Stefan Sveyq.

Stefan Sveyq. "Səbirsiz ürək" romanından parça


Hər şey adicə anlaşılmazlıqdan başladı, fransızlar demişkən, gaffe`dən (gaffe – axmaq hərəkət. fr.). Düzdür, səhvimi düzəltməyə çalışdım, amma adətən saatın hansısa hissəsini düzəltmək üçün tələsəndə bütün mexanizmi korlayırsan. Aradan bu qədər il keçməyinə baxmayaraq, mən hələ də harda səhv elədiyimi, harda günah elədiyimi başa düşə bilmirəm. Yəqin ki, heç vaxt da bilməyəcəyəm.

Onda iyirmi beş yaşım vardı. Leytenant rütbəsində N. ulan polkunda xidmət edirdim. Hərbi işə xüsusi məhəbbətim olduğunu deyə bilmərəm. Amma əgər avstriyalı müfəttişin stolu arxasında iki qız və həmişə ac olan dörd oğlan uşağı oturursa, onda onlardan nəyə maraqları olduğunu soruşmurlar, onları tezliklə hansısa məktəbə yazdırmağa çalışırlar ki, ata evində çox qalmasınlar. Hələ məktəbdə əzbərçiliklə gözlərini korlayan qardaşım Ulrixi seminariyaya verdilər. Qardaşlarımdan sağlam olduğum üçün məni hərbi məktəbə göndərdilər. Orda rahatdır, hökumət hər şeyi öz üstünə götürür. Orda bir neçə il ərzində arıq, çəlimsiz uşaqdan bığsız gizir hazırlayıb istismara yararlı şəkildə orduya verirlər. Bizim buraxılış günümüz olanda – adətə görə buraxılış günümüz imperatorun doğum gününə salınırdı, - mənim hələ on səkkiz yaşım olmamışdı, tezliklə yaxalığımda ulduz parıldamağa başladı. Birinci mərhələni artıq keçmişdim, indi eləməli olduğum tək şey, işimdə pillə-pillə yüksəlib təqaüd yaşına çatmaq idi. Kavaleriyaya öz istəyimlə yox, Dezi xalanın istəyiylə getdim. Dezi xala böyük əmimin ikinci arvadı idi, əmim Maliyyə nazirliyindəki işdən çıxıb bank müdiri işləməyə başlayanda evlənmişdilər. Aristokrat olan bu varlı qadın heç razı ola bilməzdi ki, qohumlarından kimsə piyada alayında xidmət eləməklə Qofmiller soyadına "ləkə gətirə” bilər. Üstəlik, o sırf öz kaprizi ucbatından hər ay mənə yüz kron verdiyi üçün hər görüşdə ona minnətdarlığımı bildirməliydim. Süvari alayında xidmət etmək, ümumiyyətlə orduda xidmət xoşuma gəlirdi, ya yox – bu haqda heç kim fikirləşmirdi, heç özüm də. Atın belinə minən kimi hər şey yadımdan çıxırdı və atımın qulaqlarından o yana heç nə görmürdüm.

1913-cü ildə qəfildən əmr gəldi və bizim eskadronu Yaroslavitsadan Macarıstan sərhəddindəki balaca sərhəd şəhərciyinə köçürtdülər. Şəhərciyin adını deməyə ehtiyac yoxdur, onsuz da Avstriyadakı sərhəd şəhərcikləri bir-birindən az fərqlənir, hamısı bostan müqəvvaları kimi bir-birinin eynidir. Hər yerdə eyni dekorasiyadır: kazarma, cıdır, məşq meydançası, zabit kazinosu və əlavə kimi də üç mehmanxana, iki kafe, şirniyyatçı, pivəxana və ucuz müğənni qızların çıxış etdiyi varyete. Hərb işi yeknəsəqdir, orda hər şey planlaşdırılıb və əsrlərdir belə davam edir. Asudə vaxtda da maraqlı heç nə baş vermir. Zabit kazinosunda eyni adamlar və eyni söhbətlər, kafedə də eyni kartlar və eyni bilyard. Arada hətta təəccüblənirsən ki, yeddi yüz, səkkiz yüz evlik belə şəhərciklərin ətrafında müxtəlif peyzajlar çəkmək Tanrının ağlına hardan gəlib.

