, bildirdim ki, iş-gücümü bitirəndən sonra, yəni bir qədər gec mən də evə gələcəyəm. 

Bunları dediym vaxt qapı açıldı və otağa bir klerk girdi. Holland qonaq arxası qapıya oturmaqdaydı. Klerk isə qapını döymədən içəri soxulmuşdu. Nə isə, holland yerindən dik, həm də az qala bir fut yüksəyə atılaraq, cəld tapançasını çıxartdı. Mən ona çımxırdım: 

- Lənət şeytana! Nə hoqqa çıxarırsınız belə? 

Gələnin klerk olduğunu öyrənincə, qonağın əli-ayağı sustaldı. Siyirməli masama söykənərək, çətinliklə nəfəs almağa başladı. Bu ara qızdırmalı birisi kimi onun əl-ayağı titrəyirdi. 

- Məni bağışlayın, - dedi. - Əsəblərim xarab olub. 

Mən də: 

- Hə-ə, həm də yaman xarab olana bənzəyir, - dedim. 

Deyəsən, onunla sərt davranmışdım. Hətta onu evimə dəvət elədiyimə də artıq peşman idim. Əyyaş birinə bənzəmədiyi üçün onun öz qaranlıq işləkləri ucbatından polisdən gizlənən o gözüqara cavanlardan biri olma ehtimalı gəldi ağlıma. Öz-özümə dedim ki, yox, bu da ağlabatan versiya deyil, yoxsa o, başını könüllü gətirib, aslanın ağzına soxacaq qədər axmaq olmaz hər halda. Ona təklifdə bulundum: 

- Yaxşısı budur, evə gedib, bir az dincəlin, rahatlanın.

Holland otaqdan çıxdı. Öz daxmama dönərkən, onun eyvanda oturduğunu gördüm. Zahirən təlaşsız görünsə də, oturuş şəklində nə isə bir narahatlıq sezilməkdəydi. Vanna qəbul edib, təraş olduğu, əyninə təmiz paltar geyindiyi üçün adama indi daha xoş təəssürat bağışlamaqdaydı. Soruşdum: 

- Niyə otağın tən ortasında bardaş qurubsunuz? O iri kreslolarda uzanmaq daha rahat deyilmi? 

- Mən uzanmaqdansa, oturmağa üstünlük verirəm, - dedi. 

Öz-özlüyümdə düşündüm: "Əcəb işdir!" Əslində, bir adam bu cür bürküdə uzanmaq əvəzinə, oturmağı uyğun görürsə, deməli, mütləq ehtiyatlandığı bir şey var. Sir-sifəti sən deyən yaraşıqlı olmasa da, qonağım xeyli uca boya və əzələli bədənə sahib idi. Başı az qala kvadrat biçimli idi, qısa kəsilən saçları isə sərt tikanları xatırladırdı. Ona haradasa qırx yaş verərdim. Diqqətimi ən çox cəlb edən isə onun üzündəki ifadə idi. Hollandın mavi və xırda gözlərindəki qəribə kədər adamı ehtiyatlanmağa səsləyirdi. Cizgilərinə görə isə onun üzü ilə böyrü üstə əyilmiş ev arasında nə isə bənzərlik vardı, görəndə deyərdin ki, az sonra bu adam hönkürüb, ağlayacaq. Elə hey sol çiyninin üstündən geri qanrıldığı üçün hər dəfə kiminsə onu səslədiyi təəssüratı doğurdu. Lənət şeytana, bu, həqiqətən də əsəbləri pozulmuş bir adam idi! 

Bir az içki içəndən sonra onun dili-dilçəyi açıldı, nə açıldı. İngiliscə səlis danışırdı. Hətta çətinliklə sezilən şivəsi olmasaydı, onun başqa millətə mənsubluğu heç adamın ağlına da gəlməzdi. Onu da etiraf eləyim ki, çox söhbətcil adam idi. Dünyanın hər yerində olmuşdu, saysız-hesabsız kitab oxumuşdu. Ona qulaq asmaq mənə görünməmiş həzz verirdi. 

Gündüzlər onunla adama üç-dörd stəkan viski içirdik, sonra isə cinə keçirdik. Odur ki, axşam yeməyinə doğru kefimiz kəllə-çarxa vururdu. Canlara dəyən biri olduğuna artıq hər hansı şübhəm qalmamışdı. Şam yeməyində yenə viski gillədirdik. İçki ehtiyatlarımın arasından bir şüşə də benediktin likörü tapdığım üçün desert zamanı ona üstünlük verirdik. Likördən yamanca xumarlandığımız çox yaxşı yadımdadır. 

Ən nəhayət, o holland buralara gəlişinin səbəbini mənə açdı. Bu, yetərincə qəribə bir əhvalat idi.

