Sonası Vəliyeva. Güzgü (Kiçik hekayə)

Sonası Vəliyeva. Güzgü (Kiçik hekayə)

Bu, hər gün təkrar olunur. Hamını mənim dəli olmadığıma inandırmaq. Düzdür, bir-iki dəfə həkimlər sübut etməyə çalışdılar ki, guya mən dəli olmuşam. Axı hər gün bu bəyaz otaqda güzgü qarşısında dayananda başqa güzgülər də peyda olurdu və mən həmin güzgü izdihamından qurtulmağın mümkünsüzlüyünü dərk edəndə başımı otaqdakı ən nəhəng güzgüyə çırpırdım. Bax, onda möcüzəvi şəkildə kimlərsə məni tapırdı, həkim çağırırdı və həkimlər də məni müayinə edib bu qənaətə gəlirdilər ki, mən ağlımı itirmişəm. 

İnsanlarsa daha ciddi işlərlə məşğuldur. Onların mənim kimi bütün günü güzgünün qarşısında dayanıb özlərinə tamaşa etməyə vaxtları yoxdur. Onlar qapıları arxadan bağlı olan bəyaz otaqlarda da yaşamırlar. Və bütün günü ora-bura qaçan bu insanların evlərində qalaq-qalaq yığılmış mebellərin, əşyaların sayı yerə-göyə sığmır: şkaflar, stullar, stollar, pərdələr, xalçalar.... 
Bəlkə mən də on mərtəbəli binanın ikinci, üçüncü yaxud dördüncü, beşinci mərtəbəsində yaşasaydım, mənzilim də müxtəlif əşyalarla dolub-daşsaydı, hamının qibtə etdiyi həmin insanlara bənzəyərdim. Lakin, mən cırıltısı ilə milçəkləri də yuxusundan eləyən sınıq-salxaq çarpayıdan və güzgüdən ibarətəm. 

Bir vaxtlar indi adlarını xatırlamadığım adamlarla elə mənzillərdən birində yaşayırdım. Bir vaxtlar deyəndə 90-cı illərin əvvəllərində. O illər bizdə müharibə idi, yekə müharibə, ərzaq qıtlığı idi, çörək yox idi, yemək yox idi, alma yox idi, almaları sevmirdim, kəpənəklər də, kəpənəkləri də sevmirdim, evimizdəki divarların rəngini, mənim otağımdakı ağ, anamın otağındakı çəhrayı, bir də dəqiq xatırlamıram ya qardaşımın bəlkə də bacımın otağındakı mavi, onlar da iyrənc idi. Həmin insanlar da ciddi işlərlə məşğul olduğundan yaşadığımız mənzildə çoxlu əşyalar var idi. Lakin, məni narahat edən çoxlu əşyalar və yaxud insanlar deyildi. Sadəcə mən evdəki güzgünü hamıyla bölüşmək məcburiyyətindəydim. 

Deyəsən, elə onda anladım ki, bütün fikirlərimi özündə sirr kimi saxlayan güzgümü heç kəsdən qoruya bilməyəcəm. Mən güzgümün toxunulmazlığını bərpa etmək üçün əlimdən gələni edirdim. Qışqır-bağır salırdım, evdəkilərlə dalaşırdım. Axırda məni öz yanlarından ayırıb başqa evə, daha sonra başqasına və sonda ağ xalatlı adamların gəzişdiyi bəyaz otaqlardan birinə kilitlədilər. Ancaq, burada xoşbəxtəm. Çünki, artıq özümə məxsus güzgümə doyunca baxa bilirəm. Və bu hiss mənə zövq verir. İndi güzgünün qarşısında dayanıb hər gün dəfələrlə təkrarladığım şeyləri yenidən danışmaq. Bircə güzgümün arxasından peydə olan çoxlu güzgülər məni narahat edir. Onlar hər gün mənə baş çəkirlər. Dünən, srağagün, ondan əvvəlki gün, bu gün də. 

Bəli, bu gün də gəliblər. Heç vaxt məni tək buraxmırlar. Üstəlik qəribə məxluqlara bənzəyən güzgülərin əlləri və ayaqları da var. Mənsə dünən, srağagün, ondan əvvəlki gündə olduğu kimi, bu gün də qaçıb canımı onlardan qurtara bilmirəm. Onlar bir nəfər kimi məni dövrəyə alır və mən güzgülərin əhatəsində çarəsiz vəziyyətdə donub qalıram. Sanki nəsə demək istəyirlər. Lakin, mən ancaq bir güzgüylə danışa bilərəm, düşüncələrimi cəmi biriylə bölüşə bilərəm. Tavanın geniş çatlarından süzülən işığın divarların bəyaz rənginə qarışıb güzgüdə əks olunması ürəkbulandırıcıdır. 

Çarəsizlik və ürəkbulanmanın təsirilə başımı məni dövrələyən güzgülərdən ən nəhənginə çırpıram. Huşumu itirirəm.

MÜƏLLİF HAQQINDA:
Vəliyeva Sonası 1997-ci il 22 iyun tarıxində Bakı şəhərində doğulub. 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitinin Filologiya (ingili dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alıb. Hal-hazırda təhsilini magistr dərəcəsi üzrə Xəzər universitetində linqvistika bölməsində (ingilis dili üzrə) davam etdirir.