Amma bu şəhərciyin xüsusi özəlliyi vardı, o Vyanaya da, Budapeştə də yaxın idi və burda poçt qatarları dayanırdı. Pulu olanlar – süvari alayındasa bir qayda olaraq imkanlı ailələrin uşaqları xidmət edirdi, - aradan çıxıb günorta Vyanaya gedə bilərdi və gecə qayıda bilərdi. Beləliklə, Vyanada teatra gedə bilərdin, sevgi macərası yaşaya bilərdin, gəzə bilərdin. Hətta bəziləri Vyanada daimi və ya müvəqqəti mənzil kirayələyirdi. Təəssüf ki, bu cür gəzintilər büdcəmə uyğun gəlmirdi. Mən kafe və şirniyyatçı ilə kifayətlənməli olurdum, orda ya bilyard, ya da şahmat oynamaqla vaxt keçirdirdim (kart oyunu da imkanım xaricində idi).

Bir dəfə - səhv eləmirəmsə 1914-cü ilin mayı idi – şirniyyatçıda oturub şahmat oynayırdım. Tərəf müqabilim həmişəki kimi yerli əczaçı idi. Adəti üzrə üç partiyanı qurtarıb oturmuşduq, elə-belə söhbət edirdik. Artıq danışmalı mövzumuz qalmamışdı, elə bu vaxt qapı açıldı, təmiz hava axını enli ətək geyinmiş gözəl bir qızı içəri gətirdi, qızın badamı gözləri, xoşagələn siması vardı, zövqlə geyinmişdi, əyalət adamına oxşamırdı, ən əsası, darıxdırıcı yeknəsəqlik içində tamamilə yeni sima idi. Amma - əfsus ki! – o bizim heyrətli baxışlarımıza fikir vermədi, yanımızdan düz keçib piştaxtaya yaxınlaşdı və tort, şirniyyat, içkilər sifariş verdi. Hələ şirniyyatçının kiminsə qabağında belə devotissime (hörmətlə - it.) dayandığını görməmişdim. Cənab Qrossmeyer sifarişləri yazdığı vaxt qız frau Qrossmeyerlə söhbət edirdi. Başımızı ədəbsiz şəkildə ona tərəf uzatsaq da, o bizə fikir vermirdi. Əlbəttə ki, cavan xanım sifarişləri aparmaq üçün əllərini yormadı. Frau Qrossmeyer sifarişlərin evə çatdırılacağına söz verdi. Pulu nəqd ödəmək xanımın heç ağlına da gəlmədi, o bizim kimi sadə ölümlülərə oxşamırdı.

Beləliklə, o sifarişi verib qapıya tərəf getməyə başladı. Cənab Qrossmeyer qapını açmaq üçün özünü qabağa atdı, bizim əczaçı da yerindən durub təzim etdi. Xanım ilahi təbəssümüylə qarşılıq verdi. Lənətə gələsən! Necə gözəl gözləri var! Xanımın küçəyə çıxmağını güclə gözləyə bildim, o çıxan kimi əczaçıya suallar yağdırmağa başladım. Bizim toyuq hinində bu durna hardan peyda oldu?

"Necə, siz hələ onu görməmisiniz? Bu ki cənab fon Kekeşfalvanın bacısı qızıdır. (Əslində adı başqadır.) Siz onları tanıyırsınız.”

Fon Kekeşfalva! Adı elə deyir ki, elə bil: "Həə, fon Kekşfalva! Yaxşı tanıyıram.” – deməyimi gözləyir. Mənsə bura bir neçə aydır gəlmişəm, demək olar ki, heç kimi tanımıram, buna görə də onun haqqında ətraflı məlumat verməyini xahiş etdim. O isə əyakət sadəlövhlüyü və dostcanlığı ilə danışmağa  başladı.