Bu yerdə ev sahibi qəfil sözünə ara verib, məni süzdü. Sonra, danışacağı əhvalatın qəribəliyini bir daha dərk edibmiş kimi, ağzı heyrətdən açıla qaldı və sözə başladı:

- O holland buraya Sumatra adasından gəlibmiş. Bir çinli ilə aralarında nə isə olub və o adam bu qisası yerdə qoymayacağını deyibmiş. Əvvəl-əvvəl holland onun təhdidlərini ciddiyə almayıb, ancaq düşməni onu iki-üç dəfə öldürməyə cəhd edincə, bundan təlaşlanmağa başlayıb və bir müddətə oralardan uzaq bir yerə getmək qərarına gəlib. Rahat dincəlmək məqsədiylə Bataviyaya üz tutub. Ancaq bir həftə sonra düşməninin divar dibindən onu pusduğuna şahid olub. Həqiqətən də, düşməni onu qarabaqara izləyirmiş! Suiqəsd fikrindən də əl çəkməyibmiş! Holland düşünüb ki, deyəsən, bu xəmir çox su aparacaq, ona görə də Surabayya səmtə gedən bir gəmiyə minib. 

Günlərin bir günü o, küçələrində – bilməmiş olmazsınız – insan qaynaşan həmin şəhərdə dolaşanda təsadüfən geri qanrılır və görür ki, can düşmanı çinli sakit-arxayın onun dalınca gəlir. Holland bundan hədsiz sarsılır. Onun yerində hər kim olsaydı, yəqin ki, təlaşlanardı. Əlüstü otelə dönüb, əşyalarını yığır və ilk gəmi ilə Sinqapura yola düşür. Orada isə, aydın məsələdir ki, van Vikin otelində məskunlaşır, çünki o şəhərdə hansı hollandı axtarsan, ancaq orada tapa bilərsən.

Bir gün otelin həyətindəki masa arxasında oturub, kokteylini sümürdüyü vaxt qəflətən həmin çinli qarşısında zühur eləyir. Qarşısına keçib, bir müddət hollandın düz gözlərinin içinə baxandan sonra çıxıb, gedir.

Holland mənə etiraf elədi ki, həmin anlarda onun baxışlarının təsiriylə keyləşibmiş. Hətta çinli öz krisini (çoxqatlı poladdan hazırlanan və tiyəsi ilan gövdəsi kimi qıvrılan biçimə malik qısa xəncər növüdür. Malayziyada, İndoneziyada, Filippində və Yava adasında geniş yayılmışdır. 2005-ci ildə UNESCO kris xəncərini bəşər tarixinin parlaq incilərindən biri elan etmişdir – A.Y.) onun sinəsinə saplasaydı belə, holland zərbədən qorunmaqdan ötrü əlini tərpətmək iqtidarında deyilmiş, çünki çinlinin baxışlarından sezibmiş ki, bu lənətə gəlmiş adam nəyin bahasına olursa-olsun, onu qətlə yetirməyə niyyətlidir və bu qisas anını ləngitməkdən və ya onun qarşısını almaqdan ötrü ağlına bir çarə gəlmir. Odur ki, əlləri yanlarına düşübmüş. 

Soruşdum: 

- Bəs o, polisə niyə şikayət eləməyibmiş? 

- Nə bilim. Hər halda o, aralarındakı haqq-hesaba polisi qarışdırmağı uyğun bilməyib. - Bəs o çinliyə nə pisliyi toxunubmuş? 

- Onu da bilmirəm. Bu barədə mənə heç söz açmadı. Bir dəfə bunu ondan xəbər alanda üzündə elə peşman ifadə yarandı ki, onun iyrənc bir iş tutduğundan əmin oldum. İndi mənə elə gəlir ki, o, bir şeyi tam dəqiq bilirmiş: çinlinin ona tutacağı divanı holland tamamilə haqq edibmiş. Ev sahibi siqaretindən qullab aldı. 

- Sözünüzə davam edin, - dedim. 

- Sinqapur ilə Kuçinq arasında vaxtaşırı səfərlər edən gəminin şkiperi reyslər arası vaxtını van Vikin otelində qalırdı. Bir dəfə o, sübh tezdən səfərə çıxmalıymış. Hollanda elə gəlib ki, düşmən caynağından qurtulması üçün şkiperə qoşulması ələdüşməz fürsət olar. Öz baqajını oteldə qoyaraq, o, şkiperlə birlikdə gəminin yanına gedir: guya məqsədi hansısa tanışını yola salmaq imiş. Lakin gəmi sahildən aralananda da holland gəmidən enmir.

Həmin vaxtlar onun əsəbləri yetərincə tarım imiş və hər necə olursa-olsun, çinlinin təqibindən qurtulmağa çalışırmış. Kuçinqə çatandan sonra o, özünü tam güvənlikdə hiss eləyir. Oteldə bir nömrə tutur, çinlilərin işlətdiyi dükanlardan özünə bir cüt kostyum və bir neçə köynək alır. Ancaq, özünün də etiraf elədiyi kimi, gecələr gözünə yuxu getmirmiş, çünki can düşmanı yuxusuna haram qatıbmış. Hər gecə azı on kərə öz boğazına kris dirəndiyini gördüyü üçün diksinib, yuxudan ayılırmış. Vallah, bütün bunları öyrənəndə onun halına acıdım. Başına gələnlərdən söz edərkən onun bütün vücudu əsim-əsim əsirdi, qapıldığı dəhşət duyğusundan isə səsi xırıldayırdı. Əvvəllər üzündə sezdiyim o qəribə ifadə də onun bu daxili sarsıntılarıyla bağlı imiş. Hər halda xatirinizdən çıxmamış olar, lap əvvəldə demişdim ki, onun üzündəki anlaşılmaz ifadənin səbəbini heç cür anlaya bilmirdim. Sən demə, bu – çəkdiyi qorxudan qaynaqlanırmış. 

