Stefan Hermlin. Axşam işığı (Romandan parça)

Stefan Hermlin. Axşam işığı (Romandan parça)

Stefan Hermlin (əsil adı Rudolf Leder; 1915 - 1997) – yəhudi əsilli alman yazıçı, şair, tərcüməçi. 1931-ci ildə, ilk şeirlərini çap etdirəndə Stefan Hermlin təxəllüsünü götürüb. 1936-cı ildən 1945-ci ilə qədər mühacirətdə yaşayıb, "Azad Almaniya” hərəkatında iştirak edib. Çoxsaylı şeir və hekayələrin müəllifidir. Ən məşhur əsəri avtobioqrafik "Axşam işığı” romanıdır.

Yarpaq.az romandan bir parçanı təqdim edir.

 

 

Axşam işığı

 

Arabir atama baş çəkərdim. Aramızda baş tutan o son çılğın söhbətdən sonra – mən Kembricə getməkdən imtina etdişdim və atamın bunun səbəbini öyrənmək üçün verdiyi suallara cavab olaraq söyləmişdim ki, söhbət alman inqilabından gedir və mən burda, işçilərin yanında olmaq istəyirəm, – o mənimlə siyasət haqda mübahisə etməyin daşını biryolluq atmışdı. Bəzən mən onu xaricə göndərmək üçün dilə tutardım, belə zamanlarda o gülümsəyər, üzümə baxmadan soruşardı: "Niyə?” Bir az susandan sonra əlavə edərdi: "Almaniya türmədir, amma rahat türmə. Yeri gəlmişkən, - o, davam edərdi, - mən lap çoxdandır ki, bu qədər pul qazanmırdım. Bunu danmaq  olmaz, indiki sahibkarlar iqtisadiyyat üçün az iş görmürlər.” Mənə bir şey lazım olub-olmadığını soruşardı, mənsə, onu sakitləşdirərdim, deyərdim ki, maaşım mənə kifayət edir. Sifətindən bəlli olurdu ki, söhbəti davam etdirmək arzusunda deyil, durub  royal arxasına keçərdi, bərabər Motsartın sonatasını ifa edərdik.

O, həmişə azdanışan, təmkinli və məsafə saxlasa da, dostcanlı insan olub. Öz aləminə və susqunluğuna elə qərq olurdu ki, gerçək dünyaya gecdən-gec, həm də çox çətinliklə qayıdırdı. Bununçün onu ya bir neçə dəfə səsləmək lazım gəlirdi, ya da  gərək israrla nə isə soruşaydın. O zaman onun gözlərinə qorxu, get-gedə artan həyəcan ifadəsi dolardı və artıq gənclik çağına girdiyim üçün  eyni qəribəliklər mənə də xas olduğundan, onun bu davranışı məni heç təəccübləndirməzdi. "Xasiyyətcə tamamilə ona çəkmisən” – sözlərini hələ  körpəlikdən bu yana  eşidirdim. Sonralar həyat bizi bir-birimizdən qoparıb  nə qədər uzaqlara atsa da, atamla olan o yaxınlıq bağını daim hiss etdim. Onun daxilində nələrin baş verdiyini heç soruşmaq da lazım gəlmirdi, çünki biz ikimiz də eyni xəmirdən – onun xəmirindən yoğrulmuşduq. Yəqin ki, bunu o da bilirdi və onun ölümü ilə bitərək artıq daş kimi ağır bir sükuta dönən, neçə onilliklər öncədə qalan çox qısa, həm də kəsik-kəsik xatırladığım söhbətlərin üstündən bu qədər zaman keçdikdən sonra mənə təskinlik verən məhz budur.

Atam hələ də gündə iki saat olmaqla səhərin alatoranında, səhər yeməyinə qədərki müddət ərzində katibə gələnə qədər piano çalmağa davam edirdi. İfası həmişəki kimi ecazkardı. Əvvəlkindən çox ifa edirdi indi, dözüb dayandığı və nifrət etdiyi zamanlarda olduğundan daha çox. Həmişə olduğu kimi musiqi ona yaşamağa kömək edirdi, indi günün tən yarısını piano çalmaqla keçirirdi. Bəzən məni də özü ilə duet ifa etmək üçün dəvət edərdi. Mən skripkada elə də pis deyildim, amma ifam onunku ilə heç müqayisə də edilə bilməzdi. Həmişə tərifləyərdi məni, deyərdi ki, nə ifa etdiyimi başa düşürəm.