Kekeşfalva buraların ən varlı adamıdır. Buralarda az qala hər şey onundur. Sadəcə malikanə yox, - "Siz onu tanıyırsınız,o elə təlim meydançasından da görünür, şosedən bir az aralı, qədim parkın içindəki qalaya oxşayan malikanəni deyirəm,” – R. yolundakı şəkər zavodu, Brukedəki meşəqıran və at zavodu. Hamısı onundur, bundan başqa Budapeştdə və Vyanada da altı-yeddi evi var. "Hə, bizim şəhərciyimizdə belə  varlı adamın olmağı təəccüblüdür. Bir görəsiniz o necə yaşayır! Əsil aristokratdır. Qışı Jakinqassdakı malikanəsində keçirdir, burasa ancaq yayda gəlir, iki-üç aylıq. Amma o necə yaşayır! Hər şeyin yaxşısı onun evindədir!” Əgər istəsəniz, əczaçı dedi, sizi fon Kekeşfalvaya təqdim eləyərəm, biz axı onunla dostuq - əvzaçı burda bir az yekəxanalıq etdi. Əvvəllər o tez-tez malikanəyə gedirdi və ev sahibinin evində zabitləri görməyə həmişə şad olduğunu bilir. Bircə kəlməsi kifayətdir ki, məni dəvət etsinlər.

Nə üçün də yox? Qarnizon həyatı adamı sıxır. Şəhərcikdə artıq bütün qadınları üzdən tanıyırsan, hamısının yay və qış şlyapalarının rəngini bilirsən, qulluqçularını və itlərini tanıyırsan, haçan hansı paltarı geyindiklərini bilirsən – burda heç nə dəyişmir. Kazinodakı çex qadının mətbəx möcüzələri artıq səni boğaza yığıb, mehmanxanadakı menyu isə ürəyini bulandırır. Hansı tində hansı afişanın asıldığını, hansı evdə nə dükanının olduğunu, vitrinə nələr yığıldığını əzbər bilirsən. Hakimin saat üçdə kafeyə gəlib pəncərənin yanındakı stolda oturacağını, yarım saatdan sonra südlü kofe sifariş verəcəyini, ondan on dəqiqə sonra notariusun gələcəyini, mədəsi yaxşı həzm eləmədiyi üçün limonlu çay içəcəyini və həmişəki lətifələri danışacağını kafe sahibindən pis bilmirsən. İlahi, ətrafda nələr olduğunu bilirsən, burdakı bütün adamları, bütün atları tanıyırsan, ən əsası özünü tanıyırsan! Bəs nə üçün bircə dəfə məhvərdən çıxmayasan? Üstəlik o qızın gözlərini də unuda bilmirəm. Beləliklə, mən həmsöhbətimə bir az etinasızlıqla dedim ki (bu təklifə necə sevindiyimi biruzə verə bilməzdim), fon Kekeşfalvanın evində qonaq olmaqdan qürur duyaram.

Və təsəvvür eləyin ki, əczaçı sözünün üstündə dayandı! İki gündən sonra əczaçı kafeyə girib özündənrazı halda dəvətnaməni mənə uzatdı. Dəvətnamədə yazılmışdı ki, cənab Layoş fon Kekeşfalva cənab leytenant Anton Qofmilleri gələn həftənin çərşənbə günündə, axşam saat səkkizdə nahara dəvət edir. Xoşbəxtlikdən, belə dəvətlərdə özümü necə aparmaq lazım olduğunu bilirəm. Səhər üzümü qırxdım, təzə mundirimi və laklı çəkmələrimi geyindim, ağ əlcəklərimi taxıb dəvət üçün təşəkkür etməyə getdim. Qoca qulluqçu mənim vizit kartımı alıb üzrxahlıqla dedi: "Cənab siz gələndə evdə olmadığı üçün çox təəssüflənəcək, amma o indi kilsədədir.” "Belə daha yaxşıdır, - öz-özlüyümdə fikirləşdim, - evdə olmamaqları yaxşı oldu, təşəkkür etməyi çox xoşlamıram.” Hər halda öz borcumu yerinə yetirdim. Çərşənbə günü ora gedəcəyəm və ümid edirəm ki, peşman olmayacağam. Çərşənbə gününə qədər gözləmək qalır. İki gündən sonra, yəni çərşənbə axşamı, otağıma girəndə fon Kekeşfalvadan gələn qırağı qatlanmış vizit kartını gördüm. Əcəb aristokrat adamdır, deyə fikirləşdim, bu mənim üçün böyük şərəfdir. Xoş əhvalla sabahkı günü gözləməyə başladım.

