Şvartsman – Gizli sövdələşmə

Şvartsman – Gizli sövdələşmə

Əgər bəşəriyyət məhv olsaydı və yer üzündə yaşamağa qabil bircə uşaq qalsaydı belə,– hansına ki heç vaxt heç nə öyrətməyiblər – o, yenidən Allahları, şeytanları, cəhənnəmi, nəsihətləri və qadağaları, köhnə və yeni "İncil”i, qətiyyətlə hər şeyi yaradardı.

Hermann Hesse - Demian

 

 

Cənnətdə gözəl günlərin birində Həvva Allahın insan üçün yaratdığı Eden bağında gəzişərkən, bağın ortasında Bilik ağacına söykənərək qollarını sinəsində çarpazlayıb duran mələk kimi gözəl bir cavan oğlanı gördü.

Onlar salamlaşdılar. Naməlum cavan oğlan ona çox gözəl olduğunu, Adəmin bu cür xəzinəni görə bilmədiyini deyir. Həvvanın əlindən öpür, həqiqətin –Sevginin bu ağacın meyvəsində gizləndiyini bildirir. Allah sizi itaətdə saxlamaq və heç nədən xəbəri olmayan uşaq kimi idarə etmək istəyir. İstəmir ki, siz azad olasız. Siz azad olduğunuzu zənn edirsiz, amma bilmirsiz ki, özünü azad hesab edən insandan daha çox heç kim kölə deyil. Siz azadlığın və bilginin dadına baxmamısınız.

Həvva ondan kim olduğunu soruşur. "Şeytan” – oğlan deyir. Həvva onu tanımır. Əvəzində Oğlan ona yemədiyi bu ağacın meyvəsindən təklif edir.

Həvva deyir ki, bu ağac qadağan edilib Allah tərəfindən. Biz bunu edə bilmərik. Bu ağacın meyvəsindən yesək ölərik.

Şeytan cavabında deyir: - Bəs niyə? Niyə qadağandır? Qadağan olunmuş ağacın Eden bağında nə işi var? Bunu niyə Allahdan soruşmadız? Yəqin sizin xeyrinizə olanın ən yaxşısını O bilir hə? Bu ağacın meyvəsi ölüm gətirir? Sizi O, bununla qorxudur? Başa düşmürsüz ki, Allah yaratdığı insan üzərində hakimiyyətini itirəcək? Bilir ki, siz düşünsəniz və cəsarətli olsanız, heç nədən qorxmasanız Azad olacaqsız. O isə qorxudur. Mən sizə seçim imkanı verirəm. Heç bir qadağa yoxdu. Qadağalar onları pozmaq üçündür. Mən sizi qorxutmuram, sadəcə düşünməyinizi istəyirəm. İstəyirəm siz əbədi xoşbəxt olasız. Bu sizin haqqınızdır. Bura Eden bağıdır, cənnətdir. Siz sadəcə uşaqsınız. Mən sizə Allah olmağı təklif edirəm. Allah artıq qocalıb, mən isə həmişə cavanam və nə dediyimi bilirəm. Mənim kimi gənc və gözəl yaşamaq istəyirsənsə, bu ağacdakı almanı dər. Ye, xoşuna gələcək. Günah deyilən bir şey yoxdu. Allah ona görə bilik ağacını qadağan və günah elan elədi ki, guya bu şeytan ağacıdıır, guya bunu mən əkmişəm. Amma şeytanamsa, mənim cənnətdə nə işim var? Hanı cəhənnəm? Bilik ağacı ona göre qadağandır ki, sizin gözünüz açılacaq və bilmədiklərinizi biləcəksiz. Buna hazırsan?

Həvva "bilmirəm, bilmirəm. Bir az başım qarışdı” dedi, özü də Adəmdən yaraşıqlı olan, özünü "Şeytan” adlandıran bu oğlana qarşı içində xoş duyğular yaranmışdı.