Əvvəllər bizim evdə tez-tez  təşkil olunan kamera musiqisindən ibarət konsertlər son zamanlar demək olar ki, yoxa çıxmışdı, çünki musiqiçi dostlar ya köçüb getmiş, ya da artıq bizə gəlməyi tərgitmişdilər. Bir dəfə, bizim atamla nadir gəzintilərimizdən biri zamanı Almaniyanın o zamanlar ən istedadlı bəstəkarlarından olan dostumuza rast gəlmişdik. Uzun illər bizim evə gəlib-gedən və atamın köməklik göstərdiyi  azsaylı musiqiçilərdən biri idi. İndi isə bizimlə salamlaşmamaq üçün addımlarını yeyinlədirdi. Sonralar öyrəndiyimə görə, ondan sonra daha bizə heç gəlməyibmiş. Onun ən yaxşı əsəri müharibə zamanı reyxin ən məşhur orkestrlərindən biri tərəfindən ifa olundu və elə ertəsi gün də təbliğat nazirliyi tərəfindən qadağan edildi. Uzun illər sonra onu bir də gördüm. Bizim ailəmiz barədə, mənim barəmdə böyük təəssüf hissilə danışdı, atamın halını xəbər aldı. Mən ona atamın "Kristallnact”* tərəfindən Zaksenxauzenə aparıldığını dedim.

Bu adamla aramızda heç bir düşmənçilik yox idi, sadəcə müəyyən vaxtdan sonra bizimlə tanışlığı davam etdirmək istəməmişdi. Çox sonralar mən anladım ki, insanlar birinə mənəvi olaraq borclandıqları zaman, yalnız güclülər bunun qarşısında davam gətirə bilir, zəiflər üçün isə bu, tamamilə dayanılmazdır, onlar borclu olduqları şəxsə qarşı bəzən hətta ən aqressiv hərəkətlərə də əl ata bilirlər. Bu adam isə nə kifayət qədər güclü, nə də zəif adam olmadığından, üçüncü kateqoriyaya aid idi. Son zamanlar onunla tez-tez qarşılaşırdım – vəziyyət belə gətirirdi. Onun bizim çevrədən yox olmağının, o dəfə o görüşdən boyun qaçırmasının səbəblərini heç müzakirə etmədik. Bəzən onun gözlərində ehtiyatlı, ürkək  bir ifadə olardı – sanki mənim hər şeyi bildiyimi və xatırladıgımı bilirdi. Bu ifadə məni pərt eləyirdi. Onu utandırmağı heç istəməsəm də, şübhələrini dağıtmağa da gücüm çatmırdı. Həyatı tamamilə yeni əlamətlərdən hiss edirdim – sürəkli qışqırmaq istəyirdim və hər şeyə biganə idim, onunla baş tutan bu görüşlər isə, bu duyğunu möhkəmləndirirdi. O illərdən mənə qalan təşviş və eyni zamanda məni bu illər ərzində ayaqda tutan, mövcud olmağıma yardımçı olan hansısa hissim özünü bu şəkildə büruzə verirdi. Sonralar atamın başına nələr gəldiyi haqda az bilirəm, bildiklərimi də o dövrün azsaylı şahidlərindən eşitmişəm. Dostlarımdan biri olan gənc bir işçi deyirdi ki, il sonu o, atamı Zaksenxauzendə görübmüş, əynində yüngül kitel vardı və daş yonurdu. Dostum atamın bu yerə qədər heç vaxt fiziki işlə məşğul olmadığını bilirdi. Lakin onun ağır yükü necə naşılıqla daşıdığını da öz gözlərilə görmüşdü – bu, onun düşərgə həyatının ilk çağlarında baş veribmiş. Dostumun sözlərinə görə isə, məhz bu vaxtlar xüsusilə dəhşətli idi. Atam ömrünün son saniyələrinə qədər esesçilərə qarşı  təəccüb doğuran rəftarını gizlətməmişdi; bu, intizamlı, nəzakətli və nifrətqarışıq bir rəftardı.