Amma deyəsən taleyim mənimlə oyun oynamaq qərarına gəlmişdi. Çərşənbə günü axşam səkkizin yarısında artıq hazır idim. Ən yaxşı paltarımla laklı çəkmələrimi geyinmişdim, ağ əlcəklərimi taxmışdım. Denşikm şinelimi geyindirib başdan-ayağa mənə baxdı görsün ki, hər şey qaydasındadır, ya yox. Bu da onun vəzifəsinə daxil idi, çünki mənim otağımda balaca əl güzgüsündən başqa güzgü yox idi. Elə bu vaxt çapar gəlib dedi ki, növbətçi zabit, mənim dostum rotmistr qraf Şteynxübel məni təcili kazarmaya çağırır. İki ulan, çox güman sərxoş olduqları üçün dava ediblər, biri o birisini başından vurub. Vurulan ulan huşsuz halda, qan içində uzanıb qalıb. Kəllə sümüyünün salmaat olub-olmadığını heç kim bilmir. Polk həkimi icazə alıb Vyanaya gedib. Polk komandirini heç yerdə tapa bilmirlər. Mehriban Şteynxübel – lənətə gəlsin! – çaş-baş qalıb, məni, məhz məni çağırtdırır, özü zərərçəkənlə məşğul olan vaxt ona kömək etməimi xahiş edir. Mən protokol yazmalı və çaparları göndərməliyəm ki, hardansa həkim tapıb gətirsinlər. Artıq səkkizə on beş dəqiqə qalıb, burdansa yarım saatdan tez çıxa bilməyəcəyəm. Lənətə gələsən, bu gərək elə bu gün olaydı! Məhz mənim qonaq çağırıldığım gün. Dəqiqədə saata baxırdım, yox, artıq gecikmişəm. Xidmət – bunu bizim beynimizə yeritmişdilər – hər cür şəxsi münasibətdən daha üstündür. Burdan tez çıxa bilməyəcəyimə görə, fiakr tutub (bu mənə dörd krona başa gəldi) denşikmu göndərdim ki, gözlənilməz xidməti işlərə görə gecikdiyim üçün fon Kekeşfalvadan üzr istəsin. Xoşbəxtlikdən kazarmadakı qatmaqarışıqlıq tez qurtardı, polkovnik gəlib çıxdı, hardansa həkim tapıb gətirdilər. İndi mən aradan çıxa bilərəm.

Yenə bəxtim gətirmədi. Tərslikdən Ratuşi meydanında bircə dənə də fiakr yox idi, burda da gözləməli oldum. Nəhayət gedib malikanənin möhtəşəm dəhlizinə ayaq qoyanda saat artıq doqquzun yarısı idi və asılqan dolmuşdu. Gecikdiyimə görə çox utandım. Heyif, çox heyif, gərək elə birinci dəvətdə gecikəydim!

Qoca lakey yarım saat qabaq denşikmun gəlib gecikəcəyimi xəbər verdiyini dedi və məni qonaq otağına ötürdü. Bura dörd dənə iri pəncərəsi olan qonaq otağı idi, pəncərələrdən çəhrayı ipək pərdələr asılmışdı, böyük büllur çilçıraq bərq vururdu. İndiyə qədər belə aristokratik qonaq otağı görməmişdim. Amma qonaq otağı boş idi, o biri otaqdan çəngəl-bıçaq səsi gəlirdi. Artıq yeməyə oturmuşdular.