- Allah insanı bilirsən niyə yaratdı? Çünki tənhaydı və məzələnməyə adam axtarırdı. Mən Onun həmişə əleyhinə getmişəm. Mən düşünməyi bacarıram. Düşünən hər kəs Şeytandır. Şeytan isə həmişə azaddır. Azadlıq, gözəllik, xoşbəxtlik –bütün bunlar bu ağacın meyvəsində gizlənib. "Ona yaxın durma, o ağacın meyvəsindən yemə, o lənətlidir, onda ölüm var” – bunlar axmaq sözlərdir. Bu bilik ağacıdır. Ondan bir az uzaqda Həyat ağacı var. İkisini də mən əkmişəm. İkisinin də meyvələri gözəldir gördüyün kimi. Sadəcə, Allah sənin ərinə səcdə etmədiyim üçün məni "Şeytan” adlandırdı. Mən haqsız əmrə itaət etmədim, öz dəyərimi bilirəm,bu dərəcədə alçalmaram. Mən insanı yaxşı tanıyıram. Hər şey insanın özündən asılıdır. Nə allah, nə də mən sizin işinizə qarışmırıq. Bir şans verirəm sənə. Düzdü məni tanımırsan, əvvəldə dediyim kimi mən Şeytanam. Adəmdən də əvvəl yaradılmışam. Nə Adəm, nə də sən məni tanımırsan. Mən olanda siz hələ yaradılmamışdız. Heç Allahı görməmisiz də. Allah mənimlə dostdur, mən onun köməkçisiyəm. Mən onun qırmızı mələyiyəm. O mənə möhtacdır yaratdığı insanı tanımaq üçün. Başa düşürsən? Onun qadağaları var, qanunları, sərhədləri, qulları. Mənimsə heç kimim yoxdu və tam anarxiyadı. Əsl həyatdı bu. Necə yaşamaq istəyirsənsə, arzuladığın sevinc bu almada gizlidir. Onu dər və ərinlə bölüş. Belə meyvə ömründə yeməmisən.

Bu meyvəni yeyən kimi öz gözəlliyinin fərqinə varacaqsan. Necə gözəl və çılpaq olduğunu görəcəksən. Dadmadığın duyğuları hiss edəcək, görmədiyin dünyayı görəcəksən.

Bu sözlərdən sonra Həvva Eden bağında əri Adəmi axtarmağa getdi və Şeytan gözdən itdi. Onlar əl-ələ tutub Xeyir və Şəri bilmək ağacının yanına gəldilər. Həvva gözlərini yumub almanı dişlədi, eyniylə Adəm də yedi. Sanki başqa insana çevrildilər. Bir-birlərinin onsuz da çılpaq olan bədənlərinə baxıb utandılar. Adəm və Həvvada seksual hiss bilik ağacından almanı dərəndən sonra yarandı. Əncir yarpaqları ilə ayıb yerlərini gizlədilər və Allahdan gizləndilər günaha batdıqlarını düşünərək.

Nəhayət, Adəm və Həvva cənnətdən qovuldular. BİLMƏK –CƏNNƏTİ İTİRMƏKDİR.

Allahla Şeytan Eden bağında Həyat ağacının yanında görüşüb salamlaşdılar. Bir-birinin üzünə baxıb gülürdülər. Şeytan dedi:-Necə idim?

Allah dedi: -Mənim üstün yaratdığım necə ola bilərdi? Gözəl aktyorsan, buna şübhə ola bilməz. Əbəs yerə səni "Şeytan” adlandırmamışaım ki!

-Amma, Tanrı, bir az yazğım gəldi onlara. Heç nədən xəbərləri yoxuydu. Bu əsl oyundu onlar üçün. Yaradılış, cənnət, günah, qadağa, Allah və Şeytan.

-Hə, haqlısan. Amma nə edim? Onlara özlərini tapmağa kömək etməliydim. Amma səni pis məxluqa çevirdik ha. İndi sənin haqqında yaratdığım dünyada pis fikirləşəcəklər.

Şeytan: -Eybi yox, canın sağ olsun. Guya biz neynədik ki, hər şeyi özləri özlərinə elədilər. Sən - Allah və mən –Şeytan. Amma düz deyirsən, Məni insanlığın əbədi düşməni biləcəklər. Sənin də həmçinin. (Allah gülümsədi)Amma hardan bilsinlər ki, bizim gizli sövdələşməmiz var və biz əbədi dostuq. Biz bir almanın iki yarısı kimiyik. Bir -birimizə bənzər və bir-birini tamamlayan. Biz bir bütünük: bir qəpiyin iki fərqli üzü kimi. Bizi bir-birimizdən ayırmaq insanın özünü parçalaması deməkdir.

Sonda Şeytan və Allah ucadan dedilər

–Əslində biz yoxuq.Allah da, Şeytan da insanın özüdür.

 

Şvartsman
27 iyul 2014