O, ayrılmaq istəmədiyi bu ölkədə  əvvəllər də getdikcə daha dərin bir tənhalığa qərq olurdu. Gah royal arxasında oturar, gah otaq uzunu irəli-geri gedərdi, otağının divarları uzun illərdən bəri topladığı şəkillərlə dolu idi. Bu illər ərzində mən artıq bir ölkədən o birinə ölkəyə köç edirdim. Onu xatırladığım zamanlarda atam mənim gözlərimin önündə son illərində olduğu kimi canlanmır, axı biz bu illər ərzində heç bir yerdə ola bilməmişdik. Mən onu gənc, qıvraq, eleqant geyinmiş və özü kimi eleqant geyimli  dostların əhatəsində, özümü isə kiçik, bulanıq bir ləkə kimi, mürəbbiyəmlə birlikdə lal-dinməz  ortalıqda dolanan görürdüm. Lap yaxınlığımda kimsə qonşusuna deyir: "Necə yaraşıqlı adamdır!” Mən təəccüblənirəm: o, necə yaraşıqlı ola bilər axı, o ki, sadəcə mənim atamdır.

Bizim evdə qonaq tez-tez olurdu. Vaxtından əvvəl gəldikləri zaman onlar, bəzən məni və qardaşımı görmək istədiklərini deyərdilər, gah ikimizi də, gah da təkcə məni qonaq otağına gətizdirər, bizi böyük şövqlə salamlayar, dərhal sonra da unudardılar. Bir dəfə qonaqlardan biri ilə söhbət edən atamla baxışlarımız qarşılaşmışdı – mən lap küncdə dayanmışdım, özümdə deyildim, – o, məni o biri otağa apardı, orda isə qəflətən qucağına aldı, möhkəmcə qucaqlayaraq susqun, amma təlaşlı halda öpməyə başladı. Şirin və eyni zamanda dəhşət dolu bir andı, mən bu öpüşlərdən boğulur, atamın qolları arasından çıxmağa cəhd edirdim, çünki o gün üzünü təraş etməmişdi və yanaqları məni dalayırdı. Atam məni yerə qoydu və  uşaq otağına apardı, mən  pərt olmuşdum, utanırdım, baxışlarımı qaldırıb üzünə baxdığım zaman ilk və son dəfə atamın gözlərində yaş gördüm.

Budur, yenə onu uşaq otağına girən görürəm, hərçənd bu çox nadir hallarda baş verərdi. O hadisədən bir, ya iki il keçmişdi, mənim o zaman artıq altı yaşım vardı. "Əllərini aç görüm, - o, dedi, - sizə oyuncaq almışam”. Bu, iki kiçik metal əşya idi – müharibədən gətirdiyi iki medaldı. Biz onlarla nə edəcəyimizi bilmədik, lakin o medallar hələ uzun müddət taxta maşınlarımızın və yumşaq oyuncaq heyvanların arasında eləcə qaldılar. Sonralar bildim ki, atam 1914-cü ildə çoxları  kimi nasionalist ideyalarını dəstəkləsə də, müharibədən qayıdanda artıq  tamamilə dəyişmişdi. O, qadağalar tətbiq etməyi sevmirdi, lakin qardaşımla mənə qalay əsgərcikləri qadağan etmişdi. Biz də səbəbini bilmədiyimizdən, buna çox üzülürdük. Atam məni cəmi bircə dəfə vurub: onda mənim on üç yaşım var idi, masa arxasındakı o söhbəti artıq xatırlamıram, amma dəqiq bilirəm ki, siyasi mövzu idi və mən onda cəsarət edərək: "Biz hələ öz torpağımızı qaytaracağıq!” – sözlərini demişdim, bununla Elzas-Lotaringiyanı nəzərdə tuturdum. Bu sözləri eşidərkən atamın üzündəki ifadə dəyişdi, o sakitcə ayağa qalxdı, mənə yaxınlaşdı, üzümə bir şillə çəkdi və o dəqiqə də otaqdan çıxdı. Mən çox sonralar hiss etdim ki, o özü müharibə haqda heç vaxt söz açmır, başqaları bu baradə danışan zamanlarda isə dərin sükut içində özünə qapanırdı.