Yaxşı, özümü ələ alıb lakeyin qabağımda açdığı qapıdan içəri girdim, bir addım atan kimi kandarda dayandım, dabanlarımı bir-birinə vurub təzim etdim. Hamı mənə tərəf baxdı, on, iyirmi cüt göz gecikən və indi kandarda dayanan qonağa dikildi. Çox güman ev sahibi olan yaşlı cənab yerindən durub salfeti çıxartdı, mənə tərəf gəlib əlini uzatdı. Fon Kekeşfalvanı başqa cür təsəvvür edirdim, amma o heç də fikirləşdiyim kimi dolu bədənli, bahalı şərab içməkdən yanaqları allanmış cənab deyildi. Eynəyinin dalından yorğun gözləri mənə baxırdı, gözlərinin altı torbalanmışdı, çiyinləri çökmüşdü, tez-tez astadan öskürürdü. Bu çal saqqallı kişini sahibkardan çox alimə oxşatmaq olardı. Yox, yox, əksinə, o məndən üzr istəməlidir, mən nəsə deməyə macal tapmamış onun sözlərini eşitdim. Axı o xidmətdə hər şeyin baş verə biləcəyini yaxşı bilir, mən isə o qədər mədəni adamam ki, gecikəcəyimi xəbər vermişəm. O isə gələcəyimdən əmin olmadığı üçün başqa qonaqları nahara dəvət edib. İndisə stol arxasına. Nahardan sonra o məni bütün qonaqlarla tanış edəcək, indisə təkcə qızının yanına aparıb məni təqdim etdi. Arıq, xəstəhal, hələ uşağa oxşayan qız qonşusuyla söhbətini kəsib mənə baxdı. O atasına oxşayırdı. Onun boz gözlərinə, əsəbi simasına ötəri nəzər salıb əvvəl qıza, sonra isə bütün qonaqlara təzim etdim. Hər halda çəngəl-bıçağı qoyub darıxdırıcı tanışlıq mərasiminə vaxt itirməyəcəklərinə görə hamı şad idi.

Birinci iki-üç dəqiqədə özümü narahat hiss edirdim. Burda polkumuzdan olan, dostum, tanışım, ümumiyyətlə tanıdığım heç kim yoxdur. Burda heç şəhər camaatından da heç kimi görmədim, hamı yad idi, tamam yad simalar. Məncə bunlar yaxın ətrafdakı varlılar, zadəganlar və müfəttişlər idi, hamısı arvadı və qızıyla gəlmişdi. Hamı da mülki şəxslər, məndən başqa heç kim mundirdə deyil! Aman tanrı, mən bunlarla nə danışacağam? Xoşbəxtlikdən ev yiyəsinin bacısı qızı, şirniyyatçıda gördüyüm ilahi qız yanımda oturmuşdu, deyəsən yadında qalmışdım, çünki məni görəndə tanış adamı salamlayırmış kimi gülümsədi. Tanrım, o necə gözəldir! Əlləri yəqin ki, soyulmuş ərik kimi yumşaq və sürüşkəndir, bircə onlara toxuna bilsəydim!

Bu cür gözəl qızla yan-yana oturmaq çox xoşdur, təkcə səsinə görə ona vurulmaq olar. Bu cür dəbdəbəli zalda nahar etmək də olduqca xoşdur. Süfrədən danışmağa dəyməz! Növbənöv yeməklər, növbənöv içkilər... Əczaçı yalan demirmiş, burda qonaqlara knyaz kimi qulluq edirlər. Heç vaxt belə dadlı yeməklər yeməmişdim, heç belə nemətlərin olduğu ağlıma da gəlməzdi. Yeməkdən sonrasa rəngbərəng likörlar, kofe və ətirli siqar.

Elə bil nağıllar aləminə düşmüşdüm! Əczaçıya dua edirdim. Bu biri yanımda da gözəl bir qadın oturmuşdu. O da, İlona da – ev sahibinin bacısı qızının adı İlona idi – deyəsən sıxıldığımı hiss etdi, məni danışdırmağa başladılar, tezliklə onların istiqanlığı və şərab utancaqlığımı, çəkingənliyimi aradan qaldırdı. Deyib-gülməyə başladım, zarafat edirdim, hər iki xanıma qulluq edirdim, hərdən də guya təsadüfən İlonanın incə əlinə toxunurdum, o isə inciməyi ağlına da gətirmirdi.

Hər şey əla idi. Şərabın təsirindən artıq beynim dumanlanmağa başlamışdı. Amma bu möhtəşəm gecədə bir şey çatmırdı – musiqi! Hə, hə, bircə musiqi də olsaydı. Elə bunu fikirləşirdim ki, lakey qapıları açdı və qonaq otağının yanındakı başqa otaqdan həzin vals sədaları otağa süzüldü. Kekeşfalvanın evi sehirli qaladır! Nəsə istəyən kimi gerçəkləşir. Biz yerimizdən durub cüt-cüt qonaq otağına getdik, mən İlonaya əlimi təklif etdim və onun incə dərisini yenə hiss etdim. Qonaq otağında aralıq yığışdırılmış, stullar və kreslolar divar boyu düzülmüşdü. Hamar parket işıldayırdı, qonşu otaqdasa vals davam edirdi.

