SSRİ-də qadağan olunmuş roman

SSRİ-də qadağan olunmuş roman

20-ci əsr rus ədəbiyyatının klassiki, sovet quruluşu ilə barışmayıb Fransaya mühacirət etmiş Yevgeny Zamyatin-in "Biz" romanı Azərbaycan dilində çap olundu.

Roman SSRİ-də qadağan olunduğu üçün ilk dəfə 1920-ci ildə Londonda ingiliscə çapdan çıxıb.

Bundan sonra bir çox məşhur distopik əsərlər (Corc Oruellin "1984”ü, Oldos Hakslinin "Cəsur Yeni Dünya”sı, Rey Bredberinin "451 Faranheyt”i) Zamyatindən təsirlənərək yazılıb.

20-ci əsr - "Biz" əsridir. 20-ci əsr insanı dünyanı ideologiyalarla qavramağa, dolayısı ilə dəyişməyə çalışırdı.

Hər şey sürətlə "biz"ləşir və məcburən bəsitləşirdi. Sosial sözü dəbdə idi. Belə bir vaxtda yazıçının hər bir düşüncə və sənət adamı kimi borcu bu hakim paradiqmaya müxalif olmaq idi.

Zamyatin də bunlardan biri idi. Zamyatin "Biz"ə meydan oxudu və "mən"in, fərdin tərəfində yer aldı. O "Biz" əsərində insan ağlının mexanikləşdikcə sənəti, düşüncəni və ümumən insanı təhdid etdiyini göstərdi.

Lakin mexaniki ağılın anlamadığı, hesablaya bilmədiyi iki şey var. Ölüm və sevgi. "Biz" hər şeyi paylaşsa da ölümü və aşiq olmağı paylaşa bilmir.

Amma bütün ağıl maneələrinə, sərhədlərinə baxmayaraq baş qəhrəman bir qadına aşiq olur. Və bütün hadisələr bundan sonra başlayır, onu öz "mən”ini dərk etməyə, "biz"dən qopmağa təhrik edir.

Bu hər nə qədər sancılı olsa da ağlın nizamından bezən qəhrəman getdikcə individuallığına bağlanır. Sevdiyi üçün "keçmişdəki vəhşi insanlar" kimi qısqanır və sahib olmaq istəyir.

Müəllif oxucunu "biz"dən "mən"ə doğru, özünüdərkə aparır.

Oxu Zalı