“Sonuncu Dərviş” haqqında ilkin rəy

“Sonuncu Dərviş” haqqında ilkin rəy

Azər Abdulla

Bir neçə gün öncə gənc yazar, ədəbi camedə yetərincə tanınan Kənan Hacı yenicə çapdan çıxmış kitabını mənə bağışladı. Kitabın "Sonuncu Dərviş” adı mənə maraqlı gəldiyindən, qabaqca həmin mətni oxumaq istədim. Vaxta qənaət etmək üçün həmin yazının səhifəsini "kitabın içindəkilər” yerində aramaq istəyəndə, hayıf ki, belə bir siyahı olmadığından, kitabı başdan sonacan vərəqləməli oldum. 

Həmin başlıq gözümə dəyməsə də, ayrı-ayrı yazılarına seçdiyi çoxsaylı başlıqlar mənə çox çəkici gəldi. Yazıya gözəl başlıq-sərlövhə tapmağın özü də bir bacarıqdır.

Ömrümün altmışa yaxın ilini Bakıda yaşasam, Bakı kəndlərinin çimərliklərində, dost-tanışın bağlarında dönə-dönə olsam da, Ordubadinin "Gizli Bakı” romanından üzü bəri Qılman ilkin, Hüseyn Abbaszadə, Anar, Elçin, İlqar Fəhmi, Rəhman Əlizadənin... siyahını uzatmaq olar, bədii əsərlərində Bakı və onun kəndləri, insanları haqqında yazılmış bir-birinə bənzəməyən duzlu-məzəli, yumorlu, psixoloji əsərlərini oxusam da, bəstəçilərin bu şəhərdən bəhs edən qəlbə toxunan mahnılarını dinləsəm də, "Abşeron məktəbi”nə məxsus rəssamların yaratdıqları mənzərə və insan tipajlarını seyr etsəm də, doğma şəhərimin insanları, onların məişəti, gələnəyi, yaşam tərzi haqqında nə qədər az bildiyimə acımışam.
 


Bakının Buzovna qəsəbəsində doğulub yazıçı kimi yetkinləşmiş Kənan bəyin gerçək roman adlandırdığı "Sonuncu Dərviş” kitabındakı bədii qatıyla seçilən publisist yazılarını oxuduqca, Xəzərə söykəli Bakı, Abşeron torpağının yetirdiyi dünyaca tanınmış, bəzən zamanın kölgəsində qaldığından az tanınmış, yaxud heç tanınmamış sənət, peşə adamlarının, (müəllim, alim, bəstəkar, müsiqiçi, memar... neftçi, bənna, sürücü, dustaq həyatı yaşamış) zəhmətsevər sadə insanların iç dünyasının gözəlliyi, bəzənsə acı talelərilə tanış olursan. Bəzən qəlbin fərəhlə döyünür, qürur hissi keçirirsən, bəzən onların acı talelərini "görəndə” qəlbindən qara qanlar axır. Kitabda tanıdığın və tanımadığın adamların və bu doğma torpaqda sənə bəlli olmayan yeni xüsusiyyətləri, hal-xasiyyətləri insan, təbiət haqqında bildiklərini daha da zənginləşdirir. 

Kənan Hacının yeni işıq üzü görmüş kitabını tələm-tələsik oxuyub yarıya çatmamış yaranan ilk təəssüratım hələlik bu qədər. Kitabı sonacan oxumağa vaxtım-vədəm yetəcəkmi, yeni fikir yazıb-yazacağammı, bir Allah bilir. Bu yeni, oxunaqlı, zəngin informasili kitabı münasibətilə qələm dostumu alqışlayır, ona can sağlığı diləyirəm.