İlkin Tomar - Susqun şəhər - Şeir

İlkin Tomar - Susqun şəhər - Şeir

Uzaq  bir  şəhərdə  küləklər  əsir,
Bu  şəhər  susqundur, çox  şey  gizlədir.
Ötsə  də  min  illər, yüzlərlə  əsir,
Sirrini  tarixdən  gizlədə  bilir.

Şəhərin  sakini  bədbin  insanlar,
İnsantək  ölüdür  soyuq  divarlar.
Xaraba  şəhərdə  şahdır  bayquşlar,
Qarğalar  ocağı  qanlı  qalalar.

Yolları  uzundur, bir  azca  da  dar,
Zülmətə  üz  tutub  qara  işıqlar.
Qaranlıq  yollarda  qaradır  daşlar,
Hər  bir  qara  daşın  xatirəsi  var.

Bu  şəhər  böyüyür, amma  qocalmır,
Ürəklər  daralır, şəhər  daralmır.
Yaralar  sağalmır, kədər  azalmır,
Amma  xoş  günlərin  ömrü  qısalır.

Yatırmır  şəhəri  Xəzər  laylası,
Qızlara  həsrətdir  bu  Qız  qalası.
Süleyman, İsgəndər  gedibdir  daha
Görəsən  bu  dünya  kimə  qalası?

İlkin Tomar

Edebiyyat.biz