Suyuşirin müqəvvayla top-top oyunu

Suyuşirin müqəvvayla top-top oyunu

Fəridə Cəlilova

Noyabrın 6-ndan 11-inə kimi Bakıda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə gerçəkləşən II M.A.P. Beynəlxalq Teatr Festivalı bu gün yekunlaşdı. Sözsüz, teatr ictimaiyyətinin nümayəndələri arasında festival çərçivəsində nümayiş etdirilən 16 tamaşadan hamısı olmasa da, hansılarsa haqqında yazmaq istəyənlər olacaq. Mənsə festival çərçivəsində göstərilən və 4 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuş nikbin bir vizual tamaşa barədə bölüşdüyüm bu teatral qeydləri resenziya kimi qəbul etməməyə çağırıb, yazının ərsəyə gəlmə səbəbinin 3, ya 4 yaşlı Mübariz (yenicə tanış olmuşuq, yaşını dəqiq bilmirəm) olduğunu bildirmək istəyirəm. Çünki yazacaqlarımın Azərbaycanda göstərilən uşaq tamaşalarına və onların vəzifələrinə bilavasitə aidiyyəti var. Beləliklə, M.A.P. Festivalı çərçivəsində Merlin Kukla Teatrı (Almaniya-Yunanıstan) Bakı tamaşaçılarına "Heç kimin torpağı”, "Klounların evləri” tamaşalarını, həmçinin "İşıqla oynayaq, kölgələrin köməyi ilə yaradaq!” ustad dərsini təqdim etdilər. Noyabrın 9-u Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində qonaqların haqqında danışmaq istədiyimiz "Heç kimin torpağı” ("Noone`s Land”) tamaşasının nümayişi baş tutdu.

Teatrın rəsmi saytından öyrənirik ki, Merlin Kukla Teatrının əsası 1995-ci ildə Dimitris Stamu və Demi Papada tərəfindən Afinada qoyulmuşdu. Əvvəlcə teatr üçün maska və kuklalar hazırlayan həmkarlar sonralar orijinal süjetli tamaşalarla çıxış etməyə başlayırlar. UNIMA-nın (Beynəlxalq Kukla Teatrları Birliyinin) Yunanıstan şöbəsinin üzvləri olan Merlin Kukla Teatrı 2011-ci ildən Almaniyaya köçərək burada fəaliyyət göstərirlər.

Anri Guyenin yeddi fəsildən ibarət olan "Teatr və ekzistensiya” (1952) kitabının "Səhnədə ekzistensiya” adlanan dördüncü fəslinin sonuncu hissəsi marionet teatrına həsr olunur və müəllif burada qəti şəkildə bildirir ki, səhnədə kukla aktyoru istisna etmir (yoxsa o, necə danışar, necə hərəkət edərdi?), o, mənbəyi aktyor olan səs və hərəkətləri saxlamaqla, səhnədən yalnız aktyorun bədənini sıxışdırır.  Müasir teatrşünaslıq isə son illər "kukla teatrı” ifadəsindən imtina edib "obyekt teatrı” təyinatına üstünlük verir. Çünki müasir kukla teatrında kuklaçı heç də keçmişdəki tək həmişə gizlənmək məcburiyyətində olmayıb, tamaşa üçün istifadə etdiyi kukla, yaxud digər obyektin tərəf müqabilinə çevrilir. İstənilən halda, teatrın başlıca özünəməxsusluğunun tamaşaçı ilə səhnə arasında indicə və burada qurulan ünsiyyət olduğu barədə fikirlərin üzərində dayanmadan, bu ünsiyyətin canlılığını təmin etmək üçün teatrın əlindəki bütün vasitələrdən istifadə etməli olduğunu vurğulamalıyıq. Vasitələrdən düzgün istifadə etməmək yetkin tamaşaçını konkret tamaşanı tərk etməyə sövq edəcəksə, 4 yaşlı uşağı həmişəlik teatrdan uzaqlaşdıra bilər.