Mən İlonaya baxdım. Nə demək istədiyimi başa düşdü, gözləri güldü. Bu "hə” demək idi. Biz işıldayan parketin üstündə oynamağa başladıq, beş cütlük idik, qalanları ya qıraqda dayanıb bizə baxırdı, ya da aralarında söhbət edirdi. Mən oynamağı sevirəm, mən hətta yaxşı oynayıram. Amma indi biz oynamırıq, uçuruq, mənə elə gəlirdi ki, heç vaxt belə oynamamışam. Növbəti valsda bu biri yanımda oturan xanımı dəvət etdim, o da çox yaxşı oynayırdı, mən isə bir az ona qısılıb saçlarının ətrini burnuma çəkirdim. Ah, o möhtəşəm oynayırdı, burda hər şey möhtəşəm idi, mən xoşbəxt idim! Gah bu qadınla oynayırdım, dag o biri qadınla, deyirdim, gülürdüm, zafaratlaşırdım.

Birdən gözüm saata sataşdı – on birin yarısı idi. Dəhşət içində özümü danladım. Yaman axmağam! Bir saatdır oynayıram, amma ev sahibinin qızını dəvət etmək heç ağlıma gəlməyib! Hamıyla oynamışam, bircə o qalıb. Mən tərbiyəsizlik etmişəm! Tez səhvi düzəltmək lazımdır!

Amma birdən yadıma düşdü ki, onun necə göründüyünü xatırlamıram. Onu ancaq stola yaxınlaşanda, bir neçə saniyəlik görmüşdüm. İncə və zərif olduğu yadımda qalıb, bir də boz gözlərinin maraq dolu baxışı. Bəs o hara getdi? Axı ev sahibinin qızı çıxıb gedə bilməzdi. Narahatlıq içində zaldakı bütün qadınlara və qızlara baxdım, heç biri ona oxşamırdı. Nəhayət tül pərdə dalında kvartetin çaldığı üçüncü otağa girdim və dərindən nəfəs aldım, o burda idi. O küncdə, balaca, yumru stolun dalında iki yaşlı qadının arasında oturmuşdu, əynində açıq-mavi paltar vardı, stolun üstündəki vazdan güllər ətir saçırdı. Qızın bayaq fikir verdiyimdən daha çox xəstəyə oxşadığını, qəhvəyi saçlarının altından görünən alnının ağappaq olduğunu gördüm. Amma belə təfərrüatlara vaxtım yox idi.

Mən ona yaxınlaşıb təzim etdim və onu rəqsə dəvət etdiyimi bildirdim. Heç nə başa düşmürmüş kimi mənə baxmağa başladı, sözləri dodaqlarında öldü. Kvartet lap yaxınlıqda çalırdı, elə bildim ki, məni eşitmədi. Buna görə də bir də təzim edib əlimi uzatdım: "Sizi rəqsə dəvət edə bilərəm, freyleyn?”

Və burda dəhşətli bir şey baş verdi. Qızın bədənindən elə bil cərəyan keçdi, gözləri bərəldi, əvvəlcə dodaqları, sonra bütün bədəni əsməyə başladı. Hər iki əlini stola dayaq verib ayağa durmaq istədi, amma bacarmadı. Bədəninin titrətməsi stola keçdi, stolun üstündəki vaz da silkələndi, eyni zamanda onun oturduğu kreslodan nəsə ağır bir şey döşəməyə düşdü. Qız hələ də stola söykənib dayanmışdı, bütün bədəni əsirdi. Sonra bərkdən qışqırdı və bərkdən ağlamağa başladı.

Hər iki qadın onu qucaqlayıb sığallamağa başladı, nəhayət əllərini stoldan ayırıb kresloda oturda bildilər. Qızın ağlamağı getdikcə möhkəmlənirdi. Əgər musiqi dayansaydı – o qızın səsini eşidilməz edirdi, – onda qızın səsini hamı eşidəcəkdi.

Qorxudan quruyub qalmışdım. Bu nədir axı? Nə edəcəyimi bilmirdim, hər iki qadının başını stola söykədib bərkdən ağlayan qızı sakitləşdirməyinə baxırdım. Qız hər dəfə hıçqıranda bütün bədəni titrəyirdi və bədəninin titrətməsi stola keçib balaca vazı da silkələyirdi. Mənsə bayaqkı kimi dayanmışdım, ayaqlarımın buzladığını, yaxalığımın boğazımı sıxdığını hiss edirdim.

