Şopenhauer  -

Şopenhauer - " Xoşbəxtlik haqqında "

Artur Şopenhauer "Xoşbəxtlik haqqında”

Hər kəs üçün onun öz şəxsiyyəti ən dəyərli və ən əhəmiyyətli şeyə çevrilməlidir. Sənin xoşbəxt olma
ehtimalın məhz bundan asılıdır. Buna nə qədər çox nail ola bilsən, nəticədə, öz daxilində nə qədər çox həzz mənbələri aşkarlaya bilsən, o qədər çox xoşbəxt olacaqsan...
Axı bütün xarici həzz və xoşbəxtlik mənbələri, təbiətcə etibarsız, şübhəli və keçicidir. Onlar situsiyadan asılıdırlar və
buna görə də bu mənbələr hətta ən əlverişli şərtlərdə belə tükənə bilərlər. Bu qaçılmazdır. Ürəyin istədiyi vaxt onları tapmaya bilərsən. Bütün hallarda bu mənbələr sən qocaldıqca tükənməyə başlayır: bu zaman sevgi bizi tərk edir, daha əvvəlki tək şənlənə bilmirik, səyahət və ya at yarışlarına olan ehtirasımız
yavaş-yavaş öləziyir, cəmiyyət üçün yararsızlaşırıq; nəhayət ölüm bizi qohum-əqrəbadan və dostlardan məhrum edir.
Bütün bu reallıqlar fonunda bizimçün ən önəmli olan şey öz daxili aləmimiz, öz içimizdir. Bizim şəxsi keyfiyyətlərimiz daha
etibarlıdır. Onlar hər yaşda daha gerçəkdirlər və bizimçün etibarlı xoşbəxtlik mənbəyinə çevrilə bilərlər.
Ümumiyyətlə, dünyadan elə də çox şey qoparmaq mümkün deyil: o, ehtiyac və kədərlə doludur. Bütün bunlardan yaxa qurtarmaq istəyənləri hər addımbaşı tənhalıq güdməkdədir. Çünki ümumi qaydaya əsasən güc axmaq başlanğıca məxsusdur, ən həlledici söz isə budur:"axmaqlıq”. Tale qəddar, insanlar aciz. Belə
bir axmaq dünyada zəngin daxili dünyaya malik olan insan zülmətli və qarlı dekabr gecəsi işıqlı, şən, isti otağa bənzəyir. Məhz ona görə də yüksək, zəngin fərdi keyfiyyət, xüsusən də, dərin zəka bu dünyada yeganə xoşbəxtlik mənbəyidir.
Ümumiyyətlə, öz daxili rahatlığını və azadlığını - fərqi yoxdur, tamamən və ya qismən - hansısa şan-şöhrət, rütbə, dəbdəbə, hörmət və şərəf uğrunda qurban vermək ən böyük axmaqlıqdır...
Mənəvi gücə sahibləmiş insan heç bir iradi müdaxilə olmadan da, yalnız ağıl vasitəsilə nəyləsə maraqlana bilər, hətta bu onun üçün çox vacibdir. Bu maraq onu "tanrıların yüngül və şən həyatı” atmosferinə yüksəldir. Başqalarının həyatı isə mənasız şəkildə axıb gedir; onların bütün arzu və məqsədlərini vulqarcasına yalnız şəxsi rifahlarına həsr
edirlər. Daha doğrusu, mənasız sıxıntılarla mübarizəyə. Məhz ona görə də bu məqsədlərə nail olan kimi amansız tənhalığın cənginə keçirlər. Əksinə, mənəvi gücə sahiblənmiş insan isə həyat haqqında zəngin düşüncələrin içində canlı və mənalı həyat sürür. Əgər özünü həsr etməyə zaman tapsa, onu yalnız layiqli diqqət maraqlandırır, çünki bütün yüksək
həzz mənbələri onun öz daxilindədir. Öz daxili impulsları onu təbiət hadisələri və insan həyatı haqqında əsrarəngiz tamaşaya, eləcə də, yaşadığı dövrdən və ölkədən asılı olmayaraq, dahi insanların rəngarəng əsərlərinə qonaq edir. Bütün bunlardan həzz almağı yalnız və yalnız o bacarır. Bu
əsərləri və bu əsərlərin dəyərini yalnız o dərk edə bilər. Düzü, bununla intellektli insanındaha çox oxumağa, daha çox görməyə,
savadlanmağa, düşünməyə, eləcə də, asudə zamana ehtiyacı bir az da çoxalır... Ona görə də istedadlı adam öz şəxsi həyatı ilə yanaşı,
həm də ikinci, məhz mənəvi həyat yaşayır. Getdikcə bu mənəvi həyat onun üçün əsas məqsədə, şəxsi həyatı isə bu məqsədə
çatmaq üçün vasitəyə çevrilməyə başlayır. Başqaları isə bu vulqar, boş və darıxdırıcı mövcudluğu həyatlarının əsas məqsədi
hesab edirlər...
"Normal”, ortabab insan xoşbəxtliyi özündə yox, var-dövlətdə, rütbədə, arvadda və uşaqlarda, dostlarda, cəmiyyətdə axtarmağa və öz xoşbəxliyini bunların üzərində qurmağa məcburdur. Ona görə də, bu insan onları, yaxud onlara olan inamını itirən kimi öz xoşbəxtliyi də əlindən çıxır. Bu vəziyyəti belə bir formula ilə ifadə etmək olar: "Onun ağırlıq mərkəzi onun özündə deyil”. Ona görə də onun arzuları və kaprizləri tez-tez dəyişir: əlinə imkan düşən kimi bağ evi və at alır, şənliklər və səyahətlər təşkil edir, ümumiyyətlə dəbdəbəli həyat sürür. Həzzi özündə yox, hər zaman kənarda axtarır, öz sağlamlığını bulyonda axtaran xəstə kimi. Halbuki əsl mənbə onun öz içindədir...

 

Tərcümə: Mahmud Ağakişioğlu