Qayıdaq balaca dostumuz Mübarizə. Mübariz Azərbaycan Dövlət Kukla Teatrına ikinci dəfə gəlmişdi və uşaqlar üçün ayrılan ön sıralarda yox, böyüklərlə arxada əyləşərək hamıya hündürdən bəyan etdi ki, keçən dəfə tamaşada bərk qorxmuşdu. Düzdür, mən azyaşlı tamaşaçının keçən dəfə hansı yaş həddi üçün nəzərdə tutulmuş tamaşaya getdiyindən xəbərsizəm və doğrudan da, biz hamımız bəzi uşaqların valideynsiz, tək oturmağa alışmadığı üçün qaranlıq zaldan səhnədə baş verən  əhvalatı (üstəlik əgər bu, divlərin, əjdahaların iştirakı ilə nəql edilən əhvalatdırsa) izləməsinin göz yaşlarıyla nəticələnə biləcəyini ehtimal edirik. Hər halda, tamaşa hələ başlamamışdı, amma biz səhnə pərdəsinin tamaşaçılardan gizlətmədiyi baş qəhrəmanı – suyuşirin müqəvvanı görürdük. İndi əsas məsələ işıqlar söndükdən sonra teatrın tamaşaçısı qarşısında öz nüfuzunu bərpa edə bilib-bilməyəcəyində idi.

Tamaşanın ideya əsası ədəbiyyat üzrə Nobel mükafatı laureatı Odiseas Elitisin sətirlərindən qaynaqlanır: "…Və, nəhayət sonda… lap mənə dəli desələr də…  anladım ki, heç nədən Cənnət yaranır”.
 


Tamaşa heç kimə məxsus olmayan torpaqda qərarlaşmış müqəvvanın qoluna quşun qonması ilə başlayır. Dekorasiyanın tutqun rəng ahəngi müqəvvanın darıxdırıcı həyatından xəbər verir. Quşla mübarizə sona yetdikdən sonra müqəvva yeni məşğuliyyət tapmalıdır. Bir qədər aralı futbol oynayan oğlanların – onların yalnız səsi gəlir – topu düşür müqəvvanın sancıldığı torpağa. Reallıqda olduğu kimi, bizim tamaşada da top onunla nə oynamaq kimi suallar yaradır və müqəvva xəyalını işə salır. Xəyalın işə salınması işıq dirəyindəki lampanın yanması kimi sadədir. Təxəyyül işə düşdükdən sonra isə onun qarşısını heç nə ilə almaq olmaz. Gözümüzün qarşısında ilin fəsilləri çox zövqlü rəng həllində bir-birini əvəz edir. Hər fəsildə təxəyyülü müqəvvanı ətrafını istədiyi kimi bəzəməyə, ayaqqabı geyinib iki ayağı üstündə durmağa, topla dostluq etməyə, çətirlə oynamağa kömək edir. Müqəvvamız az qala öz məxsusi qızılgülünə qulluq edən balaca şahzadəyə çevrilib. Hətta bu xəyallara son qoymaq istəyən və kiçik bir intriqa xətti yaratmağa müvəffəq olan yeni qəhrəmanlar torpağı özəlləşdirməklə, "şəxsi mülk”ə çevirməklə belə, müqəvvanın təxyyül dünyasını məhv edə bilmirlər. Ümumiyyətlə, "Heç kimin torpağı” tamaşasında əhvalat kimi danışılacaq süjet yox idi, azyaşlı dostumuz isə razı görünürdü. Mənsə düşündüm ki, əgər ömrü boyu eşitdiyimiz "uşaq kukla teatrları potensial tamaşaçı yetişdirməyə xidmət etməlidir” fikrinə ciddi yanaşsaq, 3-4 yaşlı tamaşaçıya teatrda, ilk növbədə, tanıdığı hansısa hadisələri bədii şəkildə qavramağı öyrətmək lazımdır. Müasir dünyada bədii təfəkkürün zəifləməkdə olduğu bir dövrdə bu, teatrın uşaqlara edə biləcəyi ən böyük yaxşılıq olar.

Ümid edək, Mübariz teatra bir də gəlmək istəyəcək, həm də uşaqlar üçün nəzərdə tutlmuş oturacaqlarda əyləşəcək.

Mənbə: Teatro.az