- Bağışlayın, - güclə eşidiləcək səslə dedim.

Hər iki qadın qızla məşğul idi və heç biri mənə baxmırdı, buna görə də sərxoş adam yerişiylə qonaq otağına qayıtdım. Deyəsən hələ heç kimin heç nədən xəbəri yox idi. Vals davam edirdi, cütlüklər oynayırdı. Başım fırlanmağa başladı, qapıdan tutub dayandım. Aman tanrı, mən nə etdim? Deyəsən hara vaxtı çox içmişdim, sərxoş başla hansısa axmaqlıq eləmişəm. Vals qurtardı, tərəf müqabili İlonadan ayrıldı. Tez qızı qırağa çəkib dedim:

- Xahiş edirəm, mənə kömək edin! Bütün müqəddəslərin xatirinə, deyin görüm nə olub!

Çox güman İlona ona iltifat edəcəyimi gözləyirdi. Amma bunu deyən kimi bir az qorxdu, siması dəyişdi. Həyəcandan boğula-boğula hər şeyi danışdım. İlonanın da gözləri o qızın gözləri kimi böyüdü, hirslə üstümə düşdü:

- Siz ağlınızı itirmisiniz? Bəyəm bilmirsiniz?.. Bəyəm siz hiss eləmədiniz?..

- Yox, - daha da qorxmuş halda pıçıldadım. – Nəyi hiss eləməliydim? Mən heç nə bilmirəm. Mən axı birinci dəfədir bura gəlirəm.

- Siz Editin... şikəst olduğunu görmədiniz?.. Onun ayaqları şikəstdir, qoltuq ağacı olmasa bir addım da ata bilmir... Amma siz... siz... kob... – O sözü dilinin ucundan qaytardı. – Sizsə onu rəqsə dəvət etmisiniz! Dəhşət!.. Gedim onun yanına!

- Yox, yox! – Mən İlonanın əlindən tutdum. – Bircə dəqiqə gözləyin, bircə dəqiqə. Dayanın... Tanrı xatirinə, məni bağışlayın. Mənim ağlıma gəlməzdi ki... Mən axı onu ancaq oturan yerdə görmüşəm, gəzəndə görməmişəm. Ona deyin, xahiş edirəm, bunu ona deyin!..

İlona hirslə üzünü çevirib Edit olan otağa qaçdı. Nəfəsim kəsilməyə başladı. Qonaq otağının qapısında dayanıb danışan, gülən adamlara baxırdım, onların hamısı mənim üçün dözülməz olmuşdu. Başım fırlanırdı, bu fikirsə ağlımdan çıxmırdı: "Beş dəqiqə... Beş dəqiqə sonra hamı necə sarsaq olduğumu öyrənəcək.” Beş dəqiqə sonra qonaqlar xəbər tutacaq, sonra qulluqçular mətbəxdə danışacaq, mətbəxdən şəhərciyin evlərinə, ordan da kafeyə, ictimai yerlərə ötürəcəklər. Sabah hamı bundan xəbər tutacaq, polkda da biləcəklər.

Dumanlı şəkildə qızın atasını gördüm. O bir az qəmgin idi (görəsən artıq xəbər tutub?). Kekeşalva mənə tərəf gəlir? Yox, nə olur olsun, amma indi onunla görüşmək istəmirəm! Nə edəcəyimi bilməyərək qapıdan dəhlizə çıxdım. Bu evdən tez çıxıb getmək istəyirdim.

- Cənab leytenant artıq gedir? – Lakeyin səsini eşitdim.

- Hə. – dedim.

Doğrudan getmək istəyirdim? Lakey şinelimi mənə verəndə başa düşdüm ki, getməklə daha bir, bəlkə də bayaqkından daha böyük axmaqlıq edirəm. Amma daha dayana bilməzdim. Lakey artıq təzim edib qapını açdı, şineli qaytarıb qonaq otağına qayıda bilmərəm. Bayıra çıxıb bu yad, lənətəgəlmiş evin qabağında dayandım və ağzımı açıb soyuq havanı udmağa başladım.

 

 

Tərcümə: Həmid P.