Lakin o vaxtlar, daha doğrusu, bu hadisələrdən çox keçmiş, tamamilə tənha, sanki bir fəlakəti gözləyirmiş kimi musiqinin içinə gömüldüyü zamanlarda o, demək olar ki, bütün vərdişlərini dəyişmişdi. O, kiminsə ona klubdan çıxmağı təklif edəcəyini gözləmədi, ərizəsini yazıb özü klubdan ayrıldı. Daha rəsm əsərləri almırdı, əksinə, çoxusunu artıq satmışdı. Mən o rəsmlər barədə soruşmadım, bunu labüd bir şey kimi qəbul etdim, lakin hər gəlişimdə - nadir hallarda gəlirdim, - bir rəsmin daha çatışmadığını görürdüm. Hələ Odilon Redonun  dumanın arasından boylanan ilahi rənglərlə  rənglənmiş gözəl tablolarını görə bilirdim. Valideynlərimin Korintin fırçasından çıxmış portreti hələ də böyük otağımızdan asılı qalmışdı. İkinci dünya müharibəsindən sonra  bir dəfə – o zaman artıq mən atamın kolleksiyasını heç xatırlamırdım da, – Oslo muzeyində Munkun əsərini gördüm, bu əsər uzun illər atamın yazı masasının üzərindən asılmışdı, Bu, kölgəli otağın qaranlığında pəncərə fonunda dayanmış bir kişinin silueti idi, pəncərə önündəki qaranlıq dənizdə isə parlaq işıqlara qərq olmuş gəmi üzürdü. İtən təkcə şəkillər deyildi, atam atlarımızı da satırdı. O, artıq at minmirdi, lap minsə belə, Tirqartendəki gənc əsgərlərin yanında bu çox təəccüblü görünərdi.

Artıq çoxdandı  ki, mənim də atım yox idi. Bir zamanlar atam mənim at minməyi o qədər də sevmədiyimi və at üstündə yalnız onun xətrinə oturduğumu biləndə çox məyus olmuşdu. O özü əla at çapırdı və maneələri dəf etmək məqsədilə davamlı olaraq məşq edirdi. Lap çoxdan, hələ uşaqkən mürəbbiyə ilə gəzintilərimiz zamanı onunla tez-tez rastlaşardıq. Quru havalarda mənə özümlə kiçik uşaq velosipedi götürməyə icazə verirdilər və mən Şarlottenburq şossesi ilə paralel salınmış, at miniciləri üçün nəzərdə tutulmuş olan yolun hər iki tərəfilə, Texniki universitetin qabağı ilə o baş-bu başa velosiped sürürdüm. O, dördnala çaparaq bizim görüşümüzə gələr, lap uzaqdan, sütun şəklində düzülmüş ağac gövdələri arasından görünərdi. Həmişə tək olardı, görünməz günəşin lap cüzi işıqlandırdığı yüngül payız dumanı ağacların arasına yayılırdı, onların bəzilərinin yarpaqları isə bir-birinin ardınca səssiz-səssiz tökülərdi. Mən atamın yüngül, qayğısız bir tərzdə  at minməyinə heyran olardım, məst olmuş halda onu müşahidə edərdim. "Ata!” - deyə  qışqırardım, lakin o cavab verməzdi. Alluru** heç  azaltmadan, cavab olaraq üzündə mənə çox  tanış olan bir təbəssümlə bizə, bəzən də bizim  başımız üzərindən uzaqlara baxaraq  və qamçını şlyapasının kənarları bərabərinə qaldıraraq çapmağa davam edərdi. Biz səssizcə dayanaraq onun arxasınca baxardıq, ardımızdakı şosse yolda arabir asfalt üzərində şütüyən tənha maşınların şinlərinin səsi eşidilərdi, gözlərimizin önündə isə həm atlı, həmdə at qızılı bir dumanın içərisində əriyib yox olardılar...

 

 

______________________

* Kristallnacht – büllur gecə və ya sındırılmış vitrinlər gecəsi də deyilir. 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başladılmış talan

** Allur – at yerişlərinin ümumi adı

 

 

Tərcümə: Dinar Həmidova