Bir gün Kuçinqdə klubda oturarkən o, pəncərədən dışarı boylanır və görür ki, ona düşmən kəsilən çinli yaxınlıqdakı skamyada oturub. Hollandın əli-ayağı süstləşir, bədəninə soyuq əcəl təri gəlir. Özünü ələ alan kimi o, buradan da baş götürüb, qaçmaq niyyətinə düşür. Yəqin siz də bilirsiniz ki, Kuçinq ilə digər şəhərlər arasında hər hansı səfərlər yox dərəcəsindədir. Sizi buraya gətirən o kiçik gəmi isə onun təcili aradan çıxması üçün yeganə nəqliyyat imiş. Gəminin göyərtəsinə qalxanda əmin imiş ki, nəhayət, çinlidən yaxasını qurtarıb. 

- Bəs onu məhz buraya gəlməyə nə vadar edibmiş? 

- Bu hərif sahildəki bir neçə limanda endiyi üçün özünü inandırıb ki, çinli onun harada məskunlaşdığını təyin edə bilməz. Həm də bizim adada qalmaq barədə qərarı holland ən son anda qəbul edib, görüb ki, bizim limanda sərnişinləri sahilə aparan cəmi bircə qayıq var və ona vur-tut beş-on adam sığır. 

Holland mənə etiraf eləmişdi ki, ən azından bir müddət buralarda qalmaq, bir az rahat nəfəs almaq və sinirlərini yatışdırmaq istəyir. Ona təskinlik verərək, dedim: 

- Burada istədiyiniz qədər qala bilərsiniz. Bizim kənddə başınıza pis bir şey gəlməz və ən azından növbəti gəmi səfərinə qədərki bir ayda bu mümkün deyildir. Hətta istəsəniz, gələn gəmidən sahilə enən adamlara da bir kənardan göz qoya bilərik. 

O, bunun qarşılığında mənə necə təşəkkür edəcəyini bilmirdi. İçinin necə böyük fərəhlə dolduğu gözlərindənin parıltısından sezilməkdəydi.

Gecədən keçirdi və mən qonağa yatmağı təklif elədim. Onu qonaqlar üçün ayrılmış otağa qədər ötürdüm ki, orada yaradılan şəraitə özüm də nəzarət edim. Hər cür təhlükəsizliyə zəmanət versəm də, o, qaldığı otaqdan yuyunma bölümünə açılan qapının arxasındakı sürgünü keçirtdi, pancurları isə içəridən cəftələdi. Hətta otaqdan çıxdığımda ardımca kilidin üstündəki açarı burduğunu da eşitdim.

Səhəri gün mənə çay gətirən qulluqçu oğlandan holland qonağı oyadıb-oyatmadığını xəbər aldım. Dedi ki, elə indi ona baş çəkəcəkmiş. Oğlanın onun qapısını uzun-uzadı döydüyünün şahidi oldum. Düşündüm ki, qulluqçunun bu qədər qapını döyməsinə rəğmən, içəridən ona hay verilməməsi qəribə haldır. Bundan təşvişə qapıldım. Yatağımdan qalxıb, mən də o qapını döyməyə başladım. Qulluqçu ilə birlikdə qaldırdığımız səs-küyə ölüdən də cavab gələrdi, ancaq hollanddan səs-səmir çıxmırdı. İşi belə görüncə, mən qapını zor gücünə açmalı oldum. Çarpayının üstündəki mığmığa torunun səliqə-sahmanı yerində idi. Onu qaldırdım. Kürəyi üstə uzanan hollandın gözləri bərələ qalmışdı. Görünür, çoxdan keçinmişdi. Boğazına isə kris sancılmışdı. Bəlkə də mənə inanmayacaqsınız, ancaq Yaradana and içərəm ki, onun bədənində bircə dənə də xəsarət izi yox idi. Otaqda bir kimsə gözə dəymirdi. Bütün bunlar gülməlidir, deyilmi?

- Bu, bizim nəyi gülməli şey saymağımızdan asılıdır, əlbəttə, - dedim. 

Ev sahibi baxışlarını tez mənə zilləyib, soruşdu: 

- Siz necə, gecəni bu yataqda keçirməyi arzulayarsınız? 

- Y-o-o-x. Əgər bu əhvalatı sabah səhər mənə danışsaydınız, buna heç şübhəsiz… razı olardım.   

Tərcümə: Azad YAŞAR

Kult.az